Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-412/2023 29.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, evli, orta təhsilli, məhkumluğu olmayan, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ictimai yer olan Gəncə şəhəri, Poçt qəsəbəsində "xxxx" QSC-in 363-cü km, PK 8-də yerləşən qorunan keçid məntəqəsində avtomobil yolunda hərəkəti müvəqqəti dayandırılmasını bəhanə edərək, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə uca səslə qışqırmış, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək "xxxx" QSC-in 6 nömrəli Yol Sahəsində keçid gözətçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb, bununla sakitləşməyərək sonuncunu qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmaya aid edilən sol gicgah-qulaq nahiyəsinin əzilməsi, hematoması xəsarətini yetirərək zor tətbiq edib, həmin keçid məntəqəsində dayanan avtomobillərin hərəkətini 10-15 dəqiqə pozmaqla qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Samux rayonu, Sərkar kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. Özün məxsus 07-VЈ-106 dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusla sərnişin daşıması ilə məşğul olur. 30 may 2023cü il tarixdə saat 14 radələrində idarə etdiyi mikroavtobusla Gəncə şəhərindən üzü Samux rayonuna gedən zaman Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən qorunan dəmir yol keçidinə çatdıqda keçiddə şlaqbaun qəfil aşağı salınmış və o, da həmin vaxt şlaqbaunu salan sonradan adı ona məlum olan Miri adlı şəxsə “bu necə şlaqbaum aşağı salmaqdır? az qala şlaqbaun avtomobilə dəyəcəkdir” deyə sual etmişdir. Miri isə cavabında ona qışqıra-qışqıra “sən kimsən mən yaxşı edirəm” demiş və onu öz yanına çağırmışdır. O Mirinin yanına gedib qışqırdığına görə öz iradını bildirdikdə, həmin vaxt Miri onun qolundan tutub oradakı gözətçi otağına salaraq polis çağıracağını bildirmişdir. O gözətçi otağında Miri ilə mübahisə edən zaman gözətçi otağına başqa bir nəfər girib özünü dəmiryolçu kimi təqdim etmiş və dava-dalaş etməmələrini bildirdikdə oda həmin şəxsə “yaşlı adamdı danışığına fikir vermir” deyərək cavab vermiş və əli ilə yaxasından tutmuş Mirini geri itələyib gözətçi otağını tərk edib çıxıb getmişdir. Hadisə vaxtı o, Zərərçəkmiş şəxs vurmamış,sadəcə olaraq Miri onun əli ilə yaxasından yapıdığı üçün onun əllərindən tutub geri itəlmişdir. Həmin mübahisə zamanı səs-küyə heç kim gəlməmiş, orada adını bilmədiyi dəmiryolçudan başqa heç kim olmamışdır. Sonda məhkəmədən İİ-ci Qarabağ müharibəsi iştirakçısı olmasını, müharibədə yaralanaraq əlil olmasını, himayəsində azyaşlı uşağının olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2007-ci ildən "xxxx" QSC-in 6 nömrəli Yol sahəsində gözətçi işləyir. Onun vəzifəsi gözətçi məntəqəsində olan şlaqbaun vasitəsilə qatarların hərəkəti zamanı qorunan keçid zolaqlarının bağlanması, şəxs və ya əşyaların qatarların hərəkəti zamanı qorunan keçid zolaqlarından kənarda olmasını təmin etmək və s. ibarətdir. 30 may 2023-cü il tarixdə saat 14 radələrində Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən qorunan dəmir yolu keçidində işdə olduğu zaman qatar gəldiyinə görə şlaqbaunu aşağı endirmiş və həmin vaxt **-BU-*** dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusun tanımadıdığı sürücüsü avtomobildən düşərək onun ünvanına nalayiq söyüşlər söyüb keçməsi üçün şlaqbaunu açmağını bildirmişdir. Bundan sonra o həmin sürücüyə qatarın yaxınlaşdığını və qorunan keçid zolağında olan şlaqbaunu aça bilməyəcəyini demişdir. Şlaqbaunu açmadığı üçün həmin sürücü təkrar ona qarşı nalayiq söyüşlər söyərək qorunan dəmir yol keçidində olan gözətçi otağına daxil olaraq oradada ona qarşı yenidən nalayiq söyüşlər söyüb yumruqla onun baş nahiyəsindən vurmuş və o zərbənin təsirindən yerə yıxılmışdır. Səs-küyə həmçinin tanımadığı şəxslər, yəni orada gözləyən avtomobillərin sürücüləri gəlib onu döyən şəxsi sakitləşdirib gözətçi otağından çıxartmış və tanımadığı şəxslər onu yerdən qaldırmışlar. Bundan sonra o polis şöbəsinə gəlib baş vermiş hadisə ilə bağlı ərizə ilə müraciət etmışdır. Dava vaxtı orada onlardan başqa həmçinin tanımadığı şəxslər, yəni orada gözləyən avtomobillərin sürücüləri olmuş, sürücü Təqsirləndirilən şəxs onun baş nahiyəsindən yumruqla vurub xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, hadisədən sonra qardaşı, qardaşı oğlu və digər yaxın qohumları vəfat etdiyindən həmin hadisənin təsiri nəticəsində keçirdiyi psixi pozuntularla bağlı yaddaşında problemlər yaranmış və baş vermiş hadisəni tam xatırlaya bilmir.İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir və məhkəmədən həmin ifadəsinn elan edilməsini xahiş edir. Odur ki, məhkəmə iclasında Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək araşdırılmışdır. Həmin ifadədən görünür ki, o, ünvan 2 ünvanında ailəsi ilə birlikdə yaşayır. "xxxx" QSC-in 6 nömrəli Yol sahəsində keçid gözətçisi vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə saat 14 radələrində o Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən qorunan dəmir yol keçidinin yaxınlığına olan zaman dəmir yol şlaqbaun bağlı olan vaxt bir nəfər sonradan adını bildiyi Samir adlı şəxs qorunan dəmir yol keçidində gözətçi işləyən Zərərçəkmiş şəxsla mübahisə edərək keçmək üçün şlaqbaunu açmağını dedikdə, Zərərçəkmiş şəxs həmin şəxsə qatarın yaxınlaşdığını və qorunan keçid zolağı olduğundan qatar keçdikdən sonra şlaqbaunu aça biləcəyini bildirdikdə aralarında mübahisə yaranmış və Samir adlı şəxs idarə etdiyi **-BU-*** dövlət nömrə nişanlı Mersedes markalı mikroavtobusdan enərək Mirinin yanına getmişdir. Bundan sonra Miri ilə Samirin arasında yenidən mübahisə olmuş, Miri ilə Samir gözətçi otağına keçmiş və orada dava etdiklərini görüb o Gəncə 6 nömrəli yol sahəsinin işçisi Şahid1 və tanımadıqları şəxslər gözətçi otağına daxil olmuşlar. O, gözətçi otağına daxil olduqda Mirinin yerdə uzanıqlı vəziyyətdə olduğunu görmüş və həmin vaxt tanımadığı şəxs Samiri sakitləşdirib gözətçi otağından çıxartmışdır. Bundan sonra onlar Mirini yerdən qaldırmışdır. Samir isə gözətçi otaqından çıxıb idarə etdiyi avtomobilə əyləşib ordan uzaqlaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. Hadisə günü o, dəmiryol xəttinin kənarında işləyən zaman qorunan keçidin qarşısında tıxac yarandığını görmüşdür. Həmin vaxt elə zənn etmişdir ki, yəqin hansısa maşın şlaqbaunu vurmuş və tıxac məhz o səbəbdən yaranmışdır. Bundan sonra özü gözətçi otağına gedəndə görmüşdür ki, iş yoldaşı Zərərçəkmiş şəxs çökmüş vəziyyətdə otaqda oturmuşdur. O, Miridən nə olduğunu soruşduqda sonuncu ona ağrıdığını bildirmişdir. Ancaq o, hadisə zamanı orada dava düşməsini və Mirinin kiminlə dalaşmasını görməmişdir. Miri Həsənov çökülü vəziyyətdə olduğundan elə zənn etmişdir ki, onun ürəyi ağrıyır. Hadisə zaman 7-8 nəfərin ora yığışmasını görmüşdür. Hesab etmişdir ki, maşın maşına dəyib. Ona görə də hadisə yerinə getmişdir. Mirinin yanına gedən zaman orada əlavə 2 yaxud 3 nəfər olmuş, bir qədər sonra oraya polislər gələndən sonra qorunan keçiddə dava olduğunu öyrənmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət işi başlanması haqqında” 22 iyun 2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. xx.xx.2023-cü il tarixli “Qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 3-13-15-1/1-679/23 nömrəli əməliyyat tapşrığına cavab məktubundan görünür ki, baş vermiş hadisə zamanı ətrafda başqa şəxslər olmuş, lakin həmin şəxslərin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, bundan başqa müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heç kəs köməklik göstərməmiş, həmin cinayəti tək törətmiş, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmişdir. Həmin hadisə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında şəxsi münasibətlər zəminində baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X1 Gəncə şöbəsinin xx.xx.2023 il tarixli 813 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol gicgah-qulaq nahiyəsinin əzilməsi, hematoması – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Zərərçəkmiş şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərib ifadəsini bir daha təsdiq etmişdir. xx.xx.2023-cü il tarixli “üzləşdirmə” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı onlar ifadələrində göstərdikləri xüsusatları bir daha bir-birlərinin üzünə qarşı demişlər. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsindən həmin məcəllənin 221.1-ci maddəsinə tövsif edilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər narkoloji dispanser və Gəncə şəhər psixonevroloji dispanserin arayşlarından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda durmur. Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Onlar barışmışlar. Təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini xahiş edir. № İ-3047 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. № İ-789 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Döyüşdə fərqlənməyə görə medalı” ilə təltif olunmuşdur № İ-77412 nömrəli medalın vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı medalı” ilə təltif olunmuşdur. Doğum haqqında şəhadətnamənin surətindən və elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı (xx.xx.2021-ci il təvəllüdlü X2) övladı var. Elektron çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 3cü qrup əlildir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək həmin cinayəti törətmədiyini zərərçəkmiş şəxsə xəsarət yetirməməsini zərərçəkmiş şəxsin onun yaxasından tutuduğu üçün özünün də zərərçəkmiş şəxsin yaxasından tutaraq onu geri itələyib sonra isə çıxıb getdiyini bildirməsi məhkəmə tərəfindən özünü müdafiə xarakteri daşıyan hal kimi qiymətləndirilir. Belə ki, tədqiq edilmiş sübutlarla yəni müvafiq məhkəmə-tibb ekspertizası rəyi, üzləşdirmə protokolu, iş üzrə dindirilmiş zərərçəkmiş şəxs və şahidlərin ifadələri, digər istintaq materialları ilə və zərəçəkmiş şəxsə dəymiş zərəri ödəyərək, barışıq əldə etməsi ilə sübuta yetirilir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri, Poçt qəsəbəsində "xxxx" QSC-in 363-cü km, PK 8-də yerləşən qorunan keçid məntəqəsində avtomobil yolunda hərəkəti müvəqqəti dayandırılmasını bəhanə edərək, ətrafda olan şəxslərə məhəl qoymadan, cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə uca səslə qışqırmış, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək "xxxx" QSC-in 6 nömrəli Yol Sahəsində keçid gözətçisi vəzifəsində işləyən Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb, bununla sakitləşməyərək sonuncunu qəsdən əl zərbələri ilə vurmaqla sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Onun özünü təqsirli bilməməsi isə özünü müdafiə xarakterli ifadə kimi qəbul edilməlidir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair 20 may 2011-ci il taixli Qərarının göstərişlərində göstərilir ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də, zərər çəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bununla da, Təqsirləndirilən şəxs öz davranışı ilə ictimai qaydalara qarşı açıq etinasızlıq göstərmiş, özünü ətrafdakılara qarşı qoymuş və cəmiyyətə qarşı açıqdan-açığa hörmətsizlik göstərmiş, əxlaq normalarını kobud surətdə pozmuşdur. Beləliklə məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməlləri düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər-min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, CM-in 59.1.12-cü maddəsinə əsasən zərərçəkmiş şəxslə ilə barışıq əldə edilməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar - 3-cü qrup əlil olmasını, Vətən müharibəsində iştirak etməsini və bir sıra medallarla təltif olunmasını, himayəsində 1 azyaşlı övladının olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə onu da qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzasını yüngülləşdirən hallar CM-in 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəza təyin edilən zaman nəzərə alınmalıdır. CM-in 60-cı maddəsinin tələblərinə görə bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin sanksiyasında 4 növ cəza nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə aşağı həddə cərimə cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının, azadlığın məhdudlaşdırılması cəzasını və islah işləri cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və onun törətdiyi cinayətin xarakterinə, şəxsiyyətinə görə cərimə cəzasını təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə cərimə cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını aşağı həddə təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 17 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356,358, 384–385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-412/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-412/2023
29.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver