Məhkəmə qərarları › İş №1(125)-350/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-350/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-350/2024 25.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Cəfərli Orxan Nazim oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun və onun müdafiəçisi X3 iştirakları ilə, xx.xx.1990-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində xx.xx.2024-cü il tarixdən “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, yəni təmiz çəkisi 1,161 qram psixotrop maddə metamfetamini əldə edib üzərində daşıyaraq saxlamış, xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Cavadxan küçəsində saxlanılaraq Gəncə şəhər, H.Əliyev prospekti, 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərində şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarının ön sağ cibindən 1(bir) ədəd qızılı rəngli kağız bükümündə təmiz çəkisi 1.161 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, tutulmamışdan bir gün əvvəl yəni 17 may 2024-cü il tarixdə səhər saatlarında yaşadığı küçə ilə piyada hərəkətdə olan zaman ağacın dibində yerdə qızılı rəngli büküm olduğunu görmüşdür. Həmin büküm diqqətini cəlb etdiyi üçün bükümü yerdən götürüb açıb içərisinə baxmışdır. O narkotik vasitələrdən və psixtrop maddələrədən istifadə etdiyi üçün bükümün içərisində psixotrop madddə metamfetamin olduğunu görmüşdür. Həmin bükümü şəxsi istifadəsi üçün götürərərk üzərində saxlamışdır. 18 may 2024- cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri Cavadxan küçəsində olan zaman 2 nəfər mülki geyimli polis əməkdaşı ona yaxınlşaraq özlərini təqdim etdikdən sonra ona bildirmişdirlər ki, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir və bu səbəbdəndə onu polis şöbəsinə dəvət etmişdirlər. Oda polis əməkdaşlarına heç bir etiraz etməmiş və onlar ilə birlikdə Gəncə şəhər 1-ci Polis Şöbəsinə getmişdir. Polis şöbəsinin inzibati binasında olan zaman hüquqlarının müdafiəsi üçün dövlət hesabına müdafiəçi təyin edilmişdir. Şəxsi axtarış cibindən içərisində psixotrop maddə metamfetamin olan kütlə aşkar edilmişdir. Onun üzərindən aşkar edilmiş kütlədən heç kəsə satmamış və pay verməmişdir. Həmçinin bildirmişdir ki, heç vaxt narkotik vasitə satmamış və belə bir məqsədi də olmamışdır. O qeyd etdiyi kimi aludəçidir. O tutulan zaman ona polis əməkdaşları tərəfindən fiziki və psixi təzyiq göstərilməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-in əməliyyat müvəkkili X11 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Gəncə şəhər BPİ-nin 1ci PŞ-nin CAB-in kiçik inspektoru Şahid2 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Gəncə şəhəri Cavadxan küçəsində saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video kamera vasitəsi ilə müdafiəçinin iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs cibində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim etdi. Təqsirləndirilən şəxs şöbəyə aparılarkən onlara heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin kiçik inspektoru Şahid2 ifadəsi elan edilmiş, ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və Gəncə şəhər BPİ-nin 1-ci PŞnin CAB-in əməliyyat müvəkkili X9 iştirakı ilə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində Gəncə şəhəri Cavadxan küçəsində saxlanılaraq Gəncə şəhər BPİnin 1-ci PŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis İdarəsində video kamera vasitəsi ilə Müdafiəçi iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparıldı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının ön sağ cibində olan 1 ədəd qızılı rəngli falqaya bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim etdi. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı rəngli falqaya bükülmüş bükülünü haradan alması soruşuldu. Sorğu zamanı Təqsirləndirilən şəxs 17 may 2024-cü il tarixdə yaşadığı küçədən tapmasını bildirdi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirildi və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli falqaya bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidəçəkildi və həmin kütlənin bükümlə birgə ümumilikdə çəkisinin 1,49 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitələrin və psxiotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı yoxdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2024-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2024-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X10 azad edilmişdir. -18 may 2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür ki, Gəncə şəhər 1-ci PŞ-nin TB-nin Baş təhqiqatçısı, polis kapitan, X1 şəhər 1-ci PŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, həmin bölmənin kiçik inspektoru, polis baş serjantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Kənan İsmayilov şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Kənan İsmayilovun əynində olan göy rəngli cins şalvarının ön sağ cibində olan 1 ədəd qızılı rəngli kağıza bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütlə olan bükülünü təqdim edir. Daha sonra Kənan İsmayilovun təqdim etdiyi 1 ədəd qızılı rəngli kağıza bükülmüş bükülünü haradan alması soruşulur. Sorğu zamanı Kənan İsmayilov həmin kütləni bildirir, ki 1 gün əvvəl yaşadığı ünvanda yaxınlığında olan kəpəz stadionunun yanın da yerdən tapdığını və şəxsi axtarış davam etdirilərkən həmçini Daha sonra Kənan İsmayilovun üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd qızılı rəngli falqasına bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin. bükümlə birgə ümumilikdə çəkisinin 1.49 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 19 may 2024-cü il tarixli 16/579 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “vət.Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olan 1(bir) ədəd büküm” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd qzılı rəngli kağız bükümdə, təmiz çəkisi 1,161 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. -Məhkəmə-narkoloji ekspertizasının 01 iyun 2024-cü il tarixli 964 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcbun müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cüil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 2009 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhiəsəb dispanserinin xx.xx.2024-cü il tarixli 4164 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. - Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-305/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında metamfetaminin xeyli miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi nəzərə alır, onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs eyni cinayət əməlini törədərək barəsində məhkəmədə cinayət işinə baxıldığı halda yənidən eyni cinayət əməlini etmişdir. Onun yenidən eyni cinayət əməlini törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)-305/2024 saylı xx.xx.2024-cü il tarixli hökmilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01(bir) il azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və digər cinayət işi üzrə tutulduğu 02 (iki) gün cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməli və onun barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə iclasında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 1,111 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X5, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(125)-305/2024 il saylı hökmü ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası 01(bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına bərabər tutulmaqla, hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 01 (il) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və digər cinayət işi üzrə tutulduğu 02 (iki) gün cəmi 04(dörd) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01(bir) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 1,111 qram psixotrop maddə olan- metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X7 üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150 (yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar