Məhkəmə qərarları › İş №1(125)-453/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-453/2024

18.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-453/2024 18.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə idarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx xxxxxx 1988-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını elektron məlumat daşıyıcılarından istifadə etməklə gizli olaraq talamaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Gəncə şəhəri, Dubay Bazarının yaxınlığında yerləşən “Çinar” adlı avto-təmir müəssisəsində tanışı Zərərçəkmiş şəxs VAZ 2106 minik markalı avtomobilində birlikdə olan zaman sonuncunun avtomobildən düşməsindən istifadə edib, Zərərçəkmiş şəxs məxsus pul qabının içərisindəki sonuncunun istifadəsində olan elektron məlumat daşıyıcısını, "xxxx" ASC-yə məxsus 5411 2498 0396 2518 nömrəli plastik kartı götürərək ünvan 2 ünvanda yerləşən “Unibanka” aid terminalda həmin gün saat 11:04:56-da ümumilikdə 1285 manat 80 qəpik pulu elektron məlumat daşıyıcısından istifadə etməklə çıxararaq gizli yolla özgə əmlakını talamaqla zərərçəkmiş şəxsin 1285 manat 80 qəpik pulundan ibarət əmlakını ələ keçirməklə oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki,o, Zərərçəkmiş şəxs məxsus kartı onun avtomobilindən götürərək kartda olan pulu çıxartmış təkrar kartı avtomobilə qoymuşdur. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu zərəri ödəmiş və barışmışlar. Sonda o, əməlindən peşman olduğunu, ilk dəfə belə bir əməl törətdiyini, zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı hər hansı şikayət və tələbinin olmamağını nəzərə alıb barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun "xxxx"ASC-yə məxsus 5411 2498 0396 2518 nömrəli kartını avtomobilindən götürərək kartda olan pulu çıxartmışdır. Təqsirləndirilən şəxs kartı götürdüyü zaman o, avtomobildə olmamışdır. Onlar həmin günü birlikdə çayxanaya getmişlər. Onun telefonuna kartdan pul çıxarılması ilə bağlı mesaj gəlmişdir. O, bu məsələ ilə bağlı əvvəl banka müraciət etmiş sonra isə 102 xidmətinə müraciət etmişdir. Onlar hadisənin törədildiyi yerin videogörüntülərinə baxdıqları zaman məlum olmuşdur ki, oğurluq hadisəsini Təqsirləndirilən şəxs törətmişdir. O, hazırda Təqsirləndirilən şəxsla barışmış və ona vurulan zərər ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. Zərərçəkmiş şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, o, hadisədən bir gün qabaq Təqsirləndirilən şəxs yanında kartından pul çıxarmışdır. Elmar onun kartının kodunu yadında saxlamışdır. O, Elmarın belə birşey edəcəyini heç düşünməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, onlar hadisə olan vaxt birlikdə olmuşlar. Onlar Zərərçəkmiş şəxs maşınını təmirə aparmış və birlikdə çayxanada oturub çay içmişlər. Çayxanada olduqları zaman Zərərçəkmiş şəxs telefonuna onun kartından pul çıxarılması ilə bağlı mesaj gəlmiş bu zaman onlar banka getmiş və 102 xidmətinə müraciət etmişlər. Videogörüntüyə baxdıqdan sonra kartdan pulu çıxardan şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Axtarışda olan şəxsin tutulması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 19:00 radələrində Ağdam rayonu ərazisində saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin İTİnin qərarına əsasən xx.xx.2024-cü il tarixdə saat 23:30 radələrində Gəncə şəhər BPİ-nin MSY-yə təhvil verilmişdir. -xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmiş və onun barəsində ”polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. -Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2024-cü il tarixli 4456 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. - Gəncə şəhər Nakoloji Dispanserin xx.xx.2024-cü il tarixli 3799 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013-cü il tarixdən həmin dispanserdə qeydiyyatdadır. - cinayət işi üzrə Unibank-dan daxil olmuş 5411 **** **** 2518 nömrəli kart üzrə aparılmış əməliyyatlar barədə məlumatları özündə əks etridən 1 ədəd DVD diskə baxış zamanı müəyyən olundu ki, vətəndaş Zərərçəkmiş şəxs məxsus 5411 **** **** 2518 nömrəli kart hesabının açılma tarixi xx.xx.2023-cü ildir. xx.xx.2023 tarixdə saat 11:04:56 dəqiqədə həmin kart hesabından 1280 manat məbləğdə məxaric olmuşdur. Həmin məxaricin təsdiq kodu 787293 olmuşdur. Həmin pul Unibanka məxsus terminaldan çıxarılmışdır. Həmin terminalın ünvanı SH.Hüseynov küç, 2 ünvanında yerləşir. Terminalın adı ATM Kəpəz Branch 2-dir. Həmin məxaricin Tranzaksiya İD nömrəsi **********15813299-dur. -03 sentyabr 2024-cü il tarixdə cinayət işi üzrə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirilməsi və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus unibanka aid 5411 2498 0396 2518 nömrəli plastik kartını götürüb oğurladıqdan sonra o, Gəncə şəhəri, Ş.Hüseynov xüçəsi 2 ünvanında yerləşən “Unibanka” getmiş və həmin bankın terminalına 5411 2498 0396 2518 nömrəli plastik kartını daxil etmiş və saat 11 radələrində ümumilikdə 1285 manat 80 qəpik manat məbləğdə pulu çıxardaraq oğurladığını etiraf edib ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək həmin yerləri göstərmiş, bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir -xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs tərəfindən yazılmış və notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayəti, iddia və tələbi yoxdur. -xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ödənilməmiş məhkumluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq edilmiş özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, istintaq hərəkətlərinin protokolları və işin digər materialları ilə tam sübuta yetirilir. İbtidai araşdırma orqanı tərəfindən onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 -1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirə görə məsuliyyət prinsipi baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; - 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; - 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmasını və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs axtarış çərçivəsində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının bir gününə iki gün, cəmi 04 (dörd) gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Azərbaycan Respublikası CM-in 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalı, cəzanın icrası onun yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunmalı və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablanmalıdır. İş üzrə maddi sübut olan: 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəmədə 15 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 üçün, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, həmin müdafiəçinin işlədiyi vəkil bürosunun hesabına 90(doxsan) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan RespublikasıCinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs axtarış çərçivəsində tutulduğu 02 (iki) gün müddət, azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan 04 (dörd) gün çıxılaraq onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan 08:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və apellyasiya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar