Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-424/2023 07.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.1993-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Əlibəy Hüseynzadə küçəsi, ev 8-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, “Yeni Cihazqayırma” zavodunun yaxınlığında yerləşən yeni məhəllələrdə inşa edilmiş nömrəsiz fərdi yaşayış evində yaşamış və barəsində həbs qətimkan tədbiri seçilərək, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silahı, onun komplekt hissəsini və döyüş sursatını əldə edib saxlayaraq daşımış və gəzdirmişdir. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, vurucu mili boz rəngli metal materialdan kustar üsulla hazırlanmış, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, yivli odlu silahı, 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 05 ədədi isə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, o cümlədən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi-darağı əldə edib üzərində saxlamaqla daşıması barədə daxil olmuş məlumat əsasında 30 iyun 2023-cü il tarixdə, saat 11:50 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Heydər Əliyev 423 ünvanında yerləşən “Gəncə” otelin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilmiş, Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarın bel hissəsinin sağ tərəfindən 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş istehsal olunmuş, vurucu mili boz rəngli metal materialdan kustar üsulla hazırlanmış, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, yivli odlu silahı, həmin şalvarın sol yan cibindən isə 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi-daraq, həmin darağın içərisindən isə 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 05 ədədi isə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Gəncə şəhəri, Əlibəy Hüseynzadə küçəsi, ev 8-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, “Yeni Cihazqayırma” zavodunun yaxınlığında yeni məhəllələrdə inşa edilmiş nömrəsiz fərdi yaşayış evində ailə üzvləri ilə birlikdə yaşamışdır. Həbs edilməmişdən təxminən 20-25 gün əvvəl yaşadığı Gəncə şəhəri, “Yeni Cihazqayırma” zavodunun yaxınlığında yeni məhəllədə piyada hərəkətdə olan zaman yerdə 1 ədəd sellofan bükümü görmüşdür. Həmin sellofan torba diqqətini çəkdiyi üçün onu əlinə götürmüşdür. Sellofan torbanın içərisinə baxış keçirən zaman onun içində Makarov tipli tapançaya bənzər bir əşya görmüşdür. Həmin əşyanı əlinə alıb onun darağına və darağın içərisində olan patronlara baxış keçirmiş və onun həqiqətən Makarov tipli tapança, yəni odlu silah olduğuna tam əmin olmuşdur. Uşaqlıqdan silahlara qarşı böyük həvəsi olduğundan həmin tapançanı saxlamaq qərarına gəlmiş və onu tapmağına çox sevinmişdir. Həmin tapança ilə hər hansı bir cinayət törətmək fikirləşməsədə onu həvəs olaraq üzərində gəzdirməyə qərar vermişdir. Tapdığı silahı ancaq üzərində gəzdirmişdir. 30 iyun 2023-cü il tarixində saat 11:50 radələrində Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən Gəncə otelinin yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmiş, qanunsuz olaraq odlu silah gəzdirməkdə və saxlamaqda şübhəli olduğunu bildirib onu 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə getdikdən sonra orada müdafiəçi ilə təmin olunmuş və müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı qanunsuz əşya saxlayıb-saxlamadığı sual verilmiş, o da üzərində tapança gəzdirdiyini etiraf etmişdir. Sonra baxış zamanı üzərində olan həmin tapança şalvarının bel nahiyyəsindən, əynində olan şalvarının sol yan cibində saxladığı tapançaya aid içərisində 6 ədəd patron və patronun sandıqçası polis əməkdaşı tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan sonra həmin silah və içərisində güllələr olan sandıqçaya baxış keçirildikdən sonra qablaşdırılmış və üzəri möhür ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Əməlindən peşmandır. Ailədə yeganə qazanc gətirən şəxs olmasını və Vətən müharibəsi iştirakçısı olmasını nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, “Yeni Cihazqayırma” zavodunun yaxınlığında yeni məhəllələrdə inşa edilmiş nömrəsiz fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah əldə edib üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu səbəbdən xx.xx.2023cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında təxirə salınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi barədə qərar çıxarılmışdır. xx.xx.2023-cü tarixdə Təqsirləndirilən şəxs üzərində odlu silah olması və onun Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə” otelin yaxınlığında olması barədə əməliyyat məlumatı daxil olduqdan sonra həmin məlumat əsasında 1-ci Polis Şöbəsinin CAB-in əməliyyat müvəkkili Şahid2 ilə birlikdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Gəncə” otelin yaxınlığına getmişdir. Onlar orda olarkən Təqsirləndirilən şəxs həmin yerdə hərəkət etdiyini görmüşlər. Həmin vaxt ona yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərdikdən sonra barəsində qəbul olunmuş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarı ona elan edib, onu 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Şöbədə Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra o, müdafiəçi ilə təmin edilmiş, sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın bel hissəsinin sağ tərəfindən 1 ədəd odlu silah “Makarov” tipli tapançaya bənzər tapança, şalvarının sol ön cibindən isə içərisində 6 ədəd 9 mm-lik patron olan 1 ədəd “Makarov” tipli tapançaya məxsus sandıqça aşkar olunmuş, “makarov” tipli tapançanı və 1 ədəd “makarov” tipli tapançaya məxsus içərisində 6 ədəd 9 mm-lik patron olan sandıqçanı haradan əldə etməsi sualı verilən zaman Təqsirləndirilən şəxs həmin “Makarov” tipli tapançanı və həmin tapançaya məxsus içərisində 6 ədəd 9 mm-lik patron olan sandıqçanı tutulmamışdan 20- 25 gün əvvəl yaşadığı küçənin yaxınlığında yerdən tapdığını demişdir. Bundan sonra həmin “Makarov” markalı tapança, bir ədəd tapança sandıqçası və altı ədəd patron birlikdə zərfə qoyulub qablaşdırılıb götürülmüş və zərfin üzəri möhür ilə möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Bu barədə isə protokol tərtib olunmuşdur. Məhkəmə istintaqında şahid Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nın əməliyyat müvəkkili Hüseynov yev Raul Arzu oğlu da Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması” haqqında 30 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd “Makarov” markalı tapança, bir ədəd tapança sandıqçası və altı ədəd patron aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 01 iyul 2023-cü il tarixli 23/491R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Lakin silahın vurucu mili boz rəngli metal materialdan kustar üsulla hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 06 ədəd patronlardan 1 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 05 ədədi isə zavod üsulu ilə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronlarıdır, döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar. Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. Eksperimental atəşlər zamanı əldə olunmuş güllə və gilizlər DİN-nin KTİ-də yerləşən güllə-giliz kartotekasında olan açılmamış cinayətlər üzrə hadisə yerindən götürülmüş güllə-gilizlərlə müqayisə edilib nəticəsi haqqında məlumat veriləcəkdir. DİN-nin KTİ-də fiziki-kimyəvi məhkəmə ekspertizası kaçirilməməsi səbəbindən qərarın “Sonuncu dəfə həmin silahdan nə vaxt atəş açılmışdır” sualına cavab verilməmişdir. xx.xx.2023-cü il tarixli 3-13-11/2-8541/2023 nömrəli məktubdan görünür ki, 01 ədəd 9 mm kalibrli, nömrəsi silinmiş Makarov konstruksiyalı PM modelli tapançadan eksperimental qaydada atılmış güllə-giliz nümunələri “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsilə yoxlanılmış. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli, 4218 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2023-ci il tarixli, 4231 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Gəncə Şəhər Məhkəməsinin 02 iyul 2023-cü il tarixli, 4(125)-343/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 30 iyun 2023-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Daxili İşər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 09 sentyabr 2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X2 Hərbi Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmü ilə CM-nin 332.1, 62 maddələri ilə təqsirli bilinib 450 manat cərimə cəzasına və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2, 228.4 və 66.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 07 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami Rayon Şöbəsinin xx.xx.2023-cü il tarixli 553 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Azərbaycan Respublikası Silahlı Qüvvələrində xx.xx.2012-ci il tarixdən xx.xx.2013-cü il tarixədək müddətli həqiqi hərbi xidmət keçmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamına və “Azərbaycan Respublikasında Səfərbərlik Hazırlığı və Səfərbərlik haqqında” Qanuna əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək xx.xx.2020-ci il tarixədək hərbi xidmət keçmişdir. Gəncə şəhər İcra Hakimiyyəti başçısının 4 nömrəli SİƏD üzrə Nümayəndəlik tətəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə düzgün tövsüf etmişdir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX bəndinə əsasən, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Məhkəmə qeyd edir ki, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər və cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları, məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. Şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM-nin 25.2, 25.3., 28.5-ci maddə) Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Odur ki, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə tövsif olunması qənaətinə gəlir. Eyni zamanda məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd texniki cəhətdən saz və atəş üçün yararlı, nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, vurucu mili boz rəngli metal materialdan kustar üsulla hazırlanmış, 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapançanı, yivli odlu silahı, 01 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 05 ədədi isə Azərbaycan Respublikasında istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, döyüş sursatı, təyinatı üzrə istifadə və atəş üçün yararlı, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronları, o cümlədən 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və təyinatı üzrə istifadə üçün yararlı olan, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi-darağı əldə edib üzərində saxlamaqla daşımışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinməli və cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Azərbaycan Respublikası CPM-nin 145.2-ci maddəsinə əsasən, təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Həmin Məcəllənin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Odur ki, məhkəmə istintaqında hərtərəfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-ci il tarixli, 4 saylı Qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatlar nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli az ağır olmaqla, bilavasitə ictimai təhlükəsizlik əleyhinə olan bir başa qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin əsasən Təqsirləndirilən şəxs təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq çəkməsini, Vətən müharibəsi zamanı səfərbərliyə cəlb edilməsini və yaşayış yeri üzrə müsbət xarekterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan hədlərdə azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilən cinayət az ağır cinayətlər kateqoriyasına daxildir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs az ağır cinayət əməli törətdiyindən ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. İbtidai həbs müddəti çəzaçəkmə müddətinə daxil edilməklə, ona azadlıqdan məhrumetmə növündə təyin ediləcək cəzanın başlanğıcı 30 iyun 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olub Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş, bir ədəd nömrəsi silinmiş zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 05 ədəd 9x18 mm kalibrli olmaqla Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançaların ştat patronu, 01 ədəd tapança darağı müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməli, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 30 (otuz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 30 iyun 2023-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olub Gəncə şəhər Baş Polis İdarəsinin maddi sübutları saxlama yerinə təhvil verilmiş bir ədəd nömrəsi silinmiş, zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9 mm kalibrli Makarov konstruksiyalı PM modelli tapança, 05 ədəd 9x18 mm kalibirli tapança patronu, 01 ədəd tapança darağı müsadirə edilməklə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin, həmçinin təqsirləndirilən şəxsin üzərinə keçirilmiş baxış və odlu silahın götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi2 ödənilməsi üçün dövlət büdcəsinin hesabına 180 (yüz səksən) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №1(125)-424/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-424/2023
07.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver