Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-392/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi X2 iştirakları ilə xx xxx 1978-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq çəkidə, yəni 0.388 qram psixotrop maddə olan metamfetamini, 0.270 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib eyni məqsəd ilə bükümlərə ayırıb üzərində saxlayaraq daşıyarkən 10 mart 2023-ci il tarixdə, saat 14:30-da Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında Cinayət Axtarış İdarəsinin əməliyyat müvəkkilləri tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami küçəsi, 6 nömrəli məktəbin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli cins şalvarın sol yan cibindənl ədəd şəffaf rəngli sellofan bükümündə ümumi təmiz çəkisi 0,388 qram psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 0,270 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən, yəni CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, narkotik vasitə olan heroin və "patı" kimi tanınan psixotrop maddə metamfetamindən çoxdan istifadə edir. Psixi xəstəlikdən əziyyət çəkir. Metamfetamin və heroini qarışdıraraq biyerdə isidir, qaynayandan sonra şprisə çəkərək damara vurur. Bu ona keyidici kimi təsir edir və psixi xəstəliyi nəticəsində baş verən ağırlaşmaları və tutmaları yüngülləşir. Narkotik vasitə və psixotrop maddəni Bakı şəhəri, Yasamal rayonunda yerləşən qış parkının yaxınlığında yerdən tapmışdır, həmin narkotik vasitəni və psixotrop maddəni sonradan istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə təxminən saat 14:30 radələrində Gəncə şəhəri Nizami küçəsində yerləşən 6 nömrəli məktəbin yaxınlığında olarkən mülki geyimdə olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmişlər. Sonra Gəncə şəhər BPi-nə gəlməyi üçün onu dəvət etmişlər. O da etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə gəlmiş və orada inzibati otaqların birində hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona təklif etmişlər ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qanunla qadağan edilmiş narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etsin. O da üzərində olan şəffaf rəngli sellofan bükülünün içərisində olan heroinə və metamfetaminə oxşar kütlələri təqdim etmiş, həmin bükülünün içərisində narkotik vasitə olan heroin və metamfetamin müdafiəçinin və iştirakçıların iştirakı ilə aptek tərəzisində çəkilmiş, rəsmiləşdirilərək saxlanca verilmişdir. Əməlindən peşmandır, məhkəmədən barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs mütamadi olaraq narkotik vasitə və psixotrop maddələri qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və istifadə etməkdə şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun 10, 11, 12 maddələrinin və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 445-ci maddəsinin tələblərini rəhbər tutaraq “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərar qəbul edilərək əməliyyat-axtarış qrupu yaradılmış, qrupun tərkibinə Gəncə şəhər Baş Polis İdarəsinin Gəncə ŞBPİ-nin CAİ-nin XMİÜ əməliyyat müvəkkili, polis leytenantı Şahid2 daxil olmuş, qrupa rəhbərliyi o həyata keçirmişdir. Həmin qərar şöbə rəhbərliyinə məruzə edilərək, şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra həmin şəxsin saxlanılması üçün zəruri tədbirlər görülmüşdür. 10 mart 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində psixotrop maddə qəbul etməkdə, əldə edib üzərində saxlamaqda və daşımaqda şübhəli olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında yeri müəyyən edilmiş, həmin günü saat 14:30 radələrində Gəncə şəhəri, Nizami küçəsində yerləşən 6 nömrəli orta məktəbin yaxınlığında olarkən ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. İdarədə ona hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmaq hüququ izah edilmiş və Müdafiəçi qismində iştirakı təmin olunmuşdur. Şəxsi axtarış aparmazdan əvvəl prosessual hərəkətin iştirakçılarının şəxsiyyəti dəqiqləşdirilmişdir. Şəxsi axtarış aparmazdan əvvəl şübhəli şəxsin hüquq və vəzifələri izah edilmiş, şübhəli şəxs və müdafiəçisi həmin bildirişi imzalamış və bildiriş protokolu ona təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi bildirilmiş, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən üzərindən aşkar olunaraq götürülmüş bükümün içərisində ilk baxışdan narkotik vasitə olan “heroinə” oxşar və psixotrop maddə olan “metamfetamin” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Bundan başqa üzərində hər hansı cinayət xarakterli əşya və ya predmet olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün həmin kütlələri üzərində saxladığını, üzərindən götürərək istifadə etmədiyini, heç kimə satmadığını, bu barədə heç kəsin məlumatının olmadığını bildirmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “heroinə” oxşar və psixotrop maddə olan “metamfetamin” oxşar kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin ümumi çəkisi 0,39 qram, psixotrop maddəyə oxşar kütlənin ümumi çəkisi 0,44 olmaqla zərfə qoyulub qablaşdırılmış və zərfin üzəri Azərbaycan Respublikası DİN-in 91 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” 10 mart 2023-cü il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi, daxil olmuş məlumatın əməliyyat vasitəsilə yoxlanılması, əməllərinin ifşa olunması, onun yaxalanması, olduğu yerin müəyyən edilməsi, olduğu yerin müşahidəsinin aparılması, zərurət olduğu halda üstünün yoxlanılması, polis orqanına təmin edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 11 mart 2023-cü il tarixli 16/309 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,270 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümdə təmiz çəkisi 0,388 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 601 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən əvvəllər istifadə edib, psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Məhkəmə-psixiatrik ekspertizasının 11 aprel 2023-cü il tarixli 220 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda İSTERİK TİPLİ ŞƏXSİYYƏT POZUNTUSU, ÖZÜNÜ KƏSMƏLƏRLƏ XBT 10 (Psixi və davranış pozuntuların beynəlxalq təsnifatı 10-cu baxış) xəstəliyi keçirmişdir və hal-hazırda da keçirir. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hadisəni törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinin görüntüsünü əks etdirən 01 ədəd DVD diskə məhkəmə istintaqında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən Gəncə şəhər BPİ-yə gətirildikdən sonra üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı, polis kapitanı X5, Gəncə ŞBPİ-nin CAİ-nin XMİÜ baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, həmin idarənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə ŞBPİ-nin KTBnin inspektor kriminalisti, polis kapitanı X3, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli şəffaf sellofanın içərisində psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan “metamfetaminə” bənzər kütləni və narkotik vasitə olan “heroinə” bənzər kütləni haradan əldə etməsini soruşduqda sonuncu bildirmişdir ki, Yasamal rayonunda qış parkında yol kənarından tapmışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirmişdir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman ona qarşı heç bir təsirin olmadığını bildirmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu vardır. Gəncə Şəhər İcra Hakimiyyətindən alınmış xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs cəmiyyətin ictimai işlərində fəallıq göstərmiş və onun barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 205/97 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğlu Gəncə şəhər Psixonevroloji Dispanserdə xx.xx.1997-ci il tarixdə “uzun sürən psixogen paranoid psixoz, astenodepressiv sindrom, şəxsiyyətin paranoid qüsur halı, autoaqressiya” diaqnozu qoyulmuşdur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 2138 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə “Opioidlər asılılıq” diaqnozu ilə qeydiyyatda durur. 11 iyul 2023-cü il “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, iş üzrə maddi sübut qismində tanınmış 0,338 qram narkotik vasitə heroin və 0,220 qram psixotrop maddə metamfetamin Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, eləcə də içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinə əlavə edilmişdir. 15 mart 2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi mənbənin, psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasının, psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olmuşdursa psixotrop maddələri və narkotik vasitələri satdığı şəxslərin əhatə dairəsinin, üzərindən aşkar olunub götürülmüş psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini xx.xx.2023-cü il tarixdə saat təxminən 14:30 radələrində Yasamal rayonu, Qış parkının yaxınlığında yol ilə gedən zaman yolun kənarında tapdığını bildirdiyi üçün həmin məlumatın doğruluğunun müəyyən edilməsi məqsədilə əməliyyat tapşırığı verilmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 06 may 2023-cü il tarixli məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və pisxotrop maddə olan metanfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə və ya pisxotrop maddə satması, qanunsuz olaraq narkotik vasitə və pisxotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən və psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edərək saxlamış, lakin narkotik vasitə və pisxotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,388 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini vəümumi təmiz çəkisi 0,270 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələri məhz “satış məqsədi ilə” əldə etməsini təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitələri heç kimə satmaq niyyətinin olmadığını və satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini, yəni narkotik vasitəni və psixotrop maddəni satış niyyəti ilə əldə etməsini aşkar edilmiş narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması və növ müxtəlifliyinin olması ilə əsaslandırmışdır. Halbuki, təqsirləndirilən şəxsin ifadələrindən məlum olur ki, o, narkotik vasitə və psixotrop maddəni qarışdıraraq istifadə etməklə daha güclü təsiretmə effekti yaradır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-ci il tarixli, 2 nömrəli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara özü tərəfindən bükülməsi, onların hazırlanması üçün avadanlığın olması müəyyən edilməmişdir. Bu istiqamətdə əməliyyat tapşırığı verilsə də, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair hər hansı fakt aşkar olunmamışdır. Məhkəmə, iş üzrə mövcud sübutları qiymətləndirib, iş materiallarını təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə metamfetamini və narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib saxlaması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 37-ci bəndində göstərilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini narkotik vasitə olan heroini əldə etməsi və saxlaması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlini səmim etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal qismində nəzərə alır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlində cinayətlərin residivinin mövcudluğunu onun cəzasını ağırlaşdıran hal kimi müəyyən etmişdir. Belə ki, DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 07 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Hazırki cinayət işi üzrə əməlin 10 mart 2023-cü il tarixdə törədilməsini nəzərə alaraq şəxsin əməlində residivin mövcudluğu öz təsdiqini tapır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 mart 2023-cü il tarixli Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 12 mart 2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Gəncə şəhəri BPİ-nin X7 azad olunmuşdur. Göründüyü kimi, Təqsirləndirilən şəxs ümumi olaraq 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutularaq saxlanılmışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən məhkəmə baxışınadək həbsdə saxlanılan məhkuma hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmasını nəzərə alaraq həmin müddətin ona təyin olunacaq azadlıqdan məhrum etmə cəzasından çıxılmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə, eyni zamanda təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün Təqsirləndirilən şəxs barəsində cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən, onun əməlində cinayətlərin residivinin olmasını qeyd edir və onun təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini qanuna uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslərcinayətlərin residivi zamanı ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Həmçinin məhkəmə, işdə olan məhkəmə-narkoloji ekspertizasının 08 aprel 2023-cü il tarixli 601 nömrəli rəyini nəzərə alıb belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Bundan başqa məhkəmə Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəsini aldıqdan sonra iş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,338 qram olan narkotik vasitə heroin və 0.220 qram olan psixotrop maddə metamfetamin məhv edilməli, həmçinin iş üzrə maddi sübut olan və özündə istintaq hərəkətlərinin görüntülərini əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarına əlavə edilib saxlanılmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq məhkəmə hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 11 saat 30 dəqiqə dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 69 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli 04 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,338 qram olan narkotik vasitə heroin və 0.220 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən qeydə alınmış videogörüntü olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 69 (altmış doqquz) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-392/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-392/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver