Məhkəmə qərarları › İş №1(125)-399/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-399/2024

14.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-399/2024 14.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, müdafiəçi-Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, xx xxxx 1968-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, o, 17 mart 2024-cü il tarixdə saat 17 radələrində ictimai yer olan Gəncə şəhəri, N.Nərimanov küçəsi, 4 saylı binanın 1-ci mərtəbəsində yerləşən Zərərçəkmiş şəxs işlətdiyi meyvə-tərəvəz dükanının qarşısında ətrafa toplaşmış insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə guya Zərərçəkmiş şəxs onu zəhərləmək istəməsini bəhanə edib heç bir əsaslı səbəb olmadan üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağını silah qismində tətbiq edib Zərərçəkmiş şəxs qəsdən zərbələr vuraraq sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərər vurmaya aid edilən sağ dirsək nahiyyəsinin deşilmiş-kəsilmiş yarası və sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən sol əlinin ikinci barmağının səthi yarası xəsarətlərini yetirməklə qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilib ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs yaşadığı ünvan 2a köçdükdən sonra tanımışdır. Evində əl-üzünü yuyan zaman gözləri yaşardığı üçün Nazimdən şübhələnmiş və hesab etmişdir ki, onun su çəninə Nazim xlor məhlulu tökmüşdür. Hadisə ilə əlaqədar olaraq göstərir ki, 17 mart 2024-cü il tarixdə Nazimin işlətdiyi mağazanın qarşısında o, sərxoş vəziyyətdə elə-belə qonşusu Nazimi yanına çağırmış və Nazim gəlməmiş, o Nazimin üstünə gedəndə Nazim onu turba ilə vurmuş, o isə cibindəki bıçağı çıxarmış ki, Nazim əlindəki turbanı atsın, ya da qorxub qaçsın. Həmin vaxt özü üç dəfə yıxılmış, hər üç dəfədə Nazim onu əlindəki turba ilə vurmuşdur. Bundan sonra orada olan qonşusu Ramiz onları aralamışdır. Onun Nazim ilə əvvəllər heç bir ədavəti və düşmənçiliyi olmamış, lakin Nazim onun həmin binada yaşamasından narazı olub, ona yaşadığı evi satıb oradan çıxıb getməsini istəmişdir. Hadisə qısa müddət ərzində baş vermiş, həmin vaxt binanın sakinləri və yoldan keçən şəxslər hadisəni görmüş, lakin o həmin şəxslərin kim olmasını xatırlamır. Onun Nazimi öldürmək niyyəti olmamış, özünü qismən təqsirli bilməsinə səbəb isə odur ki, o Nazimi işlətdiyi düküna gedib onu çağırdıqda Nazim əlinə dəmir parçası götürərək onun baş nahiyəsinə zərbə vurduğu üçün o, da özünü müdafiə məqsədilə Nazimi qorxutmaq üçün cibində meyvə soymaq üçün saxladığı bıçağı çıxarıb özünü müdafiə etmişdir. Sonda törətdiyi cinayət əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışmaq istəyinin olmasını nəzərə alaraq barəsində ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşusudur. Hadisə günü, yəni 17 mart 2024-cü il tarixdə saat 17:00 radələrində o, özünə məxsus olan meyvə tərəvəz dükanında olan zaman Samirin küçədə əlində olan bıçağı təkrar-təkrar açıb bağlayaraq söyüşlər söydüyünü və qonşusu Ramiz adlı şəxsin ona yaxınlaşan zaman Samirin ona “bu gün qan içəcəm” sözlərini dediyini Ramizin niyə belə etmək istədiyini soruşan zaman isə Samirin ona “O mənim suyuma zəhər töküb, o mənim başıma pul qoyub, killer tutub məni öldürtmək istəyir” və sair ağılagəlməz sözlər dediyini eşitmişdir. Bundan sonra Samir Ramizdən aralanıb onun mağazasına doğru gəlmiş və o, dükanın qabağında olduğu üçün ona yaxınlaşıb “A qonşu nə olub, nə məsələdir?” deyib sual edəndə Samir əlində bıçaq onun üzərinə şığamış və bıçaqla onun sağ qolunun dirsək nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Samir əl atıb onu tutmaq istəyən zaman o kənara çəkilmiş Samir isə sərxoş olduğu üçün özünü saxlaya bilməyib yerə yıxılmışdır. Bundan sonra o qaçmağa başlamışdır. O, qaçıb kənarda dayanan zaman qonşusu Ramiz adlı şəxsin Samirin əlindən bıçağı aldığını görmüşdür. Bundan sonra o, mağazaya getmiş və telefonla polisə zəng etdirmiş və oraya polis əməkdaşları gəlib Samiri götürüb aparmışlar. Hadisə vaxtı Samir bıçaqla onun sağ dirsək nahiyəsinə xəsarət yetirmişdir. Hadisə təxminən 2-3 dəqiqə ərzində baş vermiş və hadisənin şahidi qonşuları Seymur və Ramiz adlı şəxslər, həmçinin digər kənardan dayanıb hadisəyə şahidlik etmiş qonşuları olmuşdur. Hadisənin baş verməsinə səbəb isə Samirin deməsinə görə guya onun Samirin su çəninə və evinə girib yeməyinə zəhər tökməsi olmuşdur. Halbuki Təqsirləndirilən şəxs dedikləri tamamilə yalan və şər böhtandan ibarət olmaqla belə bir hal heç vaxt baş verməmişdir. Həmçinin Təqsirləndirilən şəxs ifadəsində dedikləri, yəni guya hadisə vaxtı onun əlinə dəmir parçası götürərək, Samirin üzərinə gedib onun başına dəmir parçası ilə zərbə vurmasından sonra Samirin onu bıçaqla vurması tamamilə özünü müdafiə xarakterli ifadə olmaqla yalandır. O, hadisə zamanı əlinə dəmir parçası götürməmiş və Samirin başına zərbə vurmamışdır. Bu tamamilə absurddur. Hadisə zamanı Samir heç bir səbəb olmadan onun üzərinə gedib onu söyüb təhqir edərək, ifadəsində göstərdiyi kimi onun qolundan bıçaqla zərbə vurmuşdur. Təqsirləndirilən şəxs ilə barışmır, şikayətçi olmaqla, ona ağır cəza təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, 17 mart 2024-cü il tarixdə saat 17:00 radələrində yaşadığı evə gedərkən, qonşusu Nazimin işlətdiyi dükanın qarşısında qonşusu Samiri görmüşdür. Bu zaman o Samirin içkili və əsəbi olduğunu görüb Samirdən nə baş verdiyini soruşduqda Samir ona bildirmişdir ki, “bu gün Nazimin qanını içəcəm”. O, Samirdən səbrli olmasını və nə üçün belə hərəkətlər etməsini soruşduqda Samir ona demişdir ki, guya Nazim onun başına pul qoyub, onun yeməyinə və su çəninə zəhər qatır. O, Samirin sərxoş olduğunu görüb ona “Sən milyonçu deyilsən, sən Nazimin nəyinə lazımsan ki, sənin başına pul qoysun, səni zəhərləsin? deyə sual etmiş, lakin Samir onu eşitmək istəməmişdir. Bundan sonra o Samirin yanından kənarlaşıb getmək istəyəndə Nazimin işlətdiyi dükanın qarşısına gələrkən Samirin əlində bıçaq ilə Nazimin üzərinə hücum etdiyini və Nazimin yaxasından tutmaq istədiyini, lakin tuta bilməyib yıxıldığını görmüşdür. Bu zaman Nazimin qaçmağa başladığını Samirin isə ayağa qalxaraq Nazimin arxasınca qaçmaq istəyərkən yenidən yıxıldığını görüb tez Samirə yaxınlaşaraq onun əlindən birtəhər bıçağı almış, bu zaman isə Samirin əlini bıçaq kəsmişdir. Həmin vaxt ətrafda qonşular olmuş və Samir söyüşlər söymüşdür. Bundan sonra o yenidən Samirlə söhbət edib onu sakitləşdirmiş və ondan sərxoş olduğu üçün çay içmək üçün çayxanaya getməsini istəmişdir. Bir qədər keçmiş isə qonşulardan kimsə oraya polis çağırmş və polis əməkdaşları gəlib onlar aparmış, o isə Samirin əlindən aldığı bıçağı polisə təqdim etmişdir. Məhkəmə baxışı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, 17 mart 2024-cü il tarixdə saat 17:00 radələrində qonşusu Zərərçəkmiş şəxs işlətdiyi dükanın qarşısında Samirlə salamlaşıb keçib yolun əks tərəfində tək dayanarkən Təqsirləndirilən şəxs yaxınlıqda olan ağacın gövdəsindən yapışıb durduğunu və digər qonşusu Nazimin isə qaçdığını görmüş, həmçinin həmin vaxt Samirin ayağa qalxaraq Nazimin arxasınca söyüş söyə-söyə qaçmaq istədikdə yerə yıxılıb, ayağa qalxaraq bir daha qaçmaq istədikdə ayağı ilişdiyi üçün yenidən ağzı üstə yerə yıxıldığını və Samirin əlində bıçaq olduğunu görmüş, bundan sonra onlara digər bir qonşuları Şahid1 yaxınlaşdığını və Samirin əlindən bıçağı aldığını, bir qədər keçmiş isə hadisə yerinə polis əməkdaşlarının gəldiyini görmüşdür. Həmin vaxt ətrafda çoxlu insanlar olmuşdur. Dava zamanı Nazimin əlində dəmir parçası olmamışdır. Məhkəmə baxışı zamanı Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə heç bir düşməçilik və ədavəti yoxdur. 17 mart 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaq xəsarəti yetirməsi barədə məlumatı vardır. Hadisə günü orada olmamış və hadisəni görməmişdir. Hadisəni eşitdikdən sonra polis şöbəsinə gəlmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəyini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə ictimai yer olan ünvan 3 ünvanının qarşısında baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7” PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 462 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər; sağ dirsək nahiyəsinin deşilmiş-kəsilmiş yarası – deşici-kəsici əşyanın təsiri nəticəsində; sol əlin İİ barmağının səthi yarası – KÜT əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəclərinə görə, qeyd olunan xəsarətlərdən sağ dirsək nahiyəsinin deşilmişkəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir, digər xəsarət sol əlin İİ barmağının səthi yarası isə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 17 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs maye halda qanının qurup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, beta-dır. vətəndaş Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfa, beta-dır. Bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuşdur, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus 1 ədəd köynək üzərində insana məxsus qan aşkar olunmuş və həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O(İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Kompleks məhkəmə ballistik və məhkəmə-trasoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/753/754 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunan uzunqol poluverin üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predimentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədəsidir. Lakin təqdim edilmiş paltarın üzərindəki zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədənin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 354 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş poluverin səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “sağ dirsək nahiyyəsinin deşilmiş-kəsilmiş” xəsarəti ilə poluverin səthində olan zədə yerləşmə sahəsinə və ya sayına görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədə və xəsarət üst-üst düşür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 15 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli, 4817 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli, 4683 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ifadəsində baş vermiş hadisə zamanı əvvəlcə zərərçəkmiş şəxsin əlində olan dəmir parçası ilə onun üzərinə gələrək, başına zərbə vurmasından sonra özünü müdafiə məqsədilə cibində olan cib bıçağını çıxarıb özünü müdafiə məqsədi ilə zərərçəkmiş şəxsə xəsarət yetirməsini göstərsə də məhkəmə həmin ifadəni özünü müdafiə xarekterli ifadə kimi qiymətləndirir və həmin hissədə sübut növü kimi qəbul etmir. Belə ki, toplanmış sübutların məcmusu, o, cümlədən zərərçəkmiş və şahidlərin ifadəsi ilə tam təsdiq olunur ki, Təqsirləndirilən şəxs cinayəti törətmək üçün əvvəlcədən hazırlıqlar görərək, hadisə zamanı sərxoş olmaqla heç bir səbəb və əsas olmadan ictimai yer hesab edilən hadisə yerinə gələn zaman ətrafda olan şəxslərə məhəl qoymadan özü ilə gətirdiyi cib bıçağını cibindən çıxarıb, əlində saxlayıb, daha sonra zərərçəkmiş şəxsin ünvanına söyüşlər söyərək onun üzərinə gedib əlindəki həmin bıçaqla onun sağ dirsək nahiyəsinə zərbə vurmaqla ona yüngül dərəcəli bədən xəsarəti yetirərək xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələbinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib, bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamda təqsirli olması tam sübuta yetirilir. Həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin o, bu cinayətin törədilməsində təqsirlidir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib, maddənin sanksiyası daxilində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyinə görə də, məhkumun azadlıqdan məhrum edilməsi üçün qanuni penoloji əsaslar sırasına cəzalandırma, çəkindirmə, cəmiyyətin müdafiəsi və islah məqsədləri daxildir (Vinter və Başqaları Birləmiş Krallığa qarşı [BP], № 66069/09, § 111, 9 iyul 2013-cü il). Təsvir edilən maddi hüquq normaların məzmunundan, eləcə də cəza institutunun məqsədlərindən bəhs edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Avropa Məhkəməsinin şərhindən belə görünür ki, təqsirkar şəxsə təyin olunan cəzanın və yaxud digər cinayət-hüquqi xarakterli tədbirin ədalət prinsipinə cavab verməsi üçün Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində təsbit olunmuş cəzanın müəyyən edilməsinə təsir göstərən əsasların məcmu halında götürülməsi və nəzərə alınması tələb olunur. O cümlədən, təqsirkarın cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar da elə nəzərə alınmalıdır ki, təyin olunmuş cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir ilə cinayətin xarakteri və ictimai-təhlükəliliyi, törədilmə halları arasında uyğunsuzluq yaranmasın, cəza və yaxud digər cinayət-hüquqi xarakterli tədbir təqsirkarın şəxsiyyətinə uyğun olub onun islah edilməsini və cəzanın digər məqsədlərini, o cümlədən sosial ədalətin bərpası və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üzrə rolunu təmin edə bilsin. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il taixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Həmin Məcəllənin 221.3-cü maddəsinə əsasən bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda – iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuş və cib bıçağından silah qismində istifadə etməklə zərər çəkmiş şəxsə yüngül xəsarət yetirmişdir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilindiyi cinayət əməli, eyni Məcəllənin 15.3-cü maddəsində az ağır cinayətlər kateqoriyasına aid edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi haqq-ədaləti bərabər mənafelərə bərabər münasibət kimi təsbit edir. Bu xüsusda məhkəmə bildirir ki, CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəza tətbiq edilmək yolu ilə sosial ədalətin bərpası bütövlükdə cəmiyyətə, burada hökm sürən ictimai münasibətlərə münasibətdə həyata keçirilməklə iki istiqaməti nəzərdə tutur: 1) Dövlət cinayət törədən şəxs tərəfindən vurulmuş zərərin ödənilməsini qanunda nəzərdə tutulmuş cəzalar, habelə xüsusi müsadirə növündə cinayət-hüquqi xarakterli tədbir tətbiq etməklə təmin edir. Həm də burada söhbət təkcə maddi zərərdən getmir. Əslində sosial ədalətin bərpası dedikdə, cinayətkarın barəsində təyin edilən qanuni cəza vasitəsilə başqasına vurduğu zərərə adekvat məhrumiyyətlərə məruz qalması başa düşülməlidir. 2) Vətəndaşlar dövlətin cinayətkarı cəzalandırmağa qadir olmasına, həm də bu cəzanın təyin edilməsi zamanı humanizm, ədalətlilik, cəzanın törədilmiş cinayətin ağırlığına uyğunluğu, cəzanın fərdiləşdirilməsi prinsipləri əsas götürülməklə qanuna uyğun tətbiq edilməsinin təmin edilməsinə inanırlar. Məhkəmə onu da nəzərə çatdırır ki, heç şübhəsiz ki, sosial ədalətin bərpası zərərçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini-məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərə uyğunluğunu təmin etməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs ictimai təhlükəliyə malik olan az ağır cinayət törətməsini, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, zərərçəkmiş şəxsin şikayətçi olmasını, o cümlədən təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında bir növ cəza, yəni azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut kimi tanınmış Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 (bir) ədəd köynək istifadəyə yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 (iyirmi) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X3 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 14 noyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş 01 (bir) ədəd bıçaq, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 (bir) ədəd köynək istifadəyə yararsız olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 63 (altmış üç) manat pul Təqsirləndirilən şəxs tutulub X4, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X3 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar