Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-414/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Dövlət ittihamçısı - Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiala Gəncə Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 19 radələrində yaşadığı ünvan 1 ünvanında həyat yoldaşı Zərərçəkmiş şəxs evlərində usta kimi işləyən Şahid1 təmir aləti vermək üçün evin zirzəmisinə getməsinə görə Zərərçəkmiş şəxs ilə qısqanclıq motivində aralarında baş vermiş mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sağ qulaq nahiyəsinə zərbələr endirərək sonuncunun sağ qulaq pərdəsinin zədələnməsi (perforasiyası), sağ qulaq seyvanının qançırı ilə müşayiət olunan sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, 1-ci dərəcəli əlildir. 2012-ci ildə Zərərçəkmiş şəxs ilə evlənmiş və həmin nikahdan iki övladı doğulmuşdur. xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində evlərinin mətbəx mebelinin təmirə ehtiyacı yarandığı üçün qonşuluqlarında yaşayan usta Şahid1 atası Zeynal evə dəvət etmiş və Sərdar evə gəldikdə o atası Zeynalla birlikdə mətbəxdə domino oynayırmışlar. Sərdar mebelin petləsinin dəyişməli olmasını bildirdikdə atası Zeynal bir neçə gün əvvəl petlə alıb zirzəmiyə qoyduğunu bildirmişdir. Sərdar isə onlara oyunlarını davam etdirməklərini petləni özünün götürəcəyini bildirmişdir. Sərdarla illərdi tanışdırlar və o onların evinə bələd olduğuna görə onlar onunla birlikdə getməyərək oyunlarına davam etmişdirlər. Sərdar zirzəmiyə getdikdən bir neçə dəqiqə sonra Günel də onun arxası ilə zirzəmiyə getmişdir. O, Günelin Sərdarın arxası ilə getməsini görüb dominonu yarımçıq qoyub onların arxası ilə getmiş və Sərdarın Günelə əl atdığını görmüşdür. O, onları həmin vəziyyətdə görərək münasibətlərinin olmasını başa düşərək onlara heç bir söz demədən zirzəmidə qoyub atasının yanına gedərək bu barədə məlumat vermişdir. Onun arxasınca Sərdar və Günel də gəlmişdir. Bundan sonra Sərdar heç bir söz demədən çıxıb getmişdir. Onlar isə Günelin ailə üzvlərinə bu barədə məlumat verərək onu ata evinə göndərmişlər. Günelin anası qızını götürüb Sərdarın evinə aparmış, Günelin halı orada pisləşmiş və təcili yardım çağırılmışdır. Sonra isə Günelin qardaşı ora gələrək bacısını döyərək anasının evinə aparmışdır. xx.xx.2024-cü il tarixdə Günel həyətdə olan tualetə gedərək tualetin üstündəki şiferdən bir ədəd sellofanı götürüb onun sevgi duası olmasını bildirmiş və duanı götürüb çıxıb getmişdir. Sonda o, Günelin uşaq vaxtı velosipetdən yıxıldığına görə qulağında karlıq yarandığını bildirmişdir. Məhkəmənin iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əridir. 2012-ci ildə onlar rəsmi olaraq nikah bağlamaqla evlənmiş və həmin nikahdan iki övladı doğulmuşdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında qayınatası Şahid2 mətbəx mebelinin təmiri üçün usta Sərdara zəng vurub evə dəvət etmiş, lakin usta yorğun olduğundan gec gəlmişdir. Onun ustanın nə zaman gələcəyi barədə heç bir məlumatı olmamışdır. Həmin gün axşam saat 18 radələrində evin yataq otağında olmuş, Elvinlə Zeynal isə mətbəxdə domino oynayırmışlar. Bu zaman qayınanası Solmaz ona səslənərək ustanın gəldiyini, gəlib dəmiri ona verməyini bildirmişdir. Bundan sonra o, yataq otağından çıxaraq zirzəmiyə getmiş və petləni Sərdara verdikdə Elvin onların yanına gələrək ilk olaraq Sərdarın baş nahiyəsindən sonra isə onu vurmuşdur. Onlar mətbəxə keçdikdən sonra Elvin yalandan hay-küy salaraq guya Sərdar ustanın ona əxlaqsız hərəkət etdiyini bildirmişdir. Sərdar onların arxasınca gəlib ayıb olduğunu, belə bir şeyin baş vermədiyini bildirib çıxıb getmişdir. Bundan sonra onlar onun anası Məhəbbətə məlumat vermişilər. Bir qədər sonra anası həmin yerə gəlmiş və onu aparmağı təklif etmişdir. O, isə ailəsinin dağılmağını istəmədiyi üçün bundan imtina edərək anası ilə getməmişdir. Anası getdikdən sonra isə qayınanası ona Elvin sakitləşənədək 1 həftəlik anası gildə qalmağını məsləhət görmüşdür. Bundan sonra o, anasının yanına getmiş, daha sonra isə anası və xalası ilə birgə Sərdar gilə getmiş, anası orada Sərdarla dalaşmışdır. O, özünü pis hiss etdiyi üçün ambulans gələrək ona tibbi yardım göstərmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında o övladlarını görmək üçün qayınatasıgilə getmişdir. O, həyətə daxil olduqda qayınatası hay-küy salaraq ona çıxıb getməyini bildirmiş və qolundan tutub çölə çıxartmışdır. Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirli bilərək Zərərçəkmiş şəxs ilə barışdıqlarını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin olmadığını bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Cinayət işinin materiallarında olan: - 01 iyul 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.1); - 16 mart 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, ünvan 2 ünvanında baxış keçirilmiş və həmin evin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.8-10); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi”nin 28 mart 2024-cü il tarixli, 506 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - küt sağ said nahiyəsinin qançırı – küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. (iş vər 20) - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və PA birliyi”nin 16 mart 2024-cü il tarixli, 461 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ qulaq pərdəsinin zədələnməsi (perforasiyası), sağ qulaq seyvanının qançırı – küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir. Əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (iş vər 23) - 08 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(iş vər 51); - 08 iyul 2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. (iş vər 74); - 09 iyul 2024-cü il tarixli üzləşdirmə protokoldan görünür ki, zərərçəkimş şəxs Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkətləri aparılmışdır. (iş vər 78); - 03 iyul 2024-cü il tarixli, 4780 saylı Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. (iş vər 93); - 09 iyul 2024-cü il tarixli, 4740 saylı Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (iş vər 94); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat-Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. (iş vər 96) - Məhkəmə psixiatrik ekspertiza mərkəzi 11 iyul 2024-cü il tarixli 480 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs keçirilmiş kəllə-beyin travmasının qalıq əlamətləri, davranış pozuntuları ilə XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyindən əziyyət çəkir. Həmin xəstəlik əlamətlərinin az ifadəli olması səbəbindən ona şamil edilən əməli törədən zaman öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk və idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. O, halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk edir. Onun halhazırki psixi vəziyyəti onunla istintaq hərəkətlərinin aparılmasına imkan verir. Təqsirləndirilən şəxs barəsində hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Onun hal-hazırda özünə və ətrafdakılara zərər yetirmək təhlükəsi yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən cinayət əməlini törədərkən əsəbi emsional vəziyyətdə olmuş, cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). (iş vər 114-116); - 06 avqust 2024-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxs və şahid ifadələri, ekspert rəyləri, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri qiymətləndirilmişdir (iş vər 118-128); Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün, zərərçəkmiş şəxsin və şahid ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki,cinayət əməlini törətmişşəxs Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, cinayət törətdikdən sonra cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxslə barışıb ona dəyən ziyanı tamamilə ödəmişdir. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası CM-in 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 20 (iyirmi) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-414/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-414/2024
21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver