Məhkəmə qərarları › İş №1(125)-416/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-416/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-416/2024 10.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, müdafiəçi – Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, Z.Məmmədov küçəsi, ev 63-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Depo qəsəbəsində yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 22,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-in CAB-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə, saat 14:00 radələrində Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin mərkəzində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Malibu” markalı “**-TY-***” dövlət qeydiyyat nişanlı avtomobillə saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis idarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan tünd boz rəngli cins şalvarın ön sağ cibindən 1 ədəd şəffaf polietilen torba kəsiyində içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 22,35 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. İşin halları və dəlilləri: Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Əvəllər AR CM-nin 234.2-ci maddəsi ilə məhkum olunmuşdur, özü 6 ilə yaxındır ki, narkotik vasitə istifadəçisidir. 25.04 2024-cü il tarixdə Gəncə şəhərində Gəncə çayının kənarında gəzərkən yerdə 1 ədəd sellofana bükülü halda büküm görmüş və götürüb ağzını açıb baxdıqda əvvəllər narkotik vasitə istifadə etdiyi üçün bilmişdir ki, həmin maddə “marixuana” deyilən narkotik vasitədir. O, həmin vasitəni istifadə etmək üçün şalvarının cibində saxlamışdır. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri Hacıkənd qəsəbəsinin mərkəzində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Malibu” markalı “** TY ***” dövlət qeydiyyat nişanlı avtomobillə yol kənarında dayanmış və 2 nəfər mülki geyimli, 2 nəfər isə polis geyim formasında polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etmiş və onu Gəncə şəhər 2-ci PŞ-nə gətirmişlər. Orada müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri izah olunduqdan sonra şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan tünd boz rəngli şalvarın sağ yan cibində olan marixuananı təqdim etmiş, büküm elektron tərəzidə çəkilərək 23.61 qram olmuşdur. Daha sonra o, növbəti məhkəmə iclaslarında o, özünü təqsirli bilməyərək şübhəli şəxs qismində saxlanılan zaman üzərindən və avtomobilindən heç bir narkotik vasitə aşkar olunmadığını, polislər tərəfindən ona təsir olunduğunu və polis bölməsində üzərinə narkotik vasitə qoyulduğunu bildirərək barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, 26 aprel 2024-cü il tarixdə Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin kiçik inspektoru polis baş serjantı Şahid2, şöbənin PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid3 və PPXT-nin polis nəfəri, polis serjantı Şahid4 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Hacıkənd qəsəbəsinin mərkəzində etibarnamə əsasında idarə etdiyi “Chevrolet Malibu" markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobildə olmasını müəyyən edərək saxlamışlar. Özlərini təqdim edərək qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirib Gəncə şəhər 2-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək üçün Müdafiəçi1 dəvət edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində qanunla qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan boz rəngli cins şalvarın ön sağ cibindən bir ədəd şəffaf sellofan torba kəsiyini təqdim etmişdir. Həmin sellofan bükümün içərisinə baxış keçirilərkən ilk baxışdan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni 1 gün qabaq, yəni 25 aprel 2024-cü il tarixdə Gəncə çayının yanında yerdən tapdığını, həmin kütləni tanıdığını, əvvəllər narkotik vasitə istifadəçisi olduğunu və şəxsi istifasindən ötrü üzərində saxladığını və həmin kütlələri heç kəsdən almadığını bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, onun xidməti ərazisi Hacıkənd qəsəbəsi olduğunu, keçiriləcək tədbirin onlara aid olmadığını, sadəcə tədbirə kömək edilməsi ilə bağlı İdarədən xəbər verildiyini bildirərək həmin vaxt polis əməkdaşlarına köməklik etmişdir. Onlar Təqsirləndirilən şəxs kafenin həyətində oturan zaman yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu şübhəli şəxs qismində 2-ci Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq S.Qaraşavun üzərinə axtarış keçirilən zaman orada iştirak etmədiyini və sonuncuya yaxınlaşan zaman onun tək olmadığını, yanında adamlar olduğunu, lakin həmin şəxslərdə narkotik vasitə aşkarlanmadığı barədə məlumatı olduğunu qeyd etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, o, Hacıkənd qəsəbəsinin mərkəzində xidmətdə olarkən köməyə çağırılmışdır. Onlar Təqsirləndirilən şəxs avomobildə olan zaman yaxınlaşıb özlərini təqdim etdikdən sonra şübhəli şəxs qismində saxlayıb 2-ci Polis Şöbəsinə təhvil vermişlər. Məhkəmə iclasında verilən suallara cavab olaraq o, Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilən zaman orada iştirak etmədiyini bildirmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Dövlət ittihamçısının verdiyi sualla cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs öz avtomobilində olan zaman ona yaxınlaşmış, avtomobili saxlatdırmış və özlərini təqdim etdikdən sonra ona qanunsuz olaraq narkotik vasitələri üzərində saxlamasında, daşımasında və istifadəsində şübhəli olduğunu bildirib Gəncə şəhər 2-ci PŞ-nin inzibati binasına dəvət etmişlər. Həmçinin verilən suallara cavab olaraq o, bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “cinayət işi başlanması və icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməsi qərara alınmışdır. (i.v.1); - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 26 aprel 2024-cü il tarixdə saat 14:00 dəqiqədə tutulmuşdur. (i.v.13, 23); - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdən müəyyən edilir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X2, şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, şöbənin KTQ-nun baş inspektoru polis baş leytenantı X5, şöbənin CABnin kiçik inspektoru Şahid2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəfaf rəngli sellofanda olan bükülünü çıxarıb marixuana kimi tanıdığı narkotik vasitə olduğunu və həmin vasitədən istifadə etdiyini bildirmişdir. Həmin bükülü ağzı açılaraq kəskin iyli, yaşıl rəngli ilk baxışdan marixuanaya oxşar kütlə elektron tərəzidə çəkilərək sellofan bükümlə birlikdə 23,61 qram müəyyən edilmiş, kütlə zərfə qablaşdırılaraq DİN-nin 120 saylı möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. (i.v.32); - ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 32,40 (otuz iki manat qırx qəpik) manat müəyyən edilmişdir (iş.vər.44); - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin xx.xx.2024-cü il tarixli 16/481 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində " Təqsirləndirilən şəxs ...” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen torba kəsiyində təmiz çəkisi 22,35 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi – 22,35 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 22,30 qram (i.v.45); - xx.xx.2024-cü il tarixli “cinayət işinin icraata qəbul edilməsi” haqqında qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v.51); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i.v.58); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir.(i.v.66-68); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi MYS-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİnin MSY-dən azad edilmişdir.(i.v.75); - xx.xx.2024-cü il tarixli “nəqliyyat vasitəsinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “Chevrolet Malibu” markalı “**-TY-***” dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilmiş və iş üzrə əhəmiyyət kəsb edəcək heç bir əşya və ya predmet aşkar edilməmişdir. Həmin avtomobilin salonunun fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v.83-90); - xx.xx.2024-cü il tarixli “telefona baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonunun zənglər və mesajlar bölməsində, həmçinin foto və video bölməsində iş üzrə əhəmiyyət kəsb edəcək heç bir şey aşkar edilməmişdir.(i.v.91); - Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 3662 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur.(i.v.105); - Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən asılılıq diaqnozu ilə dispanser qeydiyyatındadır ( i.v.106); - Gəncə Şəhər Məhkəməsinin 5(125)-291/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs telefon vasitəsi ilə ötürülən məlumatların ələ keçirilməsinə dair qərar qəbul edilmişdir. (i.v.108); - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1997-ci il tarixdə Bakı Hərbi Tribunalının qərarı ilə Azərbaycan Respublikası CM-nin 143.3-cü və 253-cü maddəsi ilə 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.1-ci maddəsi ilə 01 il islah işi cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarına əsasən cəzasının qalan 01 il 07 ay 11 gün cəzası aylıq qazancının 15% dövlət nəfinə tutulmaqla əvəz edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə 02 il 02 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə CM-ın 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir (i.v.111-113); - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 831 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.( i.v.129); - Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir(i.v.146-152); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarı elan edilmiş və iş üzrə icraat dayandırılmışdır (i.v.153); - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi” haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir (i.v.157); - xx.xx.2024-cü il tarixli “şəxsin könüllü gəlməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər BPİ-nin inzibati binasına könüllü gəlib özünü təqdim etmişdir. (i.v.161); - xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilmədən saxlanılması” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvədə saxlanılmışdır (i.v.162); - xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 22,30 qram qurudulmuş marixuana, üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələr ilə aparılan telefon danışıqları zamanı əldə edilmiş anten dairələrinə dair məlumatların olduğu 1 (bir) ədəd CD disk, təqsirləndirilən şəxs və şahid ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertlərin rəyləri, həmçinin digər istintaq sənədləri ilə qiymətləndirilmişdir ( i.v.167-175); - Salyan rayon Məhkəməsinin 7(057)-739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 1(043)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq azad edilmişdir. - Gəncə Şəhər Probasiya Şöbəsinin təqdim etdiyi arayışa əsasən Təqsirləndirilən şəxs cəzasının 01 il 08 ay 17 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində polis əməkdaşlarının ona təsir göstərməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmiş və sübutlar təqdim etməmişdir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə qeyd olunmalıdır ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə etmə, saxlama və daşıma cinayətini törətməsini etiraf etməsə də, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün məhkəmə iclasında verdiyi ziddiyətli ifadələri, şahidlərin verdikləri ifadələri, ekspert rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun təqsirli olması tam sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmalı və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, məhkəmə iclasında baxış keçirilmiş DVD diskində olan video görüntülərdə də müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X2, şöbənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, şöbənin KTQ-nun baş inspektoru polis baş leytenantı X5, şöbənin CAB-nin kiçik inspektoru Şahid2 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili, Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki tünd boz rəngli cins şalvarın sağ cibindən 1 ədəd şəfaf rəngli sellofanda olan bükülünü çıxarıb marixuana kimi tanıdığı narkotik vasitə olduğunu və həmin vasitədən istifadə etdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə və təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi izahatlarında barəsində əməliyyat-axtarış tədbirləri, təhqiqat və rəsmiləşdirmə aparılarkən ona qarşı hər hansı bir qanunsuz hərəkətə yol verilmədiyini və bununla bağlı hər hansı bir vəsatətin və şikayətin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən heç bir etirazı və vəsatəti olmamışdır. Həmçinin təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilərkən Təqsirləndirilən şəxs cinayət əməlini etiraf etmiş və ona qarşı hər hansı təzyiq olması barədə fikir bildirməmişdir. Əgər Təqsirləndirilən şəxs polis idarəsində hər hansı təzyiq olmuşdursa, şübhəli şəxs qismindən tutulduqdan 2 gün sonra azadlığa çıxarkən müvafiq orqanlara və məhkəməyə şikayət etmək üçün kifayət qədər aylarla vaxtı və imkanı olmuşdur. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Həmçinin o, məhkəmə iclasında da ilkin dindirilən zaman özünü təqsirli bilmiş, lakin sonrakı məhkəmə istintaqında ona qarşı polis əməkdaşlarının qərəzli olmasını bildirmişdir. Sadalanan halları nəzərə alaraq məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi izahatı özünü müdafiə xarakterli və həqiqətə uyğun olmayan hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanunda qurudulmuş marixuanın şəxsi istehlak miqdarının yuxarı həddi 5 qram təşkil edir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin mütamadi olaraq narkotik vasitə olan qurudulmuş marixuananı qəbul etməsi, üzərində saxlaması tamamilə sübuta yetirilir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs və şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvələr azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün-ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan 3 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Salyan Rayon Məhkəməsinin qərarı ilə CM-ın 76-cı maddəsinə əsasən vaxtından əvvəl şərti azad edilmişdir. O, şərti olaraq cəzanın çəkilməmiş hissəsi ərzində, yəni 26 aprel 2024-cü il tarixdə yenidən qəsdən az ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən cinayətlərin residivi aşağıdakı hallarda təhlükəli sayılır: 18.2.1. qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda, 18.2.2. qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə. Məhkəmə həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilir. CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, şəxsin əvvəllər məhkum olunmasına baxmayaraq islah olunmamasını və yenidən eyni tərkibli cinayət törətməsini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Göstərilənləri nəzərə alaraq Təqsirləndirilən şəxs cəzasını Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, onun cəza çəkmə müddətinin əvvəli həbsə alındığı andan – 10 dekabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarət altına vermə” qətimkan tədbiri ləğv edilməli, onun haqqında “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalında həbs edilməlidir. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dən azad edilmişdir. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan qurudulmuş marixaunanın ekspertizadan sonrakı qalığı – 22,30 qram çəkidə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd DVD disk və telefon məlumatlarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməli və yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 fevral tarixli 31 saylı Qərarına əsasən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarını müdafiə etmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi vəsaiti hesabına 120 (yüz iyirmi) manat pul ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347-ci, 349-cu, 351-353-cü, 356-cı, 358-ci və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Salyan Rayon Məhkəməsinin 7(057)-739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin 1(043)-31/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasının, Salyan Rayon Məhkəməsinin 7(057)-739/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən çəkilməmiş qalan 01 (bir) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən birləşdirilməklə, ona hökmlərin məcmusu üzrə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 gün müddət təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında həbs edilsin. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar: Gəncə Şəhər Baş Polis İdarəsində saxlanılan ekspertizadan sonrakı qalığı – 22,30 qram çəkidə olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, axtarış zamanı aparılmış videoçəkilişin qeyd edildiyi 01 ədəd və telefon məlumatlar əks etdirən 01 ədəd ümumilikdə 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə xərci, ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Həmin müddət ərzində apellyasiya protesti və ya apellyasiya şikayəti verilməzsə, müddətin başa çatdığı gündən sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar