Məhkəmə qərarları › İş №1(125)-431/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-431/2024

13.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-431/2024 13.12.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1980-cı ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, işsiz, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 43, mənzil 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 2, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 10.376 qramxaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitətiryəki qanunsuz olaraq satış məqsədi olmadan əldə edib eyni məqsəd ilə üzərində saxlayaraq daşımış və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 17 radələrindəGəncə şəhəri, Təbriz küçəsi, 7-ci döngədə saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər BPİ-in 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparıldıqda əynində olan boz rəngli cins şalvarın sağ ön yan cibindən 01ədəd şəffaf sellofan bükümün içərisindən xeyli miqdarda, yəni təmiz çəkisi 10,376 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə olan vaxt o, evinə işdən təzə gəlmiş, evdə dincəldiyi zaman polis əməkdaşları onun evinə gəlmişlər. O, onlardan kim olduqlarını soruşduğu zaman ona cavab olaraq “tanış olacaqlarını” bildirmişlər. Polis əməkdaşları onun evini axtarmışlar, ona evində nəşə saxladığını bildirmişlər, lakin evdə heçnə tapa bilməmişlər. Polis əməkdaşları onun evində heçnə tapa bilmədikdə onun qardaşının evini axtarmış və əllərində 2 ədəd içində cücərdilmiş nəşə olan dibçək gətirmiş onun olduğunu bildirmiş və onu Polis Şöbəsinə aparmışlar. Polis Şöbəsində onu döymüşlər, ona qarşı nalayiq sözlər işlətmişlər. Şöbədə onun qabağına tiryək qoyub onun olduğunu üzərinə götürməyi bildirmişlər. Eyni zamanda ona tiryək verərək istifadə edə biləcəyini bildirmişlər, o, tiryəki götürüb istifadə etmişdir. O, əvvəllər narkotik vasitə istifadə etmişdir. Şöbədə vəkil gəlmiş onun üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. O, vəkilə narkotik vasitənin onun olmadığını bildirmiş, bu zaman polis əməkdaşları onu başqa otağa aparıb döymüşlər. O, məhkəmədən təqsirsiz olmasını nəzərə alıb barəsində bəraət hökmü verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu Şöbəyə evindən aparmışlar.Onu 2 nəfər polis əməkdaşı döymüşdür. Onu təxmini saat 5-6 radələrində Şöbəyə aparmışlar və təxmini saat 10-11 radələrində videoçəkiliş olmuşdur. O, polis əməkdaşlarının onu döymələri ilə bağlı şikayət etmiş, bununla bağlı ərizə yazmışdır. Onun heç bir əlilliyi yoxdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsi əsassız olmaqla özünü müdafiə xarakteri daşımaqla məhkəmə baxışında tədqiq edilmiş aşağıdakı sübutlarla tam təkzib olunmuşdur. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, hadisədən uzun müddət keçdiyi üçün o, hadisəni tam xatırlamır. Təqsirləndirilən şəxs qanunsuz olaraqnarkotik vasitələri əldə edib üzərində saxlaması daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təbriz küçəsi yaxınlığında olmasını müəyyən etmiş həmin yerə getmiş və onu Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ CAB-nin əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirdikləri yalandır. Onlar Abbasəlinidöyməmiş, ona qarşı heç bir nalayiq ifadə işlətməmişlər. Abbasəli üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Onlar Abbasəlini yaşadığı evin küçəsində saxlamışlar. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ CAB-nin kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsindən görünür ki,Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması və daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs Gəncə şəhəri, Təbriz küçəsi yaxınlığında olmasını müəyyən etmiş həmin yerə getmiş, özlərini ona təqdim etmiş və onu Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. Şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin 1-ci PŞ CAB-nin kiçik inspektoru, polis serjantı Şahid2 məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs bildirdikləri yalandır. Onlar Abbasəlinidöyməmiş, ona qarşı heç bir nalayiq ifadə işlətməmişlər. Abbasəli üzərində olan narkotik vasitəni könüllü şəkildə onlara təqdim etmişdir. Onlar Abbasəlini yaşadığı evin küçəsində saxlamışlar. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi öz təsdiqini tapmışdır. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və xx.xx.2024-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə X5 azad edilmişdir. -Təqsirləndirilən şəxs üzərində keçirilmiş “şəxsi axtarış”istintaq hərəkətinin görüntülərini əks etdirən DVD diskə məhkəmə iclasında baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin, TB-nin tahqiqatçısı, polis mayoru X2, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-ın kiçik inspektoru, polis seriantı Şahid2, Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələrinin az öncə izah edildiyini və hüquqlarının aydın olduğunu bildirilir. Daha sonra Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi hüquq və vəzifələrə dair bildirişi imza edirlər. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu yaşadığı evininin yaxınlığında saxladığını, saxlanılan zaman polis əməkdaşları tərəfindən ona qarşı fiziki və psixi təsirin edilmədiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunur, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarın sağ ön yan cibindən bir ədəd şəffaf rəngii sellofanu təqdim edir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “tiryək” olduğunu bildirir. Həmin kütləni təxminən 10- 15 gün əvvəl Gəncə çayının sahilindən tapdığını, həmin kütlədən istifadə etdiyini, həmin narkotik vasitədən heçkəsə satmadığını, heçkəsə pay vermədiyini, həmin kütlənin onun üzərində olduğundan heçkəsin xəbəri olmadığını və şəxsi istifadəsindən ötrü üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axlarış keçirsə də, qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi şəffaf rəngli sellofan bükümə baxış keçirilir və ilk baxışdan kəskin spesifik qoxuya malik ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütlə olduğu müəyyən edilir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli sellofon bükümdə olan ilk baxışdan narkotik vasitə tiryəkə bənzər kütlə tərəzidə çəkilir və həmin kütlənin sellofan ilə birlikdə ümumilikdə çəkisi 11,54 qram olması müəyyən edilir. Ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi, fiziki təsirin olmadığını və üzərindən aşkar edilmiş kütlənin ona məxsus olmasını şəxsi istifadəsindən ötrü üzərində saxladığını və heçkəsə satmadığını bildirir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq möhürlənir və imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 10 mart 2024-cü il tarixli 16/334 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki, 1(bir) ədəd polietilen torbacıqda təmiz çəkisi 10,376 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə -tiryəkdir. Qeyd: Tiryəkin təmiz çəkisi - 10,376qram, tədqiqata cəmi sərf edildi-0.2 qram qalıq-10,176 qram. - Məhkəmə-narkoloji ekspertizasının 20 iyul 2024-cü il tarixli 1244 nömr rəyi ilə müəyyən edilmişdir ki, narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan tiryəkdən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir.Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var.Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. - Ambulator məhkəmə psixiatrik ekspertizasının 23 iyul 2024-cü il tarixli 523 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman şəxsiyyətin isterik tipli pozuntusu, davamlı kompensiya mərhələsi XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış), hadisə zamanı öz hərəkətlərini qiymətləndirmək öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yeni cinayət hadisəsini törədən zaman ANLAQLİ olmuşdur. O, hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur.Təqsirləndirilən şəxs şəxsiyyətin isterik tipli pozuntusu, davamlı kompensasiya mərhələsi XBT 10(psixi və davranış pozuntusu, davamlı kompensiya mərhələsi XBT 10 (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F60.4 xəstəliyi keçirməsinə baxmayaraq onun əməli Azərbaycan Respublikası CMin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür.Onun hal-hazırda tbbi xarakterik məcburi müalicəyə ehtiyacı yoxdur. - DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami Rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmi ilə həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasi CM-nin 102-ci maddəsinin 1-ci hissəsi ilə bəqsirlibilinərək 03 il müddətinə şərti olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bundan başqa Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 165.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, bundan başqa Göygöl rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.2 və 145.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay şərti sınaq müddəti cəzasına məhkum edilmiş xx.xx.2015-ci ildə cəzasını çəkib qurtamışdır. -Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-98/2024nömrəli hökmündən görünür ki,Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinib, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 07(yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 06(altı) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli xx.xx.2024-cü ildən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində narkotik vasitə olan tiryəki polisdə qoymalarını, onu polislərin hədələmələri və hazırda məhkəməyə inandığı üçün indi həqiqəti deyərək həmin narkotik vasitəni polislər zorla boynuna qoyması barədə ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, bunu təqsirləndirilən şəxs ağlabatan şəkildə izah edə bilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsini inandırıcı və mötəbər hesab edir. Məhkəmə həmin dəlilləri aşağıdakılara əsasən əsassız hesab edir: İlk növbədə təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş və videoçəkiliş aparılmaqla, müdafiəçinin iştirakı ilə onun üzərinə axtarış aparılmışdır. Həmin videogörüntüdən təqsirləndirilən şəxsin xüsusi psixoloji vəziyyətdə olması, yəni baş verən hadisələrə reaksiyasının adekvat olmaması müəyyən edilmir. Şübhəli şəxs qismində xx.xx.2024-cü il tarixdə ifadəsi alındıqdan sonra, təqsirləndirilən şəxs qismində xx.xx.2024-cü il tarixdə verdiyi ifadə və izahatlarda heç kimin təsiri olmadan etdiyi cinayəti etiraf edir. Hər iki ifadə bir-biri ilə üst-üstə düşür. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən özünü 234.1-ci maddə ilə təqsirli bildiyini göstərir. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxsin özünü müdafiə xarakterli məhkəmə iclasında verdiyi ifadəsini həqiqətə uyğun olmayan hesab edir. Bundan əlavə, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması zamanı polis əməkdaşları tərəfindən zorakılığa məruz qalıb-qalmaması məsələsinin araşdırılması ilə bağlı Gəncə Şəhər Prokurorluğuna sorğu ünvanlanmış, Gəncə Şəhər Prokurorluğunun 05 noyabr 2024-cü il tarixli cavab məktubundan aydın olur ki, qeyd edilən məsələ ilə bağlı araşdırma aparılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən işgəncə, fiziki zor tətbiqinə və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından iş üzrə 29 aprel 2024-cü il tarixli“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” Qərar qəbul edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi ilə mübarizə haqqında haqqında” Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununun 19-cu maddəsinin 1-ci hissəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların xeyli miqdarda hazırlanması, kultivasiyası, əldə edilməsi, saxlanması, daşınması və ya göndərilməsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada cinayət məsuliyyətinə səbəbdir. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”n İİ Siyahısında tiryəkin xeyli miqdarının aşağı həddi 0.5 qram müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindənazad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən ediməmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Bundan başqa məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə ittiham olunduğu cinayət əməlini barəsində Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-98/2024 nömrəli hökmü qanuni qüvvəyə minməmişdən əvvəl törətdiyinə görə, həmin hökmlə təyin edilmiş 07(yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət – cəmi 04 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı və hazırda Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalan 10,176 qram narkotik vasitə olantiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli, həmçinin iş üzrə sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 20 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsindənəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(066)-98/2024 nömrəli hökmü ilə təyin edilmiş 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, hazırkı hökmlə təyin olunmuş 09(doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və hazırki cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün– cəmi 4 (gün) müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin və cəzasının əvvəli 05 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində hazırkı iş üzrə seçilmiş“polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın və hazırda Göygöl rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü üzrə azadlıqdan məhrum etmə cəzası çəkməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 10,176 qram narkotik vasitə tiryək hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 30.40 (otuz manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 120 (yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar