Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-439/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, İ.Məmmədov küçəsi, ev 88-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Nizami küçəsi, 2-ci dalan, ev 9-da yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: Təqsirləndirilən şəxs, istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda,yəni təmiz çəkisi 1,783 qram prixotrop maddə metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 may 2023-cü il tarixdə saat 11:30 dəqiqədə DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələri istifadə etməkdə, satmaqda və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri Nizami küçəsində yolun kənarında saxlanılaraq, Gəncə şəhər Atatürk prospekti 4 ünvanında yerləşən Azərbaycan Respulikası DİN-nin BNMİ-nin QBRŞ-nə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarın sağ yan cibinin 1(bir) ədəd şəffaf rəngli sellofan bükümdə təmiz çəkisi 1,783 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Psixotrop maddə metamfetamin istifadə edir. Üzərindən aşkar olunan bir ədəd bükümdə psixotrop maddə metamfetamini 100 manat pula o, 26 may 2023-cü il tarixdə Səfər adlı tanıdığı, ancaq şəxsiyyəti barədə heç bir məlumatının olmadığı Gəncə şəhər sakinindən Gəncə şəhəri ərazisində alıb əldə edərək özünün istifadəsi üçün üzərində saxlamışdır. Həmin psixotrop maddədən heç kimə verməmiş, satmamış və özünün istifadəsi üçün üzərində saxlamışdır. Lakin 27 may 2023-cü il tarixdə Gəncə şəhəri Nizami küçəsində, yolun kənarında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq ona narkotik vasitə saxlamaq şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobililə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqları izah edilmiş və o, müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuş, o, həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o bir bükümdə psixotrop maddə metamfetamini əynindəki şalvarının sağ yan cibindən çıxarıb otaqdakı stolun üzərinə qoyub təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçirərkən başqa qanunsuz əşya aşkar olunmamışdır. Həmin bükümə baxış keçirərkən içərisindəki psixotrop maddə metamfetamin aşkar olunmuşdur. Həmin büküm onun iştirakı ilə elektron tərəzidə çəkilmiş, sonra isə büküm zərfə qoyularaq ağzı bağlanmış və üzəri imzalanmışdır. Törətdiyi əmələ görə peşman olduğunu bildirib barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Gəncə şəhəri, Nizami küçəsində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və həmin bölmənin baş əməliyyat müvəkkili Şahid2 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami küçəsində yolun kənarında saxlanılaraq DİN-in BNMİ-nin QBRŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm içərisində kütləni çıxarıb otaqdakı stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuş, həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və müvafiq qaydada qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. Məhkəmə istintaqı zamanı ibtidiai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmiş Şahid2 ifadəsindən görünür ki, o, BNMİ-nin QBRŞ-nin XMİÜ baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Gəncə şəhəri, Nizami küçəsi 2-ci dalan ev 9-da yaşayan xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə edib istifadə etməsi, satması və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və həmin bölmənin əməliyyat müvəkkili Şahid1 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 may 2023-cü il tarixdə saat 11:30-da Gəncə şəhəri Nizami küçəsində yolun kənarında saxlanılaraq DİN-in BNMİ-nin QBRŞ-nə gətirilmiş və Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:30-da şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra Polis Şöbəsində "Panasonic" markalı video kamera vasitəsi ilə Müdafiəçi iştirakı ilə vətəndaş Təqsirləndirilən şəxs hüquqları izah edildikdən sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm içərisində kütləni çıxarıb otaqdakı stolun üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilmiş və çəkisi 1,88 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılaraq tərkibinin və dəqiq çəkisinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin Gəncə Regional bölməsinə göndərilmişdir. Onlarda Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmışdır. “Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2023-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. “Qətimkan tədbiri seçilməsi haqqında” 29 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, DİN-in BNMİ-nin QBRŞ-nin təhqiqatçısı polis mayoru X4, DİN-in BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmin şöbənin XMİÜ baş əməliyyat müvəkkili polis mayoru Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm içərisində kütləni çıxarıb otaqdakı stolun üzərinə qoyur. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofana bükülmüş bir ədəd büküm içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunur. Həmin büküm içərisində olan kütlə ilə birlikdə tərəzidə çəkilir və 1,88 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır və imzalarla təsdiq edilir. Məhkəmə-kimyəvi ekspertizasının 27 may 2023-cü il tarixli 16/554 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə..” sözlər olan və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda, təmiz çəkisi 1,783 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmə-narkoloji ekspertizasının 31 avqust 2023-cü il tarixli 1439 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə olunmuş əməliyyat tapşırığına verilmiş xx.xx.2023-cü il tarixli 3- 13-57-2/2-1359/2023 nömrəli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri əldə etdiyi mənbə, Səfər adlı şəxs, ona psixotrop maddə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı yoxdur. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 1,683 qram olan psixotrop maddə metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş 25 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə baxış keçirilmiş, videogörüntüdə Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış aparıldığı, hüquq və vəzifələri izah edildiyi, üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsi təklif edildiyi, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan bükülünü çıxarıb masanın üzərinə qoyub içərisində psixotrop maddə olan metamfetamin olduğunu və öz istifadəsi üçün aldığını, həmin bükümün zərfə qoyularaq möhürlənməsi müəyyən edilmişdir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma —bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmədə, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş psixotrop maddə şəxsi istehlak miqdarından 11 dəfə çox olmaqla külli miqdara yaxın olmuşdur. Təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, psixotrop maddənin külli miqdara yaxın olmasını nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəza növü kimi ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı cinayət işi üzrə 27 may 2023-cü il tarixdən 29 may 2023-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 24 noyabr 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilməli və məhkəmə iclas zalından həbsə alınmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır . Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan çəkisi tədiqaqatdan qalıq qalmış 1.683 qram psixotrop maddə metafetamin məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1) Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi iki gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 24 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan tədqiqatdan sonra qalıq çəkisi 1,683 qram psixotrop maddə metamfetamin məhv edilsin, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 32,40 manat (otuz iki manat qırx qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Hökmdən elan edildiyi və ya təqsirləndirilən şəxsə isə ona təqdim olunduğu gündən 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-439/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-439/2023
24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver