Məhkəmə qərarları › İş №1(125)-402/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-402/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-402/2024 24.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Şəmkir rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, Şəmkir rayonu X10 ictimai birliyinin sədr müavini, təqaüdçü, Bakı şəhəri, Binəqədi rayonu, A.Məmmədov küçəsi, ev 69, mənzil 31-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində ayıq vəziyyətdə, BB007608 nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi özünə məxsus “Lexus LX 570” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində hərəkətdə olarkən yolun Qara Qarayev küçəsi istiqamətində yerləşdirilmiş “STOP” nişanının tələblərini gözləmədən kəsişməyə daxil olaraq “X12” Azərbaycan Respublikası Qanunun 63-cü maddəsinin 1-ci hissəsinin (2.5 ’’Dayanmadan Keçmək qadağandır” üstünlük yol nişanının) tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda buna əməl etməyib yolun Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsinə daxil olaraq əvvəlcə yolun Cavadxan küçəsi ilə hərəkətdə olan sürücü Şahid1 ayıq vəziyyətdə idarə etdiyi “Ford Tranzit” yük markalı, **-CV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə toqquşmuş, daha sonra avtomobil yolun hərəkət hissəsinin sağında Gəncə şəhəri Cavadxan küçəsində yerləşən səki ilə hərəkətdə olan piyada Zərərçəkmiş şəxs üzərinə aşaraq ehtiyatsızlıqdan sonuncunun subdural hematoma, baş beyinin və beyinciyin yumşaq qişalarına, beyin hər iki tərəfdə İ-X qabırğaların orta körpücük xətti üzrə, sol tərəfdə İ-Xİİ qabırğalar kürək xətti üzrə, V-Vİİ qabırğaların onurğayanı xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırılması, qaraciyərin, dalağın və böyrəyin cırılması, alt çənə sümüyünün sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın nahiyyəsinin səthi yarası, sağ əlin İİ,İİİ,İV,V barmaqların, qarın və bel nahiyyələrinin sıyrıqları, sol döş qəfəsi nahiyyəsinin qançırı xəsarətləri ilə müşayiət olunan xəsarətlər yetirməklə döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində qabırğaların çoxsaylı sınığından, sol ağciyərin, dalağın, qaraciyərin və sol böyrəyin cırılmasından əmələ gələn hemorragik və travmatik şok nəticəsində ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək bildirmişdir ki, ailəsi birlikdə yaşayır, təqaüdçüdür, rəsmi olaraq X10 X9 rayonu üzrə sədr müavini vəzifəsində işləyir. 29 yanvar 2024-cü il tarixdə, saat 16 radələrində idarə etdiyi “Lexus” LX570 markalı, **-HP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ilə Gəncə şəhəri Qara Qarayev küçəsi ilə hərəkət etmiş və həmin vaxt təxminən saatda 40-60 arası km sürətlə idarə etmişdir. Həmin vaxtı avtomobildə onun yanında qardaşı Şahid2 da olmuşdur. O, Qara Qarayev küçəsi ilə avtomobilini idarə edərkən həmin küçənin Cavadxan küçəsi ilə kəsişməsinə daxil olarkən arxada sağ tərəfdə olan yol nişanını görə bilməmiş, irəlidə isə heç bir nişan görmədiyi üçün hərəkətini davam etdirmiş, asfaltda əmredici oxlar olmadığından baş yolun onun olduğunu sanmışdır. Bundan sonra yol kəsişməsinə artıq çatdıqda yüngül tormozlama əməliyyatı etsə də, avtomobilin yarı hissəsi qarşı tərəfin yoluna, yəni baş yola çıxmışdır. Bu zaman sol tərəfini görmədiyi üçün avtomobilin sol tərəfindən avtomobil zərbəsi vurulmuşdur və onun avtomobili sağ tərəfi üzərinə aşmışdır. O, avtomobilin açılmış arxa qapısından bayıra çıxmış, dərhal onun avtomobilinə dəyən “Ford” markalı avtomobilin sürücüsünə yaxınlaşmışdır və rolun arxasında oturan şəxsdən sürücünün harada oluğunu soruşduqda, həmin şəxs sürücünün özü olduğunu bildirmişdir. O, qeyd etmişdir ki, hadisə zamanı o və digər sürücü xəsarət almamışdır. Lakin daha sonra hadisə yerinə yığışan mülki vətəndaşlardan biri ona divarın dibində bir nəfərin yıxıldığını bildirmişdir. Bir az sonra hadisə yerinə polis əməkdaşları və təcili yardım avtomobili gəlmiş və polis əməkdaşları mülki vətəndaşlarla birlikdə yaralı şəxsi xələyə qoyub təcili tibbi yardım avtomobilinə yerləşdirmişlər. bildirmişdir ki, hadisənin baş verməsinə səbəb onun diqqətsizlik etməyi və sağda olan “dur,dayan” nişanını görməməyi olmuşdur. Hadisə bir anda baş verdiyi üçün o, hadisənin qarşısını almaq üçün heçnə edə bilməmiş, həmin vaxt yolun kəsişməsindən gələn avtomobili və piyadanı görməmişdir. İfadəsinin sonunda o, 1-ci Qarabağ müharibəsində kantuziya aldığını, vetaran olduğunu, dəfələrlə medallarla təltif olunmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X7 ifadəsində bildirmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun oğludur. O, hadisəni görmədiyini və hadisə baş verən günü yəni xx.xx.2024-cü il tarixdə axşam saat 18 radələrində evində olan zaman ailə üzvləri ona Səbuhinin avtoqəza keçirdiyini, xəstəxanada olduğunu demişlər. O, bildirmişdir ki, oğlu Zərərçəkmiş şəxs baş vermiş yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən xx.xx.2024-cü il tarixdə xəstəxanada vəfat etmişdir. İfadəsinin sonunda o, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxsı əvvəllər tanımamışdır. O, bildirmişdir ki, ВС dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə “Ford Transit” yük markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edir və həmin avtomobil ilə ailəsini dolandırır. 29 yanvar 2024-cü il tarixdə saat 16 radələrində idarə etdiyi “Ford Transit” yük markalı, **-CV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri Cavadxan küçəsi ilə “Ay Ulduz” şadlıq sarayı istiqamətində irəliləmiş və həmin yolu təxminən 40-50 km sürətlə idarə etmişdir. Həmin vaxt onun yanında maşında heç kim olmamış və ayıq vəziyyətdə olmuşdur. O, Cavadxan küçəsi ilə hərəkət edərkən Qara Qarayev küçəsinin kəsişməsinə çatdıqda anidən qarşısına “Lexus” markalı avtomobil çıxmışdır. Avtomobilin gəldiyi yolda saxla nişanı olmuş, lakin o, avtomobili saxlamayaraq anidən qarşısına çıxmış, o, avtomobilin əyləcini sıxsa da, onun avtomobilinin qarşı tərəfi ilə “Lexus” markalı avtomobilin qabaq sol tərəf qapısı toqquşmuş, və “Lexus” markalı avtomobil gəldiyi yol istiqamətində sağ tərəfə aşmışdır. Hadisədən o, huşunu itirmiş, təxminən 5-10 dəqiqədən sonra onu ətrafdakı şəxslər ayıltmış və avtomobildən düşürtmüşdürlər. O, hadisə zamanı heç bir xəsarət almadığını bildirmişdir. Sonra polis əməkdaşları hadisə yerinə gəlmiş və bundan sonra ona məlum olmuşdur ki, yolun kənarında dayanmış piyada hadisə nəticəsində ölmüşdür. O, daha sonra bildirmişdir ki, hadisənin baş verməsinə səbəb adını sonradan bildiyi, əvvəllər tanımadığı Vüqar adlı sürücünün saxla nişanını gözləməyərək qəfil anda qarşısına çıxması olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında o, şəxsi işləri üçün yaşadığı Şəmkir rayonu Qaralar kəndindən qardaşı Vüqara məxsus “Lexus LX 570” markalı **-HP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhərinə gələn zaman adını bilmədiyi küçə ilə hərəkətdə olarkən qəfildən Vüqarın avtomobilinə sol tərəfdən avtomobilin dəydiyini hiss etmişdir. Zərbə nəticəsində avtomobil yan tərəfə aşmışdır. Hadisə çox tez bir anda baş verdiyi üçün o, hadisənin tam olaraq necə baş verdiyini bilməmişdir. Avtomobil aşdıqdan sonra o, Vüqarla birlikdə avtomobilin arxa tərəfindən bayıra çıxmış və heç bir xəsarət almadıqlarını görmüşlər. Daha sonra isə "Ford Tranzit” markalı avtomobilə yaxınlaşıb həmin avtomobilin sürücüsünün də vəziyyətinin yaxşı olduğundan əmin olmuşlar. Bundan sonra ətrafa toplaşan insanlar səkidə divarın dibində bir nəfərin yıxıldığını onlara bildirdikdə həmin şəxsə yaxınlaşmış və şəxsin ağzı üstə uzandığını görmüşlər. Polis əməkdaşları gəldikdən və hər şey məlum olduqdan sonra o, dərman almaq üçün aptekə getmiş, Vüqar hadisə yerində olmuşdur. O, aptekdən qayıtdıqdan sonra səhhəti yenə də düzəlməmiş və Şəmkir rayonuna geri qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında bildirmişdir ki, 29 yanvar 2024-cü il tarixdə saat 16 radələrində ekipaj yoldaşı Şahid3 ilə birlikdə xidmət aparan zaman Gəncə şəhəri, Cavadxan küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı dərhal hadisə yerinə getmiş və hadisə yerində adları qeyd olunan yolların kəsişməsinin ortasında üzü Gəncə şəhəri Qara Qarayev küçəsi istiqamətində qara rəngli “Lexus LX 570” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, yolun üzü Cavadxan küçəsi istiqamətində kəsişmənin ortasında “Ford Tranzit” yük markalı, **-CV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını və yolun kənarında isə tanımadığı şəxslərin toplaşdıqlarını görmüşdür. O, bildirmişdir ki, hadisə yerinə çatdıqda hər iki avtomobil qəzalı vəziyyətə olmuş və həmin vaxt adını sonradan bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs ona və digər polis əməkdaşına yaxınlaşıb “Lexus LX 570” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu və yolların kəsişməsinə daxil olduqda “Ford Tranzit” markalı avtomobil ilə toqquşduğunu və idarə etdiyi “Lexus LX 570” markalı avtomobilin səki ilə hərəkət edən piyadaya dəydiyini qeyd etmişdir. Sonra hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi xəstəxanaya yola salmışlar. Bundan sonra əvvəllər tanımadığı Şahid1 onlara yaxınlaşaraq yolun ortasında qəzalı vəziyyətdə dayanmış olan “Ford Tranzit” yük markalı, **-CV-*** markalı avtomobilin sürücüsü olduğunu bildirmiş və “Lexus” markalı avtomobilin qəfildən onun qarşısına çıxması nəticəsində tormoz verməsinə baxmayaraq avtomobili saxlaya bilmədiyini, atomobilinin ön tərəfi “Lexus” markalı avtomobilin ortasından dəydiyini və “Lexus” markalı avtomobilin aşmasını bildirmişdir. Bundan sonra hadisə törətmiş sürücülər V. Tağıyevin və M.Əhmədovun iştirakı ilə hadisə yeri müayinə olunmuş və müvafiq sənədləşmə aparılmışdır. İş ürzə Şahid3 məhkəmə iclasında iştirakı mümkün olmadığından istintaq zamanı verdiyi ifadələr məhkəmə iclasında elan edilmişdir. (172-175); O, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Gəncə şəhər BPİ-nin DYPŞ-də inspektor vəzifəsində işləyir, polis baş serjantı rütbəsindədir. 29 yanvar 2024-cü il tarixdə ekipaj yoldaşı Şahid4 ilə birlikdə xidmət aparan zaman saat 16 radələrində Gəncə şəhəri, Cavadxan küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsində baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı Növbətçi Hissədən məlumat verildikdə dərhal hadisə yerinə getmişdirlər, həmin yerə çatanda qeyd olunan yolların kəsişməsinin ortasında üzü Gəncə şəhəri Qara Qarayev küçəsi istiqamətində qara rəngli “Lexus LX 570” markalı, **- HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin, yolun üzü Cavadxan küçəsi istiqamətində kəsişmənin ortasında “Ford Tranzit” yük markalı, **-CV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin dayandığını və yolun kənarında isə tanımadığı şəxslərin toplaşdıqlarını görmüşdür. Onlar hadisə yerinə çatdıqda hər iki avtomobil qəzalı vəziyyətə dayanmışdır. Həmin vaxt adını sonradan bildiyi, əvvəllər tanımadığı Təqsirləndirilən şəxs adlı şəxs onlara yaxınlaşıb “Lexus LX 570” minik markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olduğunu və yolların kəsişməsinə daxil olduqda “Ford Tranzit” markalı avtomobil ilə toqquşduğunu və idarə etdiyi “Lexus LX 570” markalı avtomobilin səki ilə hərəkət edən piyadaya dəymiş olduğunu bildirmişdir. Daha sonra isə hadisə yerinə çağırılan təcili yardım avtomobili ilə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan şəxsi xəstəxanaya yola salıb, özü isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlmələrini gözləmişdir. Bundan sonra əvvəllər tanımadığı Şahid1 onlara yaxınlaşaraq yolun ortasında qəzalı vəziyyətdə dayanmış olan “Ford Tranzit” yük markalı, **-CV-*** markalı avtomobilin sürücüsü olduğunu bildirmiş və “Lexus” markalı avtomobilin qəfildən onun qarşısına çıxması nəticəsində tormoz verməsinə baxmayaraq avtomobili saxlaya bilmədiyini, atomobilinin ön tərəfi “Lexus” markalı avtomobilin ortasından dəydiyini və “Lexus” markalı avtomobilin aşmasını bildirmişdir. Avtomobilin səki ilə hərəkət edən piyadaya dəyib dəymədiyini görməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Mayıl Əhmədovun işirakları ilə hadisə yeri müayinə olunmuşdur, müvafiq sənədləşmə aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 29 yanvar 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir.( i. v.1) - 29 yanvar 2024-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, fotoşəkillər və sxemdən görünür ki, hadisə Gəncə şəhəri, Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində baş vermişdir. Baxış aydın havada, 14C temperaturda aparılmış, yol asfalt beton örtüklü, düz, quru, yol örtüyünün eni - Q.Qarayev küçəsi 13 metr, Cavadxan küçəsi 9,20 metrdir. Hərəkət zolaqlarının sayı 4, hərəkət hissəsinin eni 9,20 metrdir. Q.Qarayev küçəsində kəsişməyə daxil olarkən “düz və sağa hərəkət” nişanı ilə tənzimlənir, Cavadxan küçəsi isə baş yoldur, sürət həddi 50 km/saatdır. Yolun hər iki tərəfində işıqlandırıcı dirəklər, sağdan şəhər tipli tikililər, soldan isə şəhər tipli dirəklər mövcuddur. Yol elektrik işıqları ilə işıqlanıdırılır. ( i.v.9-23); - 29 yanvar 2024-cü il tarixli, 420/2024 saylı “nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” aktından görünür ki, müayinə nəticəsində Təqsirləndirilən şəxs sidiyində THC aşkar edilməmiş, ayıq olduğu müəyyən edilmişdir.( i.v.45); - 13 fevral 2024-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən edilmədiyindən dayandırılmışdır.( i.v. 77) - Məhkəmə-Tibbi Ekspertiza və X5 29 yanvar 2024-cü il tarixli, 18 saylı rəyinə əsasən mərhum Zərərçəkmiş şəxs Ağaəli oğlunun bədəni üzərində müəyyən edilmiş xəsarətlər – hər iki tərəfdə İ-X qabırğaların orta körpücük xətti üzrə, sol tərəfdə İ-Xİİ qabırğalar kürək xətti üzrə, V-Vİİ qabırğaların onurğayanı xətti üzrə sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol ağciyərin cırılması, qaraciyərin, dalağın və böyrəyin cırılması, alt çənə sümüyünün sınığı, sınıq ətrafı yumşaq toxumalara qansızma, alın nahiyyəsinin səthi yarası, sağ əlin İİ,İİİ,İV,V barmaqların, qarın və bel nahiyyələrinin sıyrıqları, sol döş qəfəsi nahiyyəsinin qançırı bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024cü il tarixə uyğun gəlir, həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs ölümünə səbəb döş qəfəsinin və qarının qapalı küt travması nəticəsində qabırğaların çoxsaylı sınığından, sol ağciyərin, dalağın, qaraciyərin və sol böyrəyin cırılmasından əmələ gələn hemorragik və travmatik şok nəticəsində olmuş, həmin xəsarətlər baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilər. Mərhum Zərərçəkmiş şəxs Ağaəli oğlunun meyitindən götürülmüş qanının məhkəmə-kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (i.v. 85-89); - Məhkəmə-Tibbi Ekspertiza və X5 29 yanvar 2024-cü il tarixli, 642/K saylı rəyinə əsasən Təqsirləndirilən şəxs qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilməmişdir. (i.v. 99-101); - 06 aprel 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilmişdir.(i.v. 102); - Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 2539 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 105); - Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli, 2857 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. (i.v. 106); - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 109); - 15 aprel 2024-cü il tarixli Bakı şəhəri İH-nin nəzdində MTK-nın idarə heyəti tərəfindən verilmiş Xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuş, həmçinin 1990-cı illərdə Gədəbəy və Kəlbəcər uğrunda gedən döyüşlərdə bir zabit kimi iştirak etmiş və dövlət tərəfindən bir sıra medal və mükafatlarla təltif edilmişdir. (i.v - 113); - 16 aprel 2024-cü il tarixli, 3-13-16-3/2- 2867/2024 nömrəli BDYPİ-nin Gəncə RQİTBŞ-dən alınmış məktubdan məlum olur ki, Təqsirləndirilən şəxs BB 7608 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2021-ci il tarixdən xx.xx.2031-ci il tarixədək verilmiş və onun sürücülük hüququ məhdudlaşdırılmamışdır. (i.v - 116); - zərərçəkmiş şəxsin hüquqi varisi X3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur.( i.v.118); - Məhkəmə ekspertizası mərkəzinin 13 mart 2024-cü il tarixli, 8/526 saylı rəyinə “Lexus LX 570” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X12” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış tədqiqatın dəyəri 128 (yüz iyirmi səkkiz) manatdır. (i.v.122-124); - 03 iyun 2024-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə icraat təzələnərək istintaqın davam etdirilməsi qərara alınmışdır.( i.v. 125); - 24 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünürki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsi ilətəqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 127); - 24 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxsin dindirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i.v. 151-153); - 24 iyun 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 154); - 28 iyun 2024-cü il tarixli video görüntüyə baxış keçirilməsi haqqında protokoldan və məhkəmə istintaqı zamanı maddi sübut olan DVD diskə baxış keçirtməklə müəyyən edilir ki, 29 yanvar 2024-cü il tarixdə Gəncə şəhəri Q.Qarayev küçəsində quraşdırılmış təhlükəsizlik şəhər kamerası vasitəsilə qeydə alınıb və 2 dəqiqə davam edir. Görüntüdə avtomobillərin hərəkəti müşahidə olunur, həmin avtomobillərin içərisində “Lexus LX 570” markalı **-HP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin də hərəkət etdiyi görünür. Həmin avtomobil yolun Q.Qarayev küçəsi istiqamətində sağa dönmə əməliyyatını həyata keçirib düzünə hərəkət edir və kameranın görmə bucağından kənara çıxır. Bir neçə saniyə sonra isə müxtəlif şəxslərin avtomobil hərəkət etdiyi istiqamətə qaçışdığı kameralara əks olunur. Lakin, “Lexus LX 570” markalı avtomobil kameranın baxış bucağından kənara çıxdığı üçün hadisənin baş verdiyi an videogörüntüdə əks olunmamışdır. (i.v. 163); - 04 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Narkoloji Dispanserin 420/2024 nömrəli sərxoşluq aktı, məhkəmə-tibb ekspertizasının 18 nömrəli, məhkəmə-avtotexniki ekspertizasının 8/526 nömrəli, məhkəməkimyəvi ekspertizasının 642/K nömrəli rəyləri, BDYPİ-nin Gəncə RQİ və TBŞ-dən alınmış 3- 13-16-3/2-2867/2024 nömrəli məktubu, Gəncə şəhər BPİ-nin TŞX- dən götürülmüş Gəncə şəhəri Cavadxan küçəsi ilə Qara Qarayev küçəsinin kəsişməsində baş vermiş yol-nəqliyyat hadisəsinin video görüntüsü olan 01 DVD disk və “Lexus LX 570” markalı **-HP-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil iş üzrə sübut növləri kimi tanınmışdır. (i.v. 172-181); - məhkəməyə təqdim edilmiş vəsiqələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Müharibə veteranı” medalı, “Milli Ordu – 100” medalı, “Böyük Zəfər” xatirə medalı, “AVMVİB-25 il” medalı və “Azərbaycan Respublikası Qarabağ Veteranı” medalı ilə təltif edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda cinayət məsuliyyətini müəyyən edir. “X12” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinin 1-ci hissəsinə görə üstünlük nişanları yolayrıclarını, yolun hərəkət hissəsinin kəsişmələrini, habelə əks istiqamətlərdə hərəkət edən iki nəqliyyat vasitəsinin eyni zamanda keçməsinə imkan verməyən dar sahələrini keçmək növbəliliyini göstərir. “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istimarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli Qərarında göstərilir ki, “X12” Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir (3-cü bənd); Cinayət Məcəlləsinin 263-cü, 263-1-ci və 351ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X12” Azərbaycan Respublikası Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslər haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X12” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir (11-ci bənd); bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin “X12” Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir (12-ci bənd); avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun (13-cü bənd); yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə əlaqədar baş vermiş hadisələr zamanı sürücülər tərəfindən “X12” Qanunun tələblərinin pozulub-pozulmaması, bu hadisələrin qarşısını almağa onların texniki cəhətdən imkanlarının olub-olmaması əsas etibarı ilə məhkəmə-yol-nəqliyyat ekspertizasının, zərər çəkmiş şəxsin sağlamlığına məhz yolnəqliyyat hadisəsi nəticəsində zərərin vurulması və bu zərərin ağırlıq dərəcəsi isə məhkəmə-tibbi ekspertizasının rəyləri əsasında müəyyən edilir (19-cu bənd). Beləliklə, məhkəmə iş üzrə toplanılmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hərəkətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin tərkibi vardır. Onun tərəfindən həmin əməlin törədilməsi məhkəmə istintaqında tədqiq olunmuş sübutlarla öz təsdiqini tapır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs törətdiyi əmələ görə cəza təyin olunmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci, 41.2-ci, 58.3-cü maddələrini, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri rəhbər tutur. Məhkəmə Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, İ Qarabağ müharibəsi iştirak etməsini və veteran statusu almasını, X10 İctimai Birliyinin sədr müavini olmasını, bundan başqa dövlət tərəfindən müxtəlif medallarla təltif edilməsini və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etmiş, həmçinin təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar da aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla Cinayət Məcəlləsinin 263.2-ci maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan azadlıqdan məhrum etmə növündə cəzasının təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs l Qarabağ müharibəsində iştirak etməsini, dövlət tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, “Müharibə veteranı” medalı, “Milli Ordu – 100” medalı, “Böyük Zəfər” xatirə medalı, “AVMVİB-25 il” medalı və “Azərbaycan Respublikası Qarabağ Veteranı” medalı ilə təltif edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını, ona qarşı heç bir şikayət və tələbin olmamasını, əvvəllər hər hansı bir cinayətə görə məhkum olunmamasını, cəzasını ağırlaşdıran halların isə müəyyən edilməməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsə Təqsirləndirilən şəxsa təyin ediləcək əsas cəzasını çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək həmin cəza şərti olaraq tətbiq edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər; 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır; Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır, törətdiyi cinayət az ağır cinayət hesab olunur. Hazırki vəziyyətdə o, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, cəzasını yüngülləşdirən kifayət qədər hallar olan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanlması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə əsas cəza təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək əsas cəzası sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X4 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 12 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 72 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut kimi tanınaraq “Lexus LX 570” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı və Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsinin video görüntüsünü əks etdirən 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatlarının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinərək, 2 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilmiş cəza 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əlavə cəza olaraq təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış “Lexus LX 570” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın və Qara Qarayev küçəsi ilə Cavadxan küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsinin video görüntüsünü əks etdirən 1 ədəd DVD disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat pul Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, Az.MEM, VÖEN **********, hesab №2088501, X6,KOD 210005, VÖEN **********, m/hAZ41NABZ********************, S.W.İ.F.T.BikCTREAZ22 ödənilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə müdafiəçi X2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 72 (yetmiş iki) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ**********0000067944, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar