Məhkəmə qərarları › İş №1(125)-455/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-455/2023

24.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-455/2023 24.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X4, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1969-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, evli, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, Xəqani küçəsi, ev 55-də qeydiyyatda olmaqla Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ünvansız fərdi evdə yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq əldə etdiyi xeyli miqdarda 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitillərini 2023-cü ilin aprel ayında Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən yaşadığı evin həyətyanı sahəsində qanunsuz olaraq əkmiş, həmin şitillərə aqrotexniki qaydada qulluq edib yetişdirməklə qanunsuz olaraq kultivasiya etmiş, 14 iyun 2023-cü il tarixdə saat 15:00-da Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Ulu Borçalı” yeməkxanasının yaxınlığında olan zaman saxlanılaraq həmin gün saat 17:00-da yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi yeni evin həyətyanı sahəsinə baxış keçirilərkən evin giriş darvazasının qarşı tərəfində olan bağçadan qanunsuz olaraq kultivasiya etdiyi səpələnmiş formada əkilmiş 10 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkiləri və aqrotexniki qaydada qulluq göstərilmədən yabanı halda bitmiş 55 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən başqa, iş üzrə dindirilmiş şahid ifadələri, baxış protokolu, ekspertiza rəyi, həmçinin cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etməklə, Gəncə şəhəri, Gülüstan qəsəbəsində ünvansız mənzildə yaşayır. Narkotik vasitə olan “nəşə” adlandırdığı “marixuana”-nı siqaret kimi qəbul edir. xx.xx.2023-cü il tarixdə saat 15-00 radələrində Gəncə şəhəri Gülüstan qəsəbəsində yerləşən “Ulu Borçalı” yeməkxanasının yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda, qəbul etməkdə, əkib becərməkdə şübhəli olduğunu bildirib onu Gəncə şəhər 1-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə müdafiəçi ilə təmin edildikdən sonra müdafiəçisinin iştirakı ilə hüquqları izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərindən heç bir narkotik vasitə aşkar olunmamışdır. Sorğu zamanı etiraf etmişdir ki, yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsindəki evin həyətində nəşə kimi istifadə etdiyi çətənə kolları var və yaşadığı evə, həmçinin həyatyanı sahəsinə baxış keçirilməsinə etiraz etmir. Bundan sonra onun iştirakı ilə yaşadığı evə və həyətyanı torpaq sahəsinə baxış keçirilmiş və həyətyanı torpaq sahəsindən çətənə kolları aşkar edimişdir. O yaşadığı evin həyətyanı sahəsində özü istifadə etmək üçün yalnız bir neçə marixuana toxumu əkmiş, həyətində aşkar edilmiş digər çətənə kolları isə yabanı şəkldə onun həytində bitmişdir. O, da yalnız toxumunu əkdiyi 10 ədəd çətənə kollarına qulluq etmiş, digər kollara isə hər hansı formada qulluq göstərməmişdir. Onun yaşadığı evin həyətyanı sahəsindən isə müxtəlif ölçüdə olmaqla 65 ədəd çətənə (kannabis) bitkisi kolu aşkar olunmuşdur. Həyətyanı sahəsinə baxışda iştirak edən aqronom Şahid1 da aşkar olunmuş 65 ədəd kolların çətənə (kannabis ruderalis) bitkisi olduğunu və onlardan narkotik vasitə kimi istifadə edilməsi məqsədilə 10 ədədinə xüsusi qulluq edildiyini bildirmişdir. Bundan sonra aşkar olunmuş kollar bir ədəd torbaya yığılmış və torbanın ağzı bağlandıqdan sonra üzəri möhür ilə möhürlənərək baxış iştirakçıları tərəfindən imzalanmışdır. O, xeyli müddət evdə tək yaşamış və evinin açarı ondan başqa heç kimdə olmamışdır. O, yaşadığı evin həyətində çətənə kolları olması barədə heç kimə deməmiş və heç kimin məlumatı olmamışıdr. Əkdiyi çətənə kollarını özü istifadə etmək məqsədilə saxlamışdır. Törətdiyi əmələ görə peşmandır. İİ qrup əlil olmasını və xəstəliyini nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməkdaşlarının dəvəti ilə aqronom qismində Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində olan həyətinə baxışda iştirak etmişdir. Baxış zamanı həmin həyətdə xırda-xırda çoxlu çətənə kolları(Canadius Rudelaris) aşkar edilmiş, lakin onlardan yalnız 10 ədəd çətənə kollarına xüsusi aqrotexniki qaydada qulluq olunduğunu müəyyən etmişdir. Belə ki, məhz həmin 10 ədəd çətənə kolu vaxtında sulanmış, qida verilmiş, ona görə də həmin kollar yaxşı inkişaf etmişdir. Digər 55 ədəd çətənə koluna isə qulluq olunmamış və onlar həyətdə öz-özünə yabanı formada bitmişdir. Daha sonra aşkar edilmiş bütün çətənə kolları kökündən çıxarılaraq polis əməkdaşları tərəfindən qablaşdıraraq, götürülmüş və bu barədə protokol tərtib edilərək, doğruluğu imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi və yaxud ədavəti olmamışdır. 14 iyun 2023-cü il tarixdə Gəncə şəhər BPİ-də gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Elçin adlı Gəncə şəhər sakini yaşadığı evin həyətyanı torpaq sahəsində qanunsuz olaraq narkotik xassəli bitkilərin əkilib-becərilməsi ilə məşğuldur və hazırda Gəncə şəhəri “ULU Borçalı” yeməkxanasının yaxınlığındadır. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunandan sonra həmin günü saat 15:00 radələrində əməliyyat qrupu yaradılmış və o, kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 və digər polis əməkdaşları ilə birlikdə Gəncə şəhəri “ULU Borçalı” yeməkxanasının yaxınlığında adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs saxlanılaraq Gəncə şəhər BPİ-nin 1-ci PŞ-yə gətirilmiş və şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olunmuş, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Elçin Əliyevdə üzərində qanunla saxlanılması qadağan edilmiş heç bir əşya olmadığını bildirdiyi üçün onun üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmiş və həqiqətəndə onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar olunmamış və götürülməmişdir. Bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsi yeni həyət evinin həyətyanı sahəsində tərkibində narkotik maddələr olan bitkilər əkib-becərdiyini və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Elçin Əliyevin özünün razılığı və iştirakı ilə, eyni zamanda dəvət edilmiş aqronomun iştirakı və videoçəkilişlə onun yaşadığı Gəncə şəhəri Gülüstan qəsəbəsi yeni həyət evinə gedilmiş və evin həyətyanı sahəsində Elçin Əliyev əkib, aqrotexniki qaydada qulluq etdiyi çətənə kollarını göstərmişdir. Həmin çətənə kolları müxtəlif ölçülərdə, təxminən 400 kvadrat metr ərazidə olmaqla ümumilikdə 65 ədəd olması müəyyən edilmişdir. Həmin vaxt aqronom Şahid1 kolların dibinə baxış keçirərək onlardan yalnız bir neçəsinə aqrotexniki qaydada qulluq olunduğunu, digərlərinin isə yabanı halda bitdiyini bildirmişdir. Daha sonra 65 ədəd çətənə kolu hamısı kökündən çıxarılaraq 1 kisəyə yığılmış və elektron tərəzidə çəkilmişdir. Daha sonra həmin bitkilərin tərkibini və miqdarını dəqiq müəyyən etmək üçün ekspertizaya təqdim etmək məqsədi ilə götürülmüş, bu barədə təhqiqatçı tərəfindən protokol tərtib edilmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 oxşar ifadə verərək Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi” haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 237.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. “Cinayət törətməkdə şübhəli şəxsin tutulmasl haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi lə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan edilmişdir. xx.xx.2023-cü il tarixli “Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və videogörüntüyə baxış keçirilməsi haqqında 11 avqust 2023-cü il tarixli protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra həmin Polis Şöbəsində onun üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərində heç bir narkotik maddə aşkar olunmur. Təqsirləndirilən şəxs özünün təqdim etdiyi evinin və avtomobilin açarları, 3 AZN 10 qəpik pul və bir ədəd Pall Mall siqareti və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır. Bundan sonra diskdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində “nəşə” kimi adlandırdığı “marixuana” əkib becərdiyini bildirir. Daha sonra Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1, Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin idarənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, Müdafiəçi, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilir. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində təkcə yaşayır. Bir mərtəbəli fərdi yaşayış evi 400 kvadrat metr ərazisi olan həyətdə yerləşir. Ev həyətə giriş darvazasının sağ tərəfindən tikilmişdir. Giriş darvazasının qarşı tərəfindən evin baxçası yerləşir. Həmin baxçada qeyri-simmetrik formada bitmiş(əkilmiş) 65 ədəd çətənə (kannabis) bitkisinə bənzər kollar aşkar olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunmuş bitkilərin çətənə (kannabis) bitkisi olduğunu, 2 aydan artıq olar ki, həmin kolların həyətinin baxçasında bitdiyini müşahidə etmiş və özü çətənə bitkisini nəşə kimi tanıdığından və istifadə etdiyindən həmin kollara qulluq məqsədilə su verdiyini söyləyir. Diskdə Təqsirləndirilən şəxs narkotik vasitəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirir. Bundan sonra 65 ədəd çətənə (kannabis) bitkiləri 1 ədəd kisəyə yığılaraq tərəzidə çəkilir və ümumi çəkisi 2760 qram olur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 110 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilmir. Məhkəmə-bioloji ekspertizasının 15 iyun 2023-cü il tarixli 16/628 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən həyətyanı sahəsindən aşkar olunmuş çətənəyə bənzər kütlə..” yazı və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki, ümumi sayı 65 (altmış beş) ədəd, ümumi təmiz çəkisi 2400 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Mütəxəssis (aqranom) rəyinə əsasən təqdim olunmuş çətənə (kannabis) bitkilərindən 10(on) ədədinə aqrotexniki qydada qulluq olunmuş, 55 (əlli beş) ədədinə isə aqrotexniki qaydada qulluq olunmamışdır, yabanı halda bitmişdir. Məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 1326 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. 30 iyul 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin narkotik xassəli çətənə bitkilərinin toxumlarını haradan və kimdən əldə etməsini müəyyən etmək mümkün olmamış, onun Gəncə şəhəri ərazisində narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatının olmadığı bildirilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Dövlət Sosial müdafiə Fondu publik hüquqi şəxsininin Gəncə-Daşkəsən regional filialı tərəfindən verilmiş 23 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İİ-ci dərəcə əlilliyə görə 327.21 manat məbləğində əmək pensiyası alır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 4353 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 4375 saylı arayışdan məlum olur ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durur. xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş 65 ədəd, tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2398 qram olan narkotik tərkibli çətənə və cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs üzərinə və yaşadığı evə baxış keçirilən zamanı qeydə alınmış video görüntülər olan 2(iki) DVD disk maddi sübut kimi tanınmışdır. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD disklərə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra onun üzərinə şəxsi axtarış keçirilir, şəxsi axtarış zamanı vətəndaş Təqsirləndirilən şəxs üzərində heç bir narkotik maddə aşkar olunmur. Təqsirləndirilən şəxs özünün təqdim etdiyi evinin və avtomobilin açarları, 3 AZN 10 qəpik pul və bir ədəd Pall Mall siqareti və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılır. Bundan sonra diskdə Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində “nəşə” kimi adlandırdığı “marixuana” əkib becərdiyini bildirir. Daha sonra Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis mayoru X1, Gəncə ŞBPİ-nin 1-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, həmin idarənin kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3, Müdafiəçi, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, Şahid1 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilir. Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində təkcə yaşayır. Bir mərtəbəli fərdi yaşayış evi 400 kvadrat metr ərazisi olan həyətdə yerləşir. Ev həyətə giriş darvazasının sağ tərəfindən tikilmişdir. Giriş darvazasının qarşı tərəfindən evin baxçası yerləşir. Həmin baxçada qeyri-simmetrik formada əkilmiş 65 ədəd çətənə (kannabis) bitkisinə bənzər kollar aşkar olunur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində aşkar olunmuş bitkilərin çətənə (kannabis) bitkisi olduğunu, 2 aydan artıq olar ki, həmin kolların həyətinin baxçasında bitdiyini müşahidə etmiş və özü çətənə bitkisini nəşə kimi tanıdığından və istifadə etdiyindən həmin kollara qulluq məqsədilə su verdiyini söyləyir. Diskdə Təqsirləndirilən şəxs narkotik vasitəni hər hansı bir şəxsə satmaq niyyəti olmadığını bildirir. Müdafiəçi ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirir. Bundan sonra 65 ədəd çətənə (kannabis) bitkiləri 1 ədəd kisəyə yığılaraq tərəzidə çəkilir və ümumi çəkisi 2760 qram olur. Daha sonra müvafiq qaydada qablaşdırılır, 110 nömrəli möhrlə möhrlənir və imzalarla təsdiq edilir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hal aşkar edilmir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, maddi sübut, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilər” adlı İİİ siyahının 1.2-ci qrafasına əsasən 10 ədəd aqrotexniki qaydada qulluq edilmiş çətənə xeyli miqdar hesab olunur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama)-üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli qərarının 2ci bəndində qeyd edilir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı, yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini,əməlini etiraf etməsini, səmimi peşmançılığını, İİ qrup əlil olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzannı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddələrində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur və məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Belə ki, məhkəmənin qənaətinə görə, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması imkanları hələ tükənməmişdir, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından ona azadlıqdan məhrum etmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyil və bu cəzanın təyin olunması cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan ədalət və humanizm prinsiplərinə ziddir. Təqsirləndirilən şəxsə isnad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəzalar nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini, ədalətlilik və qanunçuluq prinsiplərini və CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah oluna bilər, lakin onun törətdiyi cinayətin xarakterinə, şəxsiyyətinə görə cərimə cəzasının verilməsini məhkəmə mümkün hesab etmir. Məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə həm də qeyd edir ki, təqsirləndirilən şəxsin barəsində yuxarıda qeyd edildiyi kimi daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar olmadığından, yüngülləşdirici halları nəzərə alaraq məhkəmə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanunauyğun və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3-cü maddəsinə əsasən məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Gəncə şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə probasiya idarəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs İİci qrup əlil olduğuna görə barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz.Bununla belə o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzasını yüngülləşdirən hallarının müəyyən edilməsini, ağırlaşdıran halların müəyyən edilməməsi, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu müddət CM-in 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün bərabər tutulmaqla ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalı, cəza çəkmə müddətinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınan – Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 65 ədəd, 2400 qram narkotik xassəli çətənə bitkisi, tədqiqatdan sonra qalıq çəkisi 2398 qram olan narkotik xassəli çətənə bitkisi məhv edilməli, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 60,80 manat pul təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Bundan başqa qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili X5 tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılmasının bir gününə iki gün hesabı ilə hesablanmaqla, cəmi 4 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsinə, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulsun. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhərinin ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası yaşadığı yer üzrə Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübutlar - 65 ədəd, 2400 qram narkotik xassəli çətənə bitkisi, tədqiqatdan sonra qalıq çəkisi 2398 qram olan narkotik xassəli çətənə bitkisi məhv edilsin, 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 60,80 manat (altmış manat səksən qəpik) pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, hesab №2088501, X3, KOD–210005, VÖEN **********, m/h AZ41NABZ********************, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba ödənilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya protesti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar