Məhkəmə qərarları › İş №1(125)-430/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-430/2023

23.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-430/2023 23.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı X3, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Gəncə şəhəri, 4-cü mikrorayon, 2 nömrəli yataqxanada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,186 qram narkotik vasitə olan heroini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 26 avqust 2023-cü il tarixdə saat 18:05 dəqiqədə Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr qəbul etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, T.Arani küçəsi MİDA yaşayış kompleksində saxlanılaraq, Gəncə şəhəri H.Ə.Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli idman şalvarın sol yan cibindən 01 ədəd ağ-qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,186 qram olan maddə kustar üsulla hazırlanmış, narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:05 radələrində Gəncə şəhər Tağı Arani küçəsində Sosial MİDA binalarının yaxınlığında olarkən mülki geyimdə 2 nəfər polis əməkdaşı ona yaxınlaşıb onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmiş və orada ona təyin edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər-hansı bir əşya, predmet, dövriyyəsi qadağan edilmiş narkotik vasitə varsa təqdim etsin. O da əynində olan boz rəngli idman şalvarının sol yan cibində 1 ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim edərək içərisində olan kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, həmin bükümü xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri köhnə maşın bazarının yaxınlığında yerləşən "Sarı gəlin" şadlıq sarayının qarşısında yerdən tapmışdır. Həmin narkotik vasitədən heç kimə satmamış, həmin kütlədən istifadə etməmişdir. Həmçinin yaşadığı evdə və ya digər yerdə nə həmin narkotik vasitəni nə də başqa narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Sonda törətdiyi əmələ görə çox peşman olduğunu, ailə vəziyyətini, himayəsində bir azyaşlı uşağı olduğunu və ailədə yeganə qazanc gətirən şəxs olduğunu nəzərə alıb, ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 26 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməkdə və qəbul etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra idarənin XMİÜ baş müvəkkili Şahid1 ilə birlikdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 26 avqust 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Tağı Arani küçəsi, sosial MİDA binalarının yaxınlığında olduğunu müəyyən edib həmin yerə getmiş və Samir Rzayevi əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq, üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş polis idarəsinə aparmışlar. İlkin olaraq Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı bükümün içərisində ağ rəngli, kəskin iyə malik ilk görünüşdən narkotik vasitə olan heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümündə olan narkotik vasitənin ona məxsus olduğunu etiraf etmiş və onu xx.xx.2023-cü il tarixdə səhər saatlarında Gəncə şəhəri köhnə maşın bazarının yaxınlığında yerləşən “Sarı gəlin” şadlıq sarayının yanında tapdığını bildirmişdir. Məhkəmədə digər şahid - Gəncə şəhər BPİ-nin XMİÜ baş müvəkkili polis mayoru Şahid1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş və müəyyən edilmişdir ki, o, Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan boz rəngli idman şalvarın sol yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş ağ rəngli, kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “heroinə” bənzər kütləni təqdim etmişdir. O, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu, onu xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri köhnə maşın bazarının “Sarı gəlin” şadlıq sarayının yaxınlığında yerdə tapdığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini, başqa yerdə saxlamadığını bildirmişdir. Həmin kütlə müdafiəçinin və şəxsi axtarış iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 0,19 qram olduğu müəyyən edilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/852 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kağıza bükümdə narkotik vasitə olan heroinə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd ağ-qırmızı rəngli kağız bükümdə təmiz çəkisi 0,186 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,136 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Gəncə şəhər BPİ-nin Polis İdarəsinin 2-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən əldə etməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə satması, qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədə digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. xx.xx.2023-cü il tarixli, 2578 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixli, 5795 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatda durmur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1499 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.1999cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 207 M.3 his.; 102 M. 1 his.; 38 AR maddələri ilə təqsirli bilnərək, ona 05 il azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi təqsirli bilinərək barəsində 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunub, xx.xx.2014-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 01 il 06 aya endirilib, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti azad olunub. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində 02 il 06 ay azadlıqdan məhrum etmə cəzası, 01 il şərti sınaq müddəti ilə edilmişdir. xx.xx.2019-cu il tarixdə cəza müddəti başa çatmışdır. Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək cinayət işinin icraatına xitam verilmişdir. Azərbaycan Respublikası CM-in 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,136 qram heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özünə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, X2 azad edilmişdir. Portaldan çıxarışdan və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2005-ci il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları vardır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində daşıyaraq saxladığı tamamilə sübuta yetirildi. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməli etiraf edib, səmimi peşmançılıq hissi keçirdiyini və himayəsində azyaşlı uşağının olduğunu onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları mövcuddur, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər və azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış yerini saat 23:00-dan saat 07:00-dək və yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa onun üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanını iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, narkomaniyadan müalicə olunmaq vəzifələri qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyi, əksinə yüngülləşdirən halların olduğu, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəza çəkdiyi müddətdə Azərbaycan Respublikası CM-in 93.1.2 və 93-1.2-ci maddələrinə əsasən barəsində tibbi xarakterli məcburi müalicə tətbiq olunmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş polis idarəsində saxlanılan 0,136 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 30,40 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı yaşayış və iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, habelə narkomaniyadan müalicə kursu keçmək vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93-1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,136 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X1, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar