Məhkəmə qərarları › İş №1(125)-43/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-43/2025

15.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-43/2025 15.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, A.İldırım küçəsi, döngə 1, ev 1, mənzil 1-də qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.566 qram psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 17 may 2024-cü il tarixdə saat 15:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməkdə, istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək, Gəncə şəhəri, Bayan küçəsində yerləşən “Xan arxı” adlanan yerin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, N.Nərimanov 179 ünvanında yerləşən Gəncə şəhər BPİ 4-cü Polis Bölməsinə gətirilmiş, bölmədə onun üzərində şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret falqasına bükülmüş təmiz çəkisi 0.566 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2024-cü ilin təxminən may ayının ortalarında Gəncə şəhəri, Təbriz küçəsində yerləşən marketdən siqaret alarkən 3 nəfər mülki geyimdə polis əməkdaşı onu saxlayaraq Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinə aparmışlar. Orada tanımadığı əməliyyat müvəkkili onun sifətinə və bədəninin müxtəlif nahiyyələrinə vurub xəsarət yetirməklə ona məxsus olmayan 0.5 qram metamfetamini üzərinə götürməyə məcbur etmişdir. O, da fiziki və psixi təsirlərdən həmin 0.5 qram metamfetamini üzərinə götürməyə məcbur olmuşdur. Saxlanılan zaman üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Qeyd edilənləri nəzərə alaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin may ayının ortalarında Təqsirləndirilən şəxs psixotrop maddələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məruzə edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 17 may 2024-cü il tarixdə saat 15:30da Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsində “Xan Arxı” adlanan yerin yaxınlığında olmasını müəyyən edib Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmiş və barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış edərək, Gəncə şəhəri BPİnin 4-cü PB-nə aparmışlar. Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmiş daha sonra şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret falqasına bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü “Xan Bağı” adlanan ərazidə yerdən tapdığını bildirmiş, onun təqdim etdiyi ağ rəngli siqaret falqasına bükülmüş büküm çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və sonra zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra həmin zərfin üzəri iştirakçılar tərəfindən imzalanmış və protokol tərtib edilmişdir. İstər saxlanılan zaman istərsədə polis bölməsində Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zorakılıq yaxud psixoloji təsir göstərilməmişdir. Məhkəmə baxışı zamanı Şahid1, Şahid2 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında 18 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. “Təqsirləndilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində ifadə verərkən elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və törətdiyi əməli könüllü etiraf etmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və ona əlavə edilmiş videogörüntüdən görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ 4-cü PBnin təhqiqatçısı polis kapitanı X6, Gəncə şəhər BPİ 4-cü PB-nin baş əməliyyat müvəkkili polis mayoru Şahid1, Gəncə şəhər BPİ 4-cü PB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 və müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli siqaret falqasına bükülmüş bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zananı Təqsirləndirilən şəxs üzərindən başqa psixotrop maddə, narkotik vasitə, qanunla qadağan edilmiş əşya aşkar edilmir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli siqaret falqasına bükülmüş bükülü elektron tərəzidə çəkilir və ümumi çəkisinin 1.06 qram olduğu müəyyən edilir. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 181 saylı" möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümün içərisində psixotrop maddə metafetamin olduğunu və Gəncə şəhəri “Xan Bağı” adlanan ərazidə yerdən tapdığını bildirir. Məhkəmə-kimyəvi ekspertizasının 18 may 2024-cü il tarixli 16/574 nömrəli rəyindən görünür ki, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd ağ rəngli kağıza bükülmüş bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki təmiz çəkisi 0.566 qram maddə, küstar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 13 iyun 2024-cü il tarixli 1058 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs psixotrop maddələri haradan əldə etməsini, kiməsə psixotrop maddə satması, o cümlədən psixotrop maddələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.2.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək 07 ay 15 gün islah işləri cəzasna məhkum edilmiş və xx.xx.2019-cu il tarixdə islah işləri cəzasını çəkib qutarmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2024-cü il tarixli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserdə “Kannabinoidlərdən asılılıq” diaqnozu ilə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli3 nömrəli Xidmət Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində hər hansı bir şikayət daxil olmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,516 qram olan psixotrop maddə olan metamfetamin və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman qeydə alınmış videogörüntü olan 1 (bir) ədəd DVD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən hazırkı cinayət işi üzrə maddi sübut növü kimi tanınmışdır. - Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 15 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli siqaret falqasına bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni çıxarıb təqdim etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən fiziki zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, təxminən 10 ildirki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Gəncə şəhəri “Xan bağı” adlanan ərazidə gəzən zaman yerdə 1 ədəd siqaret falqasına bükülmüş bükümü görmüş, həmin bükümü açıb baxdıqda metamfetamin olmasını görmüş və özü istifadəçisi olduğu üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 15:30 radələrində o, Gəncə şəhəri Bayan küçəsində yerləşən Xan arxı adlanan yerin yaxınlığında olan zaman 2 nəfər mülki geyimli şəxs ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərmiş, özlərini Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim etmişlər. Sonra polis əməkdaşları ona birlikdə Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına gedəcəyini bildirmişlər. O da polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları xidməti avtomobilləri ilə onu Gəncə şəhər BPİ-nin 4-cü PB-nin aparmışlar. Bölmənin inzibati binasında xidməti iş otağında onun hüquqularını müdafiə etmək üçün müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı o, üzərində olan göy rənglı cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli siqaret falqasına bükülmüş içərisində psixotrop maddə olan metamfetamini çıxardaraq təqdim etmişdir. Həmin bükülünün nə olması soruşulmuş, o isə bükülmüş halda olan kütlənin metamfetamin olduğunu sonra iştirakçılar tərəfindən üzərinə axtarış keçirilmiş və üzərindən başqa heçnə aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli siqaret falqasına bükülmüş kütlə aptek tərəzisındə çəkilmiş və ümumı çəkısı 1.06 qram olması müəyyən edilmişdir. Həmin kütlə iştirakçıların yanında əvvəlkı vəzıyyətınə qaytarılıb zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 181 saylı möhürü ilə möhürlənmişdir. Baxış zamanı video kamera ilə çəkilərək protokola əlavə edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin yanında ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 15 yanvar 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən fiziki və psixoloji zorakılığa məruz qalması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan məcburi müalicə almaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən halalrın müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 0.516 qram olan psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 23 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və onun ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0.516 qram metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 138 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar