Məhkəmə qərarları › İş №1(125)-417/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-417/2023

20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-417/2023 20.09.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Hüseynov Kənan Zakir oğlunun sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, dövlət ittihamçısı X2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Qızılqaya qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə təxminən saat 23 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi 12 saylı tam orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs üz nahiyəsinə əli ilə qəsdən vurmaqla ona sağ göz ətrafının hematoması, sağ gözün ağlı qişasına qansızması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli xəsarət yetirmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs Salman Rəhimovu təxminən 7 il olar ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Zərərçəkmiş şəxs ona mobil telefon vasitəsilə zəng edərək Gülüstan qəsəbəsində olduğunu və uzun müddət görüşmədikləri üçün görüşərək çay içmək istədiyini bildirmişdir. O, Salmanla razılaşaraq Gəncə şəhəri, Gülüstan qəsəbəsi “İstiqlal parkı” adlanan parkın yanına gəlmişdir. Onlar Gülüstan qəsəbəsində 12 saylı məktəbin yaxınlığında olan çayxanada görüşmüş və təxminən saat 23 radələrinə qədər həmin çayxanada oturmuşlar. Çayxanadan çıxdıqdan sonra piyada gəzərək söhbət və zarafat etmişlər. Salman Rəhimovla bir-birlərini çoxdan tanıdıqları üçün aralarında zarafatları olmuşdur. Lakin həmin gün onun başqa problemləri olduğu üçün əsəbi olduğunu Salmana bildirmiş və ondan zarafatı kəsməsini istəmişdir. Lakin Salman sözlərinə məhəl qoymayaraq həmin zarafatlara davam etmişdir. O, Salmanın bu zarafatlarını qəbul etməmiş və özünü saxlaya bilməyib onun üz nayihəsinə yumruqla bir dəfə vurmuşdur. Bundan sonra Salman ona birdə onu axtarmamasını bildirmiş və oradan uzaqlaşmışdır. O, Salmanı zarafata əsəbləşdiyi üçün vurmuş, həmin vaxt ətrafda başqa heç kim olmamışdır. Sonradan hərəkətindən peşman olaraq Salmanla barışmışdır. Ona görə də Salman Rəhimov ilə barışmasını, sonuncunun ondan heç bir şikayət və tələbinin olmadığını nəzərə alıb məhkəmədən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs bir neçə il olar ki, tanıyır və aralarında dostluq münasibətləri vardır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında Gəncə şəhəri, Gülüstan qəsəbəsində şəxsi işlərini həll etdikdən sonra Cahangirin Gəncə şəhəri Gülüstan qəsəbəsində yaşadığını bildiyi üçün görüşmək məqsədilə ona zəng etmişdir. Telefon danışığı zamanı Cahangir evdə olduğunu söyləyib və bir neçə dəqiqə sonra Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “İstiqlal parkı adlanan parkın yaxınlığındakı çayxanaya gələcəyini söyləmişdir. Onlar görüşüb sözügedən çayxanda çay içdikdən sonra birlikdə piyada gəzərək söhbət və zarafat etmişlər. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində 12 saylı tam orta məktəbin yaxınlığında olan zaman Cahangir onunla həmişə etdiyi zarafata görə mübahisə etməyə başlamışdır. O, Cahangirə cavab qaytararaq zarafatları onun əhvalına görə etmək məcburiyyətində olmadığını bildirdikdə sonuncu ona əsəbləşərək ona kobud sözlər demiş, o, Cahangirə eyni sözlərlə cavab qaytardıqda isə Cahangir onun üz nahiyəsindən yumruqla bir zərbə vurmuşdur. O, zərbənin təsirindən arxaya gedərək arxası üstə yerə yıxılmışdır. Cahangir isə onun ünvanına kobud sözlər söyləyərək oradan çıxıb getmişdir. Bundan sonra özü hadisə barədə 5 gün polisə məlumat verməmiş və Cahangirin ondan üzr istəyərək onun xəstəxana xərclərini qarşılayacağını gözləmişdir. Lakin Cahangir onunla maraqlanmadığından və üzr istəmədiyindən o, xx.xx.2023-cü il tarixdə şikayət ərizəsi ilə polisə müraciət etmişdir. Hazırda Cahangirlə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini və Cahangirə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib Cahangirin barəsində işin icraatına xitam verilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan “MTE və PA” X3 şəxsin Goranboy rayon şöbəsindən verilmiş xx.xx.2023-cü il tarixli 546 saylı «canlı şəxsin ekspertizası» rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ göz ətrafının hematoması, sağ gözün ağlı qişasına qansızma- küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində gəstərilən tarixə yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan Gəncə Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin verdiyi xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl şəhəri, Qızılqaya qəsəbəsində yaşadığı müddətdə ərzində onun barəsində heç bir yazılı və yaxud şifahi surətdə şikayət daxil olmamış və o, müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışında təqdim etdiyi ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmış, zərərçəkmişin ona qarşı hər hansı tələbi və şikayəti olmadığı üçün onun barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə baxışında təqdim etdiyi notariat qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı hər hansı şikayət və tələbi yoxdur, odur ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə, iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Belə ki, cinayət işinin mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmışdır. Buna görə də zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən hər hansı şikayəti və tələbi yoxdur. Azərbaycan Respublikası CM-in 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72–73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Azərbaycan Respublikası CM-in 72 və 73-cü maddələri ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad olunmamışdır. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması nəzərə alınmalı və təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs oğluna məhkəmədə 8 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 48 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut,ekspertiza xərci və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321.2.1, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 48 (qırx səkkiz) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar