Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-385/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Qəhrəman oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi X1 iştirakları ilə xx.xx.1997-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum edilmiş və hazırda azadlığın məhdudlaşdırılması cəzası çəkən, Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli yataqxana, 17-18 nömrəli otaqda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,963 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib 15 may 2024-cü il tarixdə saat 17:40 dəqiqədə Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən A.Səhhət xəstəxanasının yaxınlığında Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmış, Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-in inzibati binasına gətirilmiş üzərinə keçirilən şəxsi axtarış zamanı qara rəngli idman şalvarının sağ ön cibindən 01 ədəd şəffaf rəngli politelin sellofan bükümdə təmiz çəkisi 0,963 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, ekspertiza rəyi, maddi sübutlar, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, hazırkı cinayət işində göstərilən psixotrop maddə onun üzərində olmamışdır. xx.xx.2024-cü il tarixdə o, Gəncə şəhərində yerləşən A.Səhhət xəstəxanasının yaxınlığında olarkən özünü polis əməkdaşı kimi təqdim edən, sonradan adının Sirac olduğunu öyrəndiyi şəxs ona zəng edərək harada olduğunu soruşmuş, o da olduğu ünvanı dedikdən bir neçə dəqiqə sonra 2 nəfər polis əməkdaşı ona yaxınlaşaraq elə ictimai yerdə onu döyərək polis şöbəsinə aparmış, orada da onu başına vuraraq döyməklə boynuna zorla metamfetamin maddəsini daşımasını qoymuşlar. O da səhhəti ilə əlaqədar qazi olduğundan həmin maddəni üzərinə götürməyə məcbur olmuşdur. Lakin əslində onun üzərində heç bir çəkidə metamfetamin psixotrop maddəsi olmamış, yalnız səhhəti ilə bağlı istifadə etdiyi preqobalin dərmanı olmuşdur. Odur ki, ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmədə şahid - Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. Gəncə şəhəri ərazisində yaşayan İlkin adlı şəxsin qanunsuz olaraq psixotrop maddə əldə edib istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Şöbənin baş əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 15 may 2024-cü il tarixdə, saat 17:40 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri, M.Xələfov küçəsində yerləşən A.Səhhət adına xəstəxananın yaxınlığında olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb yaxınlaşmış və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib Təqsirləndirilən şəxs Gəncə şəhəri BPİ-nin 2-ci PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl müdafiəçi ilə təmin edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim etmişdir. Bükümə baxış zaman içərisində ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması, qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 1,05 qram olması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin bükümü xx.xx.2024-cü il tarixdə səhər saatlarında A.Səhhət adına xəstəxananın yaxınlığında piyada gəzən zaman yerdən tapdığını, özünün istifadəsi üçün üzərində saxladığını göstərmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən bir ədəd alışqan, bir qutu Rothmans markalı siqaret, bir ədəd Samsung A10 markalı mobil telefon və üzərində olan elektron qolbağa nəzarət edən aparatın aşkar edildiyini bildirmişdir. Məhkəmədə digər şahid Gəncə Şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilən zaman o, əynində olan qara rəngli idman şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli selofana bükülmüş bükümü təqdim edir. Həmin kütlə şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və şəffaf rəngli selofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisi 1,05 qram olmuşdur. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və həmin bükümü yerdən tapdığını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərindən bir ədəd alışqan, bir qutu Rothmans markalı siqaret, bir ədəd Samsung A10 markalı mobil telefon və üzərində olan elektron qolbağa nəzarət edən aparatı təqdim etmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 16 may 2024-cü il tarixli 16/564 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.......vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş büküm” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,963 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 67-ci bəndinə əsasən metamfetamin adlı psixotrop maddənin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmiş, külli miqdarı isə 2 qramdan başlanır. Məhkəmə-narkoloji ekspertizasının 31 may 2024-cü il tarixli 948 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan preqobalindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının 31 may 2024-cü il tarixli 372 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, DAVRANİŞ POZUNTULARİ İLƏ XBT10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış ) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik əlamətləri az ifadəli olması səbəbindən o, ona şamil edilən əməli törədən zaman öz hərəkətlərini idarə etmək və bunun məsuliyyətini dərk etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür, onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 286 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə dispanserə müraciət edib və ona ( Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində ) affektiv pozuntu, depressiv epizodlar, intihar cəhdləri ilə F60.3 diaqnozu ilə həmin dispanserdə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixli, 1954 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda olmamışdır. Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması, qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş qalıq çəkisi 0,913 qram psixotrop maddə metamfetamin, eləcə də Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinin videogörüntülərinin qeydə alındığı 1 ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavab arayışından və məhkəmə hökmünün surətindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanmışdır. Gəncə şəhər probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli 122/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(076)-150/2023 nömrəli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək ona qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasından xx.xx.2024-cü il tarixədək 01 il 01 ay 27 gün hissəsini çəkmiş, çəkilməmiş qalan 09 ay 29 gün təşkil edir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittiham elan edilməsi və qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024cü il tarixdə saat 18:05-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş, həmin tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilərək saat 15:00-da MSY-dən azad edilmişdir. İş materiallarına əlavə edilmiş 10698 nömrəli “Xəstəlik haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının qərarı ilə Təqsirləndirilən şəxs “Orta (mülayim) dərəcədə ifadə olunmuş üzvi affektiv (depressiv) pozuntu, intihar cəhdi ilə sağ diz nahiyəsinin çapığı” diaqnozu qoyulmuş və bunun Hərbi Travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş, “Respublika Psixiatriya Xəstəxanası” X8 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 5369 nömrəli Həkim Psixiatr Komissiyasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Üzvi (İİ Qarabağ müharibəsi zamanı alınmış qapalı kəllə beyin travması nəticəsində) şəxsiyyət pozuntusu, tez-tez dekompensasiyalar, qıcılolma tutmaları, intihar cəhdləri ilə F 07.0” diaqnozu qoyulmuşdur. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığına görə üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddənin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadələrində bildirmişdir ki, Аzərbаycаn Respublikаsı CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında A.Səhhət adına xəstəxananın yaxınlığında piyada gəzəndə yerdə şəffaf rəngli sellofan bükümü görmüş, həmin bükümü açıb baxdıqda metamfetamin olmasını görmüş və özü istifadəçisi olduğu üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:40 dəqiqədə həmin xəstəxananın yaxınlığında olan zaman 2 nəfər polis əməkdaşları ona yaxınlaşmış, onlarla birlikdə Gəncə şəhər BPİnin 2-ci PŞ-nə gedəcəyini bildirmişlər. O da etiraz etməmişdir. Şöbənin inzibati binasında xidməti iş otağında ona özünün siyahı əsasında seçdiyi müdafiəçi təqdim edilmişdir. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərində olan psixotrop maddəni qara rəngli idman şalvarının sağ yan cibindən çıxardaraq təqdim etmişdir. Həmçinin üzərində olan bir ədəd alışqanı, bir qutu Rothmans markalı siqareti, bir ədəd Samsung A10 markalı mobil telefonu və ayağında olan elektron qolbağa nəzarət edən aparatı da təqdim etmişdir. Bükümü elektron tərəzidə çəkmişlər, ümumi çəkisi 1,05 gram olmuşdur. Təqsirləndirilən şəxs göstərmişdir ki, barəsində əməliyyataxtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı qanunsuz hərəkətlərə yol verilməmişdir. Bu barədə hər hansı bir şikayəti və tələbi yoxdur. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi tərəfindən ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı heç bir zor tətbiq olunmadığını bildirmişdir. Bununla belə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsi üzrə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən fiziki və ya psixoloji təzyiqlərə məruz qalması ilə bağlı məsələnin araşdırılması üçün Gəncə şəhər prokurorluğuna ünvanlanmış sorğuya cavab məktubundan və ona əlavə edilmiş qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin əməkdaşları tərəfindən fiziki zor təbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə cinayət hadisəsi olmaması əsası ilə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamın təkzibi ilə əlaqədar göstərdiyi xüsusatlar məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə iclasında tədqiq edilmiş özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının müdafiəsi (İİ Qarabağ Müharibəsi) zamanı aldığı hərbi travmalar nəticəsində psixi xəstəlikdən əziyyət çəkdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin vəzifələri, ədalətlilik və qanunçuluq prinsipləri, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzasını ağırlaşdıran halların olmaması, əksinə cəzasını yüngülləşdirən halların olması, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilərsə həyat və sağlamlığı üçün təhlükə yaratmaqla, məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməyəcəyi, Azərbaycan Respublikasının müdafiəsi (İİ Qarabağ Müharibəsi) zamanı aldığı hərbi travmalar nəticəsində psixi xəstəlikdən əziyyət çəkdiyi nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən həmin cəza Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 ay 28 gün hissəsi ilə qismən birləşdirilməklə, ona qəti cəza təyin edilməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mülaicə təyin edilməklə, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,913 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 01 (bir) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Şəmkir Rayon Məhkəməsinin 31 iyul 2023-cü il tarixli, 1(076)-150/2023 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 09 ay 28 gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 02 il 01 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 02 (iki) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-ci il tarixədək həbsdə saxlanıldığı 02 gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,913 qram olan psixotrop maddə metamfetamin məhv edilsin və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-385/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-385/2024
29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver