Məhkəmə qərarları › İş №1(125)-45/2025

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-45/2025

21.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-45/2025 21.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Kərimov Kərim Zeynalabdın oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1998-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib üzərində saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqadarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,342 qram kustar üsulla hazırlanmış pisxotrop maddə olan metanfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 25 noyabr 2023-cü il tarixdə saat 20:00-da Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş, əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Ozan küçəsində saxlanılmış və Gəncə şəhər BPİ-nin 1-ci PŞnin inzibati binasına gətirilmiş, şəxsi axtarış zamanı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd ağ kağız bükümündə olmaqla, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0,342 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadələri, maddi sübutlar, ekspertiza rəyi, habelə işin tədqiq olunmuş digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmiş, törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Bu səbəbdən məhkəmə tərəfindən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, müəyyən vaxtlarda psixotrop maddə olan metamfetamin istifadə edir. O, metamfetamini patı adlandırır. xx.xx.2023-cü il tarixdə səhər radələrində yaşadığı evin yaxınlığında olan zaman yerdə ağ kağız büküm diqqətini cəlb etmişdir. Həmin ağ kağız bükümü yerdən götürmüş və kağız bükümü açıb içərisinə baxan zaman kristal formalı, şəffaf rəngli metamfetaminə bənzər kütləni tanımışdır. Həmin kütləni öz şəxsi istifadəsi üçün götürmüş və sonra istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 20:00 radələrində Gəncə şəhər, Ozan küçəsində yaşadığı evin yaxınlığında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək, polis əməkdaşı olduqlarını bildirmişlər və narkotik vasitə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu deyib, Gəncə şəhəri 1-ci PŞ-yə gətirmişlər. Orada müdafiəçinin iştirakı ilə video çəkiliş ilə üzərinə şəxsi axtarış keçirilmiş və əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilmiş ağ rəngli kağıza bükülmüş büküm elektron tərəzidə çəkilmiş, ağ kağız ilə birlikdə ümumi çəkisi, 1,2 qram olmuşdur. Məhkəmədə şahid - Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 bildirdi ki, hadisənin üzərindən uzun müddət keçdiyinə görə xatırlamır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Bu səbəbdən məhkəmə tərəfindən təqsirləndirilən şəxs Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, 25.11. 2023-cü il tarixdə ünvan 1-da, qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs psixotrop maddələr qəbul etməsi və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verilmişdir. xx.xx.2023-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 20:00-da Təqsirləndirilən şəxs Gəncə şəhəri Ozan küçəsində olmasını müəyyən etdikdən sonra Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim etmişlər. Onu barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində psixotrop maddə saxlamasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri BPİ-nin 1-ci PŞ-nə aparmışlar. Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə baxış keçiriləcəyi bildirilmiş və üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd ağ rəngli kağıza bükülmüş halda psixotrop maddə olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü xx.xx.2023-cü il tarixdə səhər saatlarında yaşadığı evin yaxınlığında yerdən tapdığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi ağ rəngli kağıza bükülmüş olan, baxış zamanı ilk görüşdən psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş büküm elektron tərəzi ilə çəkilmiş, bükülmüş kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 1,20 qram olduğu müəyyən edilmişdir. Məhkəmədə şahid – Gəncə şəhəri BPİ-nin 1-ci Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilərək, müəyyən edilmişdir ki, o, digər Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxs axtarış keçirilən zaman o, əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli kağıza bükülmüş kütləni təqdim etmişdir. Həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu, onu yaşadığı evin yaxınlığında yerdə tapdığını və sonradan həmin bükümü gələcəkdə şəxsi istifadəsi məqsədi ilə üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Onun təqdim etdiyi bir ədəd ağ rəngli kağız bükümü açdıqda içərisində şəffaf-ağ rəngli, toz və kristal vəziyyətdə ilk baxışdan psixotrop maddə metamfetaminə oxşar maddənin olması aşkar edilmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, kağız ilə birlikdə çəkisinin 1,2 qram olduğu müəyyən edilmiş, bir ədəd kağız zərfə qablaşdırılıb, üzəri möhürlənmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/1210 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş metafetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki, bir ədəd kağız bükümdə təmiz çəkisi 0,342 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına həmin maddənin 0,05 qramı sərf edildikdən sonra, 0,292 qram qalmışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) İİ siyahısının 67-ci bəndində metamfetamin adlı psixotrop maddənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini həqiqətən hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmişdir. Onun hər hansı şəxsə və ya şəxslərə psixotrop maddə satması, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. xx.xx.2024-cü il tarixli, 4396 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən Metamfetamindən asılılıq diaqnozu ilə Gəncə şəhər Narkoloji dispanserdə qeydiyyatdadır. xx.xx.2024-cü il tarixli, 4561 nömrəli arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji dispanserdə qeydiyyatda durmur. xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 1092 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və məhkəmə aktından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə ilə təqsirli bilinərək qəti olaraq 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, ona cəzaçəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilmişdir. O, xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinin qərarı əsasında vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində təyin edilmiş tibbi xarakterli narkomaniyadan məcburi müalicə tədbiri ləğv edilmişdir. Gəncə şəhər probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs cəzadan vaxtından əvvəl şərti azad edildiyi 01 il 03 ay 25 gün müddət başa çatdığı üçün xx.xx.2024-cü il tarixdə şəxsi işi qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları ödənilmiş hesab olunur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum edildikdən sonra məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi CM-in 18.1-ci maddəsinə əsasən onun əməlində cinayətin resdivini yaradır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş ekspertizadan sonra qalmış qalığı 0,292 psixotrop maddə olan metamfetamin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişi özündə əks etdirən 1 ədəd DVD disk iş üçün əhəmiyyət kəsb etdiklərindən maddi sübut kimi tanınmışdır. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli protokoldan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, müvəqqəti saxlama yerindən azad edilmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilərək, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. O, xx.xx.2024-cü il tarixdə tutulmuş və Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı şahid ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan istehlak miqdarından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz əldə etməsi və üzərində saxlamaqla daşıması tamamilə sübuta yetirilir. Təqsirləndirilən şəxs bu əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir; «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə hesab edir ki, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal kimi, əməlində cinayətin residivinin olması isə məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır cəzaları nəzərdə tutulmuşdur. Məhkəmənin qənaətinə görə, hazırkı halda təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından CM-in 62-ci maddəsi tətbiq edilərək ona azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət prinsipinə ziddir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, eləcə də Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Habelə, Gəncə Şəhər Məhəməsinin 7(125)-238/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 01 il 03 ay 25 gün hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmiş, cəzanın çəkilməmiş hissəsi ərzində qəsdən az ağır cinayət törətmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilədək müddətdə cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 gün müddət azadlıqdan məhrum etmə cəzasının bir günə bir gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılaraq qəti cəza təyin edilməli, təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində cəzasını çəkməlidir. Həmin maddənin tələbinə görə Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkdiyindən və onun əməlində cinayətin residivi olduğundan, o, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata olması nəzərə alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş Polis İdarəsinin maddi sübutların saxlanc yerində saxlanılan qalıq çəkisi 0,292 qram olan psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 30,40 manat pul Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir (CPM 198.1). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 20 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci (xx.xx.2023-cü il tarixədək olan redaksiyada) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 7(125)-238/2023 nömrəli qərarına əsasən çəkilməmiş qalan 01 il 03 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 03 ay 25 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli 04 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübutlar - Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş qalıq çəkisi 0,292 qram təşkil edən psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 120 (yüz iyirmi) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, (həbsdə saxlanılan şəxsə isə verildiyi) andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar