Məhkəmə qərarları › İş №1(125)-359/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-359/2024

28.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-359/2024 28.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, xx xxxxxx 1966-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işsiz, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 1,166 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-ci il tarixdə, saat 19 radələrində Gəncə şəhəri, Nizami Gəncəvi prospektində yerləşən Gəncə çayının yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən 01 ədəd gümüşü rəngli kağız bükümün içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 1,166 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitəni yaşadığı evin yaxınlığında yerdən tapmış. Onun qolu qırıldığı üçün çox ağrılları var idi. O, ağrılarının kəsməsi üçün həmin tapdığı narkotik vasitəni istifadə etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etməmişdir. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu şöbəyə apardıqları zaman o, üzərindəki narkotik vasitəni könülü olaraq təqdim etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etməmişdir. O, qolunun ağrısının kəsməsi üçün narkotik vasitəni istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2024-cü il may ayının axırları Gəncə çayı yaxınlığında tutmuşlar. Ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü şəkildə onlarla Şöbəyə getmişdir.Şöbədə üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. O, narkotik vasitəni qolu qırıq olduğu və ağrıları olduğu üçün istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2024-cü ilin may ayı Şöbəyə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edib üzərində saxlamasında və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Onun həmin cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat tədbirləri keçirilməsinə dair qərar qəbul edilmiş və əməliyyat qrupu yaradılmışdır. Onlar Təqsirləndirilən şəxs Gəncə çayın yaxınlığında saxlamış və özlərini təqdim edərək onu Şöbəyə dəvət etmişlər. Təqsirləndirilən şəxs könüllü şəkildə Şöbəyə getmişdir. Şöbədə üzərində olan narkotik vasitəni könüllü şəkildə təqdim etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - “Şübhəli şəxsin tutulması haqqında” 18 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X7 təhvil verilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və X5 azad edilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X5 azad olunmuşdur. - Məhkəmə-kimyəvi ekspertizasının 19 may 2024-cü il tarixli 16/578 nömrəli məhkəməkimyəvi ekspertizasının rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə" yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 1,166 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. (Qeyd: Metamfetaminin təmiz çəkisi - 1,166 qram, tədqiqata cəmi sərf edildi-0.05 qram qalıq-1,116 qram) - Məhkəmə-narkoloji ekspertizasının 27 may 2024-cü il tarixli 917 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomanıya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. -Məhkəmə-tibbi ekspertizasının 20 may 2024-cü il tarixli 727 nömrəli rəyində göstərilmişdir ki - Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət - sol bazu sümüyünün başının yerdəyişmiş qapalı sınığı- KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, müayinə olunanın dediyi tarixdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilər, sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarətin xarakterini, lokalizasiyasını nəzərə alaraq belə hesab edilmişdir ki, qeyd edilən xəsarət yıxılma nəticəsində əmələ gələ bilər. -DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür kı, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. -Təqsirləndirilən şəxs üzərində keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin görüntülərini əks etdirən 1 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edildi ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin, TB-nin təhqiqatçısı, polis mayoru X2, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirdilər.Bundan sonra sorğu zamanı Təqsirləndirilən şəxs qolunu xx.xx.2024-cü il tarixdə yaşadığı evin məhlləsində yıxılaraq sındırdığını bildirir.Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi hüquq və vəzifələrə dair bildirişi imza edirlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ ön kiçik cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “patı” olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd gümüşü rəngli kağız bükümdə olan ilk baxışdan psixotrop maddə matemfetaminə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin kağız büküm ilə birlikdə ümumilikdə çəkisi 1,40 qram olması müəyyən edilir. Daha sonra gümüşü rəngli kağız bükümə baxış keçirilir və həmin büküm açılır və içərisindən ilk baxışdan kristal şəkilli ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ilk baxışdan psixotrop maddə metamfetaminə bənzər kütləni tutulmamışdan üçdörd gün əvvəl bazarın yaxınlığından tapdığını, həmin psixotrop maddə metamfetamini tanıdığını, həmin psixotrop maddə metamfetamindən heçkəsə satmadığı, heçkəsə pay vermədiyini, heçyerdə başqa narkotik vasitə və psixotrop maddə saxlamadığını və həmin kütlənin onun üzərində olduğundan heçkəsin xəbəri olmadığını və narkotik vasitədən əvvəllər istifadə etdiyi üçün həmin psxiotrop maddə metamfetamini şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlər n ona məxsus olmasını bildirir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq edilir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması, özünün etiraf ifadəsi ilə yanaşı şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının və “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli, 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahısı”na əsasən psixotrop maddə metamfetaminin xeyli miqdarı 0.15 qramla 2 qram arası müəyyən edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1 - 59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf etməsini onun cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-in 61-ci maddəsinə əsasən təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əvvəllər cinayət törətməyə görə məhkum edilməsini, cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində, yəni 18 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Hazırki cinayət işi üzrə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, və o, məhkəmə iclas zalından dərhal həbs edilməlidir. Həmçinin məhkəmə, işdə olan Məhkəmə-narkoloji ekspertizasının 27 may 2024-cü il tarixli 917 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsininsaxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,116 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə ekspertizanın keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 15 saat üçün 90(doxsan) manat pulun Azərbaycan Respublikası CPMin 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Gəncə Şəhər Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01(bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 may 2024-cü il tarixdən 20 may 2024-cü il tarixədək 02 (iki) gün tutulduğu müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 28 oktyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,116 qram olan psixotrop maddə metamfetamin məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar