Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-383/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2olisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını qanunsuz və hüquqa zidd ələ keçirmək məqsədi ilə 16 mart 2023-cü il tarixdə saat 13:55 radələrində X3 məxsus Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Moskva” marketdən hər birinin dəyəri 42 manat olan 03 blok “X6” markalı, hər birinin dəyəri 32 manat olan 02 blok “LD X9” markalı siqaretləri və 230 manat nəğd pulunu, ümumilikdə zərərçəkmişə məxsus 190 manat dəyərində əmlakını və 230 manat nəğd pulunu ələ keçirərək soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs, şahid ifadələri, istintaq hərəkəti protokolları, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X4 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. 16 mart 2023-cü il tarixdə 13 radələrində pula ehtiyacı yarandığı üçün oğurluq etmək qərarına gəlmiş və elə bu məqsədlə həmin vaxt Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən üzərində “Moskva” sözləri yazılmış mağazaya daxil olmuşdur. Baxanda həmin mağazada müşahidə kamerası olmadığını görüb mağazadan oğurluq etmək qərarını qətiləşdirmişdir. Bundan sonra həmin vaxt mağazada olan adını sonradan bildyi Mehdi adlı satıcıya yaxınlaşıb ona yalandan guya əsgər yanına getdiyini və buna görə, pay olaraq siqaret və yeyinti məhsulları almaq istədiyini söyləmişdir. Buna görə satıcı Mehdi Qədimovda ona gətirib sallafan torbada 02 blok siqaret vermiş, sonra isə o siqaretlər olan sallafan torbanı kassa stolunun yanına qoyub Mehsi Qədimova tərəzidə yeyinti məhsulları çəkdirmişdir. Bütün bunları etməkdə məqsədi isə satıcının başını qatmaq olmuşdur. Daha sonra aldığı şirniyyat məhsullarını kassa aparatının yanında çəkdirib sonradan guya qiymətinin baha olmasını deyib başqa şirniyyat məhsullarını satıcıya çəkdirmişdir. Sonra kassa aparatanın qarşısında satıcı Mehdi Qədimovun başının qarışmasından istifadə edib yerdə sellofanda olan siqaret bloklarını götürüb mağazadan çıxaraq qaçmış və Gəncə şəhər 1 nömrəli orta məktəb istiqamətində gedərək, daha sonra həmin gün mağazadan oğurladığı siqaret bloklarını tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Bir neçə gün sonra isə polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. O, mağazadan 02 blok siqareti oğurlamağını etiraf etmişdir. Zərərçəkmiş şəxs X5 ifadəsində yalan göstərir, belə ki, o, sonuncunun mağzasından yalnız 01 blok “Sobraniya” və 01 blok “LD” markalı siqaretlər oğurlamışdır. Başqa heç bir siqaret və nəğd pul oğurlamamışdır. O, mağzadan siqaretləri götürüb qaçan zaman zərərçəkmiş Mehdi Qədimov mağazadan guya almaq istədiyi konfetləri tərəzidə çəkməklə məşğul olmuş və onun siqaret bloklarını götürüb mağazadan qaçmağını görməmişdir. Özünü Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqirli bilir. Törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X5 ifadəsində göstərmişdir ki, 16 mart 2023-cü il tarixdə ünvan 3 ünvanında yerləşən özünə məxsus “Moskva” marketdə işləyən zaman saat 13:55 radələrində tanımadığı naməlum şəxs marketə daxil olaraq ona əsgər yanına gedəcəyini və buna görə ona siqaret, üzqırxan və müxtəlif spirtsiz içkilər lazım olduğunu bildirmişdir. O da həmin şəxsə yəni adını sonradan bildiyi Təqsirləndirilən şəxs gətirib 5 blok müxtəlif markalı siqaretlər vermiş və Namiq verdiyi siqaretləri sellafan torbaya qoyub əlində saxlamış, sonra isə əlindəki torbanı kassanın qarşısında yerə qoyub ona şirniyyat lazım olduğunu söyləyib müxtəlif şirniyyatları seçib tərəzidə çəkdirib onun başını qatmışdır. Bundan sonra o, şirniyyatları tərəzidə çəkən zaman Namiq bir neçə dəfə şirniyatların qiymətinin baha olmasını bəhanə gətirib şirniyatları geri qaytarmış və yenisini çəkdirmişdir. Sonra Namiq mağazadan aldığı digər əşyaları kassa stolunun üstünə qoymuş, o, isə Namiqin aldığı əşya və şirniyyatların qiymətini hesablayan zaman Namiq qəfildən əvvəlcədən ona verdiyi və sellofan torbada yerə qoyduğü 05 blok siqaretləri götürüb mağazadan çıxıb qaçmaq istəmişdir. Bunu görəndə o, Namiqi səsləmiş və çağırışına cavab vermədiyi üçün bir neçə addım onun arxasınca düşüb qaçmışdır. Lakin yaşlı olduğundan Namiqə çata bilməmiş və Namiq qaçıb gözdən itib harasa getmişdir. Sonra özü kassaya yaxınlaşmış və kassa olan sirməyə baxanda görmüşdür ki, sirməyə cəm halda qoyduğu 100, 50 və 20 manatlıq əskinaslardan ibarət 230 manat pulda yerində yoxdur və Namiq tərəfindən həmin pullarda az əvvəl götürülmüşdür. Ona görə dərhal Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Özü ona qarşı soyğunçuluq etmiş Təqsirləndirilən şəxs əvvəllər heç bir yerdə görməmişdir. Namiq siqaretləri mağazadan götürüb qaçan zaman ona qarşı heç bir fiziki zor tətbiq etməmiş, belə bir fiziki zor tətbiq etməklə hədələməmiş və onun əlində heç bir silah və ya silah qismində istifadə etdiyi əşya olmamışdır. Təqsirləndirilən şəxs ifadəsində yalan göstərir, beləki, hadisə zamanı o, Namiqin arxasınca mağazadan çölə çıxan zaman onu səsləmiş Namiq də onu eşitmiş lakin sözlərinə məhəl qoymayıb qaçıb getmişdir.Eyni zamanda Namiq ona məxsus mağazanın kassasının siyirməsindən onun başını şiriniyyat çəkdirməyə qarışıdırıb 230 manat puluda götürmüşdür. Hadisədən sonra polisin apardığı araşdırma ilə ona qarşı cinayətin Təqsirləndirilən şəxs adlı şəxs tərəfindən törədildiyi məlum olmuş və Namiq ibtidai istintaq zamanı ona dəymiş ziyanı gətirib tam olaraq ödəyərək onunla barışıq əldə etmişdir.Ona görə də hazırda dəymiş ziyanın ödənilməsini və Namiqin cavan olmasını nəzərə alıb təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Gəncə şəhəri, Atatürk prospektində yerləşən “95 aptek”in yanında yerləşən köşkü icarə müqaviləsi əsasında işlədir. 16 mart 2023-cü il tarixdə köşkdə satıcı işləyən tanışı Şahid1 ona zəng edərək bildirmişdir ki, bir nəfər tanımadığı şəxs köşgə yaxınlaşaraq 1 blok ona hədiyyə edilmiş tütün məmulatı olan “Sobirane” markalı siqareti satmaq istədiyini bildirmişdir. Mirzə həmin şəxsin siqareti dəyərindən aşağı qiymətə, yəni 36 manata satdığını demişdir. O da Mirzəyə demişdir ki, həmin şəxs siqareti ucuz verirsə alsın. O, həmin siqareti özü istifadə etmək üçün istəmişdir. Sonra Mirzə həmin şəxs ilə razılaşaraq siqareti 36 manat müqabilində almışdır. Həmin siqaretin satış qiyməti 40 manat olmuş, həmin şəxsdən siqareti satmaq niyyəti ilə almamış və, özü istifadə etmək üçün almışdır. Həmin şəxsi tanımamış və kim olduğunu bilməmişdir. Tanımadığı həmin şəxsdən aldığı siqaretin oğurluq olması barədə məlumatı olmamış, həmin şəxs satdığı siqaretin ona hədiyyə olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidiai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş Şahid1 ifadəsindən görünür ki, o, Gəncə şəhəri, Atatürk prospektində yerləşən “95 aptek”in yanında yerləşən köşkdə satıcı işləyir. 16 mart 2023-cü il tarixdə köşkdə satıcı işləyən zaman bir nəfər tanımadığı şəxs köşgə yaxınlaşaraq 1 blok ona hədiyyə edilmiş tütün məmulatı olan “sobirane” markalı siqareti satmaq istədiyini bildirmişdir. Həmin şəxs siqareti dəyərindən aşağı qiymətə, yəni 36 manata satdığını demişdir. O, bu barədə tanışı yaşara zəng edib demiş, Yaşar da ona demişdir ki, 33 manata satırsa alsın. O, həmin siqareti özü istifadə etmək üçün istəmişdir. Sonra o həmin şəxs ilə razılaşaraq siqareti 36 manat müqabilində almışdır. Həmin siqaretin satış qiyməti 40 manat olmuş, həmin şəxsdən siqareti satmaq niyyəti ilə almamışdır. Həmin şəxsi tanımamış və kim olduğunu bilmir. Tanımadığı həmin şəxsdən aldığı siqaretin oğurluq olması barədə məlumatı olmamış, həmin şəxs satdığı siqaretin ona hədiyyə olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı ibtidiai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilərək araşdırılmış Şahid3 ifadəsindən görünür ki, Gəncə şəhər Atatürk prospektində yerləşən “Xan bağı” parkının yaxınlığındakı “köşkü” icarə müqaviləsi əsasında işlədir. 16 mart 2023cü il tarixdə köşdə satıcı işləyən zaman əvvəllər tanımadığı şəxs köşkə yaxınlaşaraq dostunun ona 10 qutu LD markalı siqaret vediyini və özüdə siqaret çəkən olmadığına bildirmiş, həmin siqaretləri bazar qiymətindən aşağı qiymətə, yəni 26 manata satdığını bildirmişdir. O da həmin siqareti özü istifadə etmək üçün həmin şəxs ilə razılaşaraq 36 manata almışdır. Həmin siqaretin satış qiyməti 29 manat olmuş, həmin şəxsdən siqareti satmaq niyyəti ilə almamış və özü istifadə etmək üçün almışdır. Həmin şəxsi tanımamış və kim olduğunu bilmir. Tanımadığı həmin şəxsdən aldığı siqaretin oğurluq olması barədə məlumatı olmamış və həmin şəxs satdığı siqaretin ona hədiyyə olunduğunu bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzrəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, MSY-dən həbsdən azad edilmişdir. “Baxış keçirilməsi haqqında” 16 mart 2023-cü il tarixli protokoldan görünür ki, X3 məxsus olan və Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən “Moskva” marketə baxış keçirilərək şəkilləri çəkilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması barədə” 23 mart 2023-cü il tarixli prootkoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusuatları hadisə yerində əyani olaraq göstərmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 08 may 2023-cü il tarixli 9/2770 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında göstərilən 2 adda siqaretlərin 2023-cü ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 74,0 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri aşağıdakı kimidi. 01 blok “X6” markalı siqaret 42 manat, 01 blok “LD X9” markalı siqaret 32,0 manat, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statikstik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 335.1-ci maddəsi ilə təqsirli bilinib 06 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70ci maddəsi tətbiq edilməklə 06 ay müddətinə şərti sınaq müddəti təyin edilmiş və xx.xx.2020-ci il tarixdə sınaq müddəti başa çatmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2412 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 2410 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durur. Gəncə şəhər icra hakimiyyəti başçısının 4 nömrəli SİƏD-dən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Zərərçəkmiş şəxs X5 tərəfindən notarial qaydada təsdiq edilərək verilmiş ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam olaraq ödəndiyi üçün ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı mağazanın kassasının siyirməsində olan pulları götürmədiyini, siqaret qutularını gizli olaraq götürdüyün zərərçəkmiş şəxsin onu çağırmasını eşitmədiyini bildirmişdir. Lakin təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittihamın mahiyyəti ona aydındır, özünü həmin cinayət hadisəsində tam təqsirli bilir və ona elan edilmiş ittihamın mahiyyətinə dair göstərmişdir ki, valdeyinləri ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır, lakin Mustafa Supi 4 küçəsi ev 9-da yaşayır. Atası rəhmətə gedib, bir qardaşı, anası və nənəsi ilə bir yerdə qalırlar. Evlərinin dolanışığını nənəsinin pensiyası ilə təmin edirlər. Gəncə şəhəri, Təbriz küçəsi 252-də yaşayan X4 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Özü narkotik vasitənin kakos növündən iki ildən çoxdur ki, istifadə edir. Hərbi xidmətdə olan zaman hərbi xidmətdən boyun qaçırmağına görə məhkumluq həyatı yaşamışdır. 16 mart 2023-cü il tarixdə 13 radələrində pula ehtiyacı yarandığı üçün oğurluq etmək qərarına gəlmişdir. Bunun üçün Gəncə şəhəri, M.A.Abbaszadə küçəsində yerləşən kiçik bir mağaza olan və üzərində “Moskva” sözləri yazılmış mağazaya daxil olmuş və həmin mağazada heç bir müşahidə kamerası olmadığını gördüyü üçün mağazadan oğurluq etmək qərarına gəlmişdir. Həmin vaxt mağazada yaşlı kişi olan satıcıya yaxınlaşıb ona yalandan demişdir ki, guya əsgər yanına gedir, pay olaraq siqaret və yeyinti məhsulları almalıdır. Həmin satıcı da ona 02 blok siqaret blokunu sellefonda vermiş, o da onu kassa stolunun yanına qoyub yeyinti məhsulları çəkdirmişdir. Onun belə etməkdə məqsədi satıcının başını qatmaq olmuşdur ki, siqaret bloklarını götürməyini bilməsin. Daha sonra aldığı şirniyyat məhsullarını kassa aparatının yanında çəkdirib sonradan guya qiymətinin baha olmasını deyib başqa şirniyyat məhsulları çəkdirmişdir. Sonra kassa aparatanın qarşısında həmin yaşlı satıcının başının qarışmasından istifadə edib yerdə sellofanda olan siqaret bloklarını götürüb mağazadan çıxaraq qaçmış və 1 nömrəli məktəb istiqamətində getmişdir. Həmin mağazadan oğurladığı siqaret bloklarını həmin günü tanımadığı şəxslərə satmışdır. Əldə etdiyi pulları isə öz ehtiyacları üçün xərcləmişdir. Polis əməkdaşları onu saxlayaraq polis idarəsinə gətirmişlər. Polis idarəsində o, mağazadan 02 blok siqareti oğurlamağını etiraf etmişdir. X5 yalan deyir, onun mağzasından 01 blok “Sobraniya” və 01 blok “LD” markalı siqaretlər oğurlamışdır. Başqa heç bir siqaret və nəğd pul oğurlamamışdır. O, mağzadan siqaretləri götürüb qaçan zaman Mehdi Qədimov mağazadan guya almaq istədiyi konfetləri tərəzidə çəkməklə məşğul olmuş, onun siqaret bloklarını götürüb mağazadan qaçmağını görməsini təxmin edir, qorxduğu və onu yaxalamasından çəkindiyi üçün onu çağırmasını eşitmiş lakin məhəl qoymamışdır. Göründüyü kimi, tədqiq edilmiş sübutlarla yəni təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı vermiş olduğu ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ifadənin yerində yoxlanılması protokolu, digər istintaq hərəkəti protokolları və vurduğu zərəri tam həcmdə zərərçəkmiş şəxsə ödəməsi ilə sübuta yetirilir ki, təqsirləndirilən şəxsin kassada olan 230 manat pulları götürməməsini qeyd etməkdə məqsədi məsuliyyətinin həcmini azaltmaq, etdiyi cinayət əməlinin oğurluq əməli kimi tövsif edilməsini bildirməsi isə daha yüngül cinayət əməli üzrə məsuliyyətə cəlb olunması üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. Belə ki, təqsirləndirilən şəxs ilkin hərəkətlərində niyyəti oğurluq cinayətini törətmək olsa da o əşyaları götürdükdən sonra zərərçəkmiş şəxsin onu görməsi və onu çağırması, onun isə hadisə yerindən qaçaraq uzaqlaşması iş materialları ilə öz təsdiqini tapmışdır. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi özünün qismən etirafedici ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 180.1-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama—üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, CM-in 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə ilə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər, lakin onun törətdiyi cinayətin xarakterinə, şəxsiyyətinə görə cərimə cəzasının verilməsini məhkəmə mümkün hesab etmir. Məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 50 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 50 (əlli manat) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-383/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-383/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver