Məhkəmə qərarları › İş №1(125)-38/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-38/2023

01.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-38/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olan, işləməyən, Gəncə şəhəri, ƏliağaŞıxlınski küçəsi, ev 35-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda ƏN Penitensiar Xidmətin İxtisaslaşdırılmış Müalicə Müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında videokonfrans vasitəsi ilə baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, 13 iyul 2022-ci il tarixdə, saat 20:40 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Araz” supermarketə daxil olaraq bir ədəd 1 kiloqram çəkidə qiyməti 20.92 manat olan “BetaTea” çayı, iki ədəd 1 kiloqramlıq bir ədədinin qiyməti 20.79 manat olan “Chempion” çaylarını götürüb marketdən küçəyə çıxmış, həmin vaxt mühafizəçi işləyən Şahid2 onun arxası ilə çıxaraq çayları kassadan keçirtmədiyini bildirdikdə, o,çayların pulunu verdiyini deyərək əlini şalvarının belinə aparıb binaların arasında görüşməklə hədələyərək ümumilikdə 62.50 manat dəyərində özgənin əmlakını açıq yolla talayıb ələ keçirməklə soyğunçuluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, maddi sübut, işdə olan və tədqiq olunan digər istintaq sənədləri ilə aşağıdakı qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadələrində göstərmişdir ki, o, 24 iyun 2022-ci il tarixdə həbsdən çıxmış və ailə üzvləri ilə birlikdə yaşamışdır. O, həsdən çıxan vaxtdan işləməmiş, ailəsini dolandırmaq üçün pul tapa bilməmişdir. 13 iyul 2022-ci il tarixdə, saat təxminən 20 radələrində o, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Araz” supermarketinə getmiş, ora getməkdə məqsədi çay götürmək olmuşdur. O, bu məqsədlə marketdə bir dəfə gəzmiş, sonra isə çaylar olan yerə gələrək iki ədəd 1 kiloqramlıq “Chempion” və bir ədəd 1 kiloqramlıq “Beta Tea” çaylarını sellofan torbaya salmış, sonra həmin çayları kassadan gizlətmək üçün müştərilər üçün nəzərdə tutulmuş dolaba qoymuşdur. O, çayları götürən vaxt təhlükəsizlik kameralarının çəkdiyini bilmişdir.Bundan sonra isə o, yenidən marketdə bir dəfə də gəzmiş, sonra isə kassadan keçib dolabdan həmin çayları götürüb küçəyə çıxmışdır. O, küçəyə çıxaraq hərəkət etməyə başlamış, dayanacağa tərəf hərəkət edən vaxt “Araz” marketin mühafizəçisi ona yaxınlaşaraq çayların pulunu ödəmədiyini bildirmiş,o, isə sonuncuya çayların pulunu ödədiyini bildirmişdir. Həmin vaxt mühafizəçi ondan çeki tələb etmiş, o, isə mühafizəçiyə binaların arasına gedib görüşməyi bildirmiş, şalvarını düzəltmək üçün əlini belinə atmışdır. Bundan sonra o, yolu keçib getmiş, mühafizəçidə onun arxası ilə yolu keçib gəlmişdir. O, binaların arasına tərəf getmiş, həmin şəxs isə yolu keçib dayanmışdır. Bundan sonra o, mühafizəçinin arxası ilə gələcəyini fikirləşdiyi üçün birazda gedərək binaların həyətində çayları atmış, binaların arası ilə gedərək avtobusa minib yaşadığı evə getmişdir. Sonda o, əməlindən peşman olduğunu, soyğunçuluq yox, oğurluq etdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, vərəm xəstəsi olmasını, qardaşının İİ Qarabağ müharibəsi veteranı olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə bildirmişdir ki,o, "xxxx" MMC-nin hüquqşunası vəzifəsində xidmət edir. Gəncə şəhəri Atatürk prospektində yerləşən “Araz” supermarket hər gün saat 08:00-da müştərilərə xidmət etməyə başlayır və axşam saat 23:00-da isə xidmət dayanır.Supermarketdə satıcı, xidmətçi, kassirlər və mühafizəçilər xidmət aparır, supermarket 24 saat müşahidə kameraları vasitəsi ilə izlənilir, kamera müşahidə otağında bir nəfər əməkdaş oturaraq müştərilərə nəzarət edir.Gəncə şəhəri Atatürk prospektində yerləşən “Araz” supermarketfilialına 13 iyul 2022-ci il tarixdə, saat 20:35 dəqiqədə marketə bir nəfər şəxs daxil olaraq 2 ədəd bir ədədinin qiyməti 20.79 manat olan 1 kiloqramlıq tutumlu “Chempion” çayı, 1 ədəd 20.92 manat dəyərində “Beta Tea” çayını götürərək marketdən çıxmışdır.Həmin filialda mühafizəçi işləyən Şahid2həmin şəxsin arxası ilə küçəyə çıxmış, Şahid2 küçədə həmin şəxsə yaxınlaşaraq çayların pulunu verməsini bildirmiş, həmin şəxs isə əlini belinə apararaq Emili bıçaqla vurmaqla hədələyib çıxıb getmişdir. Emil isə həmin şəxsin arxası ilə bir qədər getmiş, həmin şəxs binaların həyətinə qaranlıq yerə girdiyi üçün Şahid2 arxası ilə getməmişdir.Sonda o, təqsirləndirilən şəxs tərəfindən şirkətə dəyən ziyanın ödənildiyini, təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbləri olmadıqlarını, təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, cinayət hadisəsi törədilərkən o, "xxxx" MMC-nin Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Gəncə 4” filialının müdiri vəzifəsində xidmət etmiş,onun vəzifəsi filialın işini tənzimləməkdən ibarət olmuşdur. Onun filial müdiri olduğu supermarket hər gün saat 08:00-da müştərilərə xidmət etməyə başlamış və axşam saat 23:00-da isə xidmət dayanmışdır. Supermarketdə satıcı, xidmətçi, kassirlər və mühafizəçilər xidmət aparmışlar,supermarket 24 saat müşahidə kameraları vasitəsi ilə izlənilmiş,kamera müşahidə otağında bir nəfər əməkdaş oturaraq müştərilərə nəzarət etmişdir. 13 iyul 2022ci il tarixdə, saat 20:35 dəqiqədə marketə bir nəfər şəxs, sonradan adını bildiyi Təqsirləndirilən şəxs daxil olmuş, həmin şəxs marketin içərisində bir qədər gəzdikdən sonra çay satılan yerə gedərək 2 ədəd bir ədədinin qiyməti 20.79 manat olan 1 kiloqramlıq tutumlu “Chempion” çayı, 1 ədəd 20.92 manat dəyərində “Beta Tea” çayını götürüb əvvəlcə sellofan torbaya salaraq marketin içərisində saxlamış, sonra isə həmin çayları marketin giriş qapısının yanında olan müştəri dolabına qoymuşdur. Bundan sonra isə həmin şəxs, yəni Təqsirləndirilən şəxs yenidən marketdə gəzmiş, bir qədər sonra isə çayları götürərək marketdən çıxmışdır. Həmin vaxt mühafizəçi Şahid2 Təqsirləndirilən şəxs arxası ilə küçəyə çıxmış, küçədə həmin şəxsə yaxınlaşaraq çayların pulunu verməsini bildirmiş,sonuncu isə əlini belinə apararaq Emili bıçaqla vurmaqla hədələyib çıxıb getmişdir. Emil isə onun arxası isə bir qədər getmiş, həmin şəxs binaların həyətinə qaranlıq yerə girib uzaqlaşmışdır. Təqsirləndirilən şəxs tərəfindən onların şirkətinə 62.50 manat maddi ziyan dəymişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə vaxtı o, "xxxx" MMC-nin Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Gəncə 4” filialında mühafizəçi işləmiş,onun iş qrafiki bir gün saat 07:00-da işə gedib, saat 16:00-da işdən çıxırmış, digər gün isə saat 16:00-da işə gedib 23:00-da isə işdən çıxırmış. Onun vəzifəsi marketin içərisində müştərilərin hərəkətlərinə nəzarət etmək və oğurluq hadisəsi olduqda onu müəyyən etməkdən ibarət olmuş,iş vaxtı onlar bir nəfər olaraq xidmət aparmışlar,buna görə də o, nəzarəti yaxşı həyata keçirtmək üçün əsasən müşahidə kameraları olan otaqda oturmuşdur. 13 iyul 2022-ci il tarixdə, saat 20:35 dəqiqədə müşahidə kamerasında olan vaxt marketə bir nəfər şəxsin, sonradan adını bildiyi Təqsirləndirilən şəxs daxil olduğunu görmüşdür. Həmin şəxs marketin içərisində bir qədər gəzdikdən sonra çay satılan yerə gedərək 2 ədəd bir ədədinin qiyməti 20.79 manat olan 1 kiloqramlıq tutumlu “Chempion” çayı, 1 ədəd 20.92 manat dəyərində “Beta Tea” çayını götürüb əvvəlcə sellofan torbaya salaraq yerə qoyub saxlamış, bundan sonra isə özü bir dəfə də marketin içərisində gəzmişdir.Sonra Təqsirləndirilən şəxs həmin çayları qoyduğu sellofanı marketin giriş qapısının yanında olan müştəri dolabına qoymuş, yenidən marketdə gəzmiş, bir qədər sonra isə çayları götürərək marketdən çıxmışdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs çayların pulunu vermədən çıxdığını görüb müşahidə otağından çıxaraqsonuncunun arxası isə küçəyə çıxmışdır. O, Təqsirləndirilən şəxs küçədə dayanacağın yanında yaxınlaşaraq çayların pulunu vermədiyini bildirmiş, sonuncu isə ona “sən mənə oğru deyirsən, get kamerana yaxşı bax” deyərək hərəkət etmək istəmişdir. Həmin vaxt o, yenidən Təqsirləndirilən şəxs yaxınlaşıb kassa çekini göstərməsini tələb etmiş,lakin sonuncu əlini şalvarının belinə apararaq “səni vuraram, get işinlə məşqul ol” deyərək həmin yerdən uzaqlaşıb yolu keçməyə başlamış, lakin ona qarşı heç bir fiziki zor tətbiq etməmiş, Təqsirləndirilən şəxs əlində və belində bıçaq görməmişdir. O, da Təqsirləndirilən şəxs arxası ilə yolu keçmiş, lakin sonuncu iki binanın arasından keçib getməyə başlamış, həmin yer qaranlıq olduğu və sonuncunun hədələməsindən qorxduğu üçün arxası ilə getməmişdir. Bundan sonra həmin vaxt marketin müdiri işləyən Şahid1 Azərbaycan Respublikası DİN “102 xidməti”nə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis mayoru X7 tərəfindən tərtib olunmuş “baxış keçirilməsi haqqında”xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisənin baş verdiyi yer Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Araz” supermarketin qarşısıdır. Hadisə yerinin fotoşəkilləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan,xx.xx.2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəstətin müdafiə olunmasından imtina edilməsi haqqında” qərardan və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2022-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək X3 azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “videogörüntüyə baxış keçiriməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, 13 iyul 2022-ci il tarixdə 20:30 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Atatürk prospektində yerləşən “Araz” supermarketə daxil olur. Daxil olduqdan sonra Təqsirləndirilən şəxs mağazada çaylar üçün ayrılmış hissəyə keçərək bir qədər mağazada ətrafa göz gəzdirdikdən sonra 1 ədəd seloffan torba götürərək 1 kiolqram çəkidə olan bir ədəd “Beta Tea” çayı və 1 kiolqram çəkidə olan iki ədəd “Chempion” çayını həmin seloffanın içərisinə qoyur,bundan sonra mağazada bir müddət başqa məhsulların qiymətlərinə baxaraq gəzdikdən sonra marketin giriş qapısının yanında olan müştərilərin əşyalarını qoyması üçün ayrılmış dolaba yerləşdirir. Yenidən mağazada bir müddət gəzdikdən sonra Təqsirləndirilən şəxs dolaba yerləşdirdiyi çayları götürərək mağazadan çölə çıxır. Bu zaman mağazada mühafizəçi işləyən kamera müşahidə otağında oturub nəzarət edən Şahid2 mağazadan çıxaraq Təqsirləndirilən şəxs yaxınlaşır bir qədər söhbət etdikdən sonra Təqsirləndirilən şəxs oradan uzaqlaşmaq istəyir, lakin Şahid2 ona mane olmaq istəyəndə Təqsirləndirilən şəxs sol əlini belinə atır, bu zaman Şahid2 bir qədər arxaya çəkilir. Bundan sonra Təqsirləndirilən şəxs əlində çaylar olan sellofan torba ilə birlikdə yolu keçərək uzaqlaşır, Şahid2 isə onun arxası ilə yolu keçir, bununla da video çəkiliş yekunlaşır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan “Axtarışda olan şəxsin tutulması barədə” xx.xx.2023-cü il tarixli protokoldan və 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutularaq Gəncə ŞBPİ-nin MSY-ə təhvil verilmiş və həmin tarixdə 2 saylı İstintaq Təcridxanasına daxil olmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhər Z.Məmmədov adına xəstəxananın vərəm şöbəsinin xx.xx.2023-cü il tarixli rayışındangörnür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən “hər iki ağ ciyərin infiltrativ vərəmi (BK+), qanhayxırma” diaqnozu ilə qeydiyyatdadır. Məhkəmə iclasında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində alınmış xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Orucov X4 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 02 il 04 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-in 69.3 və 67.1-ci maddələrinə əsasən 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə CM-in 177.2.1 və 177.2.2-ci maddələri ilə 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzsına məhkum edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-42/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib, ona CM-in 69.3 və 67.1-ci maddələrinə əsasən qəti olaraq 02 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(104)-376/2021 saylı qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(044)-42/2021 nömrəli hökmü dəyişdirilmiş, Təqsirləndirilən şəxs 02 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzçəkmə müddətinin başlanğıcı xx.xx.2020-ci il tarixdən hesablanmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(002)-44/2022 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(104)-376/2021 saylı qərarı ilə 02 il 01 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək, onun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan Azərbaycan Respublikası medalının vəsiqələrindən görünür ki, Təqsirləndirilən şəxs qardaşı X8 “Füzulinin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs tamah məqsədi ilə özgə əmlakını açıq talamaqla soyğunçuluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Ona görə də Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən Cinayət Məcəlləsi ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx.xx.2022-ci il tarixdə həmin cəzanı tam çəkərək cəzanın sonu ilə azad olunduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhkumluğun ödənilməsi üçün 2 il müddət keçmədən yenidən qəsdən cinayət törətmiş, bununla da onun məhkumluğu ödənilməmiş və cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsindəonlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası CPM-in 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hokum çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqaşəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-in 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsihaqqında” 2003-cüil 25 iyun tarixli, 4 saylı qərarı). Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına görə deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlüləlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən Cinayət Məcəlləsinin 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Təqsirləndirilən şəxs əməlindən peşan olmasını, vərəm xəstəsi olmasını, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, qardaşının İİ Qarabağ müharibəsində iştirak etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının CM-nin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, eyni zamanda həm sosial ədalətin bərpası, həm də onun islah olunması, təqsirləndirilən şəxsin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə ona Azərbaycan Respublikası CM-in 180.1-ci maddəsinin sanksiyası daxilində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmasını məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələblərinə uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli onun tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən CM-in 56.1.3-cü maddəsinə əsasən ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 40 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 240 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353-cü, 356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab №AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 240 (iki yüz qırx) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə isə təqdim edildiyi) gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar