Məhkəmə qərarları › İş №1(125)-390/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-390/2023

02.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-390/2023 02.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxsin hüquqi varisi X4, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, evvəllər məhkum olunmamış, Heydər Əliyev parkında mühafizəçi işləyən, Göygöl rayonu, Qızılca kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami küçəsi 9-da yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölməsinə, digərinin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Gəncə şəhər Rayonlarası Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin müayinə edilməsi haqqında 01 aprel 2023-ci il tarixli, 974 saylı protokola əsasən ayıq vəziyyətdə və Gəncə RQİTBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AE 128315 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında Gəncə şəhər sakini X5 məxsus, sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, AS-610143 saylı etibarnamə əsasında idarəetmə səlahiyyəti verilmiş “VAZ 2107” minik markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edib, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə üzü mərkəz istiqamətində hərəkətdə olub 41 nömrəli məktəbin bərabərliyində olan zaman yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində dayanmış piyadalardan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qarşısında hərəkət edən avtomobilin sol tərəfindən ötmə əməliyyatı edib keçən zaman avtomobil yolunu əks tərəfə keçmək üçün yolun mərkəzində dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq ona sağ bud sümüyünün qapalı sınığı, sol diz oynağı bağlarının qopması xəsarətləri ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurulmasına, digər piyada X6 vuraraq onun baş-beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, təpə-gicgah sümüklərinin xətti sınığı ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, alın, sol diz, sol əl nahiyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər alaraq həmin xəsarətlərdən qapalı-küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma nəticəsində ölməsinə, yəni yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Mərkəzi Hospitalda ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, digər zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən xx.xx.2018-ci il tarixdən sürücülük vəsiqəsi var, 2021-ci il tarixdən **-EK-*** d.q.n.n-lı avtomobili etibarnamə ilə idarə etmişdir. xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “VAZ-2107" markalı **- EK-*** dövlət nömrə nişanlı avtomobillə Yeni Gəncə dairəsindən, şəhər mərkəzi istiqamətinə hərəkət etmişdir, avtomobildə dostu Murad Allahverdiyev olmuşdur, Nizami prospeklində olan zaman qarşısında olan dövlət nömrə nişanını xatırlamadığı "Opel" markalı avtomobil qarşısında getmişdir, həmin avtomobil piyadaları görərək anidən sağ istiqamətə çəkmişdir, o "Opel" markalı avtomobilin arxası ilə gəldiyi üçün həmin piyadaları görməmiş və anidən 2 nəfər şəxs onun qarşısına çıxmışdır, o həmin 2 nəfər şəxsi avtomobili ilə vurmuşdur. Toqquşmanın qarşısını almaq üçün o avtomobilinin əyləcinə basmış və avtomobili sola çəkmişdir, ancaq hadisənin qarşısını almağa cəhd etsə də bu mümkün olmamışdır. O təxminən avtomobili saatda 60-70 km sürətlə idarə etmişdir. Hadisə zamanı spirti içkidən istifadə etməmişdir. Hadisə baş verdikdən dərhal sonra o avtomobilindən enərək həmin iki şəxsin yanına getmişdir. Onları kənardan keçən şəxslərin köməyi vasitəsilə taksiyə əyləşdirərək xəstəxanaya yola salmışdır. Sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinin fotoşəkilləri çəkmişlər. İlkin olaraq onu dinləmiş və onu Gəncə şəhər Narkoloji Dispanserdə içki müayinəsindən keçirdikdən sonra polis əməkdaşları ilə birlikdə Gəncə Şəhər BPİ-ə gəlmişlər. Hadisədən sonra zərərçəkmişin qohumlarına mənəvi və maddi dəstək göstərmiş, onlarla hələ ibtidai istintaq zamanı barışıq əldə etmişdir. Ona görə də, ona yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 21:00 radələrində X14 ona zəng etmiş və demişdir ki, işdən çıxmış, getsinlər çayçıya. O da cavabında demişdir ki, yaxşı gəlsin. 41 nömrəli məktəbin qarşısında yolu yarısına qədər keçmişlər ki, digər tərəfdən avtomobil axınının dayanmasını gözləmişlər. X14 gələn “VAZ-2107” markalı avtomobili görmüş və bu çox bərk gəlir demişdir. O da üzünü çevirmişdir ki, avtomobil sürətlə onları vurmuşdur. O, şok vəziyyətində ayaqlarını hiss etməmiş, başını qaldırıb Həsrətə baxmışdır ki, yerdə uzanmışdır. Sonra tanımadığı bir şəxs yaxınlaşaraq onu öz avtomobili ilə Beynəlxalq xəstəxanaya aparmışdır. Daha sonra isə Abbas Səhhət xəstəxanasına aparmışlar. Orada isə X7 Mərkəzi Hospitala yerləşdiyinin xəbərini almışdır. xx.xx.2023-cü il tarixdə isə Tağıyev Həsrətin rəhmətə getdiyini eşitmişdir. Qəzanı törədən şəxs sinif yoldaşıdır. Qəza zamanı sağ ayağının bud hissəsi qırılmış, sol ayağının dizindən 2 dənə bağ qopmuşdur. Hadisəni törədən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxsin hüquqi varisi X8 bildirdi ki, hadisə baş verən gün oğlu iftar açdırdan sonra dostları ilə çayçıya gedəcəyini bildirmişdir. Sonradan oğluna zəng çatmamasından şübhələnmiş, ona sonradan məlum olmuşdur ki, oğlu avtonəqliyyat hadisəsi nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdir. Aldığı zədələrdən oğlu xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxslə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən sürücülük vəsiqəsi vardır. 2021-ci il tarixdən **-DU-*** d.q.n.n-lı avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə etibarnamə ilə idarə etdiyi “FORD Tranzit” markalı **-DU-*** dövlət nömrə nişanlı avtomobillə Yeni Gəncə dairəsindən, şəhər mərkəzi istiqamətinə hərəkət edən vaxt Nizami prospektində hərəkətdə olduğu zaman bir səs eşitmiş və maşını kənarı çəkib saxlamış, avtomobilindən aşağı enib hadisə yerinə yaxınlaşmış və görmüşdür ki, VAZ 2107 markalı avtomobil 2 nəfər piyadanı vurmuşdur. Yaxınlaşıb xəsarət alanlara baxmış, onlardan birinin səsi çıxırmış, digəri isə sakitcə yerdə uzanmışdır. Sonra geri gəlib öz avtomobilinə baxmışdır ki, hadisə zamanı bəlkə onun avtomobilinədə zərər dəymişdir. Amma heç bir zədə olmadığını görmüş və avtomobilinə əyləşib yoluna davam etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə təxminən axşam 21:00 radələrində idarə etdiyi “Hundai” markalı **-EE-*** qeydiyyat nişanlı avtomobillə Nizami prospektində hərəkət edərkən 41 nömrəli məktəbin yaxınlığına çatanda önündə hərəkətdə olan “Vaz 2107” markalı minik maşını qəfl əyləcə basaraq önündəki iki piyadanı vuraraq saxlamışdır. O isə onunla toqquşmamaq üçün əyləcə basaraq idarə etdiyi “Hundai” markalı **-EE-*** qeydiyyat nişanlı maşınını sağ tərəfə yönləndirmiş və “Ford” markalı mikroavtobusun sol arxa tərəfi ilə toqquşmuşdur. Sonra “Ford” markalı mikroavtobusun sürücüsü və o, maşınları yolun kənarında saxlamışlar. O, maşından tez düşərək xəsarət alan piyadalara maşınında olan su ilə köməklik etməyə yaxınlaşmış, daha sonra polis əməkdaşları ilə şərxoşluğun müayinəsi üçün testdən keçməyə getmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilən Şahid4 bildirdi ki, rəsmi olaraq Gəncə şəhər BPİ-nin DYPŞ-nin inspektoru vəzifəsində xidmət edir. VAZ-2107 markalı,**- KE-*** d.q.n.n-lı avtomobilin sürücüsü, Gəncə şəhəri, Nizami küçəsi 9-da yaşayan sürücü Təqsirləndirilən şəxs Rafıiq oğlunu və mərhum X6 əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. 01 aprel 2023-cü il tarixdə axşam saat təxminən 20 radələrində ekpaj üzvü Şahid3 ilə birlikdə Gəncə şəhəri, Nizami prospektində xidmətdə olan zaman Gəncə şəhər BPİ-nin Növbətçi Hissəsindən məlumat daxil olmuşdur ki, VAZ-2107 markalı avtomobil yolu keçmək istəyən piyadanı vurmuşdur. Ona görə də dərhal hadisə yerinə getmişlər və hadisə yerində həqiqətən də bir nəfər piyadanın hadisə yerində olan ağ rəngli VAZ-2107 markalı avtomobil tərəfindən vurulmasının aşkar etmişlər. Sonra hadisə yerinə müstəntiq gəlmiş və hadisə yerini müayinə etmişdir. Hadisə yerinin müayinəsi zamanı müəyyən edilmişdir ki, hadisə Gəncə şəhəri Nizami prospektində yerləşən “Oba” marketin qarşısında baş vermişdir. Hadisə baş verən avtomobil yolu 2 tərəflidir. Yolun ümumi eni 18 metrdir. Yolun hər iki tərəfində ehtiyyat hissələr vardır. Baxış zamanı piyadanın vurulma yeri müəyyən edilmişdir. Belə ki, piyada yolun sol tərəfindən sağ tərəfinə 9 metr məsafədə vurulmuşdur. Hadisə yerinə baxış zamanı piyadanın vurulma yerinə qədər 5.5 metr vardır. Bundan başqa ətrafa piyadanı vurmuş avtomobilə məxsus şüşə və plastik qırıntılar səpələnmişdir. Hadisə yerinin fotoşəkilləri və sxemi çəkilmişdir. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Araşdırma zamanı yolnəqliyyat hadisəsi baş vermiş Gəncə şəhəri, Nizami prospektində Gəncə şəhər BPİ-nin Təhlükəsiz şəhər xidmətinə məxsus video nəzarət kamerasından baş vermiş yol-nəqliyyat hadisəsinin görüntüsü götürülərək diskə köçürülmüşdür. Diskə baxış zamanı müəyyən edilmişdir ki, VAZ-2107 markalı avtomobil Gəncə şəhəri, Nizami prospektində hərəkətdə olan zaman həmin küçədə yerləşən “Oba” marketin qarşısında yolun sol tərəfindən sağ tərəfinə nizamlanan piyada keçidi ilə adi yerişlə yolu keçmək istəyən 2 nəfər piyadanı avtomobilin ön hissəsi ilə vuraraq kənara atmışdır. Hadisə yerinin təhlükəsizliyini təmin etmişlər. VAZ-2107 markalı, **-KE-*** d.q.n.n-lı avtomobili duracağa təmin etmişlər. Avtomobilin sürücüsünü sərxoşluq müayinəsindən keçirmişlər, daha sonra da Gəncə şəhər BPİ-nə təhvil vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 01 aprel 2023-cü il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilmədi haqqında” Protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi Gəncə şəhəri, Nizami Gəncəvi prospektində, 41 saylı tam orta məktəbin qarşısında baş vermişdir. Hadisə baş vermiş avtomobil yolu asfalt örtükdən ibarət olmaqla, ikitərəfli hərəkət üçün nəzərədə tutulmuş, yolun hər iki tərəfində piyadaların hərəkəti üçün nəzərdə tutulmuş səkilər vardır. Avtomobil yolu iki hərəkət hissədən ibarətdir ki, hərəkət hissəsinin birini digərindən ağ rəngli qoşa xətt ayırır. Yolun ümumi eni 18 metr, hər bir hərəkət hissənin birinin eni isə 9 metrdir. Hadisə yerinə baxış zamanı piyadaların vurulma yeri müəyyən edildi, belə ki, piyadalar yolun mərkəzində olan və hərəkət hissənin birini-digərindən ayıran ağ rəngli qoşa xəttin üzərində vurulmuşdur. Hadisə baş verən zaman hava yağmurlu və asfalt örtüyün üzəri nəmli olduğu üçün asfalt örtüyün üzərində piyadaları vurmuş avtomobilə məxsus heç bir tormoz izi müəyyən edilməmişdir. Piyadanı vurmuş avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Hadisə yerində maksimum sürət həddi 60 km/saatdır. Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus videonəzarət kamerası hadisə ilə bağlı təqdim edilmiş görüntülər olan DVD-R diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 20 radələrində “VAZ 2107” minik markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə hərəkət edərək Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə üzü mərkəz istiqamətində hərəkətdə olub 41 nömrəli məktəbin bərabərliyində olan zaman qarşısında hərəkət edən avtomobilin sol tərəfindən ötmə əməliyyatı edib keçərkən avtomobil yolunu əks tərəfə keçmək üçün yolun mərkəzində dayanmış piyadaları vurur. Məhkəmə-tibb ekspertizasının 04 aprel 2023-cü il tarixli 20 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər — baş-beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, təpə-gicgah sümüklərinin xətti sınığı ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, alın, sol diz, sol əl nahiyələrinin sıyrıqları — bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. X1 ölümünə səbəb qapalı-küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma olmuş, X1 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmiş, X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Məhkəmə-tibb ekspertizasının 14 iyun 2023-cü il tarixli 767 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər — sağ bud sümüyünün qapalı sınığı, sol diz oynağı bağlarının qopması — bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. xx.xx.2023-cü il tarixli 8/2221 nömrəli məhkəmə yol-nəqliyyat ekspertizasının rəyindən görünür ki, VAZ-2107 markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş, sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 14 aprel 2023-cü il tarixli 1268/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. BDYPİ-nin 10 iyul 2023-cü il tarixli 3-13-16-3/2-4560/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs AE 128 315 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək verilmiş, sonuncunun sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında” 01 aprel 2023-cü il tarixli Aktdan görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Rayonlararası Dispanserindən alınmış xx.xx.2023-cü il tarixli 2831 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 2719 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. 13 iyul 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, piyadanı vurmuş sürücü Təqsirləndirilən şəxs Rafıq oğlunun idarə etdiyi “VAZ 2107” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil cərimə meydançasında saxlanılmış, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılmışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi X8 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış, buna görə də Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış notarial ərizədən görünür ki, o təqsirləndirilən şəxslə barışmış, buna görə də Təqsirləndirilən şəxs qarşı şikayəti yoxdur. Onun cinayət məsuliyyətinə cəlb edilməsini istəmir. Beləliklə, məhkəmə iclasında bilavasitə tədqiq edilən, biri-digərini tamamlayan sübutlar əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 20 radələrində Gəncə şəhər Rayonlarası Narkoloji Dispanseri tərəfindən verilmiş sərxoşluq vəziyyətinin müayinə edilməsi haqqında 01 aprel 2023-ci il tarixli, 974 saylı protokola əsasən ayıq vəziyyətdə və Gəncə RQİTBŞ tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, AE 128315 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında Gəncə şəhər sakini X5 məxsus, sonuncu tərəfindən xx.xx.2019-cu il tarixli, AS-610143 saylı etibarnamə əsasında idaretmə səlahiyyəti verilmiş “VAZ 2107” minik markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobili “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin tələblərini pozmaqla yaşayış məntəqəsində maksimum icazə verilən 60 km/saat sürətdən artıq, yəni 70 km/saat sürətlə idarə edib, Gəncə şəhəri, Nizami Gəncəvi prospekti ilə üzü mərkəz istiqamətində hərəkətdə olub 41 nömrəli məktəbin bərabərliyində olan zaman yol hərəkətinin iştirakçısı kimi yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yolun hərəkət hissəsində dayanmış piyadalardan vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, piyadanın yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməklə hadisənin qarşısını almağa real imkanı olduğu halda həmin Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq qarşısında hərəkət edən avtomobilin sol tərəfindən ötmə əməliyyatı edib keçən zaman avtomobil yolunu əks tərəfə keçmək üçün yolun mərkəzində dayanmış piyada Zərərçəkmiş şəxs vuraraq ona sağ bud sümüyünün qapalı sınığı, sol diz oynağı bağlarının qopması xəsarətləri ilə nəticələnən və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurulmasına, digər piyada X6 vuraraq onun baş-beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyinciyə qansızma, təpə-gicgah sümüklərinin xətti sınığı ilə müşayət olunan qapalı kəllə-beyin travması, sol bud sümüyünün qapalı sınığı, alın, sol diz, sol əl nahiyələrinin sıyrıqları xəsarətləri ilə nəticələnən və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid xəsarətlər alaraq həmin xəsarətlərdən qapalı-küt kəllə-beyin travması nəticəsində əmələ gələn baş beyinin yumşaq qişasına, beyin mədəciklərinə, beyin toxumasına qansızma nəticəsində ölməsinə, yəni yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin xx.xx.2023-cü il tarixdə Mingəçevir şəhəri Mərkəzi Hospitalda ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayəti törətməkdə təqsiri tam sübuta yetirilmiş və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Buna görə də o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 №-li Qərarının 1-ci bəndinə əsasən, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı məhkəmələrin diqqəti yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixioloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Göründüyü kimi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Məhkəmə Təqsirləndirilən şəxs zərər çəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışıq əldə etməsini, təqsirləndirilən şəxs tərəfindən maddi və mənəvi zərərin ödənilməsini, zərər çəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin ondan tələbinin və şikayətinin olmamasını, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirib nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilməmiş və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ hissəsinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Ədalətli cəza təyin edilməsi hər şeydən əvvəl cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Təyin edilmiş cəzanın ədalətli olması dedikdə, həmin cəzanın törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olması başa düşülür (CM-nin 58-ci maddəsi, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 2003-cü il 25 iyun tarixli 4 saylı qərarı). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Ədalətlilik prinsipi təkcə cəzanın cinayətin ağırlığına deyil, həm də cəzanın cinayəti törədənin şəxsiyyətinin ictimai təhlükəlilik dərəcəsinə uyğun olmasını nəzərdə tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndinə görə, hər bir konkret halda cinayət əməlini törətmiş şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini məhkəmələr sözsüz təmin etməlidir. Həmin qərarın 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cinayət qanunvericiliyinin cəzanın anlayışı və məqsədini müəyyən edən 41-ci maddəsi və cinayət qanununun vəzifələri və prinsiplərinin müddəaları cinayətkarlıqla mübarizədə cinayət cəzasını əsas mübarizə vasitəsi kimi deyil, yardımçı rola malik olan bir tədbir kimi nəzərdə tutur. Ona görə də cinayətkarlıqla mübarizədə əsas diqqət sosial-iqtisadi, siyasi və ideoloji təsir tədbirlərinə verilməli, həmin tədbirlər gözlənilən nəticəni vermədikdə yalnız bundan sonra son tədbir kimi cinayət-hüquqi təsir tədbirləri tətbiq edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların isə olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, ona ittiham olunduğu Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həmçinin həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin tələblərinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1, 56.1.1-ci maddələrinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə və ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər cəzanın icrası yerlərinə və bir cəzaçəkmə müəssisəsindən digərinə müşayiətlə göndərilirlər. Məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum məhkəmə icraçısının təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. Məhkum üzrlü səbəb olmadan cəzanın icrası yerinə gəlmədikdə cəzanı icra edən müəssisənin və ya orqanın vəsatəti və müvafiq prokurorun təqdimatı əsasında məhkəmə onun tutulması barədə qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən iş üzrə məhkəmə xərci 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut qismində tanınmış piyadanı vurmuş sürücü Təqsirləndirilən şəxs Rafıq oğlunun idarə etdiyi “VAZ 2107” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin cərimə meydançasında saxlanılması nəzərə alınmalı, hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarına əlavə edilərək saxlanmalıdır. İş üzrə mülki iddia və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata götürüldüyü vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrumetmə cəzası barəsində təyin azadlıqdan məhrumetmə cəzasının bütün müddətinə şamil edilməklə azadlıqdan məhrumetmə cəzasını çəkib bitirdiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs Rafıq oğlunun idarə etdiyi “VAZ 2107” minik markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibinə qaytarılsın. İş üzrə maddi sübut qismində tanınmış avtonəqliyyat hadisəsinin görüntülərini əks etdirən 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar