Məhkəmə qərarları › İş №1(125)-440/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-440/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-440/2023 13.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkum olunmamış, ADAU-da gözətçi işləyən, Kəlbəcər rayonu Aşağı Ayrım kəndində qeydiyyatda olan və Gəncə şəhəri, Gülüstan qəsəbəsi ADAU-6-nın yataqxanasının ətrafında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binаsındа açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixində saat 12 radələrində Gəncə şəhəri Ozan küçəsində yerləşən ADAU-nun peşə təhsili mərkəzinin həyətində aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs sifətindən yumruqla qəsdən vurmaqla sol göz ətrafı nahiyənin hemotoması, sol gözün üst qapağının və sol gözaltı nahiyəsinin əzilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərmişdir ki, 2013-cü ildən Gəncə ADAU-də gözətçi vəzifəsində işləyir. xx.xx.2022-ci ildə gözətçilərin rəisi Zərərçəkmiş şəxs onun xidmət apardığı postu dəyişmişdir. Buna görə dəfələrlə Arazdan xahiş etmişdir ki, onu əvvəlki postuna geri qaytarsın. İlkin olaraq Araz söz vermişdir ki, onu əvvəlki postuna qaytaracaq, lakin vədinə əməl etməmişdir. Buna görə də xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhəri Ozan küçəsində yerləşən ADAU-nin nəzdində olan peşə təhsili mərkəzinin həyətinə Arazın yanına getmiş, Arazdan xidməti harada aparacağını soruşduqda Araz yerini dəyişdirməkdən imtina edərək işini bəyənmədiyi halda ərizəsini yazıb işdən çıxmasını tapşırmışdır. Bu səbəbdən Araza kobud sözlər demiş və Araz təpiklə onun qasıq nahiyəsindən bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs hərəkətlərinə cavab olaraq bir dəfə yumruq zərbəsi ilə sifət nahiyəsindən vurub oradan qaçaraq uzaqlaşıb Zərərçəkmiş şəxs barəsində şikayət etmək üçün Gəncə şəhər 1-ci PŞ-nə yaxınlaşmışdır. Hadisənin baş verdiyi tarixdə təhsil müəssisələrində tətil dövrü olduğundan ətrafda digər şəxslər olmamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Hazırda o, zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Odur ki, yazılı ərizə verərək, onun barəsində başlanmış məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirmişdir ki, o, 2021-ci il oktyabr ayından Gəncə ADAU-də xidmət rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun tabeçiliyində xidmət aparır. Anarın xidmət yerini təxminən bir il bundan əvvəl dəyişərək başqa əraziyə vermişdir. Bundan sonra Anar tez-tez onun yanına gələrək əvvəlki xidmət yerinə qaytarmasını istəmişdir. Lakin dəfələrlə Anara rəhbərliyin icazə verdiyi halda dəyişəcəyini söyləmişdir. Buna baxmayaraq, Anar etiraz edərək yerini dəyişdirməsi üçün israr etmişdir. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Gəncə şəhəri, Ozan küçəsində yerləşən ADAU-nin nəzdində olan Peşə təhsili mərkəzinin həyətində olarkən Anar əsəbi halda onun üstünə gələrək nə üçün yerini dəyişməməsinin səbəbini soruşduqda Anara rəhbərlik göstəriş verdiyi halda yerini dəyişəcəyini demişdir. Bu zaman Anar onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Anar ona tərəf gəlib əlini arxa cibinə atdıqda, o əyləşdiyi stuldan qalxaraq əlini qabağına tərəf tutub ayağını Anara tərəf atmışdır. Bu zaman Anar onu sol gözündən qəsdlə yumuruqla vurub xəsarət yetirmiş, yumruq zərbəsi nəticəsində yerə yıxılmışdır. Bundan sonra Anar ünvanına sözlər deyərək çıxıb getmişdir. Hadisənin baş verdiyi tarixdə ətrafda onlardan başqa digər şəxslər olmamışdır. Mübahisə təxminən 1-2 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxs zərbəsi nəticəsində göz nahiyəsindən qan gəlmişdir. Lakin hazırda o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş zərər ödənilmişdir. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Bu səbəbdən yazılı ərizə verərək, təqsirləndirilən şəxsin barəsində məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Gəncə şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 1368 nömrəli “canlı şəxsin ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol göz ətrafı nahiyənin hematoması, sol gözün üst qapağının və sol göz altı nahiyənin əzilmiş yaraları - küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir və əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa “yüngül” zərər vurmaya aid edilmişdir. xx.xx.2023-cü il tarixli, 2730 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. xx.xx.2023-cü il tarixdə Aşağı Ayrım kənd İ.Ə.D üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Nikah haqqında şəhadətnamə və şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs evlidir və himayəsində xx.xx.2017-ci il təvəllüdlü Sevinc və xx.xx.2019-cü il təvəllüdlü Ömər adlı iki azyaşlı uşağı vardır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi və mənəvi zərər ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, o, zərərçəkmiş şəxslə barışmış, zərərçəkmiş şəxsə dəymiş maddi və mənəvi zərəri ödəmişdir, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən iş üzrə keçirilmiş ekspertiza rəyi və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə, Təqsirləndirilən şəxs bаrəsində Аzərbаycаn Respublikаsı CM-nin 73.2-ci mаddəsinin tətbiq оlunmаsını istisnа edən hаl müəyyən etməmişdir. Belə ki, iş mаteriаllаrındаn görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə bаrışmış, sonuncu zərərçəkmişə dəymiş ziyаnı ödəmişdir. Bundan başqa, təqsirləndirilən şəxs, CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini ilk dəfə törətmiş, əvvəllər həmin əmələ görə məhkum olunmamış, cinayət məsuliyyətindən və cəzadan azad olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1, 43.1.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan maddi və prosessual hüquq normalarının tələblərinə rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəyərək onunla barışması nəzərə alınmalı və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunmaqla, o, cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. Bundan başqa, qeyd edilməlidir ki, təqsirləndirilən şəxsə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 06 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat pul köçürülməlidir. Əməli törətmiş şəxs barəsində qətimkan tədbiri seçilməmişdir. İş üzrə maddi sübut, müsadirə edilməli əmlak və məhkəmə xərci yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 321, 346, 347 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 128-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həmin Məcəllənin 73.2-ci maddəsi tətbiq edilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 36 (otuz altı) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar