Məhkəmə qərarları › İş №1(125)-454/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-454/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-454/2024 29.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi İbrahimov İbrahim Yasin oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X5 istirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş, Rusiya Federasiyasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Rusiya Federasiyasının Sızran şəhəri, Parxomenko küçəsi, ev 40, mənzil 10 ünvanında qeydiyyatda olan və ünvan 1 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilərək, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs bilə-bilə saxta sənəddən istifadə edərək Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq müəyyən edilmiş sənədləri olmadan Rusiya Federasiyasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərmişdir. Belə ki, o, yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidməti tərəfindən müvəqqəti qeydiyyat rejimini pozduğundan ölkə hüdudlarından kənara çıxarıldığı üçün Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən, Ukrayna vətəndaşı olmadığı halda özünə məxsus olmayan “Kira Kurbanova” ad və soyadı ilə və özünün fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, Ukraynaya məxsus “GK119845” nömrəli pasportu əldə edib, 26 avqust 2024-cü il tarixdə 743 nömrəli Moskva-Gəncə aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Gəncə şəhərində yerləşən “Gəncə” X9 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 10:28 radələrində həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Ukraynaya məxsus GK119845 nömrəli pasportun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxta olması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, əslən azərbaycanlı olmaqla xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş və 1994-cü ildə Azərbaycan Respublikasının vətəndaşı Fuad Minyaşovla ailə həyatı quraraq birgə nikahdan iki övladı doğulmuşdur. Onun qohumları Bakı şəhərində yaşayır. 1997-ci ildə ailəsi ilə birlikdə Rusiya Federasiyasının Samara şəhərinə köçmüş və 2004-cü ildə Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmişdir. Mütəmadi olaraq Azərbaycan Respublikasına gəlib qayıtmışdır. Öz ata evi olan ünvan 1 ünvanında yaşadığı müddətdə müxtəlif sahələrdə işləmişdir. Bir müddət əvvəl uzun zaman Azərbaycan Respublikasında yaşadığı və müvəqqəti qeydiyyat rejimini pozduğu üçün Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən cərimə olunmuş və həmin xidmət tərəfindən ona Azərbaycan Respublikasını tərk etmək tövsiyyə edilmişdir. Bundan sonra o, xx.xx.2024-cü ildə 401 manat cərimə ödəyərək Bakı-Tbilisi aviaryesi ilə Gürcüstana getmiş və bir neçə gün orada qaldıqdan sonra xx.xx.2024-cü ildə yenidən Tbilisi-Bakı aviareysi ilə Bakı şəhərinə gəldiyində Heydər Əliyev X10 pasportu sərhədçilər tərəfindən yoxlanılan zaman ona Dövlət Miqrasiya Xidməti tərəfindən Azərbaycan Respublikasına girişinin qadağan olunduğu bildirildiyindən, o, məcbur qalıb Bakı-Samara aviareysinə bilet alıb Rusiya Federasiyasının Samara şəhərinə getmişdir. Bundan sonra o, Azərbaycan Respublikasına qanuni şəkildə qayıda bilməyəcəyini öyrəndikdən sonra qanunsuz yolla Azərbaycan Respublikasına gəlmək qərarına gəlmiş və telefonla Moskva şəhərində yaşayan tanışları ilə əlaqə saxladığı zaman ona Moskva şəhərində Mişa adlı şəxsin olduğunu və Türkiyə Respublikasından deportasiya olunmuş qızlara yeni pasport düzəltdiyini bildirmişlər. O, xx.xx.2024-cü ildə Samara-Moskva sərnişin qatarı ilə Moskva şəhərinə getmiş, orada Azərbaycan Respublikasının Səfirliyinə vətəndaşlıq almaq üçün müraciət etdiyində, ona Rusiya Federasiyasının vətəndaşı olduğu bildirilmiş və ölkə hüdudlarından kənara çıxarıldığı üçün (deportasiya) məhkəməyə müraciət etməyi təklif etmişlər. Bundan sonra Moskva şəhərində Mişa adlı şəxslə telefon əlaqəsi yaratmış və Mişa adlı şəxs ona 2.500 ABŞ dolları məbləğində pul vəsaiti müqabilində ona Ukrayna pasportu düzəldə biləcəyini bildirmişdir. O, xx.xx.2024-cü ildə Mişa adlı şəxslə görüşmüş və ona 1.500 ABŞ dolları pul vermiş, Mişa adlı şəxs onu fotoatelyeyə aparıb şəklini çəkmiş və ona 1 ay ərzində pasportunun hazır olacağını bildirmişdir. xx.xx.2024-cü ildə Mişa onunla əlaqə saxlayaraq pasportun hazır olduğunu bildirmiş, xx.xx.2024-cü ildə Mişa adlı şəxslə görüşmüş, ona üzərində onun fotoşəkili vurulmuş, şəxsi məlumatları isə Kira Kurbanovaya aid olan Ukraynaya məxsus pasport vermiş, o isə Mişa adlı şəxsə qalan 1.000 ABŞ dolları pul vermişdir. Mişa adlı şəxs ona Rusiya Federasiyasının dövlət sərhədini özünə məxsus qanuni pasportla keçməyini, Azərbaycan Respublikasının sərhədini isə Ukraynaya məxsus saxta düzətdirdiyi pasportla keçməyini məsləhət görmüşdür. Bundan sonra o, xx.xx.2024-cü ildə Moskva-Gəncə aviaryesi ilə Gəncə şəhərinə gəldiyində X13 X7 aid olan Ukraynaya məxsus saxta pasportu dövlət sərhədindən keçmək üçün sərhədçiyə təqdim etmiş, sərhədçi pasportu yoxlayan zaman pasportun saxta olduğunu bildirmiş, onunla aparılan sorğu-sual zamanı Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu bildirərək üzərində olan özünə məxsus Rusiya Federasiyasının pasportunu sərhədçilərə təqdim etmiş və 26 avqust 2024-cü il tarixdə saat 10 radələrində sərhədçilər tərəfindən saxlanılmışdır. Sonda törətdiyi əmələ görə çox peşman olmasını və cinayəti öz doğma vətəninə gəlmək üçün törətdiyini nəzərə alıb onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı Şahid1 ifadəsində göstərdi ki, 26 avqust 2024-cü il tarixdə saat 08:00-dan saat 20:00-dək “X13 Limanı” X8 “Sənədlərin yoxlanışı” sərhəd naryadı xidmətinə təyin olunmuşdur. Xidmətdə olduğu zaman 26 avqust 2024-cü il tarixdə saat 10:28 radələrində 743 saylı Moskva-Gəncə aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn vətəndaşın “Sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi Ukraynaya məxsus “Kira Kurbanova“ ad və soyadı ilə GK119845 nömrəli pasportu rəsmiləşdirərkən pasportu RFİD aparatı oxumadığından pasportun saxta olması şübhəsi barədə “növbə başçısı” sərhəd naryadı xidmətində olan leytenant Şahid2 məlumat vermiş, leytenant Şahid2 xidmət apardığı yerə gələrək pasportu ondan alıb xüsusi texniki vasitələrdən istifadə edərək GK119845 nömrəli pasportun qismən saxta olduğu barədə aidiyyəti üzrə məruzə etmişdir. Daha sonra, vətəndaş “Kira Kurbanova” ilə aparılan sorğusual zamanı o, azərbaycanlı olmaqla Azərbaycan Respublikasında doğulduğunu, lakin Rusiya Federasiyası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu bildirmiş və üzərində olan özünə məxsus Rusiya Federasiyasının 55 ******* nömrəli pasportunu təqdim etmişdir. Bundan sonra, vətəndaş Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdə saat 10:40 radələrində saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Şahid - Şahid2 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut, ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: N saylı hərbi hissənin sərhəd nəzarətinin rəisi, general-leytenant Elşən Verdiyevin 26 avqust 2024-cü il tarixli, 3-38/33/2-16-1422/24 nömrəli məktubundan və “Gəncə” X10 SNB-nin rəisi polkovnik-leytenant Taleh Əliyevin 26 avqust 2024-cü il tarixli raportundan görünür ki, 26 avqust 2024-cü il tarixdə saat 10:28 radələrində 743 nömrəli Moskva-Gəncə aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn, 12 aprel 1976-cı il təvəllüdlü Kira Kurbanova “Gəncə” X10 X8 “sənədlərin yoxlanışı” sərhəd naryadına təqdim etdiyi Ukraynaya məxsus GK119845 nömrəli pasportu qismən saxtalıqda şübhəli bilindiyi üçün saxlanılmışdır. Aparılan söhbət zamanı saxlanılan şəxs xx xxxxxx 1976-cı ildə Bakı şəhərində anadan olmuş Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs olduğunu bildirərək üzərində olan Rusiya Federasiyasına məxsus ********* nömrəli pasportu sərhəd naryadına təqdim etmişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətindən daxil olmuş məktubdan görünür ki, xx.xx.1976-cı il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı Təqsirləndirilən şəxs ölkə ərazisinə girişi Dövlət Miqrasiya Xidməti tərəfindən Miqrasiya Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən xx.xx.2024-cü il tarixdən 5 (beş) il müddətinə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədin məhkəmə-texniki ekspertizasının 19 sentyabr 2024-cü il tarixli, 5/998 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Kurbanova Kira adına GK 119845 nömrəli pasportunun blankları (anket məlumatları və fototəsvir olan vərəqdən başqa) xüsusi mühafizə vasitələrlə təchiz olunmuş blanklardan ibarət olmaqla poliqrafik çap üsulları ilə hazırlanmışdır. Tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Kurbanova Kira adına GK119845 nömrəli pasportunun anket məlumatları və fototəsvir olan vərəq şırqanlı printerdə çap edilmişdir. Tədqiqata təqdim edilmiş Kurbanova Kira adına GK119845 nömrəli Ukrayna Respublikasının pasportunun ümumi tamlığı pozulmadan (orta sapı açılmadan) anket məlumatları və fototəsvir olan vərəqini yerləşdirilərək dəyişdirilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş sənədin məhkəmə-portret ekspertizasının 24 sentyabr 2024-cü il tarixli, 3/1381 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 55 ******* nömrəli pasportdakı fotoşəkildə, GK119845 nömrəli pasportdakı fotoşəkildə və SNM-də quraşdırılmış müşahidə sistemi vasitəsi ilə çəkilmiş fotoşəkildə eyni bir şəxs əks olunmuşdur. İAMAS-dan daxil olmuş sorğuya cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi üzrə 2012-2024-cü illər ərzində dövlət sərhədindən 59 halda hərəkəti qeydə alınmışdır. DSX-nin ƏABİ-dən daxil olmuş sorğuya cavab məktubundan görünür ki, xx.xx.2018ci il tarixdə, saat 17:59 radələrində X11 Aeroportunda “Dubay-Bakı” reysində DİN-in xx.xx.2018-ci il tarixdən “saxla” statusunda olan RF vətəndaşı xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs saxlanılaraq X12 İdarəsinə təhvil verilmişdir. xx.xx.2018-ci il tarixdə, saat 15:20 radələrində X11 Aeroportunda 708 nömrəli “Bakı-Dubay” reysində DİN-nin xx.xx.2018-ci il tarixdən “saxla” statusunda olan RF vətəndaşı xx.xx.1976-cı il təvəllüdlü Təqsirləndirilən şəxs (xx.xx.2018-ci il tarixdə 733 nömrəli “Dubay-Bakı" reysi ilə gəlib) saxlanılaraq X12 İdarəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş xx.xx.2024cü il tarixli tələbnamədən görünür ki, Səlimova X4 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə 3500 (üç min beş yüz) manat cərimə cəzasına məhkum edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(001)-186/2015 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin mərkəzdə narkoloji qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada (müalicədə olmayıb) qeydiyyatda yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən Ukrayna vətəndaşı olmadığı halda özünə məxsus olmayan “Kira Kurbanova” ad və soyadı ilə və özünün fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, Ukraynaya məxsus “GK119845” nömrəli pasportu əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs yaşamaq və işləmək məqsədilə Azərbaycan Respublikası Dövlət Miqarasiya Xidməti tərəfindən müvəqqəti qeydiyyat rejimini pozduğundan ölkə hüdudlarından kənara çıxarıldığı üçün Azərbaycan Respublikasına qanuni yolla gələ bilmədiyindən, Ukrayna vətəndaşı olmadığı halda özünə məxsus olmayan “Kira Kurbanova” ad və soyadı ilə və özünün fotoşəkli daxil edilməklə istintaqa məlum olmayan vaxtda və yerdə saxtalaşdırılmış, Ukraynaya məxsus “GK119845” nömrəli pasportu əldə edib, 26 avqust 2024-cü il tarixdə 743 nömrəli Moskva- Gəncə aviareysi ilə Rusiya Federasiyasından Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Gəncə şəhərində yerləşən “Gəncə” X9 sərhəd nəzarəti məntəqəsinə gələrək, həmin gün, saat 10:28 radələrində həmin pasportdan saxta olduğunu bilə-bilə istifadə edərək sərhəd nəzarətinə təqdim etməklə Azərbaycan Respublikasının dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan qəsdən, qanunsuz olaraq Rusiya Federasiyasından Azərbaycan Respublikası istiqamətində keçməyə cəhd etmiş, onun təqdim etdiyi Ukraynaya məxsus GK119845 nömrəli pasportun Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxta olması müəyyən edilərək saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 29,318.1 və 320.2-ci maddələri ilə tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X3 haqqında AvropaKonvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2019-cu il tarixli qərarında göstərilmişdir ki, “Sənədin rəsmi sənədə aid edilməsi üçün o, bir sıra əlamətlərə malik olmalıdır. Bunun üçün sənəd səlahiyyətli şəxs tərəfindən tərtib və təsdiq edilməli, müəyyən edilmiş formaya uyğun olmalı, vacib rekvizitləri (möhürü, ştampı, imzanı və s.) əks etdirməlidir. Rəsmi sənədin əsas şərtlərindən biri də onun hüquqi əhəmiyyəti ilə bağlı olub təqdim edilə bilmə qabiliyyətinin, yəni sənəddə əks olunmuş məlumatın hüquq münasibətlərinə təsir etmək imkanının mövcud olmasını tələb edir. Cinayət Məcəlləsinin 320.1-ci maddəsində təsbit edilən cinayətin predmetini təşkil edən rəsmi sənəd hüquqlar verməli və ya vəzifələrdən (öhdəliklərdən) azad etməlidir. Hüquqlar verməyən və ya vəzifələrdən azad etməyən sənədin saxtalaşdırılması, hazırlanması və ya satılması Cinayət Məcəlləsinin həmin maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaratmır. Beləliklə, hər hansı sənədin Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin predmeti qismində çıxış etməsi üçün onun hüquq münasibətlərinə (onların yaranmasına, dəyişdirilməsinə və xitamına) təsir etməklə hüquq və vəzifələr yaratması, eləcə də hüquqların həyata keçirilməsi və ya vəzifələrin icrasında müəyyən üstünlüklər, güzəştlər, imtiyazlar kimi hüquqi nəticələrə səbəb olma xüsusiyyətinin mövcudluğu mütləqdir. Saxtalaşdırma rəsmi sənədin məzmununun təhrif edilməsidir və saxta olmayan vəsiqəyə və ya rəsmi sənədə hər hansı vasitə ilə yanlış məlumatların daxil edilməsi, boş blankın belə məlumatlarla doldurulması, onun məzmununa dəyişikliklər edilməsi və s. üsullarla həyata keçirilir və bu hərəkətlərin nəticəsində həmin sənədin sahibinin və ya istifadəçisinin hüquqi vəziyyəti dəyişir”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən c əza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.1-ci maddəsində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə görə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni zamanda, həmin Məcəllənin 29-cu maddəsində qeyd edilmişdir ki, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Həmin Məcəllənin 320.2-ci maddəsində isə, bu Məcəllənin 320.1-ci maddəsində göstərilmiş bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə, min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,318.1 və 320.2-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə isnad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 №-li qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarda qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunma imkanları tükənməmişdir və cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Digər tərəfdən qeyd edilməlidir ki, törədilmiş cinayətlər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur və azadlıqdan məhrum etmə cəzası ilə yanaşı təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında daha yüngül cəzalar cərimə, ictimai işlər və islah işləri alternativ olaraq nəzərdə tutulmuşdur. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə qeyd olunanları nəzərə almaqla, iş üzrə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təqsirləndirilən şəxsin barəsində cinayət məsuliyyətini yüngülləşdirən halları, qadın olmasını, həmçinin barəsində cəzanı ağırlaşdıran halların olmamasını və cinayət əməlinin törədilməsi şəraitini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan cərimə, ictimai işlər, islah işləri və azadlıqdan məhrum etmə cəzalarından cərimə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində qeyd olunur ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-ci maddəsində əcnəbilərə əsas cəza növü çəkildikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma kimi əlavə cəzanın təyin edilməsi nəzərdə tutulmuşdur. Həmin maddənin 52.2-ci maddəsində isə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü tətbiq edilməyən şəxslərin kateqoriyası müəyyən edilmiş və Azərbaycan Respublikasında doğulmuş şəxslərə, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə, barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə, valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə, himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı olan şəxslərə həmin cəzanın şamil edilməməsi göstərilmişdir. Təqsirləndirilən şəxs əcnəbi olsa da, o, Azərbaycan Respublikasında doğulmuş şəxsdir. Belə olan halda Təqsirləndirilən şəxs əlavə cəza kimi Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarma cəza növü tətbiq edilə bilməz. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin cərimə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən, həbsdə saxlanılan şəxsə cərimə və ya müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əsas cəza təyin edilərkən məhkəmə həbsdə saxlama müddətini nəzərə alaraq, təyin edilmiş cəzanı yüngülləşdirir və ya şəxsi bu cəzadan tamamilə azad edir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu, yəni 02 (iki) ay 03 (üç) gün həbsdə saxlama müddətini nəzərə alaraq təqsirləndirilən şəxsə təyin olunacaq cərimə cəzasının yüngülləşdirilməsini məqsədə müvafiq hesab edir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsqirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmalıdır. Həmçinin, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmamışdır. İş üzrə maddi sübut kimi tanınmış “GK119845” nömrəli saxta pasport cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, ekspertiza tədqiqatlarının dəyəri 390 (üç yüz doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: (VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 05 (beş) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına (03 may 2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 30 (otuz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2500 (iki min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1500 (min beş yüz) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 3000 (üç min) manat miqdarda cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 26 avqust 2024-cü il tarixdən 29 oktyabr 2024-cü il tarixədək həbsdə olduğu 02 (iki) ay 03 (üç) gün nəzərə alınsın və ona təyin edilmiş 3000 (üç min) manat miqdarda cərimə cəzası yüngülləşdirilərək üzərində qəti olaraq 1000 (min) manat miqdarda cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmün icrası yaşayış yeri üzrə İcra və Probasiya qurumuna həvalə edilsin. Cinayət işi üzrə maddi sübut olan GK119845 nömrəli saxta pasport cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri 390 (üç yüz doxsan) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 30 (otuz) manat məbləğində pul Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar