Məhkəmə qərarları › İş №1(125)-365/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-365/2024

30.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-365/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx xxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.2 və 326.2-ci maddələri ilə məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “Polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.613 qram narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 25 aprel 2024-cü il tarixdə saat 21:15 dəqiqədə Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, X13 prospektində yerləşən Megastore-nin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş, Baş İdarədə onun üzərində şəxsi axtarış zamanı əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən politilen sellofana bükülmüş təmiz çəkisi 0.613 qram narkotik vasitə olan heroini aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 25 aprel 2024-cü il tarixdə axşam vaxtı saat təxmini 8-10 radələrində X13 prospektində dayanacaqda gözlədiyi zaman polis əməkdaşları ona yaxınlaşaraq onu Gəncə şəhər Baş Polis İdarəsinə aparmışlar. Ona bildirmişlər ki, Nazirliyin göstərişi var o, İdarəyə getməlidir. Eyni zamanda bildirmişlər ki, qonşuların ondan narazılıqları vardır. Polis əməkdaşları onu İdarəyə apardıqları zaman onun cibində narkotik vasitə olmamışdır. Ona məcbur edərək narkotik vasitəni cibinə qoymuşlar. Ona bildirmişlər ki, 10 qram narkotiki götürüb onun olmasını boynuna götürməlidir. O, cavab olaraq onlara bildirmişdir ki, yarım qram narkotiki cibinə qoyacaq əvəzində istifadə üçün ona narkotik vasitə veriləcək. Polis əməkdaşları onunla razılaşaraq yarım qram narkotik vasitəni cibinə qoymuşlar, eyni zamanda ona istifadə üçün narkotik vasitə vermişlər. Gecə saat 03 radələrinə çəkiliş aparılmiş onun cibindən narkotik vasitə çıxmışdır. Onu İdarədə polis əməkdaşları döymüşlər. O, barəsində bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı Gəncə şəhər Prokurorluğuna şikayət etmişdir. Polis əməkdaşları onu axşam saat təxmini 8-10 radələrində Gəncə şəhər, Xətai prospektində “Megastore”-in yaxınlığında tutmuşlar. Onu İdarəyə aparan polis əməkdaşlarının adlarını bilmədiyini qeyd etmişdir. Onu idarəyə apardıqdan 2-3 saat sonra video çəkiliş olmuşdur. Onu İdarəyə aparan şəxslər onu İqbal müəllimin otağında döymüşlər və ona 10 qram narkotik vasitəni üzərinə götürməsi bildirilmişdir. O, bir neçə ay bundan qabaq narkotik vasitə istifadə etmişdir. O, narkotik vasitənin onun olmasını üzərinə götürdükdən sonra polis əməkdaşlarının ona verdiyi narkotik vasitəni istifadə etmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərində gəzdirməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərimişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında axşam vaxtları Gəncə şəhər, Xətai prospektində saxlamış və onu Baş Polis İdarəsinə aparmışlar. İdarədə video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış aparılmiş və könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirdikləri yalandır, onun tutulmasında iştirak etmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs hər hansı bir fiziki zor tətbiq edilməmişdir. O, əvvəllər Təqsirləndirilən şəxs tanımamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni saxlamaqla daşıması ilə bağlı əməliyyat məlumatı ona aid olmuşdur. Cəsuru saxladıqları zaman onun üzərində sadəcə narkotik vasitə olmuşdur. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərimişdir ki, Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında axşam vaxtları Gəncə şəhər, Xətai prospektində “Megastore”-in yaxınlığında saxlamış və onu Baş Polis İdarəsinə aparmışlar. İdarədə ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmişdir. Onun üzərindən təxmini 0,76 qram heroin aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs İdarədə üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs döyməmişlər. Təqsirləndirilən şəxs üzərində boyunbağının və yaxud başqa bir şeylərin olması yadında qalmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X5 azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ İstintaq və Təhqiqat İdarəsinin TŞ-nin təhqiqatçısı polis baş leytenantı X7, Gəncə şəhər BPİ NMB -nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ NMB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 və müdafiəçi X6 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf rəngli poletilen sellofana bükülmüş bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zananı Təqsirləndirilən şəxs üzərindən başqa psixotrop maddə, narkotik vasitə, qanunla qadağan edilmiş əşya aşkar edilmədi. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf rəngli poletilen sellofana bükülmüş bükülü elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0.74 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 91 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində narkotik vasitə heroin olduğunu və Gəncə şəhəri Pasyolka adlanan ərazidə yerdən tapdığını bildirir. -Məhkəmə-kimyəvi ekspertizasının 27 aprel 2024-cü il tarixli 16/485 nömrəli rəyində göstərilmişdir ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd şəffaf rəngli poletilen sellofana bükülmüş bükümdə narkotik vasitə heroinə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki təmiz çəkisi 0.613 qram maddə, küstar üsulla hazırlanmış narkotik vasitə heroindir. - Məhkəmə-narkoloji ekspertizasının 17 may 2024-cü il tarixli 845 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər kəpəz rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 330(üç yüz otuz) manat cərimə edilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbayacan Respublikası Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 04(dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına 02(iki) il müddətinə isə şərti sınaq cəzası verilmişdir. Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbayacan Respublikası Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 08(səkkiz) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdir. xx.xx.2017-ci ildə Xəzər rayon məhkəməsinin qərarı ilə CM-nin 178.3.3-cü maddəsinə aid əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddələrinə tövsif edilərək cəzası 07(yeddi) il 06(altı) ay endirilmişdir. xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Nizami rayon məhkəməsinin hökmü ilə 11(on bir) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası verilmişdir. xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Məhkəməsinin qərarına əsasən CM 52-1.5-ci maddəsi ilə 01(bir) ay 09(doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə məhkum edilərək məhkəmə zalında həbs edilmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası 177.2.2-ci maddəsi ilə 02(iki) il azadlığın məhdulaşdırılması cəzası verilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Gəncə Şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs həmin tarixədək barəsində olan 02 (bir) il azadlığın məhdudlaşdırılması cəzasının 05 (beş) ay 18 (on səkkiz) gün hissəsini çəkmiş, 01(bir) il 06 ( altı) ay 12 (on iki) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan heroini cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2024-cü il tarixdə ilk olaraq izahatı alınarkən, xx.xx.2024-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs heroinin ona məxsus olduğunu bildirmişdir.Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazı və vəsatəti olmamışdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ Siyahısında heroinin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yənidən cinayət əməli törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin 1(125)- 34/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu günə çəkilməmiş qalan 01(bir) 06 (altı) ay 12 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmamalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Təqsirləndirilən şəxs 26-28 aprel 2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbirinə dəyişdirilməli və hazırda AR-sı İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati həbs növündə inzibati tənbeh çəkməsi və MYS-də saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,563 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120(yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə şəhər Məhkəməsinin 31 yanvar 2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bugünkü günə çəkilməmiş qalan 01(bir il 06 (altı) ay 12 (on iki) gün hissəsi 09 (doqquz) ay 06 (altı) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 01 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01(bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hazırda AR-sı İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati həbs növündə inzibati tənbeh çəkməsi və MYS-də saxlanılması nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,563 qram narkotik vasitə olan- heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X3 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar