Məhkəmə qərarları › İş №1(125)-43/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-43/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-43/2023 24.05.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 16 avqust 1979-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Gəncə şəhəri, H.Əliyev prospekti ev 109, mənzil 16-da qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29 177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs qəsdən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmiş və təkrarən özgənin əmlakını oğurlamağa cəhd etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən evindən kirayədə yaşayan vaxt 2022-ci ilin mart ayının sonlarında bir ədəd 750 manat dəyərində “Orsk” markalı soyuducu, 600 manat dəyərində “POW” markalı paltaryuyan, 650 manat dəyərində 82 diaqanallı “Sony” markalı televizoru satmaqla ümumilikdə 2000 manat dəyərində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talayaraq oğurluq etmişdir. Bundan başqa o, tamah niyyəti ilə özgənin əmlakını gizli talama qərarına gələrək təkrarən Zərərçəkmiş şəxs ünvan 1 ünvanında yerləşən evindən kirayədə yaşayan vaxt 05 aprel 2022-ci il tarixdə saat 11 radələrində isə evdə olan 350 manat dəyərində divanı, 150 manat dəyərində tək adamlıq çarpayını, 170 manat dəyərində taxtadan stol və 5 ədəd stulları, bir ədəd 50 manat dəyərində ütünü, bir ədəd 55 manat dəyərində “TPlink” markalı internet ötürücünü, bir ədəd 15 manat dəyrəində “Tefal” su qızdırıcısını və bir ədəd 25 manat dəyərində elektriklə işləyən qızdırıcını, təxminən 60 manat dəyərində boşqab və qazanlar olmaqla ümumilikdə 870 manat dəyərində maddi ziyan vurub, özgə əmlakını gizli olaraq talayaraq oğurluq edən vaxt ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanıldığı üçün iradəsindən asılı olmayan səbəbdən cinayət əməlini başa çatdıra bilməmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli iş üzrə özünün etirafedici ifadələri ilə yanaşı, iş üzrə toplanmış digər sənədlərlə - zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış, baxış və götürmə, əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, maddi sübutlar və digər sübutların məcmusu ilə aşağadakı qaydada tam olaraq təsdiq olunmuşdur. Məhkəmə istintaqında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1 və 29 177.2.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 6 ay Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi, ev 19-da kirayədə yaşamışdır. Evin Zərərçəkmiş şəxs adlı şəxs olmuşdur. Ağır dərəcəli şəkərli diabet xəstəsi kimi qeydiyyatda olmuş, gündə bir neçə dəfə insulin qəbul etmişdir. İynələri dövlət tərəfindən verilmiş, lakin 2022-ci ilin fevral ayında dövlət tərəfindən ona verilən insulin dayandırılmışdır. Bu səbəbdən kirayədə qaldığı evin əşyalarını satmaq qərarına gəlmiş, bu məqsədlə qonşu evdə yaşayan Şövqü adlı qadından ona müştəri tapmaqda kömək etməsini xahiş etmişdir. Şövqü isə ona binanın dəhlizində telefon nömrəsi olduğunu bildirmiş, o da bundan sonra küçədə tanımadığı şəxsin mobil telefonu ilə Rövşən adlı şəxslə əlaqə saxlayaraq televizor satdığını bildirmişdir. Rövşən də onun yaşadığı evə gəlib televizor, soyuducu və paltaryuyan maşının hər üçünə bir yerdə 410 manat pul vermişdir. O həmin pulun bir hissəsini müalicəsi üçün insulin almış, pulun qalan hissəsini isə ehtiyacları üçün xərcləmişdir. Həmin vaxt artıq pulu olmadığı üçün kirayə haqqını ödəyə bilməmiş, kirayə haqqını ödəyə bilmədiyi üçün Zaur onu evdən çıxartmaq isdəmişdir. O da Zaurdan 05 aprel 2022-ci il tarixədək vaxt almış, bundan sonra digər əşyaları da oğurlamaq məqsədilə Gəncə şəhəri Dəyirmanın dairəsi adlanan yerə getmişdir. Orada əvvəldən tanıdığı Farizə idarə etdiyi Qazel markalı avtomaşınla gəlməsini bildirmiş, Farizdə idarə etdiyi Qazel markalı avtomaşınla onunla birlikdə yaşadığı binanın qabağına gəlmişdir. Sonra yaşadığı evin yaxınlığında yerləşən “Əminə Hipermarket”in qabağına gedib iki nəfər tanımadığı iki nəfər fəhlə çağırmış, o fəhlələrlə birlikdə evdə olan, divanı, bir nəfərlik çarpayını, stol və stulları, “Tplink” markalı internet ötürücüsünü, bir ədəd ütünü, bir ədəd Tefal su qızdırıcısını, bir ədəd elektrik ilə işləyən qızdırıcını, boşqab və qazanları maşına yığmışdır. O, həmin əşyaları maşına yığdıqdan sonra fəhlələr getmiş, bundan sonra həmin əşyaları aparmaq istəyən vaxt polis əməkdaşları gələrək onu əşyalarla bir yerdə saxlamışlar. Əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun evində Şamin adlı bir nəfər kirayə qalmışdır. İki ay ərzində kirayə haqqı vermədiyinə görə Şamini mənzildən çıxarmaq istəmişdir. Şamin isə ona qalmağa yeri olmadığını, 2 ay ərzində özünə başqa ev tapıb çıxacağını bildirmişdir. Həmçinin Şamin evin əvvəlki sahibi Fəxrəddinə hər ay kirayə haqqı olaraq 150 manat verdiyini, lakin ona ev tapana qədər hər ay 180 manat verəcəyini bildirmişdir. O da razılaşmış, bundan sonra Şamin onun evində qalmağa davam etmişdir. Ancaq 2022-ci ilin yanvar ayında ev tapa bilmədiyini deyərək evdən çıxmamışdır. Bundan sonra Şaminə hər dəfə evdən çıxması üçün müəyyən vaxt vermiş, təxminən 23 mart 2022-ci il tarixdə Gəncə şəhərinə gələrək özünə məxsus evdə Şaminlə görüşmüş, həmin vaxt Şaminə evdən qısa müddət ərzində çıxmasını bildirmişdir. Şamin də ona 05 aprel 2022-ci il tarixədək evdən çıxacağını demişdir. Həmin vaxt evə baxmış və bütün əşyaların yerində olduğunu görmüşdür. 05 aprel 2022-ci il tarixdə polis əməkdaşları zəng vuraraq Şamin adlı şəxsin ona məxsus evin əşyalarını avtomobilə yığıb qurtardıqdan sonra saxladıqlarını bildirmişlər. Həmin vaxt Şamin telefonda ona bütün əşyaları yerinə qoyacağını deyərək polislərə onun qohumu olduğunu və əşyaları götürməyi onun icazəsi ilə etməyi bildirməsini xahiş etmişdir. Lakin ona etiraz etmiş və bundan sonra yaşadığı Goranboy rayonundan Gəncə şəhərinə gəlmiş, Gəncə şəhərinə gələndə görmüşdür ki, Şamin adlı şəxs ona məxsus evdə olan əşyaların hamısını yığıb oğurlamışdır. Belə ki, evə baxan vaxt evdə olan 750 manat dəyərində “Orsk” markalı soyuducunun, 600 manat dəyərində “POW” markalı paltaryuyanın, 650 manat dəyərində 82 dioqanallı, “Sony” markalı televizorun, 350 manat dəyərində divanın, 150 manat dəyərində tək adamlıq çarpayının, 170 manat dəyərində taxtadan stol və 5 ədəd stulların, bir ədəd 50 manat dəyərində ütünün, bir ədəd 55 manat dəyrəində “Tplink” markalı internet ötürücünün, bir ədəd 15 manat dəyərində “Tefal” su qızdırıcısının, bir ədəd 25 manat dəyərində elektriklə işləyən qızdırıcının, ümumilikdə təxminən 60 manat dəyərində boşqab və qazanları oğurlamasını görmüşdür. Şaminin onun evindən oğurlamış olduğu əşyaların ümumi dəyəri 2870 manat təşkil etmişdir. Sonradan Şaminin götürdüyü əşyalardan 350 manat dəyərində divanı, 150 manat dəyərində tək adamlıq çarpayısı, 170 manat dəyərində taxtadan stol və 5 ədəd stulları, bir ədəd 50 manat dəyərində ütüsü, bir ədəd 55 manat dəyərində “Tplink” markalı internet ötürücüsü, bir ədəd 15 manat dəyərində “Tefal” su qızdırıcısı, bir ədəd 25 manat dəyrəində elektriklə işləyən qızdırıcını, ümumilikdə təxminən 60 manat dəyərində boşqab və qazanları “Qazel” markalı avtomaşında aşkar edilmişdir. Sonra həmin əşyaları evinə yığmış, lakin televizor, soyuducu və paltaryuyanı tapa bilməmişdir. Məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs bağışladığını bildirdi. Ona qarşı heç bir şikayət və tələbi olmadığını qeyd edərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyi QAZEL markalı mikroavtobusu vardır. Həmin mikroavtobusla yük daşımaqla məşğuldur. Gəncə şəhərinin giriş tərəfində Əlillərin dairəsi deyilən yerdə dayanıb müştəri yığır. Təqsirləndirilən şəxs təxminən 1 aya yaxındır ki, tanıyır, onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 05 aprel 2022-ci il tarixdə saat təxminən 09 radələrində Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** nömrəsindən onun istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq onu kirayədə yaşadığı evin yanına çağırmış, Şamin yaşadığı evdən çıxdığını deyərək evin əşyalarını aparmaq istədiyini bildirmişdir. O da idarə etdiyi QAZEL markalı mikroavtobusla Şaminin yaşadığı Azərbaycan Bayrağı küçəsi 19 saylı binanın qarşısına gəlmiş, həmin vaxt Şamin ona evin əşyalarını Goranboy rayonu, Dəliməmmədli şəhərinə aparmaq üçün 20 manat pul verəcəyini demişdir. Binanın qarşısında olan vaxt iki nəfər də fəhlə gəlmiş, həmin fəhlələr evdə olan əşyaları idarə etdiyi QAZEL markalı mikroavtobusa yığmışlar. O, mikroavtobusun oturacaqlarını sökmüş və yük daşımaq üçün istifadə etmişdir. Şaminin gətirdiyi fəhlələr evdə olan divanı, çarpayını, stolu, stulları, və digər ev əşyalarını maşına yığmışlar. Fəhlələr evin əşyalarını avtomaşına yığıb qurtardıqdan sonra getmək üçün hərəkətə başladıqda polis əməkdaşları gəlib Şamindən əşyaları hara aparmasını soruşmuşlar. Həmin vaxt məlum olmuşdur ki, həmin kirayə qaldığı evdə olan əşyalar Şaminə məsus deyil və həmin əşyaları oğurlayıb aparır. O, əşyaların oğurluq olmasını bilməmiş, Şamin həmin əşyaları səhər vaxtı hamının gözü qarşısında avtomaşına yığdırmış, ona görə də əşyaların oğurluq olmasını bilməmişdir. O, əşyaları yığan fəhlələri tanımamış, fəhlələri Şamin özü gətirmişdir. Həmin fəhlələr təxminən 30-35 yaşlarında olmuşlar, ancaq onların adlarını bilməmişdir. Təqsirləndirilən şəxs fəhlələri əşyaları avtomaşına yığdıqdan təxminən 5-6 dəqiqə sonra oradan çıxmışlar, binanın baş tərəfində olan yolla çıxan vaxt polis əməkdaşları onları saxlamışlar. Məhkəmə istintaqında ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqdakı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən 6 aya yaxındır ki, tanıyır. Təqsirləndirilən şəxs onunla bir dəhlizdə eyni mərtəbədə qonşuluqda kirayədə yaşamışdır. Həmin ev Zərərçəkmiş şəxs məxsus olmuşdur. Şamin ilə bir qonşu kimi yaxın münasibəti olmuşdur. Təqsirləndirilən şəxs xəstə olmuş və lazım olduqda ona kömək etmişdir. Belə ki, hərdən ona yemək bişirib vermiş, həmçinin Şamin ondan bir neçə dəfə borca pul da almışdır. O da xəstə olduğu üçün hər dəfə ona kömək etməyə çalışmışdır. 05 aprel 2022çi il tarixdə Təqsirləndirilən şəxs kirayə qaldığı evdən oğurluq edib aparan vaxt polis əməkdaşları onu tutmuşlar. Təqsirləndirilən şəxs həmin evə kirayə qalmaq üçün gələn vaxtdan tanımış, həmin evə kirayə qalmağa gələn vaxt onun ev əşyaları gətirməsini görməmişdir. Təqsirləndirilən şəxs yalan danışır. Rövşən adlı şəxs tanımamış və Təqsirləndirilən şəxs heç kimin mobil telefon nömrəsini verməmişdir. Təqsirləndirilən şəxs nəyə görə onun adını çəkməsini bilmir. Həmişə Təqsirləndirilən şəxs yaxşılığı dəymiş, pul lazım olanda ona pul vermiş, evində yemək bişirib vermişdir. Heç vaxt onun evdən əşyaları çıxardıb satmasını bilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 30 aprel 2022-ci il tarixli 9/1992 nömrəli rəyindən görünür ki, Respublikada yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə, analoji malların markasına, modelinə uyğun olaraq ekspertiza təyini haqqında qərarda qeyd edilən bir ədəd ORSK markalı soyuducunun orta bazar qiyməti 750 manat, bir ədəd POW markalı paltaryuyan orta bazar qiyməti 600 manat, bir ədəd 82 dioqanallı Sony markalı televizorun orta bazar qiyməti 650 manat, bir ədəd divanın orta bazar qiyməti 350 manat, bir ədəd tək adamlıq çarpayının orta bazar qiyməti 150 manat, bir ədəd stol və 5 ədəd stulların orta bazar qiyməti 170 manat, bir ədəd ütünün orta bazar qiyməti 50 manat, bir ədəd Tplink markalı internet ötürücünün orta bazar qiyməti 55 manat, bir ədəd Tefal markalı su qızdırıcının orta bazar qiyməti 25 manat ümumilikdə 2815 manat müəyyən edilir. 05 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” Protokoldan görünür ki, 05 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus olan və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə, eləcə də həmin vaxt evdən əşyalar aparan QAZEL markalı avtomobilə baxış keçirilmiş, avtomobildən bir ədəd divan, bir ədəd tək adamlıq çarpayı, bir ədəd taxtadan stol və 5 ədəd stulları, bir ədəd ütü, bir ədəd “Tplink” markalı internet ötürücüsü, bir ədəd “Tefal” markalı su qızdırıcısı, bir ədəd elektriklə işləyən qızdırıcı, müxtəlif saylarda boşqab və qazanlar aşkar edilərək götürülmüş və həmin əşyaları baxışda iştirak edən Zərərçəkmiş şəxs tanıyaraq onun yaşadığı evə məxsus olan əşyalar olduğunu bildirmişdir. 07 aprel 2022-ci il tarixli “Maddi sübut kimi tanınma barədə” Qərardan görünür ki, QAZEL markalı avtomobildən aşkar edilərək götürülmüş bir ədəd divan, bir ədəd tək adamlıq çarpayı, bir ədəd taxtadan stol və 5 ədəd stulları, bir ədəd ütü, bir ədəd “Tplink” markalı internet ötürücüsü, bir ədəd “Tefal” markalı su qızdırıcısı, bir ədəd elektriklə işləyən qızdırıcı, müxtəlif saylarda boşqab və qazanlar cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra tanınmış maddi sübutlar məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Əvvəllər Rsiya Federasiyasında məhkum olunsa da, Bakı Ağır Cinayətlər məhkəməsindən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı cinayət işi və ya hökmün tanınmasına dair material olmamışdır. 28 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” Qərardan görünür ki, bir ədəd divan, bir ədəd tək adamlıq çarpayı, bir ədəd taxtadan stol və 5 ədəd stulları, bir ədəd ütü, bir ədəd “Tplink” markalı internet ötürücüsü, bir ədəd “Tefal” markalı su qızdırıcısı, bir ədəd elektriklə işləyən qızdırıcı, müxtəlif saylarda boşqab və qazanlar cinayət işi üzrə maddi sübut kimi tanınmış, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs cinayət işinin materialları ilə tanış olduqdan sonra tanınmış maddi sübutlar məhkəməyədək saxlanılması üçün zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmışdır. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.1 və 29,177.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla, özünün etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, hadisə yerinə baxış, baxış və götürmə, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi, cinayət işinin materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə göstərilən sübutlara məcmu halda hüquqi qiymət verərək belə hesab edir ki, onların həcmi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.1 və 29,177.2.2-ci maddələrində nəzərdə tutulan cinayəti törətməsi barədə mötəbər və yekun nəticəyə gəlməyə tam imkan verir, həmin sübutlarla təqsirləndirilən şəxsin ona istinad edilən cinayət hadisəsinin baş verməsi faktı və halları, təqsirləndirilən şəxsin həmin hadisə ilə əlaqəsi, törədilmiş əməlin əlamətləri ilə ona istinad olunmuş maddənin tərkib əlamətlərinin eyniliyi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyi təsdiq olunur. İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələri ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, ağır xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 29,177.2.2-ci maddələrinin sanksiyasında 4 növ cəza, yəni ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. İş materiallarına əlavə edilmiş 06 aprel 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 08 aprel 2022-ci il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” Protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 13 yanvar 2023-cü il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” Protokoldan görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs barəsində axtarış elan edilməklə həbs qətimkan tədbirinin seçilməsinə dair Qərarı icra edilərək Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İsitintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı işlə bağlı 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək iki gün şübhəli şəxs qismində tutulmuş, 13 yanvar 2023-cü il tarixdən 24 may 2023-cü il tarixədək barəsində seçilmiş həbs qətimkan tədbiri icra olunaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İsitintaq Təcridxanasında saxlanmışdır. Ona görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 02 gün şübhəli şəxs qismində saxlandığı və 04 ay 11 gün həbsdə saxlanıldığı – cəmi 04 (dörd) ay 13 (on üç) gün müddət həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər hesablanmaqla, 08 (səkkiz) ay 26 (iyirmi altı) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, təqsirləndirilən şəxsin üzərində qəti müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPM) 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikasının CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikasının CM-in 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 07:00-dək tərk etməmək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə hesab edir ki, cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz olunmalı və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd divan, bir ədəd tək adamlıq çarpayı, bir ədəd taxtadan stol və 5 ədəd stulları, bir ədəd ütü, bir ədəd “Tplink” markalı internet ötürücüsü, bir ədəd “Tefal” markalı su qızdırıcısı, bir ədəd elektriklə işləyən qızdırıcı, müxtəlif saylarda boşqab və qazanların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci hesab edilən 50 (əlli) AZN məbləğ Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.1 maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29 177.2.2ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzaları qismən toplamaqla ona qəti olaraq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 06 aprel 2022-ci il tarixdən 08 aprel 2022-ci il tarixədək 02 (iki) gün tutulduğu müddətin və 13 yanvar 2022-ci il tarixdən 24 may 2023-cü il tarixədək həbsdə saxlanıldığı müddətin – cəmi 04 (dörd) ay 13 (on üç) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq, üzərində qəti olaraq 01 (bir) il 3 (üç) ay 04 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə zalından dərhal azad edisin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut qismində tanınmış bir ədəd divan, bir ədəd tək adamlıq çarpayı, bir ədəd taxtadan stol və 5 ədəd stulları, bir ədəd ütü, bir ədəd “Tplink” markalı internet ötürücüsü, bir ədəd “Tefal” markalı su qızdırıcısı, bir ədəd elektriklə işləyən qızdırıcı, müxtəlif saylarda boşqab və qazanların zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. İş üzrə 50.00 (əlli) manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi olaraq Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. (AZ.MEM, VÖEN **********, AZ34 CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik: CTREAZ22). Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar