Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-428/2024 12.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Samux rayonu Kolayır kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri, N.Nərimanov prospektində yaşayan, barəsində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində vətəndaş xx.xx.1956-cı il təvəllüdlü Göygöl rayonu Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili Gəncə şəhəri F.Əmirov küçəsində qanunsuz olaraq ələ keçirmiş, avtomobili idarə edib Gəncə şəhər D.Qorqud küçəsində saxlayaraq qaçmaqla sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirməklə talama məqsədi olmadan qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə ona elan edilmiş ittihamla razılaşmayaraq CM-nin 185.1-ci maddəsi ilə özünü təqsirli bilib ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri F.Əmirov küçəsi ilə hərəkət edərkən gözünə “VAZ 2107” markalı avtomobil sataşmış və avtomobilin üzərində açar olduğunu görüb açarı götürüb sürmək və içərisində hər hansı bir əşya olarsa götürmək qərarına gəlmişdir. Maşını bir qədər sürüb tanımadığı ərazidə qarajın qarşısında saxlamışdır. O, dövlət ittihamçısının sualına cavab olaraq həmin vaxt sərxoş olduğunu, niyyəti avtomobili idarə etmək olduğunu bildirərək təxminən 10 dəqiqə idarə etmişdir. Lakin pioneer markalı maqnitafonu və maşının kapot hissəsini qaldıraraq orada olan akkumulyatoru sökməmişdir. Həmçinin bildirmişdir ki, avtomobilin sahibini tanımamış, onunla heç bir ədavət və düşmənçiliyi olmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində 2 il bundan qabaq “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobili aldığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə saat 14:00 radələrində Göygöl rayonundan ailə üzvlərini görmək üçün Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən binaya gəlmiş və maşını binanın həyətində saxlayıb aldığı ərzaqları nəvələrinə vermək üçün binanın girişinə keçmişdir. Daha sonra saqqallı bir şəxs avtomobilə əyləşib sürüb getdiyini görmüşdür. O, ərzaqları qoyub avtomobilə çatmağa çalışmışmı, lakin sürətlə uzaqlaşdığı üçün çata bilməmişdir. Oğluna zəng edib hadisə ilə bağlı məlumat vermiş, oğlu da DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Bir saat sonra polis əməkdaşları avtomobilin Gəncə şəhəri, D.Qorqud küçəsində olduğunu müəyyən etmişdirlər. Polis əməkdaşları ilə avtomobilinin olduğu yerə getmiş və avtomobilə baxdıqda akkumulyatorun, maqentafonun, onların üzərində olan nağillərin, flashkartların götürüldüyünü görmüş və injektor matorunu sökməyə cəhd etsə də lakin sökə bilməmişdir. Ümumilikdə avtomobil yararsız hala salınmışdır. O, akumulyatoru 100 manata almış, maqentafonun qiyməti təxminən 200 manat olmuş, yemək yağını avtomobil oğurlanmamışdan əvvəl 35 manata almış, ümumilikdə təxminən 400 manat etmişdir. O, məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmiş, qəbul ediləcək qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə atası Zərərçəkmiş şəxsla birlikdə Gəncə şəhərinə gəlmişdilər. Atası onu Xanımın dükanı adlanan yerdə düşürmüş, atası isə bacısının Gəncə şəhəri F.Əmirov küçəsində yaşadığı evə getmişdir. Təxminən saat 14:00 radələri olardı ki, atası ona zəng edərək demiş ki, avtomobilini kimsə qaçıraraq sürüb getmişdir. O, dərhal ondan yerini soruşmuşduqda atası F.Əmirov küçəsində olduğunu bildirmişdir. Daha sonra o, polis əməkdaşlarına zəng vuraraq atasının avtomobilinin qaçırıldığını bildirmiş, özü isə atasının olduğu yerə getmişdir. Bir neçə dəqiqə sonra polislər qaçırılan avtomobilin D.Qorqud küçəsində tapıldığını bildirmişdirlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 04 mart 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilmişdir. (i.v.- 1); - 13 fevral 2024-cü il tarixli baxış aparılması haqqında protokoldan görünür ki, hadisə yeri yəni Zərərçəkmiş şəxs məxsus Vaz 2107 markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qaçırıldığı yer Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşir. Həmin yer 9 mərtəbəli binanın arxa hissəsidir. küçənin digər tərəfi dəmir örtüklə hasarlanmışdır. Ətrafda video müşahidə kamerasının olmadığı izlənilir. Bundan başqa Gəncə şəhəri D.Qorqud küçəsində də baxış aparılmış, Zərərçəkmiş şəxs məxsus avtomobilin D.Qorqud küçəsində qarajların arasında saxlanılaraq tərk edildiyi müşahidə edilmiş, ətrafda video müşahidə kameraları olmamışdır. Avtomobilə ekspertin iştirakı ilə baxış keçirilərkən avtomobildən 17 ədəd barmaq izi götürülmüş, bundan başqa maşının təxminən 10 metrliyində sökülərək yerə qoyulmuş 1 ədəd Fora markalı akkumulyator, 1 ədəd Maslyona markalı 5 kiloqramlıq yağ, 1 ədəd pioner markalı maqnitafon, 1 ədəd şarj naqili və 0,5 kq ağırlığında mis məftil aşkarlanmış, avtomobil sahibi həmin əşyaların ona məxsus olduğunu bildirmişdir. Həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.- 4-18); - 20 mart 2024-cü il tarixli şübhəli şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək iş üzrə icraat dayandırılmışdır.(i.v.- 49); - 08 may 2024-cü il tarixli “cinayət işi üzrə icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.- 52); - 08 may 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00 radələrində tutulmuşdur. (i.v. 56- 66); - 10 may 2024-cü il tarixli cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin məcəllənin 185.2.2-ci maddəsinə tövsif edilmişdir. (i.v.- 85); - 10 may 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir. (i.v. 88); - 10 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.2-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilmişdir. (i.v 96); - 10 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs iş üzrə istintaqa əvvəllər verdiyi ifadəsini təsdiq edərək hadisə yerində Zərərçəkmiş şəxs məxsus **-CK-*** dövlət qeydiyyat nişanlı “Vaz 2107” markalı avtomobili qaçırdığı yeri göstərmişdir. Həmin yerin fotocədvəlləri tərtib olunaraq protokolla birlikdə cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v.- 103-108); - 10 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (i.v.- 109); - 11 may 2024-cü il tarixli, 229 nömrəli Gəncə şəhər Psixonevroloji dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX-nin Kəpəz rayon şöbəsinin xx.xx.2020-ci il tarixli 206 saylı göndərişinə əsasən PND-də müayinə olunmuş və ona “hal hazırda psixi xəstəlik əlamətləri aşkar edilmədi. Anamnezində nevrotik reaksiyalar” diaqnozu qoyulmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs bir daha dispanserə müraciət etməmişdir. (i.v.- 119); - 15 may 2024-cü il tarixli “təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və iş üzrə icraatın dayandırılması” haqqında qərardan görünür ki, CM-nin 185.2.2-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. (i.v.- 125); - 20 may 2024-cü il tarixli DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 185.2.2 və 177.2.2.4-cü maddələri ilə təqsirli bilinərək Gəncə ŞBPİ tərəfindən xx.xx.2023-cü il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. (i.v.- 130); - 04 iyun 2024-cü il tarixli “Avtomotoservis və Ticarət” Gəncə müəssisəsi tərəfindən verilmiş rəydə Təqsirləndirilən şəxs dəymiş zərərin dəyəri 4950 (dörd min doqquz yüz əlli) manat məbləğində qiymətləndirilmişdir. (i.v.- 133); - 05 iyun 2024-cü il tarixli, 2065 nömrəli Gəncə şəhər Narkoloji dispanserindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası dispanserdə qeydiyyatda durmur. (i.v.- 135); - ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 50 (əlli) manat müəyyən edilmişdir.(i.v.137); - Məhkəmə Ekspertizası Mərkəzinin X5 05 iyun 2024-cü il tarixli 19/3665 nömrəli rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında göstərilən 5 adda malların 2024-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 157,50 (yüz əlli yeddi manat əlli qəpik) manat müəyyən edilir. (i.v.138); - 26 iyun 2024-cü il tarixli “dayandırılmış icraatın təzələnməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i.v.- 140); - Gəncə şəhər Məhkəməsinin 1(125)-160/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. (i.v.- 144-156); - 27 iyun 2024-cü il tarixli 436 nömrəli Məhkəmə-psixiatrik ekspertizası mrəkəzinin rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs ona şamil edilən hadisəni törədən zaman hər hansı pisixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir və hal-hazrda da keçirmir. O, hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuş, hal-hazrda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkələtərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Onun hal-hazrda tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. (i.v.- 167- 169); - 11 iyul 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı avtomobil sübut kimi qiymətləndirilmişdir. (i.v.- 172-178); - 29 oktyabr 2024-cü il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirmişdir. - xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs məhkəməyə ərizə təqdim edərək özünü Cinayət Məcəlləsinin 185.1-ci maddə ilə təqsirli bilərək əməlindən peşman olduğunu iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İbtidai İstintaq orqanı tərəfindən verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində X3 məxsus “Mercedes Benz E200 CDİ” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili işlədiyi Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən avtomobillərin təmiri servisinin qapısından sahibinin iradəsinə zidd olaraq həmin servisdə olan avto-elektrik sexindən avtomobilin açarını götürərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş daha sonra isə o, təkrarən xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində vətəndaş xx.xx.1956-cı il təvəllüdlü Göygöl rayonu Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili Gəncə şəhəri F.Əmirov küçəsində qanunsuz olaraq ələ keçirmiş, avtomobili idarə edib Gəncə şəhər D.Qorqud küçəsində saxlayaraq qaçmaqla sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirməklə talama məqsədi olmadan qaçırmışdır. Bundan başqa o, təkrarən xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində vətəndaş xx.xx.1956-cı il təvəllüdlü Göygöl rayonu Çaykənd kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili Gəncə şəhəri F.Əmirov küçəsində qanunsuz olaraq ələ keçirmiş, avtomobili idarə edib Gəncə şəhər D.Qorqud küçəsində saxlayaraq qaçmaqla sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirməklə talama məqsədi olmadan qaçırmışdır. Lakin cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində yuxarıda qeyd olunan birinci epizod üzrə (xx.xx.2023-cü il tarixdə, saat 17 radələrində X3 məxsus “Mercedes Benz E200 CDİ” markalı **-EC-*** dövlət qeydiyyat nişanlı minik avtomobili işlədiyi Gəncə şəhəri, İsaq Cəfərov küçəsində yerləşən avtomobillərin təmiri servisinin qapısından sahibinin iradəsinə zidd olaraq həmin servisdə olan avto-elektrik sexindən avtomobilin açarını götürərək talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmiş) Gəncə şəhər Məhkəməsinin 1(125)-160/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri ilə cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham Gəncə şəhər Məhkəməsinin 1(125)-160/2024 nömrəli,xx.xx.2024-cü il tarixli hökmü ilə təsdiq edilmiş itiihamla bağlı təkrarən törədilməsi kimi qiymətləndirilə bilməz. Buna görə də, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməlidir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş cinayətin iki dəfə və ya iki dəfədən çox törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, əvvəllər törətdiyi cinayətə görə məhkum olunmuş, məhkumluğu götürülmüş və ya ödənilmiş, yaxud cinayət məsuliyyətindən azad olunmuş şəxs tərəfindən bu Məcəllənin eyni bir maddəsi ilə nəzərdə tutulmuş və ya həmin Məcəllənin Xüsusi hissəsində birbaşa göstərilən hallarda müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayətin yenidən törədilməsi, cinayətin təkrar törədilməsi hesab edilmir. Bundan başqa “18 mart 2013-cü il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.5, 61.1.1 və 65-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublıkası Konstitusiya Məhkəməsi Plenum” nun Qərarına əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən eyni və ya həmcins cinayətin törədilməsi cinayətin residivi kimi qəbul edilməlidir. Həmin şəxsin əməli eyni zamanda cinayətlərin təkrar törədilməsi əlaməti ilə tövsif edilə bilməz. Cinayətlərin residivi müəyyən edildikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində residiv cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmadığı halda, həmin Məcəllənin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalı və təqsirləndirilən şəxsə həmin Məcəllənin 65-ci maddəsi tətbiq edilməklə cəza təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, Gəncə şəhər Məhkəməsinin 1(125)- 160/2024 nömrəli, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 185.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən hazırki ittiham üzrə Təqsirləndirilən şəxs əməli cinayətlərin təkrar törədilməsi kimi qiymətləndirilməməli və sonuncunun cinayət işi üzrə əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə yuxarıda sadalanan ifadələri, istintaq hərəkətlərinin protokollarını sübut növləri kimi qəbul edir və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli olması məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Bu cinayətin obyektini mülkiyyət münasibətləri təşkil edir. Lakin talamadan fərqli olaraq burada avtomobil və ya başqa nəqliyyat vasitəsi üzərində mülkiyyət hüququ itirilmir, yalnız onun bəzi elementləri (daha çox sahiblik və istifadə hüququ) itirilir. Bu cinayət obyektiv cəhətdən avtomobili və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirmədə (qaçırmada) ifadə olunmuşdur. Qaçırma - başqasının avtomobilini və ya başqa nəqliyyat vasitəsini müvəqqəti ələ keçirmədə və onu dayandığı yerdən aparmada ifadə olunur. Avtomobil və ya başqa nəqliyyat vasitəsi onun sahibi və ya buna səlahiyyəti olan şəxs tərəfindən istənilən yerdə (küçədə, qarajda, dayanacaqda, müəssisənin ərazisində, digər yerdə) saxlanıla bilər. Dayanacaq daimi və ya müvəqqəti ola bilər. Avtomobili və ya başqa nəqliyyat vasitəsini qaçırma mahiyyətcə həmin nəqliyyat vasitələrinin mülkiyyətçisinə və ya sair qanuni sahibinə məxsus istifadə və sahiblik hüququnu pozan hərəkətlərdən ibarətdir. Nəqliyyat vasitəsi dayandığı yerdən aparıldığı andan qaçırma başa çatmış sayılır. Nəqliyyat vasitəsini aparma mühərrikin köməyi ilə, habelə maşının əllə bir yerdən başqa yerə hərəkət etdirilməsi yolu ilə həyata keçirilə bilər. Nəqliyyat vasitəsi əvvəlki yerinə qaytarıldığı, yaxud hər hansı başqa yerdə qoyulduğu və ya onu aparan şəxsin tutulduğu andan cinayət başa çatmış sayılır. Bu cinayətin subyektiv cəhəti birbaşa qəsddən və talama məqsədinin olmamasından ibarətdir. Təqsirkar özgəsinin avtomobilini və ya başqa nəqliyyat vasitəsini qanunsuz ələ keçirdiyini dərk edir və bunu arzu edir. Talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma talamadan nəqliyyat vasitəsinə yiyələnmə məqsədinə görə fərqlənir. CM-in 185-ci maddəsi nəqliyyat vasitəsinin müvəqqəti istifadə üçün qaçırılmasını nəzərdə tutur. Əgər qaçıran şəxs nəqliyyat vasitəsini daimi olaraq öz istifadəsinə, sahibliyinə, sərəncamına keçirmək məqsədi güdürsə, əməl əmlakın talanması hesab olunur. İşin məhkəmə tərəfindən müəyyən olunmuş hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində vətəndaş Zərərçəkmiş şəxs məxsus “VAZ 2107” markalı **-CK-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobili Gəncə şəhəri F.Əmirov küçəsində qanunsuz olaraq ələ keçirmiş, avtomobili idarə edib Gəncə şəhər D.Qorqud küçəsində saxlayaraq qaçmaqla sonuncunun əmlakını hüquqazidd, əvəzsiz ələ keçirməklə talama məqsədi olmadan qaçırmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, məhkəmə cinayət təqibi üzrə toplanmış sübutların məcmusuna tam, obyektiv və hüquqi qiymət verərək, yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığı üçün və sonuncuya dəymiş ziyanı tamamilə ödədiyindən müdafiə tərəfinin razılığı ilə ona qarşı cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərci və müsadirə edilməli əmlak yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.3, 43.3, 344-347, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 185.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73-1.1-ci maddəsi tətbiq edilsin və o, cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 cinayət işi və ona əlavə edilmiş sənədlərlə tanış olmaq və məhkəmə baxışında iştirak etdiyi saatlara, yəni ümumilikdə 20 saata görə hər saat üçün 6 (altı) manat hesabı ilə cəmi 120 (yüz iyirmi) manat pul vəsaiti dövlət büdcəsi hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-428/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-428/2024
12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver