Məhkəmə qərarları › İş №1(125)-35/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-35/2023

24.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-35/2023 24.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, xüsusi ittihamçı X8 və onun etibarnamə üzrə nümayəndəsi və vəkili Nümayəndə, təqsirləndirilən şəxs X3 iştirakı ilə, xx.xx.1969-cu il tarixdə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, Azərbaycan Dövlət Aqrar Universitetinin “Yerquruluşu” kafedrasının baş müəllimi, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Düz Qırıqlı kəndində qeydiyyatda olmaqla yaşayan X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 147.2 və 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək sosial şəbəkələrdə onun haqqında böhtan, şər, iftira, təhqir xarekterli məlumatlar yaymış və onu xüsusi ilə ağır cinayətlərdə ittiham edən X6 barəsində Azərbaycan Respublikası CM -nin 147.2, 148-ci maddələri ilə cinayət işinin başlanması, onun barəsində qətimkan tədbirinin seçilməsi və iş üzrə ibtidai araşdırma aparmaqla təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması haqqında, bundan başqa, sosial şəbəkələrdə yayımladığı böhtan, şər və iftira xarakterli məlumatlarla onun işgüzar nüfuzuna, şərəf və ləyaqətinə xələl gətirən, mənəviyyatına vurduğu ziyanla bağlı X6 tərəfindən 3000 manat məbləğində təzminat ödənilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət onunla əsaslandırılmışdır ki, şikayətçi Azərbaycan Dövlət Aqrar Üniveristetinin “Yerquruluşu” kafedrasının müdiri vəzifəsində işləyir və aqrar elmləri üzrə fəlsəfə doktorudur. Həmin kafedranın baş müəllimi X6 xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yəni, facebook sosial şəbəkəsində “Təvəkgül Nəbioğlu saytında” onun barəsində böhtan və təhqir xarakterli məlumatlar yayaraq kollektivdə işgüzar nüfuzuna mənəvi zərər yetirmişdir. Həmçinin həmin məlumatları “WhatsApp”la ona və qrupda olan bütün şəbəkə istifadəçilərinə atmışdır. Bununla da Təvəkgül Sadıqov çalışmışdır ki, onun barəsində yazdığı böhtan xarakterli və təhqir edici məlumatları daha çox sosial şəbəkə istifadəçiləri tanış olsun. Qisa müddət ərzində onun barəsində böhtan xarekterli və təhqir edici məlumatlarnan ADAU-nun bütün tələbə, müəllim və professor heyəti tanış olmuşdur. Ona həmin yazılarla əlaqədar zənglər gəldikcə pisxoloii sarsıntı keçirmişdir, ambulator qaydada müalicə alır. Təvəkgül Sadıqovun törətdiyi əməl nəticəsində maddi və mənəvi ziyan çəkmişdir. Onun hərəkətləri işgüzar nüfuzuna mənfi təsir göstərməklə normal faliyyətinə maneçilik törədib. Təvəkgül Sadıqov sosial şəbəkələrdə xx.xx.2022-ci tarixində onun haqqında aşağıdakı məlumatları yaymışdır. - Alətlə tələbələri güya öyrətmək adı ilə özünü reklam etdirən bu vətən xaini kimi Azərbaycanmızda nə qədər savadsız, ləyaqətsiz və şərəfsiz adamlar var. Bütün qurumlar və təşkilatlar belə vətən xainlərindən yəni 5-ci kalondan təmizlənməlidir. Onlara göstəriş verən başda oturanlar və xarici qüvvələr ifşa olunmalı xainlər içmizdən təmizlənməlidir! -Təkcə 5-ci kalon yox onların sifarişlərini yerinə yetirən vətən xayinləri də cəzalandırılmalıdır. Kimlər tərəfindən? Vətənini sevən hər kəs tərəfindən. İmza: Nəbi müəllim oğlu Təvəkkül, Kim bu çağrışa qoşulmasa demək Vətən xayinidirl” -Əgər bizim qeyrətimiz varsa 5-ci kalonun icraçılarından olan bu Vətən Xayini savadsız və şərəfsiz müdrünüzü müəllimlikdən azad etmək üçün bir olmalıyıq. Yaşasın Ali Baş komandan və ordumuz -5-ci kalon mənim 1 ştat öz dərsimi ver, əks halda səni məhv edərəml -“5-ci kalonun nümayəndəsi mənim 1 ştat öz dərslərimi ver, əks halda səni vətən xaini kimi məhv edəcəml” - Mən İbrahim qələbə çaldım, sən məndən ötəri heç kimsən,indi gör vətən xaini kimi məhv edəcəm!” -“İndi sənin haqqinda Əvəz Zeynallının kanalıda danışacam qulaq as. Fuad müəllimə de ki, sənin satqin olduğunu bilsin.” -“Sən vətən xainisən, səni heç asabis qardaşın da qutara bilməyəcək yazıx. -“Mənim Türk millətimi heç kim əyə bilməzl” -“Yaylım başlayır” -“Yaxşı sən ərizə yaz çıx, əks halda tutuduracağam! Sən 5-ci kalonsan səni indi Facebooka baxarsanl” -“Sən kimindin ə,düdük mən səni müdür qoydum sənə vətən xaini çixirsanl” -“Vətən xaini səni mən düdük müdür qoydum, sən mənə 5-ci kalona qarşı mübarizəmə görə ədalətsizlik edirsən? “ -“Sən müillimlikdə çıxmayana qədər mən mübarizə aparacağaml 5ci kalon alçax və şərəfsizl” “Sən ləyaqətsizlər inanmasanızda Tanrı var!” xx.xx.2022-ci il tarixində -“Tələbələrlə reklam üçün şəkil çəkdirmək yox,həqiqətən dərs keşib alət öyrətmək lazımdır. Bu 5-ci kalonun üzvü vətən xaininin dərs keşməsinə nəsə öyrətməsinə heş kimin ehtiyacı olmamalıdır. Belə savadsız, ləyaqətsiz adamdan müəllim olmazİ” xx.xx.2022-ci il tarixində -“ insanın ağlına gəlməyən başına gələrmişl” -Müəllim fezbookda vətənpərvərlik mövzusunda paylaşmaları bu müdiri və havadarlarını niyə narahat edir” -Müdirə yuxardan təlimat niyə canla, başla yerinə yetirilir? -“Mən çox gec olsada anladım ki, iki ildə başıma gələn haqsızlığın səbəbi nə imiş! -Dövlətimi və Millətini sevmək və Bütöv və Böyük Azərbaycan qurupunda xalqımızın düşmənlərini ifşa etməkl” -Əgər bir tədris müəssisəsində müəllim vətənin gözəl gələcəyi ilə bağlı paylaşmalarına görə 5-ci kalon tərəfindən cəzalandırılısa görün vəziyyət nə qədər ciddir!” Bundan əlavə, iş məhkəmə baxışına qəbul edildikdən sonra xüsusi ittihamçı əlavə ərizələr verərək onun barəsində sosial şəbəkə vasitəsilə yayılmış aşağıdakı tarixlərdə paylaşılmış ifadələrə və onu CM-nin 309.1, 126 və 125-ci maddələri ilə əsassız ittiham etməsinə də icraat çərçivəsində hüquqi qiymət verilməsini xahiş etmişdir: xx.xx.2022. Kafedrada tələbələrdən təhfil götürülmüş bütün labarotoriya işləri yoxlanılmalıdır! Geodeziya fənni heç kim və heç bir kafedra müdiri hörmətdən sala bilməzl Siz müəllimlərin profilinə saymamazliqla bərabər həm də tələbələrin geodeziya fənni üzrə mənimsənilməsi məsələləri görə məsuliyyət daşırsız. Siz bununla Azərbaycan Xalqına və Dövlətimizin təhsil sisteminə zərər vurursuz. Bu hərəkətləri mən bir ləyəqətli bir müəllim kimi qiymətləndirirəm. Mənim müəllimlik ləyaqətimə təhhqir kimi qiymətləndirirəm. Dediyim sözlərin arxasında dururam və öz cəzamı Təkməyə hazıram! 1.12.2022. Məhkəməyə getməyimizə Rektor icazə versə, mənim Azər haqqında Yazdıqlarımı özüm ehtiraf edirəm.Ancaq mənim nə üçün yazdığım haqqında öz fikirlərinizi bildirinl Heç bir Həqqiqi müəllimi sindiıra bilməsizl 6.12.2022. Mərdi qova-qova namərd edirlər Namərd arxasında gedən elə özü namərd olar! Mənim çox maraqlıdır, sən niyə Allahdan qorxmursan! 7.12.2022. Dünyasın dəyişən və məni araq içib onların yas mərasimində iştirak etmədiyim üçün təhqir etdiyin bacılarımın ruhuna and içirəm sənin yanın yadına Nəbi müəllimin niva levasını yadına salacağam! Mənim Prizentimi, nə onun Atasını və həyat yoldaşını heç kim təhqir edə bilməz! Sizi qanınıza qaltan edərəm. Bura Azərbaycandır! DNK 8.12.2022. Mən sınmaqdansa ölməyi üstün tuturaml 9.12.2022. Mənim uşaqlarımın yetim qalmağında əsas bais sənsən! xx.xx.2022. Arzun və istətinə nail oldun, ölürəm.Mənim ölmümə bais olduğuna görə dövlətimiz səni cəzalandırmasa. Allah cəzalandıracaq! Şikayətçi ərizələrdə bildrimişdir ki, həmin məlumatlar həqiqətə uyğun deyil, böhtan xarakterlidir. Təqsirləndirilən şəxsin məlumatları mənəvi basqın məqsədi güdür və onu öldürməklə hədələyir. ondan tələb edir ki, onun həqiqətə uyğun olmayan böhtan və təhqir xarakterli məlumatlarından qorxub işdən çıxmaq barədə ərizə versin. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X6 xüsusi ittiham qaydasında verilən şikayət üzrə özünü təqsirli bilərək etiraf ərizəsi təqdim etdi və ifadəsində göstərdi ki, şikayət ərizəsində qeyd edilmiş sözlər həqiqətən də onun tərəfindən yazılmışdır. O bu sözləri ona görə yazmışdır ki, Xəlilov Azər kafedra müdiri səlahiyyətlərindən istifadə edərək onun dərs saatlarını azaltmışdır. Yazılmış sözlər təhqir olmasını qəbul edir və bildirir ki, həmin sözlər şikayət vermiş şəxsə əsəbi olduğundan sosial şəbəkədə onun tərəfindən yazılmışdır. O ki qaldı “vətən xaini” ifadəsinə o həmin ifadəni şikayət ərizəsində Xəlilov Azərin qeyd etdiyi kimi xüsusilə ağır cinayətdə ittiham etmək məqsədi ilə deyil, sadəcə onun dərs saatlarını azaltdığına görə Azər Xəlilovu nüfuzdan salmaq məqsədilə işlətmişdir. Törətdiyi əməli etiraf edir və onun cinayət məsuliyyətinə cəlb edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında xüsusi ittihamçı qismində dindirilmiş X8 və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə verilmiş şikayət ərizəsinin dəlillərinə uyğun çıxış edərək X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 bildirdi ki, həm iş məhkəmə icraatına qəbul edilməzdən əvvəl həm də sonra X6 tərəfindən Xəlilov Azərin ünvanına təhqir xarakterli ifadələr Facebook və Whatsapp sosial şəbəkələri vasitəsilə yayılmışdır. O tərəflərinin hər ikisinin işlədiyi kollektivdə həmkarlar ittifaqının rəhbəri kimi dəfələrlə onları barışdırmağa çalışsa da, buna nail olmamışdır. Məhkəmədən bir daha tərəflərin barışdırılması istiqamətində bütün mümkün vasitələrdən istifadə edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Whatsapp və Facebook sosail şəbəkərində X6 tərəfindən yazılmış status mətnlərinin, paylaşımların və mesajların çap edilmiş ekran görüntülərindən aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət edilmiş X6 müxtəlif vaxtlarda şikayət ərizəsində göstərilmiş təhqiredici ifadələri Azər Xəlilovun ünvanına işlətmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 21 noyabr 2022-ci il tarixli Aktdan görünür ki, həmin Akt ADAU-nun “Yerquruluşu” kafedrasının müəllim kollektivi tərəfindən imzalanmışdır və həmin şəxslər şikayət ərizəsində göstərilən təhqir xarakterli ifadələrin Facebook və Whatsapp sosial şəbəkələri vasitəsilə X6 tərəfindən Xəlilov Azərin ünvanına işlədilməsini öz imzaları ilə təsdiq etmişlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan xx.xx.2021-ci il tarixli 55 nömrəli Əmrdən Çıxarışdan görünür ki, X6 barəsində imtahan götürülən zaman yol verdiyi pozuntulara töhmət intizam tənbehi verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan X6 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, o, şikayət vermiş şəxsin ünvanına nalayiq ifadələr işlətməsini etiraf edir, işlətdiyi ifadələrə görə peşmanlıq hissi keçirir, üzr istəyir. İş materiallarına əlavə edilmiş iki ədəd CD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin CD disklərdə şikayətdə əks olunmuş, şikayətçinin ünvanına sosial şəbəkələrdə X6 tərəfindən işlədilmiş ifadələrin və mesajların ekran görüntüləri əks etdirilmişdir. İş materiallarına əlavə edilmiş bir ədəd DVD diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin DVD diskdə X6 tərəfindən götürülən onlayn imtahanın görüntüləri əks etdirilmişdir. Məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X6 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddələrlə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fikrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens,§ 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, ifadə azadlığına hər hansı məhdudiyyətin “zəruriliyi” əsaslı qaydada müəyyən edilməlidir. İlk növbədə məhkəmələr məhdudiyyətin tətbiqi üçün “ciddi ictimai tələbatın” mövcud olub-olmadığını müəyyən etməlidirlər; bu halda onların müəyyən mülahizə hüdudları vardır. Mətbuat ilə bağlı işlərdə məhkəmələrin malik olduğu mülahizə hüdudları demokratik cəmiyyətin azad mətbuatı təmin etmək və qorumaq marağı ilə müəyyən edilir. Eynilə, Konvensiyanın 10-cu maddəsinin 2-ci bəndinə əsasən məhdudiyyətin qanuni məqsədə mütənasib olubolmamasının müəyyən edilməsində bu maraq daha ağır çəkiyə malikdir (bax, Fressoz və Ruar Fransaya qarşı (BP), § 45). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Yuxarıda göstərilmiş müddəaları iş materiallarına əlavə edilmiş sübütlarla qarşılıqlı təhlil edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X3 xüsusi ittihamçının ünvanına işlətdiyi “vətən xaini” və digər cinayət əməllərinin adını əks etdirən ifadələr, onun xüsusi ittihamçının əməllərində həmin cinayətin dispozisiyasında göstərilmiş tərkib əlamətlərinin mövcudluğuna istinadı əks etdirmir. Təvəkgül Sadıqovun həmin ifadələri işlətməsi məhz Azər Xəlilovun nüfuzuna zərbə vurmaq məqsədi daşıyaraq, onun dərs saatarının azaldılmasına görə qisas almaq məqsədi daşımışdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqındakı ifadəsində də müvafiq suala cavab verərkən bu xüsusatı bir daha qeyd etmiş və bildirmişdir ki, “onun dərs saatlarının azaldılması elə həmin cinayətlərin törədilməsinə bərabərdir”. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, “Facebook” və Whasapp sosial şəbəkəsində X6 tərəfindən səsləndirilmiş fikirlərdə Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır və hesab edir ki, həmin ifadələrdə böhtan cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə bu qənaətini aşağıdakılarla əsaslandırır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, həmin fikirlər sosial şəbəkələrdə yayılan zaman təqsirləndirilən xüsusi ittihamçının məsuliyyətə səbəb olan əməllərin törədilməsi qənaətinə gəlməmişdir. Xüsusi ittihamçının böhtan hesab etdiyi cümlələri Təvəkgül Sadıqov özünün subyektiv bir fikri kimi səsləndirmiş, bu baxımdan həmin fikirlərin həqiqətə uyğun olubolmamasını sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Avropa Konvensiyasının 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur. Məhkəmə hesab edir ki, Təvəkgül Sadıqovun faktlara görə öz düşüncəsinə münasibətdə fikir bildirməsi böhtan hesab edilə bilməz. Belə ki, Təvəkgül Sadıqovun faktlara nəzərən öz fərdi və hüquqi düşüncəsi, savadına görə qiymət verməsi faktın təsdiqini istisna etmir, sadəcə fakta nəzərən öz münasibətini bildirir. Təvəkgül Sadıqovun isə fakta münasibətdə xüsusi ittihamçının cinayət törətməsi ilə bağlı ifadələr işlətməsi onun hüquqi savadının olmamasına dəlalət edir. Qanunu bilməmək məsuliyyəti aradan qaldırmır, lakin fakta münasibətdə öz fikrini bildirmək heç bir halda cinayət hesab edilə bilməz. Əks halda bu söz və fikir azadlığının pozulması ilə nəticələnə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin; 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək Cinayət Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X5 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilən şəxs X5 istinad edilən ittiham üzrə bəraət verilməlidir və o həmin maddəyə münasibətdə təqsirsiz hesab edilməlidir. Bununla yanaşı, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X6 tərəfindən xüsusi ittihamda qeyd olunan təhqir əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən xüsusi ittihamçının ifadəsi, təqdim edilmiş sübutlarla ilə təsdiq edilərək sübuta yetirilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X3 törətdiyi əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Belə ki, xüsusi ittihamçı X1 müdiri vəzifəsini tutaraq müəllim kollektivinin rəğbətini qazanmışdır. Dərs saatlarının bölüşdürülməsi kafedra müdirinin vəzifə səlahiyyətlərinə aiddir. Lakin təqsirləndirilən şəxs dərs bölgüsü ilə razılaşmadığı halda bu narazılığını qanunvericiliyə uyğun olaraq yuxarı instansiya qarşısında bildirmək əvəzinə, qanunsuz, cinayət tərkibi yaradan əməllərə yol verərək Azər Xəlilovu kollektiv qarşısında nalayiq ifadələrlə təhqir edərək nüfuzdan salmağa çalışmışdır. O Azər Xəlilovu “savadsız”, “ləyaqətsiz”, “şərəfsiz”, “vətən xaini”, “düdük” adlandırmış və bunu sosial şəbəkə vasitəsilə edərək Azər Xəlilovun şəxsiyyətini, şərəf və ləyaqətini qəsdən alçaltmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma —min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışıdır və onun məzmunu nəlayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına ümumibəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (doslarının, tanışlarının və s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Hazırda cinayətin obyekti Azər Xəlilovun şərəf və ləyaqəti olmuş, cinayətin obyektiv cəhəti Sadıqov Təvəgülün həmin ifadələri sosial şənəkə vasitəsi ilə yayması olmuş, X12 Xəlilovun şərəf və ləyaqətini alçaltmasını dərk etmişdir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Təqsirləndirilən şəxsin təhqirdən ibarət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X7rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). Məhkəmə təqsirləndirilən şəxs X3 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını, xüsusi ittihamçıdan üzr istəməsini (CM-59.2) nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. X3 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X5 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu səbəbdən X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə hesab edir ki, CD disklər iş materiallarında saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraət verilsin və o, həmin əmələ görə Azərbaycan Respublikası adından təqsirsiz elan edilsin. X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə sübut əhəmiyyəti kəsb edən CD disklər iş materiallarında saxlanılsın. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar