Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-453/2023 19.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X10 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə xx.xx.1960-cı il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 0,788 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,134 qram, 0,098 qram, 0,072 qram, 0,079 qram, 0,094 qram, 0,092 qram, 0,079 qram olmaqla səkkiz hissəyə bölməklə üzərində daşıyaraq saxlamış, 18 mart 2023cü il tarixdə Gəncə şəhər Baş polis idarəsinin 1-ci Polis şöbəsinə daxil olmuş məlumat əsasında həmin şöbənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 14:30 radələrində Gəncə şəhəri, Əttarlar küçəsində saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş polis İdarəsinin 1-ci Polis şöbəsinə gətirilmiş, həmin şöbədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 8 ədəd bükümlərdə təmiz çəkiləri 0,140 qram, 0,134 qram, 0,098 qram, 0,072 qram, 0,079 qram, 0,094 qram, 0,092 qram, 0,079 qram, ümumi təmiz çəkisi 0,788 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcələsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, iki ilə yaxındır ki, narkotik vasitədən istifadə edir. Onda mədə olmadığı üçün ağrıları çox olduğundan narkotikdən istifadə etməyə başlamışdır. O, narkotik vasitəni Rusiya nömrəsi ilə əlaqə saxladığı şəxsdən alırmış. Həmin şəxs ona Rusiya nömrəsi ilə zəng edib yerini deyirmiş, o da gedib götürürmüş. Sonra ağrıları olmadığı üçün ehtiyacı qalmadığından nömrəni silmişdir. Qeyd edilən narkotik vasitə heroinlər onun evindən götürülmüşdür. Üzərindən aşkar edilməmişdir. İstintaq zamanı üzərindən çıxdığını qeyd etsə də, bunun səbəbi həmin vaxt ona təzyiq edilməsi olunmuşdur. Belə ki, Müzü və Oktay adlı polis əməkdaşları onun əliniqolunu bağlayıb evinə giriblər. Həmin vaxt onun evində, stolunun üzərində narkotik vasitə olmuşdur. Həmin 8 bükümdə olan narkotik vasitəni tutulmamışdan 4-5 gün əvvəl, həmin şəxsin kartına 40 manat ödəniş etməklə əldə etmişdir. Yevlaxda yanacaqdoldurma məntəqəsinin yanında, 4-cü ağacın altından gedib götürmüşdür. O, 5 büküm istəsə də, satan şəxs 8 büküm göndərmişdir. O, bir bükümü 3-4 dəfə istifadə edirmiş. Həmin narkotik vasitə heroinlərin onda olmasından hər hansı bir şəxsin və ya ailə üzvlərinin xəbəri olmamışdır. O, narkotik vasitə heroinin hər hansı bir şəxsə satmamış və belə bir niyyəti də olmamışdır. İstintaq zamanı müəyyən edilən pul köçürməsini isə qızı həyata keçirmişdir. Belə ki, onun qızı Moskvada yaşayır və ayda 30-40 manat pul yollayır. Sonda təqsirləndirilən şəxs törətdiyi əmələ görə çox peşman olduğunu bildirdi və onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə şahid - Şahid1 ifadəsində bildirdi ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Şahid2 ilə birlikdə Əttarlar küçəsinin qarşısında saxlayaraq 1-ci Polis şöbəsinə dəvət etmişlər. 1-ci Polis şöbəsində video-çəkiliş zamanı üzərindən “LD” markalı siqaret qutusunun içərisindən 8 büküm narkotik vasitə aşkar olunmuşdur. Lakin, araşdırma zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrini satdığı və narkotik vasitələri satdığı şəxslərin dairəsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs hardan aldığını soruşduqları zaman o, Yevlaxdan əldə etdiyini bildirmişdir. Onun yaşıdığı evə baxış keçirməmişlər. Oktay və Müzü adlı polis əməkdaşları iştirak etməyib. Məhkəmədə şahid - Gəncə şəhər 1-ci Polis şöbəsində əməliyyat müvəkkili Şahid2 digər Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə və narkotik vasitələri qəbul etməkdə, üzərində saxlamaqda şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu yerlərin və narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi barədə müvafiq əməliyyat-axtarış tədbirləri keçirilməsi qərara alınmışdır. Əməliyyat qrupu polis əməkdaşları Şahid1 və Şahid2 Məhəbbər oğlundan ibarət olmuşdur. “Şəxsi axtarış haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, Gəncə şəhər BPİ-nin, 1-ci Polis şöbəsinin, Təhqiqat bölməsinin baş təhqiqatçısı, polis mayoru X9, Gəncə şəhər BPİ-nin, 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin, 1-ci Polis şöbəsinin CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər 1 saylı vəkil bürosunun müdafiəçisi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet varsa təqdim edilməsi təklif olunduqdan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd “LD” markalı siqaret qutusunu təqdim etmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş əşya və predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd “LD” markalı siqaret qutusunun içərisindən qırmızı rəngli siqaret kağızına bükülmüş 8 ədəd büküm aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin səkkiz ədəd qırmızı rəngli siqaret kağızında olan kütlələrin nə olduğu soruşulan zaman Təqsirləndirilən şəxs həmin səkkiz ədəd qırmızı rəngli siqaret kağızında olan kütlənin “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu, onu şəxsi istifadəsi üçün Yevlax rayonundan, hər dəfə fərqli bir ad deyən, çox vaxt isə “Vahid” adından istifadə edən bir şəxsdən, bir bükümün dəyəri 5 manat olmaqla ümumilikdə 40 manat qiymətə aldığını, həmin narkotik vasitələri özünün bükümlərə ayırmadığını, 8 ədəd büküm şəklində aldığını, narkotik vasitə satmadığını, özü istifadə etdiyini bildirmişdir. Daha sonra müdafiəçi X6 ondan polis əməkdaşları tərəfindən ona psixi və fiziki təsirin olub-olmamasını soruşduqda, Təqsirləndirilən şəxs cavab olaraq ona heç bir psixi və fiziki təsirin olmadığını bildirmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 16/328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “....Təqsirləndirilən şəxs götürülmüş 8 büküm ümumi çəkisi 1,50 qram narkotik vasitə heroinə oxşar kütlə” yazı və imzalar olan kağız paketdəki 01 ədəd LD markalı siqaret qutusundakı, 8 (səkkiz) ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,140 qram, 0,134 qram, 0,098 qram, 0,072, 0,079 qram, 0,094 qram, 0,092 qram, 0,079 qram ümumi təmiz çəkisi 0,788 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindirlər, kimyəvi tərkiblərinə görə eynidirlər. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı hədinin 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi isə 2 qram olması göstərilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 745 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. xx.xx.2023-cü il tarixli, 3-13-57/2-18451/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsinin müəyyən edilməsi mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib, daşıyaraq saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitəni həqiqətən Yevlax şəhər sakini “Vahid” adlı şəxsdən əldə etməsini və “Vahid” adlı şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi, narkotik vasitədən əlavə olaraq yaşadığı evdən, yaxud digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun rayon ərazində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. “Şübhəli şəxsi tutma haqqında” xx.xx.2023-cü il tarixli qərardan, “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək, X5 azad edilmişdir. “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. "xxxx" MMC-dən daxil olmuş 1 ədəd “BKC/LGL-9980/2023” yazıları olan CD diskdə olan fayldan və “Baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan “***- ***-**-**” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddət ərzində “**********4” nömrəli mobil nömrədən “Men size Zolotaya Korona tetbiqinden ********* kochurme gonderdim. Tetbiqden bank kartiniza kochurmeni elde ede bilersiniz. Zolotaya Korona tetbiq” iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. “X1” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs Gəncə şəhəri, Kəpəz Mehmanxanası, Gəncə şəhəri, A.İsgəndərov küçəsi, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 155 müxtəlif anten dairələrində olmuşdur. “Sübutların qiymətləndirilməsi haqqında” 26 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 0,628 qram narkotik vasitə heroin, eləcə də onun üzərinə şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin əks olunduğu 1 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə xx.xx.2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxsr oğlu əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası ruhi-əsəb dispanserindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs səhhətində mədə və 12 barmaq bağırsaq, həmçinin böyrək və digər xəstəliklər vardır. Azərbaycan Respublikası CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011- ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Bundan əlavə Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunub-olunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilən cəzanın ağırlığını araşdırmalıdırlar. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüşdür ona görə ki, o, satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Lakin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni məhz “satış məqsədi ilə” əldə edib üzərində saxlaması və daşımasını təsdiq edən heç bir mötəbər sübut cinayət işinin materiallarında mövcud deyildir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs həm üzərində şəxsi axtarış keçirilən zaman, həm də şübhəli və ya təqsirləndirilən şəxs kimi ifadələr verərkən onun üzərindən aşkar edilmiş narkotik vasitəni heç kimə satmaq niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında da eyni məzmunlu ifadə vermişdir. Bundan başqa, cinayət işi üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 da həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı verdikləri ifadələrində Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri satması barədə əməliyyat məlumatı olsa da, onun narkotik vasitəni satdığı şəxsləri müəyyən etməyin mümkün olmadığını bildirmişlər. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq, onun barəsində həmin maddə ilə cinayət işi başlanmışdır. Sonradan onun əməli “Cinayət işinin tövsif edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilərək, ona həmin maddə ilə ittiham elan edilmişdir. Lakin, qərarın məzmunundan görünür ki, müstəntiq onun əməlini CM-in 234.2-ci maddəsinə tövsif edərkən sadəcə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroinin şəxsi istehlak miqdarının yuxarı həddindən 5,2 dəfə çox olduğunu və onu bükümlərə bölərək saxladığını qeyd etmiş, başqa heç bir əsaslandırma aparmamış, heç bir möbətər sübuta istinad etməmişdir. Məhkəmə əvvəla qeyd edir ki, şəxsin üzərindən şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda narkotik vasitənin aşkar edilməsi və narkotik vasitələrin ayrı-ayrı bükümlərdə olması öz-özlüyündə onun həmin maddəni satış məqsədi ilə əldə etməsini deməyə əsas deyil. Bundan başqa, müstəntiq tərəfindən tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübut kimi Gəncə şəhər BPİ-nin 1-ci Polis şöbəsinin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubu da göstərilmişdir. Həmin məktubda qeyd olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satış məqsədi ilə əldə edib daşıyaraq saxlamışdır. Lakin, məhkəmə qeyd edir ki, qeyd olunan əməliyyat tapşırığına cavab məktubu Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə sübut kimi qiymətləndirilə bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair əməliyyat materialları yalnız «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda, CPM-in tələblərinə uyğun məhkəməyə təqdim edildikdə və məhkəmə tərəfindən əməliyyat-tədbiri qanuni hesab edildikdə, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş material sübut kimi qəbul oluna bilərdi. Odur ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qeyd edilən maddəni əldə edib saxladığına dair məlumatların «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunması, CPM-in tələblərinə uyğun təqdim edilməsi və yoxlanılması müəyyən olunmadığından, əməliyyat tapşırığına cavab məktubu sübut kimi nəzərə alına bilməz. Həmçinin, müstəntiq tərəfindən qəbul edilmiş “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarda və tərtib edilmiş ittiham aktında təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməsini təsdiq edən sübut kimi "xxxx" MMC-dən alınmış CD disk də göstərilmişdir. Həmin diskdə olan faylda yerləşən “Men size Zolotaya Korona tetbiqinden ********* kochurme gonderdim. Tetbiqden bank kartiniza kochurmeni elde ede bilersiniz. Zolotaya Korona tetbiq” mesaj mətnlərinin iş üçün əhəmiyyət kəsb etdiyi qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, həmin mesaj mətnlərində göstərilən pulun Təqsirləndirilən şəxs hesabına məhz narkotik vasitə satdığı üçün köçürmələrinin təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. Bütün bunlar onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilməsi üçün heç bir hüquqi əsas olmadığı halda, müstəntiq əsassız olaraq onun əməlini tövsif etmiş və təqsirləndirilən şəxsə CM-in 234.2-ci maddəsi ilə ittiham elan etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 21.3-cü maddəsinin tələbinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 28-ci maddəsində təsbit olunmuş cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi prinsipi məhkəmələrdən cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız Cinayət- Prosessual Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmağı tələb edir. 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 349.3 və 349.5-ci maddələrinə əsasən məhkəmə hökmü şəxsin təqsirli olubolmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Cinayət prosessual qanunvericiliyinin qeyd olunan normalarına əsaslanaraq və iş üzrə toplanmış mövcud sübutları qiymətləndirərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi, yəni onun narkotik vasitə olan heroini satış məqsədi ilə əldə edib üzərində saxlaması və daşıması məhkəmə istintaqı zamanı sübuta yetirilməmişdir. İttiham tərəfi bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Belə olan vəziyyətdə təqsirləndirilən şəxsin narkotik vasitəni satış niyyəti ilə və ya belə niyyət olmadan əldə etməsinə dair şübhələr onun xeyrinə həll edilməlidir. Bununla belə qeyd edilməlidir ki, təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onun üzərində narkotik vasitə daşımadığını, ittiham aktında onun üzərindən aşkarlandığı qeyd edilən narkotik vasitə olan heroinin yaşadığı evdən polis əməkdaşları tərəfindən götürüldüyünü qeyd etmişdir. Lakin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi həmin hissədə iş üzrə tədqiq edilmiş digər sübutlarla uzlaşmır. Belə ki, təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində onun polis əməkdaşları tərifindən Polis şöbəsinə gətirilib, orada üzərinə şəxsi axtarış keçirilən zaman təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələrində də görünür ki, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərindən səkkiz ədəd bükümdə narkotik vasitə aşkar edilmişdir. Bundan başqa, təqsirləndirilən şəxsin üzərinə baxış keçirilərkən aparılmış videoçəkilişin qeydə alındığı DVD disk tədqiq edilərkən müəyyən olunmuşdur ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən bir ədəd siqaret qutusunun içərisində qırmızı rəngli kağızlarda olmaqla, cəmi səkkiz bükümdə narkotik vasitə heroin aşkar edilmişdir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsinin həmin hissəsini məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə etməsi, saxlaması və daşıması tam sübuta yetirilir. Ona görə də, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirdiyini, ilk dəfə az ağır cinayət törətməkdə təqsirləndirildiyini və mədə-bağırsaq və digər xəstəliklərdən əziyyət çəkdiyini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında 2 növ cəza, yəni azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin hazırki vəziyyətdə cəmiyyətdən təcrid edilmədən islah olunması inandırıcı görünmür və cəzanın məqsədləri, cəza təyin etmənin ümumi əsasları baxımından onun barəsində daha yüngül cəza növünün təyin edilməsini əsaslandırmaq mümkün deyildir. Onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda (beş dəfədən artıq miqdarda) narkotik vasitə heroini əldə edib daşıyaraq saxlaması, şəxsiyyəti nəzərə alınmaqla, onun barəsində yalnız azadlıqdan məhrum etmə növündə cəzanı təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin maddənin sanksiyası çərçivəsində ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza təyin edilərkən mədə-bağırsaq xəstəliyindən əziyyət çəkməsi nəzərə alınmalı, cəzasını Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan başqa, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulmuşdur. Odur ki, onun həbs yerində saxlanıldığı bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin ediləcək cəzadan çıxılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək onun barəsində həbs qətimkan tədbiri seçilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən sui-istifadə etmə hallarının olması, narkomaniya xəstəliyindən əzab çəkməsi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacının olması müəyyən edilmiş, bununla belə onun narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülmüşdür. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, yaşağı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhəri Baş polis idarəsində saxlanılan 8 ədəd bükümdə ümumi çəkisi 0,628 qram heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 1 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X8 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulduğu 02 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddətinin azadlıqdan məhrum etmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 19 dekabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdilərək hökm qanuni qüvvəyə minənədək “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalında dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2 və 93- 1.2-ci maddələrinin tələbinə uyğun olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 8 ədəd bükümdə ümumi çəkisi 0,628 qram olan narkotik vasitə heroin məhv edilsin, 1 ədəd DVD disk və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat (altmış manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X2, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №1(125)-453/2023
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-453/2023
19.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver