Məhkəmə qərarları › İş №1(125)-44/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-44/2025

17.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-44/2025 17.03.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X7, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan xeyli miqdarda, yəni təmiz çəkisi 0.407 qram narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 19:42 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin X2 əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Atatürk prospektində yerləşən təkər təmiri sexinin yaxınlığında saxlanılaraq ünvan 2 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan açıq qəhvəyi rəngli qış gödəkçənin ön sağ cibindən 01(bir) ədəd ağ rəngli kağız parçası bükümündə təmiz çəkisi 0.407 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrar istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 0.230 qram psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2024-cü il tarixdə saat 00:05 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Eminbəyli küçəsi ilə M.Muşfiq küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 3-cü Polis Bölməsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının ön sol cibindən 01(bir) ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0.230 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, şəxsi axtarış və götürmə protokolları, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri, götürülmüş maddi sübutlar və digər istintaq hərəkəti protokolları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Əvvəllər narkotik vasitələrdən istifadə etsədə hazırda istifadə etmir. 2024-cü ilin yanvar ayında gündəlik işlədiyi təkər təmiri sexinin yaxınlığında yerdən bir büküm tapmış və həmin bükümün içərisinə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu görmüşdür. O, narkotik vasitə istifadə etdiyi üçün gələcəkdə istifadə etmək məqsədilə həmin bükümü götürüb cibinə qoymuş və elə həmin gün Gəncə şəhər Atatürk prospektində işlədiyi təkər təmiri sexinin yaxınlığında olarkən mülkü geyimdə olan 2 nəfər şəxs yaxınlaşıb özlərini ona polis əməkdaşı kimi təqdim etmiş və üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nə getmiş, orada müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunla qadağan olunmuş hər-hansı əşya varsa təqdim etsin. O,da əynində olan qəhvəyi rəngli qış gödəkçəsinin ön sağ cibində saxladığı bir ədəd ağ kağıza bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində narkotik vasitə "kakos" kimi tanıdığı heroin olduğunu bildirmişdir. Sonra həmin narkotik vasitə olan heroin müdafiəçisinin və iştirakı ilə elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmış, sonra protokol tərtib edilmişdir. Bundan başqa o, 2024-cü ilin mart ayında günorta saatlarında Gəncə şəhər Təhsil İdarəsini yaxınlığında piyada gedən zaman yerdə olan bir büküm diqqətini çəkmiş və həmin bükümü götürüb açıb baxan zaman bükümün içərisində psixotrop maddə “patı” kimi tanıdığı metamfetamin olduğunu görüb həmin bükümü götürüb şəxsi istifadə məqsədilə cibinə qoymuşdur. Lakin həmin bükümün içərisində olan metamfetamindən istifadə etməmişdir. 13 mart 2024-cü il tarixdə isə Gəncə şəhər, Eminbəyli küçəsi ilə M.Müşviq küçəsinin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və ona üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 3-cü Polis Bölməsinə dəvət emişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmiş və orada vəkillə təmin edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qara rəngli idman şalvarının ön sol cibindən bir bükümdə saxladığı psixotrop maddə, kristal şəkilində metamfetamin aşkar edilmişdir. Bundan sonra üzərindən aşkar edilib götürülmüş içərisində psixotrop maddə, metamfetamin olan büküm elektron tərəzidə çəkilmiş daha sonra zərfə qoyulub qablaşdırılb götürülmüşdür. O heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən isə heç kəsə verməmiş və özü istifadə etmək üçün üzərində saxlamışdır. Əməlindən peşmandır, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid4 ibarət əməliyat axtarış qrupu tərəfindən Təqsirləndirilən şəxs 2024-cü ilin yanvar ayında Gəncə şəhər Atatürk prospektində yerləşən təkər təmiri sexinin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nə gətirilmiş və orada müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəklişə baxış keçirilən zaman Təqsirləndirilən şəxs üzərindən bir büküm narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni işlədiyi təkər təmiri sexinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadə məqsədilə üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və zərfə qoyulub qablaşdırılb götürülmüşdür. Məhkəmə iclasında Şahid3 ona verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində olan narkotik vasitəni könüllü olaraq onlara təqdim etmiş və Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi zor tətbiq edilməmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Gəncə şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin mart ayında Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə edib üzərində saxlaması və istifadə etməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında o və Gəncə şəhər BPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid2 ibarət əməliyyat qrupu yaradılmış və onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri Emibəyli küçəsi ilə M.Müşviq küçəsinin kəsişməsinin yaxınlığında saxlayaraq, Gəncə şəhər BPİ-nin 3-cü PB-nə gətirmişlər. Polis bölməsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində videoçəklişlə axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində saxladığı bir büküm metamfetaminə oxşar kütləni çıxarıb təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığında yerdən tapdığını və şəxsi istifadə üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra həmin kütlə elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq götürülmüşdür. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: -“Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respubblikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulması və Gəncə şəhər BPİ-in MSY-nə yerləşdirilməsi qərara alınmışdır. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Gəncə şəhər BPİ-nin İTİ-nin TŞ-nin təhqiqatçısı polis polkovnik-leytenantı oğlu, Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid3, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid4 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X5 iştirakı ilə həmin gün Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan açıq qəhvəyi rəngli qış gödəkçəsinin ön sağ cibində olan 01 ədəd ağ rəngli kağıza bükülmüş büküm çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd ağ rəngli kağıza bükülmüş bükülünü haradan alması soruşulur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni xx.xx.2024-cü il tarixdə Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığında yerdən tapdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd büküm elektron tərəzidə çəkilir və həmin kütlənin bükümlə birgə ümumi çəkisinin 0,68 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır götürülür və zərfin üzəri imzalarla təsdiq edilir. - Məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2024-cü il tarixli 16/57 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində“Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş bir ədəd sellofan bükümdə narkotik vasitə heroinə bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki 1(bir) ədəd ağ rəngli kağız parçası bükümündə, təmiz çəkisi 0,407 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” 14 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. -“Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə o, Gəncə şəhər Baş Polis İdarəsinin MSY-dən azad olunmuşdur. -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxsin tutulması” haqqında xx.xx.2024-cü il tarixli qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -“Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və bir ədəd DVD diskə baxışdan görünür ki, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin təhqiqatçısı polis kapitanı X3, Gəncə şəhər BPİ-nin 3-cü PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1, həmin bölmənin əməliyyat müvəkkili polis leytenantı Şahid2 həmçinin şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi X8 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra ondan üzərində hər hansı qanunsuz əşyanın olub-olmadığı soruşulur və bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının ön sol cibində olan 01 ədəd şəffaf sellofan büküm içərisində psixotrop maddə olan metamfetaminə oxşar kütləni çıxarıb təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şəffaf sellofana bükülmüş bükülünü haradan alması soruşulur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni həmin gün günorta saatlarında Gəncə şəhər Təhsil İdarəsinin yaxınlığında yerdən tapdığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərində qanunla dövriyyəsi qadağan edilmiş başqa narkotik vasitə, psixotrop maddə və ya hər hansı qanunsuz əşya aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd şəffaf sellofana bükülmüş bükülü içərisindəki kütlə ilə birlikdə tərəzidə çəkilir və həmin kütlənin bükümlə birgə ümumi çəkisinin 0,33 qram olması müəyyən edilir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılır götürülür və üzəri imzalarla təsdiq edilir. -Məhkəmə-kimyəvi ekspertizasının 13 mart 2024-cü il tarixli 16/342 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində“........vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş........” yazı və imzalar olan kağız paketdəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,230 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. -“Cinayət işinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi onun barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ilə birləşdirilərək cinayət işinin ********* saylı nömrə ilə davam etdirilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 704 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Rayonlararası ruhi-əsəb dispanserinin xx.xx.2024-cü il tarixli 551 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. -Məhkəmə-narkoloji ekspertizasının 31 may 2024-cü il tarixli 952 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2024-cü il tarixli ********* nömrəli əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələri və narkotik vasitələri satması, ona psixotrop maddə və narkotik vasitə əldə etməsində köməklik edən şəxslərin olub-olmaması və rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirakına dair hər hansı əməliyyat məlumatı daxil olmamışdır. Həmçinin psixotrop maddəni və narkotik vasitəni əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” 06 iyun 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrı vaxtlarda aşkar olunaraq götürülmüş 0,230 qram təmiz çəkidə psixotrop maddə metamfetamin və 0,407 qram təmiz çəkidə narkotik vasitə heroin maddi sübut kimi tanınaraq tədqiqata sərf edildikdən sonra qalan 0,180 qram təmiz çəkidə psixotrop maddə metamfetamin və 0,387 qram təmiz çəkidə narkotik vasitə heroin Gəncə şəhər BPİ-in saxlama anbarına saxlanca verilmiş, cinayət işinə əlavə edilmiş xx.xx.2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Gəncə şəhər BPİ-nin 3-cü PB-də və 12 yanvar 2024-cü il tarixdə keçirilmiş əməliyyat axtarış təddbirlərindən sonra Gəncə şəhər BPİ-də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişləri özündə əks etdirən 2 ədəd DVD disk, iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. -Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. -Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-441/2024 saylı hökmündən görünür ki, həmin hökmə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. -Gəncə Şəhər Probasiya Şöbəsinin 12 mart 2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-441/2024 saylı hökmünə əsasən xx.xx.2025-ci il tarixdə Probasiya şöbəsində qeydiyyata alınmış, ona təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 11 mart 2025-ci il tarixə 01 ay 22 gün hissəsini çəkmiş və 02 il 10 ay 04 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisələri törədilmişdir, törədilmiş cinayət hadisələri ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməllərinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir və onun törətmiş olduğu cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə ədalətli cəza təyin edilməlidir. Qanunvericiliyin tələblərinə əsasən istintaq zamanı Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.1-ci maddəsi cinayətlərin təsnifatına görə az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. CM-in 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən etməmişdir. Məhkəmə CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsini onun cəzasını ağırlaşdıran hallar kimi nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın Təqsirləndirilən şəxs islah olunmasına təsirini, cəzanın məqsədini, cəzanı yüngülləşdirən halların olmamasını və ağırlaşdıran halın olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə onun islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən hallara diqqət yetirərək nəzərə alır ki, Təqsirləndirilən şəxs cinayət əməlini təkrar törətməsi, törətdiyi əməllərə tənqidi yanaşmadığını və islah olunmağa meylli olmadığını deməyə əsas verir. Buna görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(125)-441/2024 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki iş üzrə təyin ediləcək cəza ilə qismən toplanılmaqla təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Beləki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən Cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir, azadlığın məhdudlaşması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə Şəhər Məhkəməsinin 1(125)–441/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 28 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 29 gün müddət, Gəncə Şəhər Məhkəməsinin 1(125)–441/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə şübhəli şəxs qismində tutulduğu iki gün müddət və hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 13 mart 2024-cü ildən 14 mart 2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, ümumilikdə 01 ay 05 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin ediləcək, cəzadan çıxılaraq qəti cəza təyin edilməli, cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli və onun barəsində “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclasında dərhal həbsə alınmalıdır. Azərbaycan Respublikasının CM-in 93.1.2-ci maddəsinə əsasən məhkəmə cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Odur ki, CM-in 93.1.2-ci və 93-1.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Məhkəmə, CPM-in 132-ci maddəsinin tələblərinə əsasən hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,180 qram psixotrop maddə olan metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,387 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa məhkəmə, CPM-in 197.1.4-cü maddəsinə əsasən hesab edir ki, iş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 62.80 (altmış iki manat səksən qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğluna məhkəmədə 25 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 nömrəli Vəkil Bürosunun vəkili Müdafiəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına (xx.xx.2018-ci il tarixli, 202 nömrəli qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən CPM-in 197-198, 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutub, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–441/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla hazırkı hökmlə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə, qismən toplanılmaqla, ona cinayətlərin məcmusu üzrə qəti olaraq 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Gəncə Şəhər Məhkəməsinin 1(125)–441/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilmiş 01 ay 28 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla 29 gün müddət, Gəncə Şəhər Məhkəməsinin 1(125)–441/2024 nömrəli xx.xx.2024-cü il tarixli hökmü ilə şübhəli şəxs qismində tutulduğu iki gün müddət və hazırkı cinayət işi üzrə xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, 13 mart 2024cü ildən 14 mart 2024-cü il tarixə kimi şübhəli şəxs qismində tutulduğu 02 gün müddət, ümumilikdə 01 ay 05 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin başlanğıcı 17 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin və hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalıdan dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsinin saxlanc anbarında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalan 0,180 qram psixotrop maddə olan metamfetamin və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,387 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 62.80 (altmış iki manat səksən qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150 (bir yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar