Məhkəmə qərarları › İş №1(125)-377/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-377/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-377/2023 24.08.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan, Gəncə şəhəri, X8 küçəsi ev 49 A ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM-in) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs (bundan sonra Təqsirləndirilən şəxs) satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə əldə edib və üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,606 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 23 may 2023-cü il tarixdə, saat 16:08 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin NMB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Nizami prospektində 6 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zamanəynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız parçasına bükülmüş 0,606 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün etiraf ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş şahid ifadələri, maddi sübut, ekspertiza rəyi, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü ona CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda tam təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, o, təxminən 7-8 aydır ki, narkotik vasitələrdən istifadə edir, narkotik vasitəni mütəmadi olaraq qəbul etmir, həftədə 1-2 dəfə qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 16:08 radələrində o, Gəncə şəhəri Nizami prospektində, 6 nömrəli məktəbin yaxınlığında olarkən mülki geyimdə olan 2 nəfər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş və onu Gəncə şəhər BPİ-nə gəlməsi üçün dəvət etmişlər. O, polis əməkdaşlarına bu barədə etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada xidməti iş otaqlarının birində onun hüquqlarını müdafiə etmək üçün mudafəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş,şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotk vasitə varsa təqdim etsin. O, da onlara əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı kağız parçasına bükülmüş kütləni təqdim etmiş, həmin kütlənin içərisində “kokos” olduğunu, həmin bükümü Gəncə şəhəri 6 nömrəli məktəbin yaxınlığında yerdən tapdığını, həmin narkotik vasitəni heç kimə satmadığını bildirmişdir. Baxış zamanı bükümün içərisində olan maddənin narkotik vasitə - heroinə bənzər maddə olduğu müəyyən edilmiş və onu tərəzidə çəkmişlər, çəkisi 0.77 qram olmuşdur. Sonra bir ədəd paketin üzərində müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra o, imzalamışdır. Daha sonra narkotik vasitə heroinə bənzər maddə zərfə qoyulmuş, bundan sonra həmin kütlə tərkibinin və miqdarının dəqiq müəyyən edilməsi üçün ekspertizaya təqdim etmək məqsədi ilə qablaşdırılaraq götürülmüş və üzəri möhürlənərək imzalarla təsdiq olunmuşdur. Bundan başqa üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol doğru tərtib edildiyi üçün protokola o, da imza etmişdir. Sonda o, etdiyi əməlindən peşman olduğunu, himayəsində 1 azyaşlı uşağı olduğunu, uşağı Türkiyə Respublikasında anadan olduğu üçün sənədini təqdim edə bilmədiyini nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki, Muraz adlı şəxsin mütəmadi olaraq narkotik vasitələr əldə edib üzərində gəzdirməsi, saxlaması barədə Gəncə şəhər BPİ-nin NBM-nə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul olunmuş və kiçik inspektor Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin gün saat 16:08 radələrində Muraz adlı şəxsi Gəncə şəhəri Nizami prospektində yerləşən 6 nömrəli məktəbin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər.Onlar Muraz adlı şəxsə yaxınlaşaraq özlərini təqdim etmiş, qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə onu Gəncə şəhər BPİ-nin inzibati binasına dəvət etmişlər. Orada Murazın kimliyi tam dəqiqləşdirilərək, Təqsirləndirilən şəxs olması aydın olmuşdur. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi məqsədilə təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmış, hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi təyin olunmuş, hüquq və vəzifələri izah olunmuşdur. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd qızılı kağız parçasına bükülmüş kütləni könüllü olaraq təqdim etmişdir. Bundan başqa şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd qızılı kağız parçanın içərisindəki kütlənin, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroinə bənzər maddə olduğu aşkarlanmışdır. Təqsirləndirilən şəxs həmin kütləni Gəncə şəhərində yerləşən 6 nömrəli məktəbin yaxınlığında, yerdən tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində narkotik vasitə qızılı kağız bükümü elektron tərəzidə çəkilmiş, kütlənin ümumi çəkisi 0,77 qram olmuşdur.Həmin kütlə zərfə qoyularaq qablaşdırılıb möhürlənmiş və üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi barədə təhqiqatçı tərəfindən tərtib olunmuş protokolu iştirak edən şəxslər imzalamışlar. Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumat əldə edilməmişdir. Məhkəmədə dindirilmiş Şahid1 digər Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X4 azad edilmişdir. - xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki,Gəncə BPİ-nin İTİnin TŞ-nin təhqiqatçısı, polis kapitanı X6, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin idarənin kiçik inspekoru polis baş serjantı Şahid1, həmin idarənin KTB-nin inspektor-kriminalisti, polis kapitanı X3 və müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir.İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız parçasına bükülmüş tünd qəhvəyi rəngli kütləni təqdim etmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqim etdiyi kütlənin “kakos” olduğunu, həmin gün səhər saatlarında Gəncə şəhəri 6 nömrəli məktəbin yaxınlığında yerdən tapdığını, özü istifadə etməsi üçün üzərində saxladığını, heç kimə satmadığını, başqa yerdə saxlamadığını bildirmişdir. Sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə elektron tərəzidə çəkilmiş,ümumi çəkisi 0.77 qram müəyyən olunmuşdur. Həmin büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, həmin kağız zərfin üzəri DİN-nin 91 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/546 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə 0.77 qram...” yazı və imzalar olan kağız paketdəki, 01 (bir) ədəd qızılı rəngli kağız bükümdə, təmiz çəkisi 0.606 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir(Heroin təmiz çəkisi - 0,606 qr. tədqiqata sərf edildi - 0,05 qr. qalıq 0.556 qr.). - Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü tarixli, 1051 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - DİN BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların şəxsi istehlak miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Beləliklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yenicinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. CM-in 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halların məcmusunu və cəzanı ağırlaşdıran halların olmadığını nəzərə alaraq məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər və bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsin şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülməli və narkomaniyadan məcburi müalicə olunmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,556 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 09 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 54 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 07:00-dək, Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün və narkomaniyadan məcburi müalicə olunsun. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə Şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq 0,556 qram çəkidə narkotik vasitə - heroinhökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizalarının keçirilməsinə xərclənmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE**********0002088501, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 54 (əlli dörd) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlikedən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar