Məhkəmə qərarları › İş №1(125)-400/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-400/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-400/2023 18.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, N.Nərimanov pr 2-ci döngə, bina 3, mənzil 27-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.167 qram psixotrop maddə metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 21 mart 2023-cü il tarixdə saat 01:30 dəqiqədə Gəncəşəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Gəncə şəhəri, Nizami prospektində yerləşən De Lüks otelin yaxınlığında saxlanılaraq, Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın kiçik sağ yan cibindən 1(bir) ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0.167 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, iş üzrə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri N.ünvan 3 ünvanda anası ilə birlikdə yaşayır. 21 mart 2023-cü il tarixdə saat 01:10-da Gəncə şəhəri Nizami prospektində yerləşən “De Lüks” adlı otelinin yaxınlığında olarkən polis əməkdaşları tərəfindən saxlanılıb Gəncə şəhər 2-ci Polis Şöbəsinə gətirilmişdir. Polis şöbəsində müdafiəçisinin iştirakı ilə həmin gün xidməti otaqlardan birində üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparmazdan əvvəl onun hüquq və vəzifələri izah edilmişdir. Ona üzərində qanunsuz olaraq əldə edilmiş narkotik vasitə və ya psixotrop maddə, digər əşya və peredmetlər olması və təqdim etməsi təklif edilmişdir. O, əynində olan qara rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik ciblikdən siqaret kağızına bükülmüş kütlə və sonra bir ədəd üzərində naxışları olan dəmir materialdan alışqan təqdim etmiş, bundan sonra üzərində şəxsi axtarış aparılmış və əynindəki şalvarın sağ yan cibindən bir ədəd 20 manatlıq pul əskinası aşkar edilmişdir. Bundan başqa üzərindən heç nə aşkar edilməmişdir. Təqdim etdiyi bükülüyə baxdıqda içərisində psixotrop maddə olan metamfetamin olduğu müəyyən edilmişdir. Polis əməkdaşlarına bildirmişdir ki, üzərindən aşkar edilən kütlə psixotrop maddə olan, “patı”, “şüşə” deyilən metamfetamindir. Həmin kütlə bükülü ilə birgə çəkilmiş və çəkisi 0,37 qram olması müəyyən edilmişdir. Həmin psixotorop maddəni o, 18 mart 2023-ci il tarixdə günorta saatlarında yaşadığı binanın yaxınlığında yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, əlavə olaraq heç bir yerdə psixotrop maddə saxlamır, həmçinin o, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamış və heç kimə pay verməmişdir. O yalnız öz şəxs istifadəsi üçün psixatrop maddəni üzərində saxlamışdır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirib əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 2ci polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, üzərində saxlamaqla daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və həmin bölmənin kiçik inspektoru Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 21 mart 2023-cü il tarixdə Gəncə şəhəri Nizami prospektində yerləşən “De Lüks” otelin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsində "Panasonic" markalı video kamera vasitəsi ilə müdafiəçisinin iştirakı ilə onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik ciblikdən bir ədəd siqaret kağızına bükülmüş kütləni çıxarıb otaqdakı stolun üzərinə qoymuş və həmin bükümdə metafetamin olduğunu bildirmişdir. Həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və 0,37 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmiş və şübhəli şəxsin üzərində baxış-axtarış keçirilməsi barədə protokol tərtib edilərək onlar tərəfindən imzalanmışdır. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat olsa da, satış öz təsdiqini tapmamış və onlar Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələri satması ilə bağlı heç bir sübut əldə edə bilməmişlər. Məhkəmə baxışı zamanı şahid Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin kiçik inspektoru Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməs haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsndə AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və ya psixotrop maddə əldə edib, istifadə etməsi və Gəncə şəhəri ərazisində üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun olduğu yerin müəyyən edilməsi, tədbirin gedişi zamanı şəraitdən asılı olaraq onun olduğu yerin və nəqliyyat vasitəsinin müşahidəsi aparılması, zərurət olduğu təqdirdə yaşayış yerinə və nəqliyyat vasitəsinə baxış, həmçinin üzərinə şəxsi axtarış keçirilməsi qərara alınmışdır. xx.xx.2023-cü il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və xx.xx.2023cü il tarixli video diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-nin təhqiqatçısı polis mayoru X6, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmin bölmənin kiçik inspektoru, polis baş serjantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi Abdullayeva X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibinin üzərində olan kiçik ciblikdən bir ədəd siqaret kağızına bükülmüş içərisində kütləni çıxarıb otaqdakı stolun üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd siqaret kağızına bükülmüş içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunur. Həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və 0,37 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 22 mart 2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, təqsilrəndirilən şəxsin barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. “Cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 21 mart 2023-ci il tarixli 16/334 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə... "yazılar və imzalar olan kağız pa ketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə, təmiz çəkisi 0,167 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindır. Məhkəmə-narkoloji ekspertizasının 07 iyul 2023-cü il tarixli 1139 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 3-13-57-2/2-8491/2023 nömrəli xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbə, ona psixotrop maddə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri satması barədə əməliyyat məlumatı vardır. Lakin satdığı şəxslərin dairəsi məlum deyildir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə Gəncə şəhər BPİ-nin qərarı ilə CPM 39.1.11,95,157-ci maddələrini rəhbər tutaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.3-cü maddələrindən həmin məcəllənin 127.1-ci maddəsinə tövsif edilmiş və barəsində seçilmiş həbs qətimkan tədbirinin tətbiqinə xitam verilərək azad edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli arayışından və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserlərdə qeydiyyatda durmur. “Sübutların qiymətləndirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,157 qram psixotrop maddə olan metamfetamin, cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixdə tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk, iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut növü kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntülərdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın kiçik sağ yan cibindən 01 ədəd ağ kağız bükümdə bükülünü çıxarıb masanın üzərinə qoyub içərisində psixotrop maddə olan metamfetamin olduğunu və öz istifadəsi üçün saxladığını, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixatrop maddə metafetamini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixatrop maddəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş psixatrop maddəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Müstəntiq tərəfindən qəbul edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən yeganə sübut kimi Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin əməliyyat tapşırığına xx.xx.2023-ci il tarixli cavab məktubu göstərilmişdir. Həmin məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində narkotik vasitələrin satışı ilə bağlı əməliyyat məlumat var. Lakin, məhkəmə qeyd edir ki, qeyd olunan əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxsa qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxsn üzərindən aşkar edilmiş psixatrop maddəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialları yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən maddəni əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun psixotrop maddə olan metafetamini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin psxiotrop maddəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metafetamini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, səmimi peşmançılığını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzannı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0,157 qram olan psixotrop maddə olan metafetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Məhkəmə-narkoloji ekspertizasının 06 mart 2023-cü il tarixli 394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,157 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar