Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-347/2024 06.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, xx xxxx 1994-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.398 qram kustar üsulla hazırlanmış psixiatrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib üzərində saxlayaraq daşımış, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində Gəncə şəhəri, Adil İsgəndərov küçəsində köhnə pivə zavodunun yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci PŞnin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd ağ rəngli kağız bükümün içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 0.398 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, polis əməkdaşlarının onu saxladığı gün o, taksi ilə Polis İdarəsinə gedirdi. Onun maşını polis əməkdaşları tərəfindən saxlanılmış buna görə də o, İdarəyə getməyi planlaşdırmışdır. O, İdarəyə getdiyi zaman yolda polis əməkdaşları onu saxlayaraq Şöbəyə aparmışlar. Polis əməkdaşlarının onun üzərindən tapdığı narkotik vasitə onun olmamışdır. Həmin narkotik vasitəni Şöbədə onun cibinə qoymuşlar. Sonda o, cinayət əməli törətmədiyini, polislərin təzyiqi nəticəsində narkotik vasitənin ona məxsus olduğunu etiraf etdiyini bildirmiş, ona bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, X21 və Elmar adlı polis əməkdaşları onu döymüşlər. O, polis əməkdaşlarının onu döyməsi ilə bağlı Prokurorluğa şikayət etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. O, azadlığa çıxdıqdan sonra narkotik vasitə istifadə etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onlar Təqsirləndirilən şəxs köhnə pivə zavodunun yaxınlığında saxlayıb Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzərində narkotik vasitə aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmiş, üzərinə kənardan narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs sadəcə məsuliyyətdən yayınmaq üçün təzyiqə məruz qaldığını, narkotik vasitənin cibinə qoyulduğunu bildirmişdir. Əməliyyat məlumatının ona aid olub-olmaması onun yadında qalmamışdır. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərimişdir ki, hadisədən uzun müddət keçdiyi üçün hadisə tam olaraq onun yadında qalmamışdır. Onlar Təqsirləndirilən şəxs taksi ilə getdiyi zaman saxlamış və Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onun üzərindən psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılarkən ona heç bir təzyiq göstərilməmiş, üzərinə kənardan narkotik vasitə qoyulmamışdır. Təqsirləndirilən şəxs sadəcə məsuliyyətdən yayınmaq üçün təzyiqə məruz qaldığını, narkotik vasitənin cibinə qoyulduğunu bildirmişdir. Əməliyyat məlumatı ona aid olmuşdur. O, əvvəllər Təqsirləndirilən şəxs tanımışdır. Təqsirləndirilən şəxs çayxanada işlədiyi zaman onu tanımışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X14 azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis mayoru X4 Gəncə şəhər BPl-nin 1-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Gəncə şəhər BPl-nin 1-ci Polis Şöbəsinin TB-nın təhqiqatçısı, polis kapitanı X2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquq və vəzifələrə dair bildirişin ona təqdim edildiyi bildirilir Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən bır ədəd ağ rəngli kağız bükümü təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərindən 2 ədəd alışqan, bir qutu “Prima” markalı siqaret aşkar olunar və iş üçün heç bir əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs geri qaytarılır. Başqa iş üzrə əhəmiyyət kəsb edəcək qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamin olduğunu bildirir. Daha sonra ağ rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan buz şəkilli, kristal formalı psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni xx.xx.2024-cü il tarixdə Gəncə çayının ətrafında yerdən tapdığını, həmin psixotrop maddəni şəxsi istifadəsi üçün üzərində saxladığını, satış məqsədilə üzərində saxlamadığını,özünün psixotrop maddə istifadəçisi olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli kağız bükümdə olan ilk baxışdan metamfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 2,00 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir X1 ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını bildirir. -Məhkəmə-kimyəvi ekspertizasının 13 fevral 2024-cü il tarixli 16/207 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Vət.X13 üzərindən aşkar olunmuş maddə...” yazılar və imzalar olan kağız paketdəki 01 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0.398 qram maddə, küstar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. - Məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2024-cü il tarixli 298 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, X17 narkotik vasitələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, X7 şəhər Məhkəməsinin 1(125)-295/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs ruhi-əsəb dispanserində qeydiyyatda yoxdur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs narkoloji dispanserində kannabinoidlərdən asılılıq diaqnozu ilə dispanserdə qeydiyyatdadır. -Gəncə Şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X7 şəhər Məhkəməsinin 1(125)-295/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırda onunb xx.xx.2024-cü il tarixə 01 il 03 ay 17 günü çəkmiş, çəkilməmiş qalan 08 ay 09 gün təşkil edir. - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə axtarışda olan X17 xx.xx.2024-cü il tarixdə Gəncə şəhər ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSYnə təhvil verilmişdir. -Gəncə Şəhər Məhkəməsinin 09 oktyabr 2024-cü il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs X17 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və barəsində axtarış elan edilmişdir. -18 mart 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X13 polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixi təsirə məruz qalmasına dair fakt öz təsdiqini tapmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan metamfetamini cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2024-cü il tarixdə ilk olaraq izahatı alınarkən, xx.xx.2024-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs metamfetamin ona məxsus olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazı və vəsatəti olmamışdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, X13 Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü tarixli qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin X17 tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ Siyahısında metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X17 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin X13 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X15 CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı X13 təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən təqsirləndirilən şəxs X13 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxs X13 islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, X17 azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yənidən cinayət əməli törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X13 hazırkı cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)-295/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu günə çəkilməmiş qalan 08 (səkkiz) ay 09 (doqquz) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Təqsirləndirilən şəxs 12 fevral 2024-cü il tarixdən 14 fevral 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X13 şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X15 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixdən, yəni həbsə alındığı gündən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,348 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən X15 məhkəmədə 30 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 1(125)-295/2023 nömrəli xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bugünkü günə çəkilməmiş qalan 08 (səkkiz) ay 09 (doqquz) gün hissəsi 04 (dörd) ay 04 (dörd) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X13 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. X17 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. X13 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. X17 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,348 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti təqsirləndirilən şəxs X10 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs X15 göstərilmiş hüquqi yardıma görə müdafiəçi X6 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 180 (yüz səksən) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-347/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-347/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver