Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-348/2023 18.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı X2, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1972-ci il tarixdə Amasiya rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, “Azəriqaz” İB-in ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ictimai yer olan Gəncə şəhərində yerləşən Gəncə Dəmir yolu vağzalının yaxınlığında olan dəmir yolu relslərinin kənarında ailə münasibətləri zəminində baş vermiş mübahisə nəticəsində oğlu Zərərçəkmiş şəxs qəsdən əl zərbəsi ilə vurmaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən boyun nahiyəsinin qançırı xəsarətlərini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən sağ göz ətrafı və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) xəsarətini yetirmişdir. Bununla da o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutan cinayət əməlini törətmişdir. Məhkəmədə - Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-ci il tarixdə gəlini Sahibənin doğum günü olmuşdur. O, saat 18 radələrində evə gələndə yolda dayısı Sovet və dayısı oğlanları Orxan və Turalla rastlaşmış, həmin şəxsləri evinə dəvət etmişdir. Dayı və dayısı oğlanları ilə 1 saat oturub yemək yeyib spirtli içki qəbul etmişlər, sonra isə dayısı və dayısı oğlanları getmişlər. Bundan sonra nəvəsinin qışqırıq səsini eşitdiyindən gedib gəlini Sahibədən nəvəsini istəyən zaman oğlu Şirvani çıxıb onu qışqıra-qışqıra nalayiq söyüşlərlə söymüş, ailəsinin işinə qarışmamağı tələb etmiş, evə tanımadığı şəxsləri gətirib evdə əyyaşlıq etdiyini bildirmiş və bundan sonra bu mövzuda onların aralarında yaşadıqları ünvan 2 ünvanında mübahisə yaranmışdır. O, bunu gördükdə qonşuluqda yaşayan qardaşı Nizamini çağırmışdır. Nizami də Şirvani ilə Gəncə Dəmir yolu vağzalının yaxınlığında olan dəmir yolu relslərinin kənarında mübahisə etmiş və mübahisə 1-2 dəqiqə davam etmişdir. Həmin vaxt orada onlardan, o, oğlu Şirvani və qardaşı Nizamidən başqa heç kim olmamış, həmin dava zamanı o, Şirvani ilə Nizaminin mübahisələri davam etdiyini gördükdə Şirvaninin üz nahiyəsinə bir dəfə şillə vurmuşdur. Buna görə əməlindən peşmandır. O, xuliqanlıq etməmişdir və oğlu ilə barışıq əldə etmişdir. Bir daha eyni əməli törətməyəcəyinə söz verir. O, özünü Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilir. Məhkəməyə yazılı ərizə təqdim edərək, zərərçəkmiş şəxslə barışdığı üçün cinayət məsuliyyətindən azad olunmasını və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə - Zərərçəkmiş şəxs göstərdi ki, xx.xx.2023-ci il tarixdə həyat yoldaşı Sahibənin doğum günü olmuşdur. Həmin gün atası Mehman yaşadıqları ünvan 2 ünvanında yerləşən evə iş yoldaşlarını gətirib, spirtli içki içib, musiqini yüksək səslə qoyub onu və onun ailəsini narahat etmişlər. Qonaqlar getdikdən sonra o atasına həmin şəxslərin kim olduqlarını, nə üçün yaşadıqları evə gəldiklərini soruşmuş və bu mövzuda onların arasında mübahisə yaranmışdır. Sonra evdən dəmir yolunun kənarına çıxmış, atası qonşuluqda yaşayan əmisi Nizamini çağırmışdır. Bundan sonra əmisi nə olduğunu soruşduqda o, əmisi Nizamiyə atası Mehmanın yaşadıqları evə tanımadıqları qonaqları çığırdığını və əyyaşlıq etdiyini dedikdə, əmisi Nizami onunla mübahisə etməyə başlamışdır. Bu zaman atası Mehman şillə ilə onun üz nahiyəsinə zərbə endirmişdir. Hadisə zamanı burnu yaralanmışdır, ancaq içkili olduğu üçün burnuna nə olduğunu xatırlamır. Həmin vaxt orada onlardan başqa, yəni o, atası Mehman və əmisi Nizamidən başqa heç kim olmamış, həmin dava zamanı o nə atası Mehmana nə də əmisi Nizamiyə heç bir xəsarət yetirməmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona vurulmuş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmədə şahid - Şahid1 bildirdi ki, ünvan 4 ünvanında yaşayır. xx.xx.2023-ci il tarixdə saat 20:00 radələrində qonşuluqda yaşayan qardaşı Mehman onu evdən çağırıb, oğlu Şirvani ilə mübahisə etdiyini bildirmişdir. O, yaşadıqları evin qarşısında olan dəmir yolu relslərinin yanına, yəni qardaşı oğlu Şirvaninin olduğu yerə getmişdir. O, həmin yerə çatan zaman qardaşı Mehman və qardaşı oğlu Şirvaninin mübahisə etdiyini görmüş və qardaşı oğlu Şirvaniyə irad bildirərək atasına qarşı nalayiq ifadələr işlətməməyini dedikdə, Şirvani onunla da mübahisə etməyə başlamış, bu zaman qardaşı Mehman oğlu Şirvaniyə şillə vurmuşdur. Dava təxminən 1-2 dəqiqə davam etmişdir. Həmin vaxt orada onlardan başqa heç kim olmamış və səs-küyə heç kim gəlməmişdir. Daha sonra polis əməkdaşları yaxınlaşaraq dava-dalaşın böyüməsinə imkan verməmişlər. Məhkəmədə şahid - Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə st. XPŞ-in PPXT-in polis nəfəri işləyir. xx.xx.2023-ci il tarixdə saat 21 radələrində o, Gəncə dəmir yol vağzalının perronunda xidmətdə olduğu zaman qışqırıq səsi eşitmiş və post yoldaşı X5 ilə Gəncə dəmir yolu vağzalının alt hissəsinə getmiş, orada dəmir yolunun kənarında olan Zərərçəkmiş şəxs ağzını və burnunu əli ilə tutub qışqırdığını və burnundan qan gəldiyini görmüşlər. X4 yaxınlaşaraq, nə baş verdiyini soruşduqda Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs göstərərək atası Mehmanın sonuncunun üz nahiyəsinə xəsarət yetirdiyini bildirmişdir. Bundan sonra onlar Zərərçəkmiş şəxs və sonuncu ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə st. XPŞ-nə dəvət etmiş polis şöbəsində Zərərçəkmiş şəxs atası Təqsirləndirilən şəxs tərəfindən vurulduğu barədə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs isə heç bir xəsarətinin olmadığını görmüş, həmin vaxt orada Zərərçəkmiş şəxs əmisi Şahid1 başqa heç kim olmamış və səs-küyə heç kim gəlməmişdir. Məhkəmədə şahid - Gəncə st. XPŞ-in PPXT-in polis nəfəri X5 digər Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 447 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sağ göz ətrafı və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi), boyun nahiyəsinin qançırı-bərk KÜT əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, baxış zamanı Zərərçəkmiş şəxs ünvan 5 ünvanının qarşısında olan dəmir yolu relslərinin kənarını göstərərək, atası Təqsirləndirilən şəxs əli ilə ona zərbə vurub xəsarət yetirdiyini bildirmiş, hadisə yerinin fotoşəkilləri çəkilmişdir. xx.xx.2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş və keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları bir daha Şahid1 üzünə qarşı demişdir. Gəncə st. Xətt Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq baş vermiş hadisə zamanı ətrafda başqa şəxslərin olub-olmamasını müəyyən etmək mümkün olmamış, bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç kəs köməklik göstərməmiş, həmin cinayəti tək törətmiş, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmişdir. Həmin hadisə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermişdir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxsnün barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Zərərçəkmiş şəxs tərəfindən Gəncə ST. Xətt Polis şöbəsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş maddi və mənəvi ziyan ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Gələcəkdə də bununla bağlı iddia və tələbi olmayacaq. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və onun barəsində olan cinayət işə xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır. Zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəmişdir. Ona görə də, onun barəsində olan iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, ilk növbədə məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutların məcmusuna əsaslanmaqla qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs qarşı sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən boyun nahiyəsinin qançırı xəsarətinin, həmçinin sağ göz ətrafı və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) - sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlərinin yetirilməsi və təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, eləcə də işdə olan ekspertiza rəyi və istintaq hərəkətlərinin protokolları ilə tam sübuta yetirilir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində ictimai yer olan ünvan 7 ünvanında yerləşən Gəncə Dəmir yolu vağzalının yaxınlığında olan dəmir yolu relslərinin kənarında ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə, uca səslə qışqıraraq nalayiq söyüşlər söyüb, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən boyun nahiyəsinin qançırı xəsarətlərini, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid edilən sağ göz ətrafı və burun nahiyələrinin yumşaq toxumalarının əzilməsi (qançır və şişkinliyi) xəsarətini yetirərək zor tətbiq edib qərəzli xuliqanlıq etmişdir. Lakin, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə bədən xəsarəti yetirsə də, həmin əməli cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Məhkəmə gəldiyi bu nəticəni əsaslandırarkən ilk növbədə xx.xx.2023-cü il tarixdə baş vermiş hadisənin təhlilini aparmaqla ona hüquqi qiymətin verilməsini, hadisədə iştirak etmiş şəxslərin qarşılıqlı münasibətlərini, baş vermiş hadisənin səbəbləri, baş vermə yeri, şəraiti və mexanizminin nəzərə alınmasını, habelə təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin bilavasitə hadisədən qabaq, hadisə zamanı və hadisədən sonra davranışlarının müəyyən olunmasını iş üzrə qanuni və əsaslı nəticəyə gəlmək üçün əhəmiyyətli hesab edir. Bu baxımdan məhkəmə, cinayət prosesi iştirakçılarının həm ibtidai istintaq, həm də məhkəmə istintaqında vermiş olduqları ifadələrini müqayisəli şəkildə tədqiq edib, onların ifadələrində bir-biri ilə uzlaşan məqamları mübahisəsiz qaydada sübuta yetirilmiş hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin ifadələri - hadisə vaxtı təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin ailə münasibətləri zəmnində yaranmış mübahisələrinin olması, bunun nəticəsində də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə bədən xəsarətləri yetirməsi hissəsində bir-biriləri ilə uzlaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsində təsbit olunmuş hər bir maddə konkret ictimai münasibətləri mühafizə altına alır, həmin münasibətləri cinayətkar qəsdlərdən qoruyur. Belə münasibətlər, terminoloji anlamda, cinayət tərkibinin zəruri elementi hesab olunan və «cinayətin bilavasitə obyekti» adlandırılan məfhumla ifadə olunur. Cinayətin bilavasitə obyekti cinayət qanunu ilə qorunan, cinayətin qəsd etdiyi və nəticədə zərər yetirilən və ya real zərər yetirilmə təhlükəsinə məruz qalan sosial əhəmiyyətli konkret dəyər, maraq və sərvətdir. Cinayətin bilavasitə obyekti konkret cinayətin zəruri elementi olmaqla əməlin konkret maddə ilə tövsifinin dəqiqləşdirilməsində mühüm rol oynayır. Cinayətin digər əlamətləri ilə yanaşı, onun obyektinin də dəqiq müəyyən olunması, əməlin faktiki əlamətlərinin cinayət qanununda nəzərdə tutulan konkret cinayət tərkibinin əlamətləri ilə eyniliyinin müəyyən olunmasına şərait yaradır. Əməlin tövsifinin mahiyyəti də elə bundan ibarətdir; öncə, cinayət hadisəsi baş verdikdən sonra kriminal qəsdə məruz qalan obyekt müəyyənləşdirilir, bundan sonra cinayət qanununda eyni münasibətləri, yəni eyni obyekti qoruyan maddə müəyyənləşdirilir və nəhayət tövsiyə olunan maddədəki cinayət tərkibinin obyektinin əlamətləri ilə hadisə nəticəsində zərər görmüş obyektin faktiki əlamətləri üstüstə düşərsə əməl uyğun maddə ilə də tövsif olunur. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Həmin normaya əsasən xuliqanlıq cinayətinin bilavasitə obyektini ictimai qayda, əlavə obyektini isə insanların sağlamlığı, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər təşkil edir. Həmçinin, təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, "B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 17 fevral 2006-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, “Xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Xuliqanlıq - öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir”. Konstitusiya Məhkəməsi həmin qərarda həmçinin qeyd etmişdir ki, "Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz". Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hadisə baş verən gün eyni evdə, bir-biri ilə qohumluq – ata-bala münasibətində yaşayan təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisədən əvvəl yaşadıqları evdə mübahisələri olmuş, sonra həmin mübahisə yaşadıqları evin yaxınlığında davam etmişdir. Hadisə vaxtı isə Təqsirləndirilən şəxs tənbeh etmək məqsədi ilə oğlu Zərərçəkmiş şəxs üz nahiyəsinə bir dəfə şillə vurmuşdur. İşin həmin faktiki halları onu deməyə əsas verir ki, hadisə vaxtı təqsirləndirilən şəxsin niyyəti ictimai qaydanı pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək olmamış, cinayət hadisəsi tərəflər arasında əvvəlcədən yaranmış şəxsi münasibətlər zəminində baş vermişdir. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda təqsirləndirilən şəxs tərəfindən ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edilməsi göstərilsə də, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmiş, xuliqanlıq cinayətinə dair ittiham təqsirləndirilənin “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir edilmişdir. Bundan başqa, ittihamda cinayətin ictmai yer olan Gəncə şəhərində Dəmir yolu vağzalının yaxınlığında olan dəmir yolu relslərinin kənarında baş verməsi göstərilsə də, məhkəmə qeyd edir ki, cinayətin ictimai yerdə baş vermiş olması özlüyündə əməlin xuliqanlıq kimi qiymətləndirilməsi üçün yetərli deyil. Belə ki, bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk etməli və arzu etməlidir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Digər tərəfdən, ittihamda təqsirləndirilən şəxsin bu cinayəti ətrafdakı şəxslərə məhəl qoymadan törətməsi göstərilsə də, istintaq orqanı tərəfindən hadisə zamanı həqiqətən də orada hadisənin ən başından yanlarında olan, hər iki tərəfin qohumu, şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs başqa hər hansı kənar şəxslərin olması müəyyən edilməmiş, həmin şəxslər müəyyən edilərək şahid qismində dindirilməmişdir. Digər şahidlər isə polis əməkdaşları olmuş, onlar da hadisə baş verdikdən sonra hadisə yerinə getmiş və hadisənin baş vermə anını orada olan şəxslərdən öyrənmişlər. Bununla yanaşı, məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla (təqsirləndirilən şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi) tam təsdiq olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə saat 21 radələrində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs əli ilə zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış mövcud sübutları qiymətləndirib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Bununla belə, onun şəxsi münasibətlər zəmnində münaqişə gedişində zərərçəkmiş şəxsə xəsarətlər yetirməsi məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə tövsif edilməlidir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tətbiq olunmasını istisna edən hal müəyyən etməmişdir. Belə ki, iş materiallarından görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış, ona vurulmuş zərər təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. Buna görə də, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunur və əvvəllər cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası CPM-nin 175.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat pul köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan əməli törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Qərardan elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-348/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-348/2023
18.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver