Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-349/2023 01.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək, ƏN-nin PX-in 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında xx.xx.2023-cü il tarixdə, saat 16:50 radələrində Gəncə Şəhər 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri X.Xasməmmədov küçəsi ilə Gəncə şəhəri, Cavadxan küçəsinin kəsişməsi yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər 1-ci PŞ-yə aparılıb, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan tünd göy rəngli şalvarın ön sağ cibindən 1 (bir) ədəd gümüşü rəngli falqa bükümdə təmiz çəkisi 1,967 qram psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, həbs edilməmişdən əvvəl Gəncə şəhərində fərdi əməklə məşğul olmuşdur. O, “kakos” adlandırılan narkotik vasitə “heroin”i və psixatrop maddə “metamfetamin”i bir neçə ay qəbul etmişdir. 18 mart 2023-cü il tarixində səhər saatlarında o, Gəncə şəhəri, X.Xasməmmədova küçəsinə gələn zaman Gəncə şəhəri Cavadxan küçəsi yaxınlığında yerləşən qaz idarəsinin binasının yanında yerdə gümüşü rəngli parıldayan falqa bükümü diqqətini çəkmişdir. O, həmin bükümü götürüb açdıqda içində metamfetamin olduğunu görüb şəxsi istifadəs üçün həmin kütləni büküb əynində olan tünd göy rəngli şalvarın ön sağ cibinə qoymuşdur. Elə həmin gün isə təxminən saat 17 radələrində Gəncə şəhəri, X.Xasməmmədov küçəsi ilə Cavadxan küçəsinin kəsişməsinə yaxın olan ərazidə olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ona narkotik vasitə və psixatrop maddə üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki tünd göy rəngli şalvarın ön sağ cibində saxladığı gümüşü falqaya bükülmüş kütləni çıxarıb təqdim etmişdir. Həmin büküm falqa ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 2.17 (iki tam yüzdə on yeddi) qram gəlmişdir. Sonra təqdim etdiyi büküm zərfdə qablaşdırılmış və zərfin ağzı möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. O, narkotik yaxud psixatrop maddənin satışı ilə məşğul olmamış və üzərindən aşkar olunmuş psixotrop maddəni isə yalnız şəxsi istifadə üçün üstündə gəzdirmişdir. Törətdiyi əmələ görə peşman olduğunu bildirib onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. 18 mart 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsində gündəlik xidmətdə olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Gəncə şəhər sakini İlham adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hal-hazırda Gəncə şəhəri X.Xasməmmədov küçəsi ilə Cavadxan küçəsinin kəsişməsi yaxınlığındadır. Odur ki, daxil olmuş məlumat şöbə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, CAB-nin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs oğlunu Gəncə şəhəri X.Xasməmmədov küçəsi ilə Gəncə şəhəri Cavadxan küçəsinin kəsişməsi yaxınlığında saxlamış, Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirmişlər, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu əynində olan şalvarın cibindən 1 ədəd gümüşü rəngli falqa bükümü təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs oğlu üzərindən aşkar olunaraq götürülmüş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü xx.xx.2023-cü il tarixində Gəncə şəhərində qaz idarəsinin yanında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Sonra həmin büküm elektron tərəzidə çəkilmişdir. Miqdarı hal-hazırda yadında deyildir. Bundan sonra həmin bükümdə olan psixotrop maddəyə oxşar kütlə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, üzəri isə möhürlə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs oğlunun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 19 mart 2023-cü il tarixli qərardan görünür ki, qeyd olunan tarixdə Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanıb icraata qəbul edilmişdır. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 20 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” 20 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş, törətdiyi əməli könüllü şəkildə etiraf etmişdir. “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 18 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 18:20-də şübhəli şəxs qismində tutulmuşdur. 20 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilərək o, MSY-dən azad edilmişdir. “Şəxsi axtarış haqqında” 18 mart 2023-cü il tarixli protokoldan və “video diskə baxış keçirilməsi haqqında” 10 may 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış keçirilməmişdən əvvəl baş təhqiqatçı polis mayoru X3 bildirir ki, Təqsirləndirilən şəxs həmin gün saat 16:50-də Gəncə şəhəri X.Xasməmmədov küçəsi ilə Gəncə şəhəri Cavadxan küçəsinin kəsişməsi yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirilmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1dövlət hesabına müdafiəçi kimi dəvət olunur. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilir, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir, təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın ön sağ cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü təqdim edir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən 4 ədəd 5 manatlıq və 1 ədəd 1 manatlıq pul əskinasları, “Kenu” markalı siqaret aşkar olunur. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin bükümü həmin gün Gəncə şəhəri X.Xasməmmədova küçəsinə gələn zaman Gəncə şəhəri Cavadxann küçəsi yaxınlığında yerləşən qaz idarəsinin binasının yanında yerdən tapdığını və özü istifadə etmək məqsədi ilə üzərində daşıdığını, həmin bükümdən heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirir. Sonra həmin büküm elektron tərəzidə çəkilir, büküm ilə birlikdə çəkisi 2,17 qram gəlir. Bundan sonra həmin bükümdə olan psixotrop maddəyə oxşar kütlə ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülür, üzəri isə möhürlə möhürlənir. Məhkəmə fiziki-kimyəvi ekspertizasının 19 mart 2023-cü il tarixli 16/330 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 2,17 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlə” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü folqa kağız bükümdə təmiz çəkisi 1,967 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 15 may 2023-cü il tarixli 848 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamin dən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğuna görə məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3-13-57-1/2-9438/23 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması, haradan, kimdən alması və narkotik vasitələri kimlərə satmasını müəyyən etmək mümkün olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 1.767 qram psixotrop maddə olan metamfetamin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. X6 Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)-409/2023 nömrəli qərarı ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2721 nömrəli arayışdan görünür ki, Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2217 nömrəli arayışdan görünür ki, Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında psixotrop maddə metafetaminin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törədərək barəsində məhkəmədə cinayət işinə baxıldığı halda yenidən eyni xarekterli cinayət əməlini törətmişdir. Onun yenidən eyni cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş, 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və onun digər cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Təqsirləndirilən şəxs 3-cü qrup əlil olduğundan onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.767 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş, 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il on bir (on bir) ay 28 ( iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs digər cinayət işi üzrə azadlıqdan məhrumetmə cəzası çəkməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1.767 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-349/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-349/2023
01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver