Məhkəmə qərarları › İş №1(125)-405/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-405/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-405/2023 03.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2əsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz olaraq daxil olmaqla xeyli miqdarda özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, o, özgə əmlakını tamah məqsədilə ələ keçirmək üçün xx.xx.2023-cü il tarixdə saat 02 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzinin arxa hissəsindən daş hasarı aşaraq sözügedən ticarət mərkəzinin ərazisinə qanunsuz daxil olaraq həmin ticarət mərkəzində yerləşən Zərərçəkmiş şəxs icarə hüququ əsasında işlətdiyi “Star-2” xırdavat mağazasının qarşısına gəlmişdir. O, üzərində daşıdığı mismar çıxaran alətlə qapının üzərinə quraşdırılmış qıfıl asılacağını qıfıl ilə birlikdə fiziki güc tətbiq etməklə qırıb, mağazaya qanunsuz daxil olaraq, mağazada yerləşən ofis otağının da qapısını həmin alətdən istifadə etməklə eyni üsulla açaraq içəri daxil olmuşdur. O, iş masasının arxasına keçərək masanın sol siyirməsində yerləşən seyf açarını götürüb masanın yanındakı seyfi açmış və seyfdə olan 8570 manat pulu, daha sonra isə iş masasının kassa olaraq istifadə edilən sağ siyirməsində olan 1120 manat pulu götürməklə, özgənin ümumilikdə 9690 manat məbləğində, xeyli miqdarda əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, bir müddət “Alov” Ticarət Mərkəzində satıcı olaraq fəaliyyət göstərmişdir. Onun onlayn qumar oyunları oynamağı nəticəsində borcu yaranmış və bu səbəbdən borclarını ödəmək üçün pula ehtiyacı olmuşdur. xx.xx.2023-cü il tarixdə gecə saatlarında evdə olarkən o, “Alov” Ticarət Mərkəzində yerləşən və əsl sahibinin Tofiq dayı olduğunu bildiyi “Star-2” dükanına daxil olaraq gizli yolla yerini əvvəlcədən bildiyi seyf və kassadan pulları oğurlamaq niyyətinə düşmüşdür. Beləliklə, o, gecə saat 1-ə qalmış evdən çıxmış,çıxarkən özü ilə evdə tikinti materialları və alətləri olan bölmədə təxmini uzunluğu 30 santimetr olan mismar çıxaranı, tibbi maska və tibbi əlcək də götürmüşdür. O, evdən çıxan zaman taksi sürücüsü olan Namiq dayıya zəng edərək, ona qız yanına getmək istədiyini bildirmiş, Namiq dayı 15 dəqiqədən sonra yaşadığı ünvanın qarşısına idarə etdiyi “Mercedes” minik markalı avtomobil ilə gələrək onu götürmüşdür. O, Namiqə“Qələbə”parkının arxasına getmək istədiyini bildirdikdən sonra yola düşmüşlər. Həmin parka çatdıqda o, Namiq dayıya qızının həyat yoldaşının avtomobilinin baza olaraq bilinən “Alov” Ticarət Mərkəzinin yaxınlığında olduğunu və avtomobilinin orada dəqiq olaraq olub-olmadığını yoxlamaq məqsədilə avtomobili geriyə çevirməsini istəmiş, Namiq dayı idarə etdiyi avtomobili geriyə doğru çevirərək “Azərittifaq” adlanan Heydər Əliyev-Ş.İ.Xətai prospektlərinin kəsişməsinə doğru getmişlər və yenidən “Qələbə” parkının qarşısında yerləşən binanın yanına qayıtmışlar. Binanın yanına çatdıqda o, Namiq dayıya düşəcəyini və onu gözləməsini bilmişdir. O, avtomobildən düşdükdən sonra geyinmiş olduğu gödəkçənin altına gizlətdiyi mismar çıxaran aləti çıxararaq, bazanın arxasından sözügedən yerin həyətinə daxil olmuşdur. O, “Star-2” dükanının qarşısına gəldikdə, qarşıdan baxdıqda sağda yerləşən giriş qapısına doğru yaxınlaşmış və mismar çıxaranla qapı üzərində yerləşən qıfılı qıfıl asılacağından qoparıb qapını açmışdır. O, qıfılı içəri tullayaraq, sözügedən dükanın daxilində yerləşən ofis otağına doğru irələmiş,ofis qapısının da qapalı olduğunu gördükdən sonra, əlində olan mismar çıxaranla həmin qapını fiziki güc tətbiq etməklə açmış və içəri daxil olmuşdur. O, “Star-2” dükanında əvvəllər də qonşu dükanın satıcısı kimi olmuş və ofis otağında olduğu zaman seyfin içində pul olduğunu, seyfin açarının iş masasının sol siyirtmasinə daimi olaraq qoyulduğunu və sağ siyirtmənin də kassa olaraq istifadə edildiyini görmüşdür. Bu səbəbdən də o, otağa daxil olan kimi masanın arxasında olan oturacağı qırağa çəkmiş və dərhal sol siyirtməni açaraq seyfin açarını oradan götürmüşdür. O, açarı götürdükdən dərhal sonra iş masasının solunda yerləşən seyfi açarla açmış və içəridə olan xeyli miqdarda pul vəsaitini götürərək geyindiyi gödəkçənin arasına qoymuşdur. Ondan sonra o, masanın üzərində olan dəftər və ya kitab olduğunu dəqiq olaraq xatırlaya bilmədiyi əşyanın altından 200 manat miqdarında pul vəsaitini, dərhal sonra isə iş masasının sağ siyirtməsində olan pulları götürərək şalvarının sağ cibinə qoymuşdur. Həmin əməlləri törətdikdən sonra dərhal hadisə yerini tərk edərək “bazanın” həyətindən çıxmış və onu gözləyən taksi sürücüsü Namiq dayıya mobil telefon vasitəsilə zəng edərək yolun qırağında gözlədiyini, onu gəlib götürməsini demişdir. Namiq dayı isə 3 dəqiqə sonra onun durduğu yolun qırağına gələrək onu götürmüş və yaşadığı küçənin başına düşürmüşdür. O, evin həyətinə daxil olaraq həyat yoldaşı ilə süni mübahisə yaratmışdır ki, həyat yoldaşı onun yanından uzaqlaşsın. Süni mübahisənin nəticəsində həyat yoldaşı həyəti tərk edərək evə daxil olmuş və o, kassa olaraq istifadə edilən sağ siyirtmədən götürərək sağ cibinə qoyduğu və dəqiq məbləğini saymadığı əsginasları həyətdə yerləşən masaüstü qaz plitəsinin altında gizlətmiş, seyfdən götürdüyü digər pul baratlarını isə bir sellofana yığaraq evin damına gizlətmişdir. O, seyfdən götürdüyü və bir sellofana yığaraq evin damına gizlətdiyi pulları saymamış,lakin masaüstü qaz plitəsinin altında gizlətdiyi pulları çıxararaq saymağa başlamışdır. O, həmin pulları saydıqdan sonra 1120 manat olduğunu görmüş, həmin pulları onlayn qumar nəticəsində borclandığı şəxslərə vermək niyyətində olmuş və həmin pulları xx.xx.2023-cü il tarixdə borclu olduğu şəxslərə vermişdir. O, cinayət əməlini törədən zaman istifadə etdiyi mismar çıxaran aləti “Alov” Ticarət Mərkəzinin həyətindən çıxdıqdan sonra yerə atmış və hara atdığı, həmin vaxt həyəcanlı olduğu üçün yadında qalmamış,tibbi maska və tibbi əlcəyi isə evə çatdıqdan sonra həyətdə yandırmışdır.Sonda o,əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanıtam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını, himayəsində iki azyaşlı uşağı olduğunu, ailəyə qazanc gətirən yeganə şəxs olduğunu nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, o, sahibkar olaraq fəaliyyət göstərir və “Alov” Ticarət Mərkəzində yerləşən “Star-2” mağazasını icarə hüququ əsasında işlədir. O, əksər vaxtlarda mağazaya saat səhər 08:00-da gəlir, lakin xx.xx.2023cü il tarixdə mağazaya mal gəldiyi üçün səhər saat 07:00-da mağazaya gəlmişdir. O, “Alov” Ticarət Mərkəzinin giriş qapısından daxil olduqdan sonra, hər 2 mühafizəçinin ona doğru gəldiklərini görmüş,həmin mühafizəçilər Şahid2 və Şahid1 olmuş, mühafizəçilərdən biri ona məxsus olan “Star-2” mağazasının qapısının açılmış olduğunu bildirmişdir. O, dərhal sözügedən mağazaya doğru getmiş və mağazanın qarşısına çatdıqda, mağazanın 2 qapısından biri olan və mağazaya qarşıdan baxarkən sağ tərəfdə yerləşən qapının yarımçıq şəkildə açılmış olduğunu görmüşdür. O, qapının fiziki güc tətbiq edilməklə açıldığını anlamış və qapının üzərindəki qıfıl asılacağının yerində olmadığını görmüş, həmin qapıdan içəri daxil olduqda sözügedən qıfılı tapa bilməmişdir. O, mağazanın ümumi hissəsinə baxış keçirmiş və satışda olan mallara əl vurulmadığını anlamış, sonra içəridə yerləşən ofisə doğru getmiş,həmin ofis mağazanın ümumi hissəsinin içində, 6 pilləkənlə qalxılan daha hündür mövqedə yerləşmişdir. Aşağı mövqedən baxdıqda həmin ofisin içərisi aydın şəkildə görünür, çünki ofisin mağazanın ümumi hissəsinə baxan 2 tərəfi şüşələrlə əhatə olunmuş və şüşələrin arası ağ rəngli plastik qaplama ilə bərkidilmişdir. O, ofisə çatdıqda cibindən həmin ofisin açarlarını çıxarmış,lakin bağlayıb getdiyi qapının fiziki güc tətbiq edilməklə açıldığını görmüşdür. O, qapını özünə tərəf açaraq içəri daxil olmuş, ilk olaraq gözünə çarpan dəyişiklik hər zaman ofis masasının arxasında yerləşən oturacağın bu dəfə masanın yanında olması olmuşdur. O, oturacağın yanından keçərək masanın arxasına doğru keçmiş, masanın sağ tərəfində yerləşən siyirməni açmış, siyirmə boş olmuş,onlar həmin siyirmədən kassa olaraq istifa etmiş və gündəlik alış-veriş zamanı qazanılan pul vəsaitlərini orada yerləşdirmişlər. Həmin siyirmənin boş olduğunu gördükdən sonra o, sol siyirməyə tərəf dönərək həmin siyirməni açmış və seyfin açarının orada olduğunu görmüşdür.O, dərhal açarı çıxararaq seyfə daxil etmiş və seyfi açmış, seyfin boş olduğunu görmüş,həmin seyfdə təxmini olaraq 8570 manat miqdarında pul vəsaiti olmuşdur. Həmçinin, ofisdə yerləşən televizor hər zaman açıq olmuş və həmin televizora mağazada quraşdırılmış təhlükəsizlik kameralarının qeydə alındığı videogörüntülər real vaxt rejimində ötürülürmüş,lakin o, hadisəni aşkar etdiyi və ofisə daxil olduğu zaman həmin televizor sönülü olmuşdur. O,həmin vaxt başa düşmüşdür ki, hadisəni törətmiş naməlum şəxs təhlükəsizlik kameralarını söndürmüşdür. Həmin təhlükəsizlik kameralarının söndürülməsi yalnız ofisin daxilində yerləşən naqillərin elektrik yuvasından çıxarılması ilə mümkündür,ancaq buna baxmayaraq, mağazada quraşdırılmış kamera sistemləri naqillər elektrik yuvalarından çıxarılsa belə, təhlükəsizlik kameraları həmin hadisəni sonunadək qeydə almışdır. O, naqilləri yenidən elektrik yuvasına quraşdıraraq televizoru yandırmış və videogörüntülərə baxmağa başlamışdır. O, videogörüntülərdən dəqiq olaraq hadisənin nə zaman baş verdiyini müəyyən edə bilməmiş, çünki həmin videogörüntülərdə göstərilən saat real saatdan 03 saat 53 dəqiqə geriyə olmuşdur. O, videogörüntülərdə kepkalı, kepkanın üzərinə kapüşon keçirmiş və tibbi maska taxmış naməlum bir şəxsin, xalq arasında “montirovka” adlanan alətlə “Star-2” mağazasının qarşıdan baxan zaman sağ tərəfində yerləşən qapıya doğru gələrək, həmin alətlə qapının qıfılını sındırmasını, qapını açdıqdan sonra içəriyə, yəni mağazanın ümumi hissəsinə daxil olmasını, ümumi hissədə yerləşən mallara toxunmayaraq, birbaşa ofisə doğru yönəlməsini, ofisin də qapısını “montirovka” ilə zor tətbiq etmək surətilə açmasını, ofisə daxil olaraq birbaşa masanın arxasında yerləşən oturacağı qırağa çəkməsini və ilk olaraq sol siyirməni açmaqla, orada yerləşən qırmızı seyfin açarını götürməsini, seyfi açaraq seyfdə olan 8570 manat miqdarında pul vəsaitini oradan götürməsini və seyfi açarla bağlayaraq açarı sol siyirməyə qaytarmasını, sonda isə sağ siyirmədən 1120 manat miqdarında pul vəsaitini götürərək uzaqlaşmasını görmüşdür. Sonradan polisdə araşdırma getdikdən sonra hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədildiyini bildimişdir. Zərərçəkmiş şəxsərizə təqdim edərək təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanıntam ödənildiyini, sonuncuya qarşı şikayəti və tələbi olmadığını bildirərək sonuncuya ən yüngül cəza təyin edilməsini və məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində bildirmişdir ki, o, “Alov” Ticarət Mərkəzində mühafizəçi işləmiş,onların iş saatları 17:00-dan 08:00-adək olan müddəti əhatə etmişdir. xx.xx.2023-cü il tarixdə saat səhər 06:00-06:20 aralığında o, “Alov” Ticarət Mərkəzinin digər mühafizəçisi olan Şahid1 ilə birlikdə ayaqla sözügedən ticarət mərkəzində dükanlara baxış keçirmişlər, o, öndə, Elmar isə arxada olmuş,onlar birbirlərini görməmişlər və aralarında 5 dəqiqəlik məsafə olmuşdur. “Alov” Ticarət Mərkəzinin 2 nöqtəsi üzrə hərəkət etmişlər və heç vaxt hər 2 nöqtənin nəzarətsiz qalmasına imkan verməmişlər. O, “Star 2” dükanının önünə yaxınlaşanda qarşıda “VAZ (Lada) 2106” markalı badımcan rəngli avtomobili görmüş və sürücüyə dükanların hələ açılmadığını bildirərək, burada özbaşına nə axtardığını soruşmuş,sürücü isə öz növbəsində buranın daimi müştərisi olduğu bildirərək, topdan satış mallarını almağa gəldiyini söyləmiş,o, həmin şəxsə iradını sərt şəkildə bildirmişdir. Elə bu hadisədən dərhal sonra qonşuluqda “1001 Xırdavat” dükanının sahibi olan Arif dayının “bu mağaza niyə belə açıqdır? dediyini eşitmiş,əli ilə göstərdiyi mağazaya tərəf baxdıqda, həmin mağazanın “Star 2” mağazası olduğunu görmüşdür. Mağazanın önündən baxarkən sol və sağ qapılarından sağ tərəfdə olanının açıq olduğunu görmüşdür. O, açıq olan sağ tərəfdə yerləşən qapıya doğru hərəkət edərkən, Arif dayı ona “heçnəyə toxunma!” demişdir. Elə bu zaman digər mühafizəçi Elmarın da onun olduğu tərəfə gəldiyini görmüşdür. O, qapının yarımçıq şəkildə açıq olduğunu, qapının qıfılının yerində olmadığını və fiziki güc vasitəsilə açıldığını görmüşdür. Elmar ona yaxınlaşdıqdan sonra o, Elmara dərhal “Alov” Ticarət Mərkəzinin mühafizəsi üzrə müdirə zəng etməsini söyləmiş, Elmar da vaxt itirmədən müdir olan Rafiq müəllimə mobil telefon vasitəsilə zəng edərək, hadisə barəsində məlumat vermişdir. Bundan sonra o və Elmar digər dükanlardan da oğurluq hadisəsinin baş veribverməməsini öyrənmək üçün “Alov” Ticarət Mərkəzində digər dükanlara baxmağa başlamışlar. O, dükanlara sıra ilə baxarkən Zərərçəkmiş şəxs qarşıdan gəldiyini görmüş və sonuncuya dərhal hadisə barəsində məlumat vermiş və hər ikisi birlikdə dükana doğru getmişlər. Onun dükana daxil olmamağıma baxmayaraq, Hikmət dükana daxil olmuşdur. Məhkəmə iclasında Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - “baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs işlətdiyi mağazadan oğurluq hadisəsi Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzindəyerləşən “Star-2” mağazasındabaş vermiş və zərərçəkmiş şəxs oğurlanmış pulların yerini özü təqdim etmişdir. - “videogörüntüyə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və DVD diskdə olan görüntülərdən görünür ki, həmin videogörüntülər 3 hissədən ibarətdir, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzinin həyətində və həmin mərkəzdə yerləşən “Star-2” mağazasının daxilində quraşdırılmış müşahidə kameraları vasitəsi ilə qeydə alınmışdır. Videogörüntüdən havanın qaranlıq olduğu və “Alov” Ticarət Mərkəzinin həyətinin süni işıqlandırma vasitələri ilə işıqlandırıldığı, “Star-2” mağazasının isə işıqlandırılmadığı görülür. İlk videogörüntüdən aydın olur ki, “Alov” Ticarət Mərkəzinin həyətində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmış və qara geyimdə olan naməlum şəxs “Alov” Ticarət Mərkəzinin həyətinə daxil olur. İkinci videogörüntüdən aydın olur ki, “Star-2” mağazasının müşahidə kamerası vasitəsilə qeydə alınmışdır və mağazanın içərisi işıqlandırılmamışdır. Naməlum, üzərində qalın gödəkçə, başında üzərinə kapüşon keçirilmiş kepka və əllərində əlcəklər olan naməlum şəxs videogörüntüdən iş masası olduğu görünən masanın sağ siyirmələrindən yuxarıda olanı açır və həmin siyirmədən götürdüyü əsginasları üzərində olan şalvarın sol ön cibinə qoyur. Daha sonra aşağıdakı 2 siyirməni də açır və içərini əlində olan fənərlə işıqlandırır. Həmin siyirmələrin boş olduğunu görən şəxs siyirmələri bağlayır və daha sonra iş masasının önündən keçərək qapıdan çölə çıxır. Həmin anda naməlum şəxsin əlində mismar çıxaran alətin olduğu görünür. Üçüncü videogörüntüdən aydın olur ki, “Alov” Ticarət Mərkəzinin həyətində quraşdırılmış müşahidə kamerası vasitəsilə qeydə alınmışdır və havanın qaranlıq olması səbəbilə sözügedən həyət süni işıqlandırma vasitələri ilə işıqlandırılır. Naməlum şəxs əlləri cibində “Alov” Ticarət Mərkəzinin həyətinə daxil olur və əlləri cibində ikən sözügedən ticarət mərkəzinin həyətində mağazalara tərəf addımlamağa davam edir. “DVD-R” diskdə 03 ədəd videogörüntü var və ilk videogörüntü 00:07 dəqiqə, ikinci videogörüntü 00:38 dəqiqə, üçüncü videogörüntü isə 00:14 dəqiqə davam edir. Məhkəmədə Təqsirləndirilən şəxs həmin videogörüntülərdə olan şəxsin özü olduğunu etiraf etmişdir. - xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, iş üzrə şübhəli şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərdiyi xüsusatları dəqiqləşdirmək məqsədilə ifadəsi yerində, Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Alov” Ticarət Mərkəzində yoxlanılmışdır. İfadənin yerində yoxlanılması zamanı o, ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmiş, istintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər isə müvafiq protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-dən daxil olan xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X3 adlı 2 azyaşlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, himayəsində 2 azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında bir ildən bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılmasıcəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut olan: 8570 manat pulun sahibinə qaytarılması nəzərə alınmalı, 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılmalı və 01 ədəd asma qıfıl məhv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 10 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 60 manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 gün çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək,yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan: 8570 manat pulun sahibinə qaytarılması nəzərə alınsın, 01 ədəd “DVD-R” disk cinayət işinin materiallarında saxlanılsınvə 01 ədəd asma qıfıl məhv edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 60 (altmış) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar