Məhkəmə qərarları › İş №1(125)-427/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-427/2024

23.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-427/2024 23.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1983-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Eminbəyli küçəsi, ev 65-də qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddəni qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan tarixdə və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0,972 qram kustar üsulla hazırlanmış pisxotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 12:50-də Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Ş.İ.Xətai prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində yolun kənarında saxlanılmış və Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasına gətirilmiş, idarədə üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli cins şalvarın sağ ön cibindən 1 ədəd şəffaf selofan kəsiyi bükümdə təmiz çəkisi 0,972 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, törətdiyi əməldən peşiman olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “patı” adlandırdığı psixotrop maddə metamfetamini təxminən 3 ildir ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığında zibil tökməyə gedən zaman yerdə zibil qutusunun yaxınlığında şəffaf selofana bükülü halda olan büküm tapmış, həmin bükümü açıb baxdıqda psixotrop maddə olan “patı” kimi tanıdığı metamfetamin olduğunu görmüş və özü istifadəçisi olduğu üçün daha sonra istifadə edər deyə üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Gəncə şəhəri, Ş İ.Xətai prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində yol ilə gedən zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini nümayiş etdirərək polis əməkdaşları olduqlarını və onun psixotrop maddəni əldə etməkdə, istifadə etməkdə və saxlamağında şübhəli olduğunu bildirmiş, ona birlikdə Gəncə şəhər Baş Polis idarəsinin 2-ci Polis şöbəsinin inzibati binasına getməyi təklif etmiş, o, etiraz etməmişdir. Birlikdə Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin inzibati binasına getmişlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarının izah olunmuş və o hüquqlarının müdafiə olunması üçün ona təqdim olunmuş vəkillərin siyahısından vəkil X1. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O, həmin sənədləri imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə videoçəkiliş ilə şəxsi axtarış aparmışlar. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, psixotrop maddə və ya digər qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O, əynində olan boz rəngli cins şalvarının ön sağ cibindən 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim edərək içərisində olan kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin bükümün içərisinə baxış keçirilən zaman içərisində ilk görünüşdən psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. O, bildirmişdir ki, həmin içərisində psixotrop maddə metamfetamin olan selofan bükümü xx.xx.2024-cü il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhəri, Məhsəti qəsəbəsində yaşadığı evin yaxınlığındakı zibil qutusunun yanında yerdən tapmışdır və polis əməkdaşları tərəfindən saxlanılmamışdan əvvəl həmin psixotrop maddəni istifadə etməkdən ötrü üzərində saxlamışdır. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili Şahid2 bildirdi ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi ilə bağlı şöbəyə məlumat daxil olmuşdur. Həmin məlumat polis əməkdaşı Şahid1 aid olmuşdur. Təqsirləndirilən şəxsin olduğu yer müəyyən edildikdən sonra oraya getmişlər. Onu günün ikinci yarısı X11 prospektində saxlamışlar. Təqsirləndirilən şəxs yaxınlaşıb, narkotik vasitələri əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi ilə bağlı şübhəli olduğu üçün şöbəyə getməli olduğunu bildirib, polis şöbəsinə dəvət etmişlər. Bundan sonra onu 2-ci Polis şöbəsinə aparmışlar. Üzərinə baxış keçirilən zaman üzərindən psixotrop maddə olan metamfetamin çıxmışdır. O, özü etiraf etmişdir ki, həmin maddə ona məxsusdur. Polis şöbəsində təqsirləndirilən şəxsə heç bir təsir və ya təzyiq olmamışdır. Məhkəmədə şahid – Gəncə şəhəri BPİ-nin 2-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1 Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan boz rəngli cins şalvarın sağ psiton cibindən bir ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim etmişdir. Həmin bükümə baxılan zaman içərisindən spesifik iyə malik olmayan, şəffaf rəngli ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar olunmuşdur. O, həmin kütlənin “patı” kimi tanıdığı psixotrop maddə olduğunu, həmin maddədən istifadə etdiyini, bir gün əvvəl axşam saat 21 radələrində yaşadığı evin yaxınlığında zibil tökərkən, zibil qutusunun yaxınlığından tapdığını, xx.xx.2024-cü il tarixdə saat 12:50-də Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Şəddadilər küçəsinin kəsişməsində, yol kənarında 2-ci PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq PŞ-nə gətirildiyini bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli, 16/709 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə” yazılar və imzalar olan kağız paketdəki, bir ədəd şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 0,972 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,922 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İİ siyahısının 118-ci bəndinə əsasən metamfetamin adlı psixotrop maddənin xeyli miqdarının aşağı həddi 0,15 qram müəyyən edilmiş, külli miqdarı isə 2 qramdan başlanır. Gəncə şəhər BPİ-nin 2-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən və nə vaxt əldə etməsi və satmaq niyyətində olması müəyyən etmək mümkün olmamışdır. Həmçinin ona qeyd edilən cinaətlərin törədilməsində kiminsə köməklik göstərməsi, təhrik etməsi, həmin cinayətdə digər şəxslərin iştirakçılığı və onun rayon ərzisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli, 4594 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli, 4434 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 221.3 və 126.1-ci maddələri ilə ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2004-cü il tarixdə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarı əsasında vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Bundan başqa o, xx.xx.2007-ci il tarixdə ACDİÜ AP Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.4, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cəzasını çəkib qurtarmışdır. Bundan başqa o, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Milli Məclisin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılıb, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə o, 02 ay 14 gün müddətə şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Onun həmin cinayət əməli üzrə cəza müddəti xx.xx.2023-cü il tarixdə bitmişdir. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi cinayət əməlinə görə məhkumluğu ödənilsə belə, onun sonuncu dəfə qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,922 psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən azad edilmişdir. AZ-İV seriyalı, 327014 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2019-cu il tarixdə doğulmuşdur. Valideynləri: atası – Təqsirləndirilən şəxs, anası – X2r. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. O,xx.xx.2024-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan xeyli miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, himayəsində azyaşlı uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırki halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Belə ki, ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2024-cü ildən xx.xx.2024-cü ilədək müddətdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunmalı və o ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,922 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 25 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 17 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,922 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X3, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 150 (yüz əlli) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar