Məhkəmə qərarları › İş №1(125)-401/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-401/2024

28.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-401/2024 28.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1998-ci ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda yəni, ümumi təmiz çəkisi 1,170 qram, ayrıayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,078 qram, 0,080 qram, 0,076 qram, 0,079 qram, 0,067 qram, 0,088 qram, 0,121 qram, 0,070 qram, 0,085 qram, 0,076 qram, 0,093 qram, 0,073 qram, 0,053 qram və 0,066 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla yaşadığı Gəncə şəhər Z.Hacıyev küçəsinə daşımış, 15 mart 2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhər BPİ-nin NMB-nə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Z.Hacıyev küçəsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri BPİ-nin inzibati binasına gətirilmiş, orada üzərinə şəxsi axtarış keçirilən zaman göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd şəffaf rəngli politelin bükümdə ümumi təmiz çəkisi 1,170 qram, 10 ədəd qızılı rəngli və 5 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,078 qram, 0,080 qram, 0,076 qram, 0,079 qram, 0,067 qram, 0,088 qram, 0,121 qram, 0,070 qram, 0,085 qram, 0,076 qram, 0,093 qram, 0,073 qram, 0,053 qram və 0,066 qram kustar üsulla hazırlanmış xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Yuxarıda qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə baxışı zamanı iş üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 15 mart 2024-cü il tarixdə Gəncə şəhəri Dəmiryol vağzalının yaxınlığında obyektin qarşısında dayanarkən iki nəfər Raul və Kamran adlı polis əməkdaşları yaxınlaşıb avtomobilə əyləşməyi təklif etmiş, o da etiraz etmədən əyləşmişdir. Gəncə şəhəri Azərtifaq deyilən yerə çatmamış Raul adlı polis avtomobildən düşmüş, avtomobilə Rəşad adlı polis əməkdaşı oturmuş, orada Rəşad heç bir səbəb olmadan onu təhqir edərək sillə və yumruqla vurmağa başlamışdır. Daha sonra həmin polis əməkdaşları onu Gəncə şəhər BPİ-nə aparmış və onun qabağına kiçik bükümlər qoyaraq həmin bükümlərin ona məxsus olmasını və götürməsini bildirmişlər. O isə etiraz edərək əlini bükümlərə vurmamış, həmin bükümlərin ona məxsus olmadığını israr etmiş və ona təqdim edilmiş sənədlərə imza etmədiyi üçün polislər onu yenə də döyməyə başlamışlar. Sonra polis əməkdaşları İqbal və Sarvun ona yaxınlaşıb Rəşad müəllimin göstərişi olduğunu və imza etməsini bildirmiş və 48 saat sonra evə buraxılacağını vəd etmişlər. O da məcbur qalıb yekunda polislərin dedikləri ilə razılaşaraq imza etmişdir. Məhkəmə iclasında dövlət ittihamçısının sualına cavab olaraq bildirmişdir ki, onu döyən polis əməkdaşlardan İqbal, Sarvun, Rəşad və Kamran olmuşlar. Məhkəmə istintaqının sonunda o, ara bir narkotik vasitə heroindən istifadə etməsini bildirərək əməlindən peşmançılığını, himayəsində yataq xəstəsi anasının olmasını və ailəyə yeganə qazanc gətirən şəxs olduğunu məhkəmə tərəfindən nəzərə alınmasını ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili Şahid2 öz ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 15 mart 2024cü il tarixdə saat təxminən 17 radələrində Gəncə şəhər sakini Kənan adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olması və həmin vaxt Gəncə şəhəri Z.Hacıyev küçəsində olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılaraq Gəncə şəhər BPİ-nin narkotiklərlə mübarizə bölməsinin kiçik inspektoru polis baş serjantı Şahid1 ilə birlikdə Təqsirləndirilən şəxs Gəncə şəhəri Z. Hacıyev küçəsində saxlayaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirmiş, hüquq və vəzifələri izah edilmiş, üzərində saxlanılması qanunla qadağan edilmiş hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Bundan sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmiş, sorğu zamanı kütlənin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümü 14 mart 2024-cü il tarixdə Gəncə şəhəri Dəmiryol Vağzalının yaxınlığından tapdığını, həmin bükümdən heç kimə satmadığım bildirmişdir. Büküm açılan zaman içərisində 15 ədəd əlavə büküm olduğu, həmin bükümlərin içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmiş, kütlələr elektron tərəzidə çəkilmiş, ümumi çəkiləri sellofanlar ilə birlikdə 1,89 qram təşkil etmiş, bükümlər kağız zərfdə qabllaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Gəncə şəhəri BPİ-nin NMBnin kiçik inspektoru polis baş serjantı Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (iş.vər. 1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan, məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Z.Hacıyev küçəsində 15 mart 2024-cü il tarixdə saat 17:30 radələrində şübhəli şəxs qismində tutulmuşdur (iş.vər. 11, 23); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən görünür Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı, polis kapitanı X3, BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmin bölmənin kiçik inspektoru, polis baş serjantı X4, BPİ-nin KTB-nin baş inspektor kriminalisti, polis mayoru X5 və müdafiəçi X2 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməmişdən öncə şübhəli Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş narkotik vasitə olub-olmaması, əgər varsa təqdim etməsi təklif olunduqda əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən sellofan bükülünü təqdim etmiş, həmin kütlənin heroin olduğunu, ona məxsus olduğunu, həmin kütləni xx.xx.2024-cü il tarixdə Gəncə şəhər dəmir yolu vağzalı yaxınlığında yerdən tapdığını, həmin kütlədən heç kimə satmadığını bildirmişdir. Sonra 1 ədəd sellofan bükülü açılaraq içərisində 15 ədəd şəffaf rəngli kağız bükülmüş bükümlər aşkar edilmiş və tərəzidə çəkilərək ümumi çəkisi 1,86 qram müəyyən edilmişdir. Həmin kütlə zərfə qoyulmuş və DİN-in 91 saylı möhürü ilə möhürlənmişdir (iş.vər. 27); - ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 32.40 (otuz iki manat qırx qəpik) manat müəyyən edilmişdir (iş.vər.35); - xx.xx.2024-cü il tarixli 16/351 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə regional bölməsinin rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “Şübhəli şəxs Təqsirləndirilən şəxs o..” sözlər və imzalar olan kağız paketdəki, 10 (on) ədəd qızılı rəngli kağız bükümlərdə və 5 (beş) ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,065 qram, 0,078 qram, 0,080 qram, 0,076 qram, 0,079 qram, 0,067 qram, 0,088 qram, 0,121 qram, 0,070 qram, 0,085 qram, 0,076 qram, 0,093 qram, 0,073 qram, 0,053 qram və 0,066 qram ümumi təmiz çəkisi 1,170 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir (iş.vər. 36); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.( (iş.vər.50); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. (iş.vər.58); - Gəncə şəhər Məhkəməsinin 4(125)-77/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində 15 iyun 2024-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. (iş.vər.69-73); - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Əməliyyat – sorğu kartotekasında heç bir məlumat yoxdur (iş.vər. 74); - xx.xx.2024-cü il tarixli Gəncə şəhər Narkoloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs Rayonlararası narkoloji dispanserdə qeydiyyatda durmur (iş.vər. 86); - xx.xx.2024-cü il tarixli Gəncə şəhər Psixonevroloji Dispanserin arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur (iş.vər. 87); - Gəncə şəhər BPİ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olsa da onun narkotik vasitələri satdığı şəxslərin dairəsi müəyyən edilə bilməmişdir. Onun narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitəni yaşadığı evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir (iş.vər. 90); - xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən üzərinə qanunsuz narkotik vasitə qoyulması, ona qarşı fiziki zor tətbiq edilməsi barədə müraciəti əsasında aparılmış araşdırmada Təqsirləndirilən şəxs bədən səthində xəsarət olmadığından məhkəmə - tibbi ekspertizasından keçməkdən imtina etmiş, bildirdikləri həqiqəti əks etdirməmişdir. (iş.vər. 92); - Gəncə şəhər Məhkəməsinin 5(125)-394/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs telefon vasitəsi ilə ötürülən məlumatların ələ keçirilməsinə dair qərar qəbul edilmişdir. (iş.vər. 98); - xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin zəng və sms məlumatlarında iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmamışdır.(iş. vər.140-141) - Gəncə şəhər Məhkəməsinin 4(125)-192/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 1 ay yəni, 15 iyul 2024-cü il tarixədək uzadılmışdır (iş.vər.112-114); - Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 1046 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür (iş.vər. 115); - Gəncə şəhər Məhkəməsinin 4(125)-222/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 15 avqust 2024-cü il tarixədək uzadılmışdır (iş.vər.134-138); - xx.xx.2024-cü il tarixli CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrənin zəng və sms məlumatlarını özündə əks etdirən CD diskə baxış keçirilmiş, əhəmiyyət kəsb edən hər hansı hal aşkar edilməmişdir (iş.vər. 141); - xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmişdir. (iş.vər.150-152); - Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,87 qram narkotik vasitə olan heroin, üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü 1 (bir) ədəd DVD disk, Təqsirləndirilən şəxs zəng və sms məlumatlarını özündə əks etdirən 1 ədəd CD disk, təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış və götürmə protoklu, digər istintaq sənədləri iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. (iş.vər. 158-166); - Gəncə şəhər Məhkəməsinin 4(125)-249/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanma müddəti 20 gün yəni, 04 sentyabr 2024-cü il tarixədək uzadılmışdır. - Məhkəmənin sorğusuna əsasən məhkəməyə təqdim olunmuş Təqsirləndirilən şəxs məxus 1758/2024/332 saylı tibbi kitabçanın kserosürətindən görünür ki, onda hər hansı xəsarət aşkar edilməmişdir. Azərbaycan Respublikası CPM-in 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.11-ci maddəsinə əsasən “narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir”. Qanunun qeyd olunan normasına görə narkotik vasitələrin satışı dedikdə, yalnız qeyd olunan maddələrin əvəzli, qazanc əldə etmək, yaxud şəxsi maraq məqsədilə yayılması başa düşülür. Buna görə də, şəxsin narkotik vasitələri satış üçün əldə edib, saxlaması haqqında nəticəyə gəlmək üçün onun məhz sadalanan məqsədlərdən ən azı birinə görə narkotik vasitələri əldə edib, saxlaması sübut edilməlidir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İ Siyahısında heroinin şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hərəkətlərinə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin şamil edilməsinə münasibət bildirən məhkəmə aşağıdakı dəlillərə görə hesab edir ki, təqsirləndirilən şəxsin əməli düzgün olmayaraq həmin maddə ilə tövsif edilmiş, ibtidai istintaq orqanı əməlin hüquqi tövsifində səhvə yol vermişdir. Belə ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, narkotik vasitə olan heroini satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşımışdır. Məhkəmə qeyd edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitəni əldə etməyə, saxlamağa və daşımağa görə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ittiham elan edilmişdir. Amma Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə nəticəyə gələrkən ibtidai istintaq orqanının iş materiallarında olan istinad etdiyi sübutların hər hansı biri bu qənaəti təsdiq etmir. Məhkəmə baxışında da Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni satış məqsədi ilə əldə etməsi, saxlaması və daşımasını təsdiq edən heç bir sübut müəyyən olunmadı. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi və saxlaması ilə bağlı ittihamın əsaslandırılması üçün hər hansı sübut təqdim edilməmişdir. Təqsirləndirilən şəxsin narkotik vasitəni satmaq niyyətinin olub-olmaması ilə bağlı qənaətə gəlmək üçün mühüm əhəmiyyət kəsb edən məqamlardan biri də onun hər hansı istehlakçı ilə əvvəlcədən razılıq əldə edib-etməməsinin müəyyənləşdirilməsidir. Bu məqamla bağlı isə ibtidai istintaq orqanı tərəfindən hər hansı yanakı sübut belə əldə edilməmişdir. Cinayət işinin materiallarına əsasən işin mübahisəsiz halı ondan ibarətdir ki, Təqsirləndirilən şəxs saxlandığı andan narkotik vasitəni satmadığını və bağışlamadığını bildirmişdir. İbtidai araşdırmanın sonrakı müddəti ərzində də (şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində) təqsirləndirilən şəxs narkotik vasitədən əvvəllər bir neçə dəfə istifadə etməsini bildirməsinə baxmayaraq qeyd olunan ifadənin Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməlin törədildiyini təsdiq etməsi ilə bağlı əsassız qənaətə gəlinmişdir. Bundan başqa, məhkəmə istintaqında obyektiv araşdırılmış mötəbər sübutlar əsasında Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitə heroini kiməsə satması, ümumiyyətlə onun həmin vasitənin “alqı-satqısı” barədə üçüncü şəxslərlə sövdələşməsi, bu məqsədlə kiminləsə danışıqlar aparması və bu qəbildən sair fəal hərəkətlər etməsi təsdiq edilməmişdir. Məhkəmənin qarşısında duran başlıca vəzifə təqsirləndirilən şəxsin narkotik vasitə heroini əldə edərkən, üzərində saxlayarkən və daşıyarkən məqsədinin və niyyətinin nədən ibarət olmasının müəyyən edilməsidir. Məhz bu halların müəyyən edilməsi Təqsirləndirilən şəxs əməlinin tövsifində mühüm və başlıca rol oynayır. Məhkəmə digər məqamı da vurğulamağı zəruri hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən hazırkı cinayət işi təqsirləndirilən şəxs barəsində toplanmış ilkin materiallar əsasında o, CM-nin 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində dindirilərkən CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək üzərindən aşkar edilmiş narkotik vasitə heroini gizlətmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni heç kimə satmadığını və pay vermədiyi barədə ifadə vermişdir. (iş vərəqə 42-44, 58-59). İbtidai istintaqın sonrakı gedişində təqsirləndirilən şəxsin CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dəlalət edə biləcək hər hansı sübut əldə olunmamışdır. Bununla belə, ibtidai istintaqın ilkin mərhələsində əldə edilmiş eyni sübutlara əsaslanmaqla təqsirləndirilən şəxsə CM-nin 234.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Ona görə də məhkəmə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəalarının tələblərini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar edilib götürülmüş narkotik vasitə heroinin çəkisinin şəxsi istehlak miqdarından artıq miqdar təşkil etməsi xüsusatı təqsirləndirilən şəxsin ittiham edildiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsini təsdiq edən yetərli mötəbər dəlil kimi qəbul oluna bilməz. Məhkəmə təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, şəxsi axtarış və götürmə haqqında protokolu, aşkar edilmiş narkotik vasitənin növünün və çəkisinin müəyyən edilməsinə dair materialların məhkəmə ekspertizasının rəyini sübut növləri kimi qəbul edir və onları qiymətləndirərək qeyd edir ki, bu sübutlar təqsirləndirilən şəxsə elan edilmiş satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıması barədə ittihamı təsdiq etmir. Bununla bərabər, həmin sübutlar iş üzrə məhkəmə istintaqında tədqiq edilmiş digər sübutların məcmusu ilə birlikdə təqsirləndirilən şəxsin yalnız satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma cinayətini törətməsi ilə bağlı mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” xx.xx.2024-cü il tarixli Qərarının 9-cu bəndində ifadə olunmuş tövsiyyədə göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Bununla əlaqədar məhkəmələr digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyini, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsini, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsini araşdırmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma kimi deyil, habelə narkotik vasitə satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Göründüyü kimi, bu tövsiyyədə ilk növbədə başqa sübutların və narkotik vasitənin miqdarının nəzərə alınmalı olunması, bununla yanaşı həm də istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər hallarının nəzərə alınması tövsiyyə olunur. Amma hazırkı cinayət işi üzrə ibtidai istintaq orqanı tərəfindən xeyli miqdarda narkotik vasitənin satış məqsədi ilə qanunsuz olaraq əldə edilməsi barədə ümumiyyətlə heç bir sübut mövcud deyildir. Mövcud sübutların məcmusu əsasında təqsirləndirilən şəxsə qarşı satış məqsədilə xeyli miqdarda narkotik vasitəni qanunsuz əldə etmə ittihamının irəli sürülməsi halını isə məhkəmə həm də ədalətsiz qənaət hesab edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə az ağır cinayətin törədilməsi ilə bağlı ittihamın irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı üçüncü şəxslərlə danışıq aparması, yazışması, bu barədə sövdələşməsi, “müştərilərdən” narkotik vasitə və psixotop maddələrin satışı ilə bağlı sifarişlər alması və həmin sifarişləri icra etməsi, narkotik vasitələri kiməsə əvəzli və ya əvəzsiz qaydada verməsi, qeyd olunan məqsədlər üçün “müştəri” çevrəsinə malik olması ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Mübahisəsiz olaraq müəyyən edilir ki, təqsirləndirilən şəxs şəxsi istifadəsi üçün narkotik vasitə əldə etmişdir. O, şübhəli şəxs qismində dindirilərkən və məhkəmə istintaqında narkotik vasitə olan heroindən əvvəllər bir neçə dəfə istifadə etməsi bildirmişdir. Qeyd olunmalıdır ki, Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2024-cü il tarixli 1046 nömrəli rəyindən də görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olmuşdur. Belə əməl isə həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında qərarda ifadə olunmuş hüquqi mövqe ilə tam uyğun olmaqla yalnız satış məqsədi olmadan xeyli miqdarda narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəməyədək icraat zaman toplanmış istintaq materiallarından, o cümlədən “Sübutların qiymətləndirilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittihamın əsasında (arxasında) yalnız sonuncudan aşkar olunmuş 15 ədəd bükümdə narkotik vasitə heroinin şəxsi istehlak miqdarından çox olmasından irəli gələn ehtimal və subyektiv mülahizə dayanmışdır. İttiham tərəfi – istintaq orqanı aşkar olunmuş narkotik vasitəyə münasibətdə Təqsirləndirilən şəxs niyyətinin qiymətləndirilməsində hələ cinayət təqibinin əvvəlində irəli sürdüyü ehtimalı və subyektiv mülahizəni CPM-nin 124.1-ci maddəsi baxımından mötəbər dəlillə əsaslandırmaq üçün bir sıra istintaq hərəkətləri (dindirmə) icra etmiş və əməliyyat orqanına yazılı tapşırıq vermişdir. Nə iş üzrə dindirilmiş şəxslərin ifadələri, nə də ki, əməliyyat tapşırığına alınmış cavab məktubu ilə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəni kiməsə real olaraq qazanc əldə etmək məqsədilə satması, hər hansı əşyanın müqabilində əvəzli olaraq verməsi, həmçinin şəxsi maraq güdməklə, yəni özünün və ya yaxın qohumlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etməsi ilə bağlı hərəkətlər etməsi təsdiqini tapmamışdır. Buna baxmayaraq istintaq orqanı 5 aydan artıq müddətdə apardığı ibtidai araşdırma dövründə qeyd olunan ehtimalını və subyektiv mülahizəsini hər hansı bir mötəbər dəlillə sübuta yetirə bilmədiyi halda, məhz həmin ehtimal və mülahizə əsasında “Sübutların qiymətləndirilməsi haqqında” 05 avqust 2024-cü il tarixli qərarı ilə 17 mart 2024-cü ildə irəli sürdüyü ittihamı qüvvəsində saxlamışdır. Məhkəmə istintaqı zamanı da ittiham tərəfi qeyd olunan sübutlardan əlavə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Məhkəmə təqsirləndirilən şəxsdən aşkar olunmuş narkotik vasitə heroinin 15 ədəd bükümdə qablaşdırılmaqla ümumi kütləsinin şəxsi istehlak miqdarından artıq miqdar – 1,170 qram təşkil etməsinə münasibət bildirərək qeyd edir ki, bu hal Təqsirləndirilən şəxs həmin maddəni əldə etməsi, saxlaması və daşımasında məqsədinin məhz satış olmasını şərtləndirən müstəsna hallar kimi çıxış edə bilməz. Belə ki, təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən narkotik vasitələrin miqdarı ilə yanaşı, yuxarıda qeyd edildiyi kimi istehlakçı ilə əvvəlcədən razlıq əldə edilməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. 15 mart 2024-cü ildə aparılan şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 15 ədəd bükümdə narkotik vasitə heroin istisna olmaqla, onun həmin maddənin satışını realizə edə biləcək hər hansı bir predmet – tərəzi, kağız və ya sellofan kəsiyi, eləcə də, narkotik vasitənin satışından əldə olunması ehtimal oluna biləcək hər hansı məbləğdə pul vəsaiti aşkar edilməmişdir. Eləcə də, Təqsirləndirilən şəxs ifadələrində belə ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olmadığını və həmin vasitəni satmaq kimi məqsədinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs belə məzmunda ifadələr verməsinə baxmayaraq, ibtidai istintaq orqanı onun dəlillərini nəzərə almamış, həmin dəlilləri digər sübutlarla əlaqəli şəkildə araşdırmamış və ittihamın əsaslılığını təsdiq edə biləcək heç bir sübutu əldə etməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini şəxsi istifadəsi üçün əldə etməsi ilə bağlı bildirdiklərini ittiham tərəfi qəbul etməsə də, CPM-nin 21.3-cü maddəsi baxımından həmin halı təkzib etməli olduğu halda, nə ibtidai araşdırma dövründə, nə də ki, məhkəmə baxışı zamanı qeyd olunan halı təkzib edə bilməmişlər. Qeyd olunanlara əsasən məhkəmə təqsirləndirilən şəxsin istehlakçı ilə (şərti alıcı ilə) əvvəlcədən razlığının olması və ya buna cəhd etməsi, həmçinin narkotik vasitələrin satışı üçün zəruri avadanlığa (tərəzi, kağız və ya sellofan kəsiyinə və s.) malik olması hallarının istər ibtidai araşdırma dövründə, istərsə də məhkəmə baxışı zamanı müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qarşı satış məqsədilə narkotik vasitə əldə etmə, saxlama və daşıma ilə bağlı irəli sürülmüş ittiham CPM-nin 351.2-ci maddəsinin tələbinə zidd olaraq konkret sübut üzərində deyil, faktiki olaraq ehtimal və subyektiv xarakterli mülahizə üzərində qurulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Cinayət və Cinayət-Prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda, həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli ifadələri müvafiq sübutlarla təkzib olunmadıqda və ya yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 351.2 və 351.3.4-cü maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır, məhkəmə ittiham hökmü çıxararkən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə həll edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 146.1-ci maddəsinin tələbinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilmiş ittiham daxilində baxılır və məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxmaq hüququna malikdir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında qeyd edilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarı ilə təqsirsizə şərtsiz bəraət verilməsi - hakimin həm vəzifə, həm də mənəvi borcudur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125-ci, 144-cü, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Kondraşinanın Rusiya Federasiyasına qarşı işində Avropa İnsan Hüquqları Məhkəməsi qeyd etmişdir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (Delcourt Belçikaya qarşı iş üzrə 17 yanvar 1970-ci il tarixli qərar, Piersack Belçikaya qarşı iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərar) qeyd edir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Təqsirləndirilən şəxs hərəkətlərini xarakterizə edən yuxarıda qeyd olunan hallar CM-nin 234.1-ci maddəsinin dispozisiyası ilə uzlaşdığından, onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, təqsirləndirilən şəxsin əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, himayəsində xəstə anasının olmasını və ailəyə qazanc gətirən yeganə şəxs olmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir, ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti nəzərə alınmaqla, barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 32 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 192 (yüz doxsan iki) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 (bir) il, 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 mart 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut ekspertiza tədqiqatından sonra qalan Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc yerində saxlanılan 0,87 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut – 01 ədəd “DVD” və 01 ədəd ”CD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ**********0000067944; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 192 (yüz doxsan iki) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar