Məhkəmə qərarları › İş №1(125)-424/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-424/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-424/2024 27.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş,Azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məshəti qəsəbəsi, 19-cu küçədə yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni xeyli miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan əldə etdiyi xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 0.352 qram olan psixotrop maddə metamfetamini üzərində saxlayaraq Gəncə şəhəri ərazisində daşıyarkən, 27 aprel 2024cü il tarixdə saat 21:30 radələrində Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 may küçəsində saxlanılaraq ünvan 3 ünvanında yerləşən Gəncə şəhəri 3-cü PB-nə gətirilmiş, bölmədə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ arxa cibindən aşkar edilmiş şəffaf sellofan bükümün içərisindən, ümümi çəkisi 0.352 qram psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ailəsini dolandırmaq üçün sürücü işləməyi planlaşdırmış və bu məqsədlə avtomobil almaq istəmişdir. O, planını Elnur adlı dostuna bildirmişdir. Elnur ona zəng edərək münasib qiymətə avtomobil tapdığını bildirmişdir. Onlar vaxt təyin edib görüşmüş və avtomobilə baxmışlar. Onlar avtomobilə baxdıqdan sonra onlar birlikdə oturub çay içmək isdəmişlər. Onlar yolda getdikləri zaman dostu əlində olan redbul qabını ona vermiş və bu zaman polis əməkdaşları onları saxlamış. O, polis əməkdaşlarını gördüyü zaman əlindəkilərini kənara atmışdır. Polis əməkdaşları həmin redbul qabını kimin yerə atdığını soruşduqda o, özünün atdığını bildirmişdir. Polis əməkdaşları onu Polis Şöbəsinə aparmışlar. Bu işdə günahkar Elnurdur. Onu narkotik vasitəni üzərinə götürməyə məcbur etmişlər. O, barəsində bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, bir neçə ay bundan qabaq narkotik vasitə istifadə etmişdir.O, tutulduqdan sonra narkotik vasitə istifadə etməmişdir. Onlar avtomobilə baxmağa getdikləri zaman onu saxlayan polis əməkdaşları da orda olmuş, lakin o, onların polis əməkdaşları olduğunu bilməmişdir. O, narkotik vasitənin satışı ilə məşğul olmamış, üzərində gəzdirməmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında dindirilmiş Şahid2 ifadəsində göstərimişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində daşıması, saxlması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə o, raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid1 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 aprel 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsində olmasını müəyyən etmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində pisxotrop maddə və narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib, Gəncə şəhəri BPİ-nin 3cü Polis Bölməsinə aparmışlar.Onun hüquqlarının müdafiəsi üçün vəkil təyin edilmiş. Polis Bölməsində video çəkiliş vasitəsi ilə onun üzərinə şəxsi axtarış aparılmış və könüllü şəkildə üzərində olan narkotik vasitəni təqdim etmişdir. Şahid2 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmişdir. Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman Heseyn tək olmuşdur. əməliyyat məlumatı ona aid olmuşdur. O, Elnur adlı şəxsi tanımadığını bildirmişdir. Təqsirləndirilən şəxs saxladıqları zaman Elnur adlı şəxs orda olmamışdır. Məhkəmə iclasında dindirilmiş Şahid1 ifadəsində göstərimişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və üzərində daşıması, saxlması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs 2024-cü ilin aprel ayında Yeni Gəncə də saxlamış və onu Polis Bölməsinə aparmışlar. Bölmədə ona hüquqlarının müdafiəsi üçün müdafiəçi təyin edilmişdir. Onun üzərindən psixotrop maddə metamfetamin aşkar edilmişdir. Şahid1 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Onlar Təqsirləndirilən şəxs saxladıqları zaman kənarda bir nəfər şəxs olmuşdur, lakin həmin şəxsi Şöbəyə aparmamışlar. Onlar sadəcə X9 aparmışlar. Onlar Təqsirləndirilən şəxs 28 may küçəsi yaxınlığında saxlamışlar. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: - xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə X6 azad edilmişdir. - xx.xx.2024-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və məhkəmədə baxış keçirilmiş DVD diskdə olan görüntüdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü PB-nin baş təhqiqatçısı polis mayoru X2, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü PB-nin baş əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Müdafiəçi iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan arxa cibindən 1 ədəd şəffaf sellofana bükülünü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə olan metamfetamin olduğunu və xx.xx.2024-cü il tarixdə təxminən saat 21 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, 28 may küçəsində yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf sellofan büküm elektron tərəzidə çəkilir və ümumi çəkisinin 0,4 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 182 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalanır. - Məhkəmə-kimyəvi ekspertizasının 28 aprel 2024-cü il tarixli 16/490 nömrəli rəyində göstərilmişdir ki, “vət. Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki l(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 0,352 qram olan maddə, kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Qeyd: Metamfetamin təmiz çəkisi -0,352 qram, təhqiqata sərf edildi- 0,05 qr qalıq - 1.302 qr. -Məhkəmə-narkoloji ekspertizasının 07 may 2024-cü il tarixli 794 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən azab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. -Gəncə Şəhər Probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba əsasən Təqsirləndirilən şəxs həmin tarixədək barəsində olan 02 (bir) il 05 (beş) ay 28(iyirmi səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzasının 02(iki) il 05 (beş) ay 06 (altı) gün hissəsini çəkmiş, 22 (iyirmi iki) gün hissəsi çəkilməmiş qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadəsində hazırki cinayəti etiraf etməməsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Belə ki, onun istintaq zamanı heç bir təsirə məruz qalmadan etirafedici ifadələr verməsi və hazırda ifadəsini danması barədə göstərdiyi xüsusatlar öz təsdiqini tapmamış və odur ki, onun ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və video çəkilməklə müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış və o, könüllü şəkildə üzərində olan metamfetamini cibindən çıxarıb təqdim etmişdir. Həmin video çəkilişdə təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. xx.xx.2024-cü il tarixdə ilk olaraq izahatı alınarkən, xx.xx.2024-cü il tarixdə tutularkən, şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi alınarkən, xx.xx.2024-cü il tarixdə şəxsi axtarış zamanı narkotik vasitəni özü təqdim edərkən, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə cəlb edilərkən və həmin tarixdə təqsirləndirilən şəxs qismində ifadə verərkən heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf etmiş və hər hansı təzyiqə məruz qalması barədə fikir bildirməmişdir. Təqsirləndirilən şəxs ifadələri bir-biri ilə üst-üstə düşür və təqsirləndirilən şəxs metamfetaminin ona məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən də heç bir etirazı və vəsatəti olmamışdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin hazırda məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarından artıq olan miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ Siyahısında metamfetaminin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olamasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi müddətdə yənidən cinayət əməli törətmişdir. Onun yenidən cinayət əməlini törətməsi və cəzaçəkmədən boyun qaçırması törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə CM-in 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində çıxarılmış Gəncə Şəhər Kəpəz aryon Məhkəməsinin 1(043)-69/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü qanuni qüvvəyə mindikdən sonra törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 02 (iki) il 05(beş) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının bu günə çəkilməmiş qalan 22 (iyirmi iki) gün azadlığın məhdudlaşdırılması cəzası, hazırki iş üzrə təyin ediləcək cəzaya tam birləşdirilməklə təqsirləndirilən şəxsə hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Çünki Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulur. Təqsirləndirilən şəxs 27 aprel 2024-cü il tarixdən 28 aprel 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması və ərazi narkoloji dispanserində qeydiyyata olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,302 qram olan psixotrop maddə metanfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120(yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Gəncə Şəhər Kəpəz aryon Məhkəməsinin 1(043)-69/2022 nömrəli xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının bugünkü günə çəkilməmiş qalan 22 (iyirmi iki) gün hissəsi 11 (on bir) gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş cəzaya tam birləşdirilsin və ona hökmlərin məcmusu üzrə 06(altı) ay 11(on bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 06 (altı) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,302 qram olan psixotrop maddə metanfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar