Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-387/2024 06.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X4 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, qəti olaraq 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası çəkən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən xeyli miqdarda, yəni 0,630 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşıyaraq saxlaması barədə daxil olmuş məlumat əsasında xx.xx.2024-cü il tarixdə saat 23:10-da Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə Mall” mərkəzinin yaxınlığında saxlanılaraq, Gəncə şəhər BPİ-nin 1-ci PŞnin inzibati binasına aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zamanı əyinində olan qara rəngli cins şalvarın ön sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,630 qram olan maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, cinayət işində göstərilən psixotropm maddə onun deyil. Ona qarşı irəli sürülən ittihamda guya o, xx.xx.2024-cü il tarixdə saat 23:10-da Gəncə H.Əliyev prospektində yerləşən “Gəncə Mall” mərkəzinin yaxınlığında saxlanılmışdır. Lakin, o, həmin gün qeyd edilən ərazidə və vaxtda deyil, Gəncə şəhəri, Abbas Səhhət adlanan ərazidə, hava qaralan vaxtlarda, saat təxminən 17-19 radələrində saxlanılmışdır. Bundan sonra onu Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin inzibati binasına aparmışlar. Həmin vaxt onun tutulmasında adlarını bilmədiyi digər polis əməkdaşları iştirak etmiş, lakin iş üzrə Şahid1 orada olmamışdır. Şahid1 onu əvvəllər tutulduğu üçün tanıyır. Orada polis əməkdaşları ona demişlər ki, CMnin 234.1-ci maddəsi ilə tutmağa adam lazımdır, bu narkotik vasitəni öz üzərinə götürsün. Onun başqa bir cinayət işi olduğundan, ona bildirmişdirlər ki hazırkı işə digər cinayət işi ilə birlikdə baxılacaq. Əgər razılaşmasa, ona təzyiq göstərəcəklər. O da narkotik vasitəni öz üzərinə götürmüşdür. Sonda qeyd etdiklərini, həmçinin atasının yeni rəhmətə getdiyini, himayəsində anasının və bacısının olmağını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, kiçik inspektor Şahid1 bildirdi ki, təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs tanıyır. Belə ki, onun qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib, üzərində daşıyaraq saxlaması barədə əməliyyat-axtarış tədbiri ona tapşırılmışdır. Həmin tədbirdə onunla birlikdə əməkdaşı Şahid2 iştirak etmişdir. Xatırladığı qədər, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə günün ikinci yarısında, “çayın qırağı” deyilən ərazidə tutumuşlar. Bundan sonra onu polis şöbəsinə gətirmişlər, orada Təqsirləndirilən şəxs özü əməlini etiraf edərək, üzərində olan psixotrop maddə olan metamfetamini təqdim etmişdir. Hazırda işlərin ağırlığı səbəbindən Təqsirləndirilən şəxs hansı ərazidə və vaxtda saxladıqları dəqiq yadında deyil. İbtidai istintaq zamnı ifadəsini təsdiq edir. Bu səbəbdən məhkəmə tərəfindən Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, hər hansı bir münasibəti olmamışdır. 08 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra idarənin kiçik inspektoru X2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə, saat 23:10 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri H.Əliyev prospektində “Gəncə Mall” ticarət mərkəzinin yanında olmasını müəyyən etmiş və Pərviz Abdulllayevi əməliyyat müşahidəsinə götürüb Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla Təqsirləndirilən şəxs tanış etmiş və üzərində narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Ayxan Həsənovu dəvət edib Təqsirləndirilən şəxs təqdim etmiş və Pərviz, təqdim olunmuş Ayxan adlı müdafiəçi tərəfindən hüquqlarının müdafiə olunmasına etiraz etməmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildi və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmiş və içərisində “şüşə” kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümü bu gün xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 24 saylı məktəbin yaxınlığında gəzərkən yerdən tapdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız bükümü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,21 qram olduğu müəyyən edilmişdir. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. Məhkəmədə şahid – Gəncə şəhəri BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın kiçik inspektoru Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs tutulması ilə bağlı əməliyyat-axtarış tədbirində Şahid1 ilə birlikdə o da iştirak etmişdir. Təqsirləndirilən şəxs tutulması zamanı ona heç bir təzyiq və təsir edilməmişdir. Hazırda uzun müddət olduğu üçün hadisələri dəqiqliyi ilə xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edir. Bu səbəbdən məhkəmə tərəfindən Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmiş və müəyyən edilmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 08 yanvar 2024-cü il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində uması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra idarənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 08 yanvar 2024-cü il tarixdə, saat 23:10 dəqiqədə Təqsirləndirilən şəxs Gəncə şəhəri H.Əliyev prospektində “Gəncə Mail” ticarət mərkəzinin yaxınlığında olmasını müəyyən edib və Pərviz Abdulllayevi əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış edib və üzərində narkotik vasitə və psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Ayxan Həsənovu dəvət edib Təqsirləndirilən şəxs təqdim etmişlər. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd ağ rəngli kağız bükümü təqdim etmiş və içərisində “şüşə” kimi adlandırdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin bükümü bu gün xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 24 saylı məktəbin yaxınlığında gəzərkən yerdən tapdığını bildirmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd alışqan aşkar edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd kağız bükümü elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 1,21 qram olduğu müəyyən edilmişdir. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan qara rəngli cins şalvarın sağ cibindən bir ədəd ağ rəngli kağız bükümünü təqdim etmiş, həmin bükümün içərisində “şüşə” kimi adlandırğı psixotrop maddə metamfetamin olduğunu, onu xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 24 nömrəli orta məktəbin yaxınlığında gəzərkən yerdən tapdığını, ondan istifadə etmədiyini və üzərində saxladığını bildirmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və kağız büküm ilə birlikdə ümumi çəkisi 1,21 qram olmuşdir. Həmin narkotik vasitə qablaşdırılmışdır. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/34 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,630 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metafetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,580 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndinə əsasən metamfetamin adlı psixotrop maddənin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmiş, külli miqdarı isə 2 qramdan başlanır. Gəncə şəhər 1-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddənin mənbəyi, onun hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddəni digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli, 4516 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli, 4334 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə xx.xx.2023-cü il tarixdən “Heroin və metamfetamindən” asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1060 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2024-cü il tarixli cavabından və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırması cəzasının 2 gününə bərabər tutularaq cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Gəncə şəhər Probasiya şöbəsinin xx.xx.2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmün icrası ilə bağlı xx.xx.2024-cü il tarixdə şöbədə qeydiyyat alınmış, həmin vaxtdan cəza müddəti hesablanmağa başlanmışdır. Gəncə şəhər MKTİB-nin 6 nömrəli Xidmət sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,580 qram psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək, ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddənin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən psixoloji təsir edildiyinə görə üzərində şəxsi axtarış keçirilərkən narkotik vasitənin ona məxsus olduğunu dediyini bildirmişdir. Halbuki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı müdafiəçisi tərəfindən ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs ona qarşı hər hansı formada zorakılığın və ya təsirin olmadığını bildirmişdir. Həmçinin, məhkəmə iclasında təqsirləndirilən şəxs onun ittiham aktında qeyd edildiyi saatda və yerdə deyil, xx.xx.2024-cü il tarixdə hava qaralan vaxt, saat təxminən 17-18-19 radələrində yaşadığı Abbas Səhhət ərazisində tutulduğunu bundan başqa, onun tutulduğu gün Şahid1 onun tutulduğu yerdə olmadığını bildirdiyindən və Şahid1 da məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tutulmasının necə baş verdiyini xatırlamadığını bildirdiyindən, Müdafiəçi vəsatətinə əsasən məhkəmə tərəfindən təqsirləndirilən şəxsin və eləcə də şahidlər Şahid1 və Şahid2 istifadələrində olan mobil nömrələrin xx.xx.2024-cü il tarixə aid anten dairələri barədə məlumatların əldə edilməsi barədə qərar qəbul edilmişdir. Qeyd edilən qərar əsasında "xxxx" MMC və "xxxx" tərəfindən verilmiş anten dairə məlumatları məhkəmə iclasında tədqiq edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin anten dairə məlumatlarından məlum olur ki, o, tutulduğunu iddia etdiyi saatlarda yəni, axşam təxminən 17-19 radələrində, hətta həmin saatlardan xeyli sonra da həmin ərazidə və Gəncə şəhərinin müxtəlif ərazilərində olmuşdur. Məhkəmə qeyd edir ki, o, dediyi vaxtlarda saxlanılsa idi, həmin vaxtdan sonra bir neçə saat ərzində həmin ərazidə və Gəncə şəhərinin müxtəlif ərazilərində ola bilməzdi. Habelə həmin anten dairə məlumatlarından məlum olur ki, Təqsirləndirilən şəxs ittihamda göstərilən onun tutulduğu saata (23:10-a) yaxın müddətdə (23:02-də) onun tutulduğu qeyd edilən “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında - Gəncə şəhərində Kəpəz Mehmanxanasının yaxınlığında olmuşdur. Həmçinin şahidlərə məxsus mobil nömrələrin anten dairə məlumatlarından da görünür ki, onlar həmin gün təqsirləndirilən şəxsin qeyd etdiyi saatlarda və yerdə olmamışlar, əksinə onlar da ittihamda qeyd edilən vaxtda qeyd edilən yərə yaxın ərazidə - Gəncə şəhərində Kəpəz Mehmanxanasının yaxınlığında olmuşlar. Odur ki, məhkəmə hesab edir ki, həmin məlumatlarla Təqsirləndirilən şəxs 23:10-radələrində “Gəncə Mall” ticarət mərkəzinin yaxınlığında tutulması və Şahid1 və Şahid2 Təqsirləndirilən şəxs tutulmasında iştirak etdikləri təsdiq olunur. Odur ki, məhkəmə "xxxx" MMC və "xxxx" tərəfindən verilmiş anten dairə məlumatları və şahidlərin ifadələri digər sübutlarla üst-üstə düşərək, bir-birini tamamladığından onları mötəbər hesab edir. Təqsirləndirilən şəxs tutulmasında Şahid1 iştirak etmədiyi, eləcə də tutulduğu yer və vaxt barədə ifadələrini təsdiq edən hər hansı sübutların olmadığını əsas götürərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin həmin ifadələri özünü müdafiə xarakteri daşıyır. Digər tərəfdən qeyd edilməlidir ki, məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhz psixotrop maddə olan “metamfetamin”dən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona qarşı irəli sürülmüş ittihamın təkzibi ilə əlaqədar göstərdiyi bütün xüsusatlar (tutulduğu yer və saatın fərqli olduğu, tutulmasında iştirak edən polis əməkdaşlarının düzgün göstərilmədiyi) məhkəmə tərəfindən araşdırılmış, lakin öz təsdiqini tapmamışdır. Beləliklə də, təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş və bir-biri ilə uzlaşan digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, məhkəmə təqsirləndirilən şəxsin müdafiəçisi Təqsirləndirilən şəxs barəsində bəraət hökmü çıxarılmasını xahiş etməsinə münasibət bildirərək hesab edir ki, təqsirləndirilən şəxsin müdafiəçisinin bu mövqeyi əsassızdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 42.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: cinayət hadisəsi olmadıqda; əməldə cinayət tərkibi olmadıqda; cinayətin törədilməsinə aidiyyəti olmadıqda; təqsirliliyi sübuta yetirilmədikdə. Məhkəmə Təqsirləndirilən şəxs və müdafiəçisinin göstərdiklərinə münasibətdə qeyd edir ki, cinayət-prosessual qanunvericiliyinə görə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyi təsdiq edildiyi halda bəraət hökmü çıxarılmalıdır. Lakin, məhkəmə tədqiqi zamanı Təqsirləndirilən şəxs ittiham olunduğu həmin maddə ilə bəraət verilməsi üçün Azərbaycan Respublikası CPM-nin 42-ci maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Əksinə toplanmış sübutların məcmusu, o cümlədən şahidlər Şahid1 və Şahid2 ifadələri, həmçinin "xxxx" MMC-nin və "xxxx" MMC-dən əldə edilmiş məlumatlar, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkiliş və digər sübutlarla müəyyən edilmişdir ki, sözügedən cinayət hadisəsi baş vermişdir, əməldə cinayət tərkibi vardır, cinayətin törədilməsinə məhz Təqsirləndirilən şəxs aidiyyəti olmuşdur və onun bu cinayət hadisəsində təqsirliliyi sübuta yetirilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də, məhkəmə istintaqı zamanı toplanılmış və tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə təstiqini tapır. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən və cinayətin təkrar törədilməsini isə ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Cinayət Məcəlləsinin vəzifələri, ədalətlilik və qanunçuluq prinsipləri, eləcə də törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, ona cəmiyyətdən təcrid etmə ilə bağlı cəza təyin edilərsə bu onun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməyəcəyi, nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növü kimi azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli və Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinə əsasən həmin cəza Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilməli, həmçinin Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin həm əvvəlki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, həm də hazırkı cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməlidir. Bundan başqa, cəzasının icrası yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunmalı, cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs probasiya şöbəsində qeydiyyata alındığı xx.xx.2024-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0.580 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 50 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 08 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)-142/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırkı hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla, ona 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs əvəlləki iş üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət və hazırkı iş üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədən şübhəli şəxs qismində tutulduğu 02 gün olmaqla, ümumilikdə 04 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla cəmi 08 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.580 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-387/2024
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-387/2024
06.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver