Məhkəmə qərarları › İş №1(125)-391/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-391/2023

09.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-391/2023 09.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1987-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, hazırda Naftalan Şəhər Məhkəməsinin 1(052)- 8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü üzrə cəza çəkən, Gəncə şəhəri, Heydər Əliyev prospekti 265 qeydiyyatında olan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materiallarına Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Gəncə şəhəri Nizami küçəsində yerləşən “Çinar” adlanan mağazanın qarşısına gəlib orada keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs üstünə hücüm edərək saçlarından tutub dartaraq üz və baş nahiyələrindən qəsdən əl zərbələri ilə vurub hər iki dodaq nahiyələrinin yumşaq toxumalarının əzniyi, qancır və şişkinliyi, yarası, sol yanaq alt çənə nahiyələrinin və sağ əlinin ovuc səthinin qançırları kimi sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül dərəcəli xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs ilə 2005-ci ildə ailə həyatı qurmuş, 2019-cu il tarixdə isə boşanmışdır. Birgə nikahdan 2 övladı dünyaya gəlmişdir. Boşanmağına səbəb maddi mkansızlıq səbəbindən olmuşdur. Lakin, boşanmağa baxmayaraq bir ailə kimi yaşamışlar. Bir müddət, Zərərçəkmiş şəxs ona qarşı soyuqluq olduğunu hiss etmiş. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində təsadüfən Gəncə şəhər Abbas Səhhət xəstəxanasında olarkən Zərərçəkmiş şəxs Gəncə şəhər 4-cü mikrorayonda yerləşən "Bal dönər" adlı dönərxananın yanından Hyundai markalı avtomobilə əyləşərək uzaqlaşdığını görmüşdür. Bundan sonra həmin avtomobilin arxası ilə getmiş lakin, Zərərçəkmiş şəxs yanına çata bilməmişdir. Bir neçə dəqiqə sonra Zərərçəkmiş şəxs zəng edərək, harada olduğunu və onu başqa birinin avtomobilinə mindiyini demişdir. Bundan sonra Gəncə şəhər Nizami küçəsində yerləşən Çinar deyilən ərazinin yaxınlığında Ramiləni görüb və əsələşərək Zərərçəkmiş şəxs saçından tutub avtomobil tərəfə sürüyüb, qəsdən əl zərbəsi ilə ağız nahiyəsinə vurmuş, baş zərbəsi ilə çənə nahiyəsinə vurmuş və avtomobilə əyləşdirib Zərərçəkmiş şəxs yaşadıqları evə aparmışdır. Təqsirləndirilən şəxs qısqanclıq zəmnində ona xəsarətlər yetirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu il tarixdə isə boşanmışdır. Birgə nikahdan 2 övladları dünyaya gəlmişdir. Boşanmaqlarına səbəb maddi imkansızlıq və Fuadin başqa-başqa qadınlarla münasibətinin olması səbəb olmuşdur. Boşandıqdan sonra aralarında qısqanclıq zəminində mübahisələr olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs başqa biri ilə münasibətin olmağında günahlandırırmış. xx.xx.2023-cü il tarixdə saat 09 radələrində şəxsi işləri ilə əlaqədar olaraq Gəncə şəhər Abbas Səhhət xəstəxanasına getmişdir. Lakin, işləri həll edə bilmədiyi üçün Gəncə Mall-a iş yerinə getmək qərarına gəlmişdir. Bir müddət sonra avtobusda Gəncə şəhər Nizami küçəsində hərəkətdə olan zaman Təqsirləndirilən şəxs zəng edərək, harada olduğunu, kənardan gördüyünü, başqa maşında olduğunu demişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə telefonda qışqıraraq danışdığı üçün Gəncə şəhər Nizami küçəsində Zərərçəkmiş şəxs avtobusdan düşmüş və Nizami küçəsində yerləşən Çinar deyilən ərazinin yaxınlığına gəlmiş və Təqsirləndirilən şəxs qeyd olunan yerdə onu gözlədiyini demişdir. Bir müddət sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yanına gəlmiş və qəsdən onun saçından yolmuş, üzünə əl zərbəsi ilə vurmuş, ağız nahiyəsinə əl zərbəsi ilə vurmuş, üz nahiyəsinə baş zərbəsi ilə vurmuşdur. Avtomobilə əyləşdirərək yaşadıqları evə getmişlər. Döyüldüyü üçün 102 xidmətinə zəng edərək polisə məlumat vermişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Məhkəmə məhkəmə-tibb ekspertizasının 03 iyul 2023-cü il tarixli 995 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxsnun müayinəsi zamanı onun bədənində üzərində müəyyən edilmiş xəsarətlər hər iki dodaq nahiyələrinin yumşaq toxumalarının əzilməsi, qançır və şişkinliyi, yarası, sol yanaq, alt çənə nahiyələrinin və sağ əlin ovuc səthinin qançırları-bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. 04 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, hadisə Gəncə şəhəri, Əttarlar küçəsinin Nizami küçəsi ilə kəsişməsində baş vermişdir. Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 iyul 2023-cü il tarixli Arayışından görünür ki, Əmirov X1 qeydiyyatda durmur. Gəncə şəhər Narkoliji Dispanserinin 15 iyul 2023-cü il tarixli Arayışından görünür ki, Əmirov X1 qeydiyyatda durmur. Gəncə şəhəri, Nizami rayonu, Küçə Üçlüyünün 14 iyul 2023-cü il tarixli Xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Tələbnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuşdur. Məhkəmə təqsirləndirilən və zərərçəkmiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri özünün və zərərçəkmiş şəxsin ifadələri iş üzrə təyin edilib keçirilmiş məhkəmə tibb-ekspertizasının müvafiq rəyi və eləcədə məhkəmə istintaqı zamanı təhqiq olunmuş digər subutlarla tam yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyası daxilində cəza təyin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar, habelə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin təqsirləndirildiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən, cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə müvafiq olaraq cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hal qismində nəzərə alır. İş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərədə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsinin sanksiyasında min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cinayət qanununun ədalət və cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutur və törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, sosial ədalət baxımından cəzanın məqsədləri Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər. İş materiallarına əlavə edilmiş Naftalan Şəhər Məhkəməsinin 1(052)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə Şəhər Məhkəməsinin 7(125)-276/2023 saylı, xx.xx.2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Naftalan Şəhər Məhkəməsinin 1(052)-8/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il 11 ay 26 gün müdətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. İş materiallarında olan Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmaqla həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş “Axtarışda olan şəxsin tutulması barədə” 11 sentyabr 2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs barəsində elan edilmiş axtarış çərçivəsində həmin tarixdə tutularaq MSY-ə təhvil verilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Qanunun bu tələbi baxımından Təqsirləndirilən şəxs hökmlərin məcmusu qaydasında birinci hökmlə təyin edilmiş cəza hazırki hökmlə təyin olunmuş cəza ilə toplanılmaqla qəti cəza təyin edilməli və cəzaçəkmə müddətinin əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinin tələbinə görə Təqsirləndirilən şəxs ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 346.1 və 346.1.20-ci maddələrinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında digər məsələlərlə yanaşı həmçinin qətimkan tədbirinin ləğv edilməli, dəyişdirilməli və seçilməli (məhz hansı tədbirin) olubolmadığı məhkəmə tərəfindən müzakirə edilməlidir (hakim tərəfindən baxılmalıdır). Həmin Məcəllənin 353.4.12-ci maddəsinə görə, məhkəmənin ittiham hökmünün nəticəvi hissəsində hökm qanuni qüvvəyə minənədək məhkumun barəsində seçilmiş qətimkan tədbirinin həlli göstərilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi məqsədi ilə, Gəncə Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə 05 saat 30 dəqiqə üçün 33 manat pulun Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli qərarına əsasən dövlət büdcəsindən tutulub Gəncə Şəhər Vəkil Bürosunun hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş cəza Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə cəzanın əvəzlənməsi qaydasında təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli 11 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin və hazırda Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı ilə cəzanın əvəzlənməsi qaydasında təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzasını çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 33 (otuz üç) manat məbləğində pul keçirilsin. Hökmdən 20 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə şəhər Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim : Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar