Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-449/2024 16.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4, X1 iştirakları ilə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittihamçı X2 şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qonşuluqda yaşayan X9 onunla və digər qonşularla daim mübahisə edir. Bu barədə polis şöbəsinə ərizə ilə müraciət etmiş və polis Ayşən Ağayeva barədə İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən cərimə olunduğunu demiş, lakin həmin cərimə bugünədək icra olunmamışdır. Daha sonra ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Ayşən Ağayeva bütün qonşuların qarşısında onu ağır söyüşlərlə təhqir edərək vurmuşdur. Buna qonşuları X5, X10 və X7 şahidlik edə bilər. Daha sonra Ayşən Ağayeva özünü döyərək xəsarət yetirmiş və bu barədə polisə şikayət verərək şərləmişdir ki, guya onu Şəhla Ələkbərova döymüşdür. Lakin harda, necə, nə vaxt döydüyünə dair heç bir sübutu yoxdur. Ayşənin işi gücü onu şərləmək, təhqir etmək və rahat yaşamağını pozmaqdır. Odur ki, Ayşən Ağayevanın məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçı X3 şikayətin mahiyyətinə uyğun izahat verərək Azərbaycan Respublikası X6 Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X9 çıxışında Şəhla Ələkbərovanı təhqir etmədiyini və şikayətin əsassız olduğunu bildirərək şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, xüsusi ittihamçı Şəhla Ələkbərova tərəfindən təqdim edilmiş şikayət ərizəsinin məzmunundan və iş materialarına əlavə edilmiş 2 (iki) ədəd DVD diskə baxış zamanı aydın olur ki, həmin ərizə və video görüntülər cinayət hadisəsini əks etdirmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Xüsusi ittiham qaydasında verilmiş şikayətdən görünür ki, şikayət vermiş şəxs qanunvericiliklə üzərlərinə düşən vəzifələri icra etməyərək şikayət ərizəsinin forma və məzmununda yuxarıda qeyd edilən qüsurlara yol verməklə məhkəməyə müraciət etmişdir. Həmçinin xüsusi ittiham qaydasında şikayət ərizəsində ümumi formada qeyd edilib ki, “X9 bütün qonşuların qarşısında onu ağır söyüşlərlə təhqir edərək vurmuşdur”. Lakin, ərizədə təhqir xarakterli məlumatların konkret olaraq hansı söz və ifadələrdən ibarət olması, hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini alçaltması göstərilməmişdir. Belə ki, Azərbaycan Respublikası CM-nin “Təhqir” adlandırılan 148-ci maddəsinin dispozisiyasına görə həmin cinayət obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Məhkəmə qeyd edir ki, fiziki şəxslərlə bağlı məlumat dedikdə onların şəxsiyyəti, sosial mənşəyi, cinsi, təhsili, vətəndaşlığı, ailə, sosial və əmlak vəziyyəti, səhhəti, fiziki və psixoloji durumu, yaşı, fəaliyyət qabliyyəti, məşğuliyyəti, məhkumluğu, vərdişi, həyat tərzi, tərcümeyi -halı, öhdəlikləri, davranışı, müsbət və ya mənfi cəhətləri, xarakteri və s. barədə açıqlanan və çatdırılan, həqiqi və ya yanlış olan konkret bilgidir. Hazırki şikayətin verilməsinə səbəb olan hər hansı bir konkret bilgi, yəni məlumat konkret şəkildə açıqlanmamışdır. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 11-ci bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Bundan başqa, Azərbaycan Respublikası CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikası CPM ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Göstərilənlərə əsasən Azərbayjan Respublikası CPM-in 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması haqqında xüsusi ittihamçı X3 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-449/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-449/2024
16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver