Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-435/2023 18.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1980-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Nizami rayonu, X4, ev 17, mənzil 14 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 05 noyabr 2019-cu il tarixdən başlayaraq 07 iyul 2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı artırılaraq hər ay 140 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Gəncə şəhər Nizami Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(044)-2946/2019 saylı, 02 oktyabr 2019-cu il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 19 may 2022-ci il tarixli, 3(044)-425/2022 saylı qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixədək cəmi 2930.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, fəhləlik edərək dolanır. Günə 10 manatla 15 manat arası qazancı olur. Ona məxsus aliment borcunu hər ay tam ödəməyə imkanı olmasa da, imkanı çatan qədər, yarımçıq olsa da, ödəmişdir. Orta hesabla hər ay 140 manat tam aliment ödənişindən 100 manat hissəsini 2 ay bundan öncəyədək ödəmişdir. Koronavirus pandemiyası dövründə işlərində fasilə yaranmış, qazancı olmamışdır. Borc məbləği ona görə bu səviyyəyə çatmışdır. Məşğulluq xidməti tərəfindən ona iş təklif edilmiş, təklif edilən işin əməkhaqqısının az olmasına, təxminən aylıq 300 manat olmasına görə həmin işlərdən imtina etmişdir. Həm də, fərdi qaydada işləyən zaman sağlamlıq problemləri ilə əlaqədar öz mülahizəsinə görə fasilə vermək imkanı olur. Lakin, məşğulluq xidməti tərəfindən təklik edilən işlərdə elə imkanı olmayacaqdır. Onun ciyərləri xəstə olduğu üçün ağır işlərdə işləyə bilmir. Hazırda aliment borcunu 2023-cü ilin noyabr ayı da daxil olmaqla tam ödəmişdir. Məhkəmədən bu xüsusatın nəzər alınaraq, barəsində aparılan cinayət işi üzrə icraata xitam verməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, mütəmadi olaraq o, alimentin ödənilməsini tələb etsə də, təmin edilmir. Borclunun özü ona telefon nömrəsini vermir. Keçmiş həyat yoldaşı ikinci dəfə ailə həyatı qurmuşdur. İkinci ailəsində himayəsində bir uşağı var. İkinci ailəsində uşağa baxır, onun ehtiyacını ödəyir, yalnız birinci ailəsindən olan uşağına baxmaması ona pis təsir edir. Aliment borcunun ona ödənilməsi üçün bank kartı əldə etmişdir. Hər ay 99 manat ona pul ödəyir. Düşünür ki, borclu qərəzli olaraq ödənişi tam etmir. Hazırda musiqi məktəbində direktor müavini vəzifəsində çalışır. Təxminən 600 manat maaş alır. Əmək haqqısı az olduğuna görə uşağa baxmaqda çətinlik çəkir. Hazırda ona aliment borcu 2023-cü ilin noyabr ayı daxil olmaqla tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında ifadə verən şahid Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, alimet borcu tələbi üzrə icra hərəkətləri onun tərəfindən həyata keçirilmiş, iş onun icraatında olmuşdur. Aliment borcu üzrə aylıq ödəniş 140 manat olmasına baxmayaraq, borclu imkanının az olmasını əsas gətirərək aylıq 100 manat ödəmişdir. Bu səbəbdən, tələbkar həm borcludan, həm də icra məmurlarında narazılıq etmişdir. İcraat dövründə borclunun ölkədən çıxısına məhdudiyyət qoyulması, əmlakı barədə sorğu verilməsi kimi icra tədbirləri həyata keçirilmiş, inzibati məsuliyyətə cəlb edilməsi barədə protokol tərtib edilərək məhəkəməyə təqdim edilmişdir. Həmin protokol əsasında borclu 8 gün müddətinə inzibati həbs edilmişdir. Ona təklif edilən işlərdə isə səhhətində problemlərinin olması əsası ilə işləməkdən imtina etmişdir. Məhkəmə iclasında ifadə vermiş şahid, Gəncə şəhəri üzrə İcra idarəsinin böyük icra məmuru Şahid1 ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid1 ibtidai istintaqdakı ifadəsində bildirmişdir ki, Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2946/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin əsasında verilmiş icra sənədi üzrə borclu Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixdə anadan olmuş Məhəbbət adlı uşağın saxlanılması üçün xx.xx.2019-cu il tarixdən başlayaraq hər ay 140 manat sabit pul məbləğində aliment alınaraq tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir.İcra vərəqəsi xx.xx.2019-cu il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuş və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi rəhbər tutularaq 14.11,2019-cu il tarixdə icraata başlamaq haqqında qərar və bildiriş qəbul edilərək tərəflərə göndərilmişdir. Borclu Təqsirləndirilən şəxs qərar və bildirişi qəbul etsə də, icra sənədinin icrasını təmin etməmişdir. Təqsirləndirilən şəxs çağırışlara gəlmədiyindən məcburi qaydada gətirilməsi üçün məhkəməyə təqdimat verilmiş, məhkəmə qərardadı əsasında polis vasitəsi ilə idarəyə gətirilmiş, ondan yaranmış aliment borcunu ödəməsi tələb olunmasına baxmayaraq borcunu ödəməkdən imtina etmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində İnzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Gəncə şəhər Nizami rayon Məhkəməsinə göndərilmiş, həmin məhkəmənin 3(044)-425/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə 08 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Gəncə şəhər Nizami rayon Məhkəməsinin 8(044)-470/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu Təqsirləndirilən şəxs aliment borcunu yenə də ödəməmişdir. İnzibati həbsdən sonra borclu Təqsirləndirilən şəxs məsuliyyəti elan olunmaqla yeni müddət verilmiş və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlıq edilmişdir. Borclu Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən Məşğulluq Mərkəzində işaxtaran kimi qeydiyyata alınsada bu günə kimi heç yerdə işləmir. Borclunun hərəkətsizliyi nəticəsində tələb və aliment üzrə borcu icra olunmamışdır. Materiallardan göründüyü kimi borclu Təqsirləndirilən şəxs Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin məlum qətnaməsini, ona inzibati həbs tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq aliment üzrə borcunu ödəməmiş, həm də faktiki imkanlarından yararlanmamışdır. Tələbkar Zərərçəkmiş şəxs 11.01,2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək borclu Təqsirləndirilən şəxs aliment üzrə 2770 manat ödənilməmiş aliment borcunun olmasını və borclunun cinayət məsuliyyətinə cəlb edilməsi üçün təqdimatla Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müraciət olunması xahiş edilmişdir. Borclu Təqsirləndirilən şəxs Gəncə şəhər Nizami rayon Məhkəməsinin 2(044)-2946/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə 2023-cü ilin may ayı da daxil olmaqla aliment üzrə borcu 2930 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin icra vərəqindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2946/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8 fevral 2013-cü il tarixli, 2(044)-88/2013 saylı qətnaməsinə əsasən müəyyən olunmuş alimentin məbləği dəyişdirilməklə, xx.xx.2009-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Təqsirləndirilən şəxs hər ay 140 manat sabit pul məbləğində alment tutularaq Zərərçəkmiş şəxs ödənilməsi qət edilmişdir. - Gəncə şəhəri üzrə İcra idarəsinin icra məmuru X3 tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2946/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra vərəqəsi üzrə icraata başlanılmışdır. - xx.xx.2019-cu il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişindən görünür ki, həmin bildiriş borclu Təqsirləndirilən şəxs təqdim edilməklə ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2946/2019 nömrəli, xx.xx.2029-cu il tarixli icra sənədində göstərilən tələbi könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 8(044)-477/2021 nömrəli xx.xx.2021ci il tarixli qərardadından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinə məcburi qaydada gətirilməsi qərara alınmışdır. - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 3(044)-425/2022 nömrəli xx.xx.2022ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 08 gün müddətinə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. - Məlumat vərəqəsindən görünür ki, Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. - Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhəri İcra Hakimiyyəti başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. - Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Əməliyyat və Statistik İnformasiya İdarəsinin 2 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. - Cinayət məsuliyyətinə cəlb olunma barədə xəbərdarlıq məktublarından görünür ki, borclu Təqsirləndirilən şəxs icra sənədinin icrasını təmin etməsi, əks təqdirdə icra sənədindən qərəzli olaraq boyun qaçırdığına görə barəsində Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə əsasən məsuliyyətə cəlb olunacağı barədə tədbir görüləcəyi bildirilmişdir. - Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona olan aliment borcunu 2023-cü ilin noyabr ayı daxil olmaqla tam şəkildə ödəmiş, və o, cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. - Təqsirləndirilən şəxs 18 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, o, 2023-cü ilin noyabr ayı daxil olmaqla, aliment borcunu tam şəkildə ödəmişdir. Barəsində aparılan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə tərəfləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.3-cü maddəsinə əsasən başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 73.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 306-cı maddəsinin Qeydində göstərilmişdir ki, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının CPM-in 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikasının CPM-in 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsə olan borcu ödəyərək icra sənədini tam icra edib barışması nəzərə alınmalı, təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.3-cü maddəsi tətbiq olunmaqla, o, Azərbaycan Respublikası CM-in 306-cı maddəsinin Qeydinə əsasən cinаyət məsuliyyətindən аzаd edilməli, onun Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ödənilməsi üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, onun işlədiyi vəkil bürosunun hesabına 90 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə edilməli əmlak, maddi sübut və mülki iddiа yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 39, 41, 43, 314.2 və 321.2.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikasının Dövlət Büdcəsindən ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və yа protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Orxan Cəfərli
Məhkəmə qərarları › İş №1(125)-435/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-435/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver