Məhkəmə qərarları › İş №1(125)-42/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-42/2025

05.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-42/2025 05.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində DİMÜŞ-nin prokuroru X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1990-ci ildə Yardımlı Rayonu Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, məhkum olunmamış, "X7" MMC-də təsərrüfat işi üzrə köməkçi işləyən,Yardımlı rayonu Köryədi kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə Zərərçəkmiş şəxs özünü, Türkiyə Cümhuriyyəti vətəndaşı kimi təqdim edərək ona Türkiyə Cümhuriyyətində yerləşən universitetlərin birində təhsil almağı üçün köməklik edəcəyi barədə yalan vədlər verərək vahid niyyətlə xx.xx.2021-ci il tarixdə Gəncə şəhərində yerləşən poçt filialından tanışı Şahid2 adına göndərilən 900 (doqquz yüz) manat pulu, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə tanışı Şahid3r qızının adına olan 6768 67** **** 8909 nömrəli “Kapital Bank" kart hesabına göndərilən 1500,00 manat pulu, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə tanışı Şahid3r qızının adına olan 6768 67** **** 8909 nömrəli “Kapital Bank” kart hesabına göndərilən 1700.00 manat pulu, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə tanışı Şahid3r qızının adına olan 6768 67** **** 8909 nömrəli “Kapital Bank” kart hesabına göndərilən 500,00 manat pulu, xx.xx.2021ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə atası Şahid4 Mərzəsən oğlunun adına olan 4169 74** **** 3760 nömrəli “Kapital Bank" kart hesabına göndərilən 250,00 manat pulu, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə atası Şahid4 Mərzəsən oğlunun adına olan 4169 74** **** 3760 nömrəli “Kapital Bank” kart hesabına göndərilən 300,00 manat pulu, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə özünə məxsus 4****3072 nömrəli “Kapital Bank" kart hesabına göndərilən 200.00 manat pulu, xx.xx.2021-ci il tarixdə Gəncə şəhəri, N.Nərimanov küçəsində yerləşən Panda marketin qarşısında yerləşən MilliÖn ödəniş terminalı vasitəsi ilə özünə məxsus 4****3072 nömrəli “Kapital Bank” kart hesabına göndərilən 100.00 manat pulu ələ keçirərək Zərərçəkmiş şəxs ümumilikdə 5450 (beş min dört yüz əlli) manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs "facebook" sosial şəbəkəsində tanış olduğu Şahnaz adlı xanımın vasitəsi ilə tanımışdır. Həmin vaxt o, təxminən iki ay əvvəl Türkiyə Respublikasından Azərbaycana gəlmişdir. Şahnazla danışan zaman evlənmək üçün azərbaycanlı xanım axtardığını demişdir. Şahnaza evlənmək üçün xanım axtardığını dedikdə o, ona subay iş yoldaşının olduğunu demiş və şəklini ona göndərmişdir. Şahnazın göndərdiyi şəkildə olan qızın Nailə olduğunu demişdir. Onunda qızdan xoşu gəldiyinə görə nömrəsini istəmişdir. Şahnaz ona Nailənin də özü ilə danışacağını və Nailə razı olacağı halda nömrəsini ona verəcəyini demişdir. 2020-ci ilin dekabr ayında qısa müddət ərzində Nailənin nömrəsini Şahnaz ona göndərmiş və o, Nailə ilə danışmağa başlamışdır. İlk vaxtlar o, Nailə ilə danışan zaman Şahnaza evlənmək istədiyini və Nailəni özü ilə türkiyyə Cümhuriyyətinə aparacağını demişdir. Nailəyə isə özünü Türkiyə Cümhuriyyəti vətəndaşı kimi təqdim etmişdir. Nailə ilə bir müddət telefonla danışdıqdan sonra Nailə razılaşıb ilk öncə Bakı şəhərində görüşmüşlər. Görüşdükləri zamanı Nailə ona Türkiyə Cümhuriyyətində təhsilini davam edirmək istədiyini demişdir. Oda Nailəyə narahat olmamasını deyib köməklik edəcəyini demişdir. Bir nəfər şəxslə əlaqə saxlamış həmin şəxs Zərərçəkmiş şəxs Türkiyədə Universitetlərdən birində tələbə kimi düzəltməyə ona köməklik edəcəyini bildirmişdir. Lakin həmin şəxs ona köməklik etməmişdir. O, ümumilikdə Zərərçəkmiş şəxs 5450 (beş min dörd yüz əlli) manat pul almış və pulu ailəsi ilə bağlı olan problemlərə xərcləmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, türk vətəndaşı olmadığını əvvəldən zərərçəkmiş şəxsə demək istəsədə buna fürsət tapa bilməmişdir. O, zərərçəkmiş şəxslə hər görüşündə onunla türk dilində danışmışdır. Onun zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəməyə maddi imkanı yoxdur və Zərərçəkmiş şəxs vurduğu ziyandan 800 (səkkiz yüz) manat ödəniş edə bilmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, iş yoldaşı olan Şahid1 hansısa sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Vurğun həmin vaxt özünü Şahid1 Türkiyə Cümhuriyyəti vətəndaşı "Akınsoy Azər" kimi təqdim etmişdir. Şahid1 Vurğunla danışan zaman Vurğun azərbaycanlı bir xanımla tanış olub evlənmək istədiyini demişdir. Şahnaz da onun haqqında danışmışdır. Bundan sonra Şahnaz Vurğuna onun xaricdə təhsil almaq istədiyini və pandemiya ilə bağlı gedə bilmədiyini demişdir. Bundan sonra Şahnaz ona məxsus ***-***-**-** saylı mobil nömrəsini Vurğuna vermişdir. Vurğun da ona ***-***-**-** saylı mobil nömrədən yazaraq nömrəsini Şahid1 verdiyini bildirmişdir. Bundan sonra o, Şahnaz ilə Votsap sosial şəbəkəsində danışmağa başlamışdır. Şahnaz ilə danışan zaman Vurğun onunla türk dilində danışmış və mesajları da türkcə yazmışdır. O, Şahnaz ilə danışdığı müddətdə Vurğunu “Azər Akınsoy” adı ilə Türkiyə Cümhuriyyəti vətəndaşı kimi tanmışdır. O, Vurğunla danışdığı zaman Vurğun Çexiya Respublikasında təhsil aldığını və pandemiya səbəbindən ölkəni tərk edə bilmədiyini bildirmişdir. Bu zaman Vurğun ona kömək edəcəyini və onun Türkiyə Cümhuriyyətində təhsilinin davam etdirilməsinə köməklik edəcəyini bildirmişdir. Vurğun ona xaricdə təhsil alacağına köməklik edəcəyi barədə yalan vədlər verərək onu aldadıb onun 5450 manat pulunu ələ keçirmiş və ona qarşı dələduzluq etmişdir. O, Vurğuna şikayət edəcəyini bildirdikdə ona hədə-qorxu gələrək onu biabr edəcəyini demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, Vurğun ona Türkiyə Respublikasında “özəl kuvvətlər” deyilən orduda xidmət etdiyini bildirmişdir. O, Polisə müraciət etdiyi zaman Vurğunun atası və qardaşı onu “bu məsələ həll olandan sonra gör sənə nə edəciyik” deyə hədələmişlər. Təqsirləndirilən şəxs ona vurduğu ziyandan hal hazıra kimi cəmi 800 (səkkiz yüz) mant ödəniş etmişdir. O, dəymiş ziyan tam ödənilməssə Təqsirləndirilən şəxs cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid kimi dindirilən Şahid1 hadisədən uzun müddət keçdiyi üçün heç bir şey xatırlamadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs o, 2014cü ildən tanıyır və Nailədə həmin vaxtdan yaxşı münasibətləri olmuşdur. BOKT "xxxx" MMC-də idarə heyətinin sədri vəzifəsində işləmişdir. 2020-ci ilin noyabr-dekabr ayında o, "facebook" sosial şəbəkəsində "Azər Kurtuluş" adlı profildən ona mesaj gəlmişdir. Həmin şəxs ilk öncə ona azərbaycanlı olub-olmadığını soruşmuşdur. Özünün isə Türkiyə Cümhuriyyəti vətəndaşı olduğunu demişdir. Həmin şəxsin danşığından o, belə başa düşmüşdür ki, o hərbiçidir. Həmin şəxs ilə onlar bir müddət danışdıqdan sonra özünü "Azər" kimi təqdim edən şəxs ona bildirmişdir ki, azərbaycanlı bir xanımla tanış olub ailə qurmaq istəyir. Bundan başqa atasının univeristetdə işlədiyini ona demişdir. Bu səbəbdən o, iş yoldaşı Nailə ilə bu haqda danışmışdır. Nailə də ona bildirmişdir ki, həmin şəxs ilə danışar. Bundan sonra o, Nailənin razılğı ilə onun Votsap nömrəsini “Azərə” göndərmişdir. Bundan sonra Nailə ilə “Azər”, yazışmağa başlamışdırlar. O, isə onların işlərinə qarşımamaq üçün artıq Azərlə yəni Vurğunla danışıqlarını dayandırmışdır. Bundan sonra Nailə ilə Azər nə haqda danışdıqlarını bilməmişdir. 2021-ci ilin yanvar ayında o, Nailənin xahişi ilə Nailənin göndərdiyi Mehman adlı adamın adına poçt vasitəsi ilə 900 (doqquz yüz) manat pul göndərmişdir. Bundan sonra Nailə dəfələrlə onun yanında həmin şəxsə milliön ödəmə terminalından pul göndərmişdir. Bundan sonra aprel-may ayında Nailə ona Azər adlı şəxsin onu aldatdığını demişdir. Həmin şəxsin əsl adının Vurğun olduğunu və Yardımlı rayonundan olduğunu demişdir. Məhkəmə iclasında Şahid4 ifadəsində bildirmişdir ki, onun balaca oğlu xəstə olduğu üçün oğlu Vurğunla mobil telefon vasitəsi ilə əlaqə saxlayaraq müayinələrdən keçmək və dərman almaq üçün pul göndərməsini xahiş etmişdir. Oğlu Vurğunda 25 fevral 2021-ci il tarixdə 250 (iki yüz əlli) manat, 05 mart 2021-ci il tarixdə isə 300 (üç yüz) manat pulu istifadəsində olan “Kapital Bank” tərəfindən verilmiş plastik kartın hesabına yükləmişdir. Oda həmin pulları bankomatdan çıxararaq lazım olan dərmanları almışdır. Onun oğlu Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs aldadaraq pulunu ələ keçirməsindən məlumatı olmamışdır. O, Vurğunun pulu haradan əldə etməsini bilməmişdir. Pulu ona məxsus karta kimin köçürdüyünü də bilməmişdir. Onun kartının şəkli oğlu Vurğunun mobil telefonunda olmuşdur. Vurğun ara-bir həmin karta az miqdarda pul köçürmüşdür. Məhkəmə iclasında Şahid4 ona verilən suallara cavab olaraq bildirmişdir ki, onu polis şöbəsinə çağırmışlar, ona şöbədə onun kartına 300 (üç yüz) manat pul göndərildiyini bildirmişdir. O, cavab olaraq həmin pulu oğlu Vurğunun onun kartına göndərdiyini bildirmişdir. O, oğlu Vurğundan nə məsələ olduğunu soruşduqda oğlu bir nəfər xanımdan borc aldığını və məsələni özü həll edəcəyini bildirmişdir. O, buna görə hətda oğlu Vurğunu döymüşdür. Məhkəmə iclasında Şahid2 ifadəsində bildirmişdir ki, 08 yanvar 2021-ci il tarixdə işdə olduqları zaman Təqsirləndirilən şəxs ona yaxınlaşaraq anasının rayondan təcili olaraq pul göndərəcəyini bunun üçün də şəxsiyyət vəsiqəsinin hal-hazırda üzərində olmadığını demişdir. Bundan sonra onun şəxsiyyət vəsiqəsinin şəklini çəkib Votsapp vasitəsi ilə kiməsə göndərmişdir. Bundan bir saat sonra onun adına poçt vasitəsi ilə pul gəldiyini deyib poçta getməklərini xahiş etmişdir. Bundan sonra o, Vurğunla birlikdə işlədikləri oteldən çıxıb Bakı şəhəri İstiqilaliyyət küçəsində yerləşən poçt filialına getmişdir. Həmin poçt filialından 900 (doqquz yüz) manat pulu götürmüşdür. Vurğun həmin pulu götürüb oradan harasa getmişdir. O, isə işlədiyi otelə qayıtmışdır. Təqsirləndirilən şəxs dediyinə görə həmin pulu ona anası göndərmişdir. Yalnız poçt əməkdaşı pulun haradan gəlməsini soruşduqda orada Vurğun pulu Gəncə şəhərindən göndəridiklərini demişdir. Həmin pulu Təqsirləndirilən şəxs hansı yolu ilə ələ keçirməsindən xəbəri olmamışdır. Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin fotoşəklini istədiyi zaman pulu ona anası göndərəcəyini demişdir. Məhkəmə istintaqı zamanı proses iştirakçılarının razılığı ilə “Whatsap” proqramı vasitəsi ilə görüntülü ifadəsi alınmış Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs işlədiyi otelə işə girdikdən sonra tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs həmin oteldə otaq təmizləyicisi işləmiş, orada çox adamın ona yazığı gəlmiş və otel sahibi ona oteldə qalmaq üçün otaq vermişdir. Təqsirləndirilən şəxs ondan “Kapital bank” kartının olub olmamasını soruşmuş və ona anasının xəstəxanada olduğunu və təcili əməliyyyat olunacağı üçün karta bibisinin əməliyyat xərcləri üçün Türkiyədən pul göndərəcəyini demişdir. Həmin vaxt onun üzərində “Kapital Banka” məxsus plastik kart olduğundan o, həmin kartı Vurğuna vermişdir. O, plastik kartı Təqsirləndirilən şəxs verdikdən sonra səhhətində yaranmış xəstəliklə bağlı bir müddət işə çıxa bilməmiş və kartı Vurğunda qalmışdır. Həmin kart hesabında kartı Vurğuna verdiyi zaman pul olmadığından kartının Vurğunda qalmasına görə narahat olmamışdır. O, işə fevral ayında çıxdıqda isə Vurğun kartı ona qaytarmışdır. Kartının Vurğunda olduğu zaman Vurğunun hansı məbləğdə oraya pul qoyması və çıxarması haqqında heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxs dediyinə görə həmin pulu ona bibisi anasının əməliyyat xərclərinə köməklik etmək məqsədi ilə göndərmişdir. Lakin, onun kart hesabı vasitəsi ilə hansı məbləğdə pul qəbul etməsini bilməmişdir. Həmin pulu Təqsirləndirilən şəxs hansı yolu ilə ələ keçirməsindən xəbəri olmamışdır. Cinayət işinə əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 04 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. -“Zərərçəkmiş şəxs kimi tanıma haqqında” 06 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs həmin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. -“Cinayət işinin icraatının dayandırılması barədə” 04 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat dayandırılmışdır. -“Cinayət işi üzrə icraatın təzələnməsi barədə” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. -“Təqsirləndirilən şəxsə ittiham elan olunması haqqında” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsi ilə axtarış elan edilmişdir. -“Cinayət işinin icraatının dayandırılması barədə” 21 fevral 2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraat Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim edilənədək dayandırılmışdır. -“Axtarışda olan şəxsin tutulması haqqında” 20 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il də tutularaq Gəncə şəhər Baş Polis İdarəsinin X5 təhvil verilmişdir. -“Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi barədə” 20 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. -“Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 20 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.1-ci maddəsində nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. -“Cinayət əməlinin tövsif edilməsi haqqında” 21 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif edilmişdir. -“Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” 21 mart 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Gəncə şəhər BPİ-in MSY-dən azad edillmişdir. - DİN-nin BƏSİİ-dən daxil olmuş 04 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. - Cinayət işinin materiallarına əlavə edilmiş 4169 74** **** 8649 nömrəli və Təqsirləndirilən şəxs adına olan 4****3072 nömrəli “Kapital Bank”a məxsus kart hesablarına dair xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan çıxarışdan görünür ki, həmin kart hesablarına xx.xx.2021-ci il tarixdə MilliÖn ödəniş terminalı vasitəsi ilə 1500,00 manat, xx.xx.2021-ci il tarixdə MilliÖn ödəniş terminalı vasitəsi ilə 1700,00 manat, xx.xx.2021-ci il tarixdə MilliÖn ödəniş terminalı vasitəsi ilə 500,00 manat, xx.xx.2021-ci il tarixdə MilliÖn ödəniş terminalı vasitəsi ilə 250.00 manat. xx.xx.2021-ci il tarixdə MilliÖn ödəniş terminalı vasitəsi ilə 300,00 manat məbləğində köçürmələr edilmişdir. Həmçinin Zərərçəkmiş şəxs təqdim etdiyi MilliÖn ödəniş terminalı ilə edilmiş çeklərdən görünür ki, xx.xx.2021-ci il tarixdə saat 13:10:24 dəqiqədə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən MilliÖn ödəmə terminalı vasitəsi ilə “Kapital Bank”a məxsus 4****3072 saylı kart hesabına 200 manat xx.xx.2021-ci il tarixdə saat 16:25:20 dəqiqədə Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən MilliÖn ödəmə terminalı vasitəsi ilə “Kapital Bank”a məxsus 4****3072 saylı kart hesabına 100 manat məbləğ ödənilmişdir. - Gəncə şəhər Ruhi Əsəb dispanserindən alınmış arayışdan məlum olur ki. Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. - Azərbayvan Respublikası Daxili İşlər Nazirliyinin Baş X9 İdarəsindən alınmış 05 iyun 2022-ci il tarixli 120-11127-1222 nömrəli məktubdan görünür ki, kompüter uçot bazasında olan məlumata əsasən Təqsirləndirilən şəxs adına nəqliyyat vasitəsi yoxdur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 3 saylı Gəncə Ərazi İdarəsindən alınaraq cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 120-24766-1222 saylı məktuba əsasən, Təqsirləndirilən şəxs adına daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı Milli qeydiyyat sistemində məlumat yoxdur. - Elektron məhkəmə çıxarışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü X1 adlı bir azyaşlı övladı var. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində göstərilir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 2-ci və 3-cü bəndlərində isə qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. İşin məhkəmə tərəfindən müəyyən olunmuş faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatlar verib aldatma yolu ilə zərərçəkmiş şəxsin pulunu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı ittihamda qeyd olunan dələduzluq cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, vurduğu ziyandan qismən ödəniş etməsini və himayəsində azyaşlı uşağının olmasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsinin sanksiyasında dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin törətdiyi cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi halları nəzərə alındıqda, təqsirləndirilən şəxsə ən yüngül cəza növü olan cərimə cəzasının təyin edilməsi cəzanın CM-in 41.2-ci maddəsində göstərilən məqsədlərini təmin etmək üçün kifayət deyil. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, eləcə də, cəzanı yüngülləşdirən halları, onun özünü təqsirli bilməsini, əvvəllər məhkum olmamasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi zərərdən az miqdarda da olsa ödəniş etməsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, ona təqsirli bilindiyi həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, onun 20 mart 2022-ci il tarixdən 21 mart 2022-ci tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Yardımlı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Həmin Məcəllənin 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı, cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalı və Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 25 (iyirmi beş) saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, maddi sübut, xüsusi müsadirə edilməli əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. X2 20 mart 2022-ci il tarixdən 21 mart 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 04 (dörd) gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, X2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Yardımlı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar