Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-37/2023 16.01.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Həsənov Ayxan Rasim oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı,Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,orta təhsilli, evli, işsiz, əvvəllər CM-nin 221.1, 177.2.1, 177.2.3-1 və 326.2-ci maddələri ilə məhkum olunmuş, Sumqayıt şəhəri, 29-cu məhəllə ev 13/30, yataqxana 1-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, S.Xasıyev küçəsi ev 17/5-də yaşayan, barəsində həbs növündə qətimkan tədbiri seçilmiş və hazırda Ədliyyə Nazirliyinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq yəni, ümumi təmiz çəkisi 0,165 qram təşkil edən narkotik vasitə olan heroini və ayrı-ayrılıqda təmiz çəkiləri 0,517 qram və 0,571 qram təşkil edən psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, daxil olmuş məlumatı əsasında Gəncə şəhəri Baş Polis İdarəsinin 1ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci 11 tarixdə saat 03 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə Mehmanxanasının yaxınlığında saxlanılaraq Gəncə şəhər, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilərək üzərində şəxsi axtarış keçirilən zaman əynində qara rəngli cins şalvarın sağ ön cibinin içərisində olan balaca cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı şəxsi istehlak miqdarından artıq yəni, 1 ədəd qırmızı rəngli kağız bükümdə 0,165 qram təşkil edən narkotik vasitə olan heroin və 2 ədəd şəffaf rəngli sellefon bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,517 qram və 0,571 qram təşkil edən psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.2-ci maddəsi qismən təqsirli bilir. Arabir Sumqayıt şəhərinə qeydiyyatda olduğu ünvana gedib narkotik vasitə alır. Təxminən 3-4 aydır ki, narkotik vasitə və psixotrop maddə aludəçisi olmuş, narkotik vasitə olan “kakos” adlandırdığı: "heroin"i siqaret falqasının üstündə qızdırmaqla tüstüsünü udmaqla qəbul edir. O və digər narkotik istifadəçiləri heroini “kakos" kimi adlandırırlar, O, “şüşə” və patı" kimi adlandırdıqları psixotrop maddə olun “metanfetamin”i-də eyni qaydada falqa üzərində qızdırmaqla tüstüsü ilə nəfəs almaqla qəbul edir. Şəxsi istifadəsi üçün təxminən 26 və ya 27 iyun 2022-ci il tarixində Bakı şəhərində olan zaman 20 Yanvar adlanan ərazidə “Azərsu” adalanan binanın yaxınlığında tanımadığı şəxsdən 30(otuz) manat müqubilində ümumi çəkisi 2 qram olan “kakos” adlandırdığı narkotik vasitə olan “heroin”i almış, aldığı narkotik vasitə heroini özü istifadə etmiş, qalan heroini isə qırmızı rəngli siqaret kağızında əynində olan qara rəngli cins şalvarın sağ ön cibinə qoymuşdur ki, ehtiyac olanda istifadə edər, xx.xx.2022-ci il tarixində saat 03-04 radələrində Gəncə şəhəri H.Əliyev prospekti “Gəncə” mehmanxanasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və narkotik vasitə, psixotrop maddələri qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə və satmaqda şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis şöbəsinə gətirmişlər, Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin rəisi Devran və Raul adlı polis əməkdaşlarının onu döymüşlər və ona üzərində olandan başqa sellofanda narkotik vasitə və psixotrop maddə vermişlər ki, üzərinə baxış zamanı həmin kütlələrində özünə məxsus olmasını, onlarıda digəriləri kimi Bakı şəhərindən aldığını desin. O da həmin vaxt ağrılara dözməyərək bütün deyilənləri qəbul etmiş, daha sonra vəkilinin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdə əvvəlcədən üzərinə qoyulmuş iki ədəd ağ rəngli sellofana bükülmüş bükümlər və Bakı şəhərindən özü aldığı 01 ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş kütlə aşkar olunmuşdur. Özünün narkotik vasitələrin satışında deyil, yalnız istifadəsində təqsirli bilir. Məhkəmədən onun barəsindəki ittihama yalnız Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi çərçivəsində baxmasını xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, bununla cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 05 iyul 2022-ci il tarixdə saat təxminən 03:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-də gündəlik Xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Tural adlı şəxs harkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğuldur. Odur ki, "daxil olmuş məlumat bölmə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili bolis baş leytenantı Şahid2 ilə birlikdə adı sonradan ona məlum olun Təqsirləndirilən şəxs Gəncə şəhəri Heydər Əliyev prospekti Gəncə Mehmanxanasının yaxınlığında saxlayaraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 Ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nə gətirmişlər, şübhəli şəxs dismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilmiş və sonra video çəkiliş vasitəsi İlə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə Nəcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs Bəhrim oğlunun üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarin sağ ön cibinin içərsində olan balaca cibindən 1 ədəd qırmızı kağız büküm və 2 ədəd şəllüf rəngli sellofana bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümdə olan bükümün içərsində nurkotik vasitə kokos, sellofanda olan bükülülərin içərisində psixotrop maddə şüşə və patı olduğunu, 26 və ya 27 iyun 2022-ci il tarixində Bakı şəhərində olan zaman 20 Yanvar adlanan ərazidə “Azərsu” adalanan binanın yaxınlığında tanımadığı şəxsdən 30(otuz) manat müqabilində ümumi çəkisi 2 qram olan “kakos” adlandırdığı narkotik vasitə olun “heroin”i və “patı”, "şüşə" adlandırdığı psixotrop maddə “metanfetamin”i aldığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Qırmızı rəngli siqaret kağızına bükülmüş büküm açıldıqda içindən qəhvəyi rəngli, toz halında olan narkotik vasitə “heroin” aşkar olunmuş, qablaşdırıldığı kağızla birlikdə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,32(sıfir tam yüzdə otuz iki) qram gəlmiş, 2 ədəd ağ rəngli sellofana qablaşdırılmış və içərisində psixotrop maddə metamfetamin olan bükümlər elektron tərəzidə çəkilmiş və hər iki bükümün qablaşdırıldığı sellofan ilə ümumi çəkisi 1,17 (bir tam yüzdə on yeddi) qram gəlmişdir. Bundan sonra həmin bükümlər müvafiq olaraq zərflərdə qablaşdırılmış və üzəri möhürlənərək, iştirakçılar tərəfindən imzalanmışdır. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etdirilmiş, lakin onun üzərindən saxlanması, daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmiş və götürülməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir, polis baş leytenantıdır. ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 05 iyul 2022-ci il tarixdə saat təxminən 03:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı ona Gəncə şəhər sakini Tural adlı şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyəsi ilə məşğul olduğunu bildirmiş, həmin məlumatı şöbə rəisinə məruzə etdikdən sonra əməliyyat qrupu yaradılmış və Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 Təqsirləndirilən şəxs Gəncə şəhəri Heydər Əliyev prospekti Gəncə Mehmanxanasının yaxınlığında saxlayıraq Gəncə şəhəri Heydər Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci PŞ-nə gətirmişlər. Ona video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və onun əynində olan qara rəngli cins şalvarın sağ ön cibinin içərsində olan balaca cibindən 1 ədəd qırmızı kağız büküm və 2 ədəd şəffaf rəngli sellofana bükülmüş bükümlər aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs kağız bükümdə olan bükümün içərsində narkotik vasitə kakos, sellofanda olan bükülərin içərisində psixotrop maddə şüşə və patı olduğunu, 26 və ya 27 iyun 2022-ci il tarixində Bakı şəhərində olan zaman 20 Yanvar adlanan ərazidə “Azərsu” adalanan binanın yaxınlığında tanımadığı şəxsdən 30(otuz) manat müqabilində ümumi çəkisi 2 qram olan “kakos” adlandırdığı narkotik vasitə olan “heroin”i və “patı”, “şüşə” adlandırdığı psixotrop maddə “metanfetamin”i aldığını, özü istifadə etmək məqsədi ilə saxladığını bildirmişdir. Həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirmişdir. Təqsirləndirilən şəxs idarədə ona zor tətbiq edilməsi barədə verdiyi ifadə həqiqətə uyğun deyil. Belə ki, o əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanıldığı zaman provakasiyaya meylli olmuş, qeyri-adekvat hərəkətləri ilə ətrafdakıların diqqətini cəlb etməyə və özünə xəsarət yetirərək polis əməkdaşlarına böhtan atmağa cəhd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Gəncə şəhəri, Xəlil bəy Xasməmmədov küçəsi ev 3-də yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. ***-***-**-** mobil nömrəsi ona məxsusdur, həmin nömrəni uzun müddətdir ki, istifadə edir. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, belə ki, Tural onun uşaqlıq dostudur, bir yerdə böyümüşlər. O, özü narkotik vasitələrin istifadəçisi olmuş, 2022-ci ildən Gəncə şəhər Narkoloji dispanserdə rəsmi qeydiyyatdadır. Hal-hazırda müalicə olunur və narkotik vasitə və psixotrop maddələrdən istifadə etmir. İsitntaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitə heroini pulnan, psixotrop maddə metamfetamini isə tanışlıqla aldığını bildirsə də, hazırda verdiyi ifadəni təkzib edərək bildirir ki, psixotrop maddə metamfetamini və narkotik vasitə heroini tanışlığa görə almışdır. Tural ona narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs uzun müddətdir tanıyır, onlar bir-birinə təmənnasız narkotik vasitə və ya psixotrop maddə verirlər.Turala yazdığı SMS-ləri heç nə ilə izah etmək istəmir. Məhkəmə Şahid3 SMS-lərlə bağlı suala cavab verməməsini nəzərə alıb, hesab edir ki, onun ibtidai istintaqdakı ifadəsini təkzib edərək, məhkəmə istintaqında fərqli ifadə verməsi Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin ailəsini dolandırmaq üçün fərdi əməklə məşğuldur. Gəncə şəhəri, S.Xasıyev küşəsi 17/5-də yaşayan Təqsirləndirilən şəxs doğma oğludur və oğlu ilə münasibəti yaxşıdır. Oğlu Tural narkotik vasitə olan heroinin aludəçisi olduğunu bilməmiş, oğlum Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.1-ci maddələri ilə təqsirli bilinib 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-1 və 326.2-ci maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. Hazırda oğlu Təqsirləndirilən şəxs üzərində qanunsuz narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxladığı üçün 05 iyul 2022-ci il tarixdə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulmuş, oğlu Tural hazırda 2 saylı istintaq təcridxanasında saxlanılır. Oğlu Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olması və satışı ilə məşğul olmasından xəbəri olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 05 iyul 2022-ci il tarixli 16/767 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0,32 qr narkotik vasitə olan heroinə bənzər kütlə..” yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd, qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,165 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, tədqiqata təqdim edilmiş, üzərində “Vət, Təqsirləndirilən şəxs üzərindən Sötürülmüş 1,17 qram psixotrop maddə metamfetaminə bənzər kütlə..” yazı və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd, sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.517 qram, 0,571 qram, ümumi təmiz çəkisi 1,088 qram olan maddələr kustar üsulla hazirlanınış psixotrop maddə metamfetamindir, kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2022-ci il tarixli 1287 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin videogörüntüsü olan 1 ədəd DVD diskdəki müvafiq videogörüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis mayoru X4 bildirir ki, həmin gün saat 03:30 radələrində Təqsirləndirilən şəxs, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə” mehmanxanasının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə gətirilir, şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil Müdafiəçi təyin edilir və sonra video çəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış zamanı onun əynində olan qara rəngli şalvarın ön sağ cibinin üstündəki kiçik ölçülü cibdə saxladığı bir ədəd qırmızı rəngli siqaret kağızına bükülmüş və iki ədəd ağ rəngli sellofana bükülmüş bükümlər aşkar olunaraq götürülür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin birinin narkotik vasitə heroin, digərinin isə psixotrop müddə metamfetamin olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, 26 və ya 27 iyun 2022-ci il tarixdə Bakı şəhərində olan zaman 20 Yanvar adlanan ərazidə “Azərsu” adalanan binanın yaxınlığında tanımadığı şəxsdən 30(otuz) manat müqabilində aldığını, həmin kütlələrdən bu günə qədər heç kimə satmadığını, heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirir. Həmin kütlə tərəzidə çəkilir və heroinə bənzər kütlənin falqa ilə birlikdə ümumilikdə 0,32 qram, psixotrop maddə metamfetaminə bənzər kütlənin çəkisi isə 1,17 qram təşkil edir. Bundan sonra həmin kütlələr tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülür və üzəri möhürlənərək imzalarla təsdiq olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilir, protokol imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Məhkəmə istintaqında Gəncə Şəhər Məhkəməsinin 18 iyul 2022-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-12749/22 nömrəli məktub əsasında daxil olmuş və Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə 18 iyun 2022-ci il tarixdən 18 iyul 2022-ci il tarixədək daxil olan və həmin nömrələrdən xaric olmuş mesaiların “CD” diskdə olan yazısına baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:43-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “50 manat var elmeddinnen danış, birdənə gör varsa qırama gedin də” tipli sms, xx.xx.2022-ci il tarixdə saat 01:26-da “qaqa özüm burda istəmirdim yazam bayaqdan, daş varey daş, onna var, uşaq var onun da pulu var, deyir yarım maşın lazımdır, əmələ gələr” tipli sms, xx.xx.2022-ci il tarixdə 04:22-də “ağzın şirin olsun ay qaqa, sən öl bu nedi belə behhh, qomarağımı götürdü ey, axır 10 gedişatın eb gözdəsi budur, sen öl semanın canı heyatın bir anıdırqaqa” üpli sms göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 07:29-da radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan 055-560-04-8 saylı mobil nömrəyə “qaqa nolar gəlim vəziyyətdən çıxar, ber ağrıyıram, uşaqlara götürəndə əvəzini çıxaram, varyoxunu sikim bərk ağrıyıram, vur çat opla sən balanın canı”, 29.122021-ci il tarixdə saat 17 radələrində “ 10 manat borcum qalsın, hər şeyini sikim sabah carajaq 10 manat pulun, qurvan olum üzürlü say” tipli sms, “Billəm vəziyyət pisdi, köməy elə sən balanın canı” tipli smsm göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 11:41-də radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “qaqa salam, elə aadam var deyəsən 10-luq götürəm, nə olsa yada qalanını axçam verim” tipli sms göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 15:11-də radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ay qaqa bəyaxdan konturum yoxuydu, indi yüklədim hara gəlim qilçam ağrıyır, balamın canı dura bilmirəm 2 dənə lazımdır”, tipli sms göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 22:27-də radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə “ceki mənəm hüseyn, bir dənə açda dostum, pul var, nömrəm mamamın telindədi, ona görə buna yığıram” tipli sms göndərilmişdir. Yuxarida göstərilmiş SMS-lərin məhkəmə istintaqında tədqiqindən məhkəmə nəticəyə gəlir ki, həmin SMS-lər təqsirləndirilən şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət edir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş 14 avqust 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki,Təqsirləndirilən şəxs üzərində müəyyən edilmiş xəsarət izləri üzrə cinayət təqibinin başlanması cinayət hadisəsi olmaması əsasıyla rədd olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Sumqayıt Şəhər Məhkəməsinin 27 avqust 2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1, 234.1 və 326.2-ci maddələri ilə təqsirli bilinib CM-nin 66.2-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan 09 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,115 qram olan narkotik vasitə heroin, 1.008 qram psixotrop maddə metamfetamin cinayət prosesinin iştirakçıları cinayət işinin matenallan ilə tanış olduqdan sonra cinayət təqibi üzrə icraat başa çatanadək Gəncə şəhər Baş Polis İdarəsinə məsul saxlanca verilmişdir. “Şəxsi axtarış və götürmə” istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi subut kımı tanınmışdır və iş materiallarına əlavə edilmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspertiza rəylərini tədqiq edib sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə, məhkəmə istintaqında tədqiq edilən sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs şərh olunan cinayət əməlini törətməkdə təqsirli olması şahid ifadələri və digər məhkəmə-istintaq materialları ilə təsdiq edilir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinməli və bu maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ona cəza təyin edilməlidir. Törədilmiş əməlin tövsifi və əməlin təqsirləndirilən şəxs tərəfindən törədilməsi işin faktiki halları ilə mübahisə doğurmur. Təyin ediləcək cəzanın həddi ilə bağlı isə məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən “heroin” narkotik vasitəsinin və metamfetamin psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosialiqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Cəzasını yüngülləşdirən hallar Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxsna cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.10-cu maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində residivin mövcudluğu cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxsna cəzanın təyin edilməsi məsələsinə baxaraq onun cəzasını yüngülləşdirən halla yanaşı, ağırlaşdıran halın mövcudluğunu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət törətməsini), cəzanın məqsədini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və saxlanması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-12/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(125)-103/2022 nömrəli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxso ğlunun həbsdə saxlanmasının müddəti xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Yuxarıda göstərilənləri nəzərə alaraq, məhkəmə Təqsirləndirilən şəxs cəzasının əvvəlini xx.xx.2022-ci il tarixdən hesablanmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyini zamanı qanunvericiliyin bu müddəası nəzərə alınmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, törədilən cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmasına baxmayaraq, onun əməlidə cinayətin residivinin mövcudluğunu nəzərə alaraq, onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının 31avqust 2022-ci il tarixli, 1287 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilməlidir və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,115 qram olan narkotik vasitə heroin və 1.008 qram psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Bundan başqa məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən məhkəmə istintaqı zamanı 10 iş saatı məsrəf olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2018-ci il tarixli Sərəncamının 1.3-cü bəndinə əsasən vəkilin xidmətlərini ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə dövlət hesabına göstərilən hüquqi yardıma görə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsinin İ hissəsinə müvafiq olaraq müəyyən edilmiş məbləğin 3 dəfə artırılması qərara alınmışdır. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabındanX5qızının vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respubikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4. maddəsinə əsasən iş üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsinə xərclənmiş 30,40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş və əmlak üzərinə həbs qoyulmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 345-347, 349, 351- 354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu gündən – 05 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,115 qram olan narkotik vasitə heroin və 1.008 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bundan başqa, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən istifadə edilmiş video çəkilişin əks olunduğu və cinayət işinin materiallarına əlavə edilmiş 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 30.40 (otuz manat, qırx qəpik) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 60 (altmış) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-37/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-37/2023
16.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver