Məhkəmə qərarları › İş №1(125)-461/2024

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-461/2024

21.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-461/2024 21.11.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, dövlət ittihamçısı – Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs və müdafiəçisi X1 iştirakları ilə, xx.xx.1993-cü ildə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – CM) 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Ocaq” kafesində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə olan zaman sonuncu kafedə stolun üzərinə istifadə etdiyi “Redmi” markalı mobil telefonu qoyub kafedən çıxan zaman həmin mobil telefonu götürərək telefonda olan “Birbank” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 "xxxx" ASC-уəaid olan **********151512 nömrəli plastik kart hesabından informasiya texnologiyalarından istifadə etməklə, həmin gün saat 18:13:18-də 300 manat pulu (bankın köçürmə haqqı 3 manat) onun daimi olaraq istifadə etdiyi, cinayətdən xəbərsiz, anası X2 adına olan "xxxx" KB ASC-nin “Leobank”-ın 40****3334 nömrəli plastik kart hesabına köçürərək gizli yolla özgə əmlakını informasiya texnologiyalarından istifadə edib, talamaqla zərərçəkmiş şəxsin ümumilikdə 303 (üç yüz üç) manat pulundan ibarət əmlakını ələ keçirməklə oğurluq etmişdir. Bundan başqa o, təkrar, tamah niyyəti ilə özgənin əmlakını informasiya texnologiyalarından istifadə etməklə gizli olaraq talamaq məqsədi ilə xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən “Ocaq” kafesində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə olan zaman sonuncu kafedə stolun üzərinə istifadə etdiyi “Redmi” markalı mobil telefonu qoyub kafedən çıxan zaman həmin mobil telefonu götürərək telefonda olan “Birbank” tətbiqi vasitəsi ilə Zərərçəkmiş şəxs1 "xxxx" ASC-yə aid olan **********151512 nömrəli plastik kart hesabından informasiya texnologiyalarından istifadə etməklə, həmin gün saat 18:37:51-də 300 manat pulu (bankın köçürmə haqqı 3 manat) onun daimi olaraq istifadə etdiyi, cinayətdən xəbərsiz, anası X2 adına olan "xxxx" KB ASC-nin “Leobank”-ın 40****3334 nömrəli plastik kart hesabına köçürərək gizli yolla özgə əmlakını informasiya texnologiyalarından istifadə edib, talamaqla zərərçəkmiş şəxsin ümumilikdə 303 (üç yüz üç) manat pulundan ibarət əmlakını ələ keçirməklə oğurluq etmişdir. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs özünü tam təqsirli bilmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək əməlindən peşman olduğunu qeyd etmişdir. Odur ki, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə vermiş olduğu izahatında ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir,fəhləlik edir. O, Zərərçəkmiş şəxs1 təxminən 6 ay olarkı tanımış,onunla birlikdə evlərdə ustalıq etmişdir.xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Qılman onun istifadəsində olan (051) ******* nömrəli mobil telefonuna zəng edərək Gəncə şəhəri Avtozavod qəsəbəsindəki “Ocaq” kafesində verdiyi qonaqlığa dəvət etmişdir. O da həmin kafeyə gəlmiş və digər iş yoldaşı Vəlyəddinində orda olduğunu görmüşdür.Qılman yemək və araq sifariş vermiş, onlaryeyib içmişlər.Saat təxminən 18 radələrində Qılman “Redmi” markalı mobil telefonunu stolun üzərinə qoyub tualetə çıxmış,bu zaman Vəlyəddin demişdir ki,artıq o getmək istəyir və onlarla sağollaşıb çıxıb getmişdir. O, stolda tək oturmuş və Qılmanın mobil telefonunda Birbank tətbiqi olduğunu və eyni zamanda Qılmanın mobil telefonun kodunu da bilirdi.O, Qılmanın yanında olmamasından istifadə edib onun mobil telefonunu götürüb Birbank tətbiqinə daxil olmuş və kart hesabında xeyli miqdarda pulun olduğunu görmüşdür. Həmin puldan anası X2 onda olan Leo bankın debet kartına pul yükləmişdir. Həmin kartın son nömrəsi 3334 idi. O, birinci olaraq 300 manat Qılmanın kartından anasının kart hesabına, bir neçə dəqiqə sonra Qılmanın gəlmədiyini gördükdə yenidən 300 manat anasının kartına köçürmüşdür. Daha sonra Qılman gəlmiş və birilkdə bir az oturduqdan sonra evlərinə getmişlər.Həmin gün gecə saatlarında Qılman ona “whatsapp”nömrəsindən mesaj yazaraq bildirmişdir ki, “bilirəm mənim kartımdan pul çıxarmısan,pulumu qaytar.”O da ona günorta saatlarında “whatsapp”vasitəsi ilə səs ataraq etiraf etmişdir ki,“həqiqətəndə sənin kartından mən pul çıxarmışam, peşmanam,qələt etmişəm,1 günə uzağı 1 həftəyə pulunu qaytarcam.”Çünki artıq onda pul qalmamışdı.O, evə gələnə kimi yolda Gəncə şəhərinin Mərkəzində Atatürk prospektindlə olan Unibankın bankomatından 400 (dörd yüz) manat pulu çıxarmış və evə bazarlıq, yenidən araq pivə alıb,qalan pulları da öz şəxsi ehtiyaclarına xərclədiyindən Qılmana pulu qaytara bilməmişdir.Qılman dəfələrlə ondan pulu tələb etsə də, o, işləyib qazanıb qaytaracağını bildirmişdir. Lakin sonradan ona məlum olmuşdur ki,Qılman ondan polisə şikayət etmişdir.O, Bakı şəhərinə işləmək üçün getdiyindən polisin onu axtarmasından məlumatsız olmuş,xx.xx.2024-cü il tarixdə öz yaşadığı evində olan zaman polis əməkdaşları onu polisə dəvət etmişlər və oradan da Gəncə şəhər BPİ-nin MSY-nə təhvil vermişdilər.Ona qarşı polis əməkdaşları tərəfindən yaxşı münasibət göstiərilmiş, heç bir qanunsuz hərəkətlər olmamışdır. Həmin kartı atmış,özündə deyil,ona görədə təqdim edə bilmir.Ona heç kəs köməklik etməyib,tək özü bu hadisəni törətmiş,heç kimə də bildirməmişdir.O, yuxarıda qeyd etdiyi hadisədən başqa heç bir cinayət hadisəsi törəməmişdir. Göstərir ki, onun əvvəlcədən Qılmanın kartından 600 manat pul çıxarmaq niyyəti olmuşdur,sadəcə olaraq birinci dəfə pulu çıxaranda sərxoş olduğu üçün 600 əvəzinə 300 rəqəmini yazmış və 300 manat pul çıxmışdı.O, yenidən pulu çıxarmaq istədikdə qorxmuşdur ki,birdən Qılman tez gələr,görər. Lakin təxminən 20 dəqiqə gözləmiş, görmüşdür ki,Qılman gəlmir və o yenidən 300 manat pulu onun kartından anasının kartına yükləmişdir. O, əvvəlcədən Qılmanın kartında pul olmasını bilmirdi,telefonu açıb birbanka daxil olanda görmüşdür ki,çoxlu pul var,amma sərxoş olduğundan dəqiq nə qədər pul olduğunu bilməmişdir. Zərərçəkmiş şəxs1 14 noyabr 2024-cü il tarixdə məhkəmə iclasında ərizə təqdim edərəkTəqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş maddi ziyanın ödənildiyini bildirərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. O, verilən suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Odur ki, onun ibtidai istintaqda verdiyi ifadəsi elan olunaraq tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanıZərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır,himayəsində 3 övladı var,özü rəsmi olaraq Goranboy rayon Sukanal idarəsində ekskavatorçu vəzifəsində işləyir,boş vaxtlarında ustalıq edir.O, RuslanQafarovu təxminən 6 ay olar ki, tanımış,birlikdə fəhləlik edirdi.xx.xx.2024-cü il tarixdə,saat təxminən 15 radələrində,o tanışları Ruslan və yanlarında digər fəhlə işləyən Vəlyəddinlə birlikdə ad gününü qeyd etmək üçün Gəncə şəhəri,Avtozavod qəsəbəsində yerləşən “Ocaq” kafesinə getmiş, orada yemək və spirtli içki sifariş vermişdir.O, içməmişamma Vəlyəddinlə Ruslan araq içmişdilər.Saat təxminən 18 radələrində o, xidmətçidən hesabı istədikdə xidmətçi hesabı gətirmiş vəo, xidmətçiyə kart vasitəsi ilə ödəyəcəyini demişdir.Hesab ümumilikdə 70 manat idi,xidmətçi ona yadında qalmayan kart nömrəsi vermiş və özünə məxsus Redmi markalı mobil telefonuna yüklədiyi Kapital Banka məxsus **********151512 nömrəli kartının BirBank tətbiqi vasitəsi ilə hesabı ödəmiş vətelefonunu masanın üzərinə qoymuşdur. Sonra Vəlyəddin ona getmək istədiyini dedikdə onunla birlikdə sağollaşıb çıxmış,telefonu isə Ruslanın yanında qalmışdır.Təxminən 30 dəqiqədən sonra geri qayıdaraqRuslanla biraz stolda əyləşdikdən sonra birlikdə kafedən çıxmış və sonra sağollaşıb Gəncə şəhərində müvvəqəti kirayədə yaşadığı, Gəncə şəhəri,Dədə Qorqud küçəsindəki 9-cu kvartal deyilən yerdəki evə getmişdir. O, evdə telefonda Birkartını yoxladıqdagörmüşdür ki, kafedə hesabı verəndən bir neçə dəqiqə sonra, yəni xx.xx.2024-cü il tarixdəkartından saat 18:13 dəqiqədə 300 manat, saat 18:37 dəqiqədə isə 300 manat olmaqla,ümumilikdə 600 manat pulu başqa karta köçürülmüşdür.O, dərhal telefonda pulunun hansı karta köçürüldüyünə baxdıqda görmüşdür ki,köçürülən kartın axır nömrəsi 3334-dü və həmin kart nömrəsinin də Ruslana məxsus olduğunu bilirdi,çünki dəfələrlə birlikdə işləyəndə onun iş haqqını həmin karta yükləmişdir.Eyni zamanda Ruslan özü onun telefonuna parol qoyduğundan onun telefonunu açıb-bağlamagı bilirdi.O, həmin gün Ruslana məxsus (051) 7366853 nömrəsinə “whatsapp”vasitəsi ilə mesaj yazaraq pulunu qaytarmasınıbildirmiş,Ruslan isə ona səsli mesaj ataraq bildirmişdir ki, içkili olduğu üçün bu hərəkəti edib,peşmandır,bir həftə ərzində pulunu qaytaracaqdır.Oda onun dediyi vaxta kimi gözləmiş,lakin pulunu qaytarmamış,telefonunu bloklamışdır. O da məcbur olub xx.xx.2024-cü il tarixdə Gəncə şəhər 4-cü PB-nə ərizə ilə müraciət edib bildirmişdir ki,Təqsirləndirilən şəxs kartından oğurluq etdiyi üçün cinayət məsuliyyətinə cəlb olunsun.O, Ruslanın ona WhatsAppla göndərdiyi səs yazılarını 01 ədəd diskdə yükləyərək istintaqa təqdim etmişdir.Həmin səs yazısında Ruslan kartından oğurluq etdiyini etiraf edir,peşman olduğunu və 1-2 həftəyə pulu qaytaracağını bildirir,lakin hazırki vaxta kimi pulunu qaytarmamışdır. Məhkəmə iclasında iş üzrə şahid Zərərçəkmiş şəxs2 iştirak etmədiyi üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı şahid Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, fəhləlik edir. O, Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs təxminən 6 ay olar ki, tanımış,onlarla birlikdə fəhləlik edirdi. xx.xx.2024-cü il tarixdəsaat təxminən 15 radələrində Ruslan və Qılmanla birlikdə Qılmanın ad gününü qeyd etmək üçün Gəncə şəhəri,Avtozavodqəsəbəsində yerləşən “Ocaq” kafesinə getmiş, Qılman yemək və spirtli içki sifariş vermişdir. O, Ruslanla araq içmişdir.Saat təxminən 18 radələrində Qılman xidmətçidən hesabı istəmiş, xidmətçi hesabı gətirdikdə Qılman hesabı kart vasitəsi ilə ödəyəcəyini bildirmişdir. Hesab ümumilikdə 70 manat idi,xidmətçi Qılmana kart nömrəsi vermiş və o özünə məxsus olan Redmi markalı mobil telefonu ilə BirBank tətbiqi vasitəsi ilə hesabı ödəmişdir. Daha sonra Qılman onu yola salmaq üçün kafedən çıxdıqda mobil telefonunu masanın üzərinə qoymuşdur. Onlar birlikdə taksini gözləmiş və sonra Qılmanla sağollaşaraqtaksiyə minib yaşadığı evinə getmişdir. Ona sonradan məlum olmuşdur ki,Qılman telefonunu stolun üzərinə qoyub onunla birlikdə çıxandan sonra Ruslan onun telefonundan Birbank vasitəsi ilə 600 manat pulunu başqa kart nömrəsinə köçürmüşdür. O biləndən sonra özü də Ruslana demək istəmişdir ki, Qılmanın pulunu qaytarsın, lakin Ruslan onun telefonuna cavab verməmiş və bir daha onlarla işləməyə gəlməmişdir. Daha sonra Qılmanın polisə şikayət etdiyini bilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 26 iyun 2024-cü il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan RespublikasıCM 177.2.3-1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması vəicraata qəbul edilməsi qərara alınmışdır.(i. v.1) - Gəncə şəhər Məhkəməsinin 5(125)-296/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Zərərçəkmiş şəxs1 bank hesablarının vəziyyəti barədə məlumatların ələ keçirilməsinə dair vəsatəti təmin edilmişdir.(i. v.27) -26 iyun 2024-cü il tarixli əşyanın (diskin) götürülməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD disk götürülmüşdür.(i. v.39) -26 iyun 2024-cü il tarixli şəxsin istintaqa məcburi gətirilməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs istintaq hərəkətinin yerinə yetirilməsi üçün məcburi olaraq Gəncə şəhəri BPİ-nin İTİ-nə gətirilməsi qərara alınmışdır.(i. v.41) - 07 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla ona həmin maddə ilə ittiham elan edilmişdir.(i. v. 45) - 07 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində axtarış elan etmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmiş Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir.(i. v. 47) -07 iyul 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır.(i. v. 51) -22 iyul 2024-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri ərazisində saxlanılaraq Gəncə şəhər BPİ-nin MSY-nə təhvil verilmişdir.(i. v. 55); -23 iyul 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i. v. 56); - 23 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. (i. v. 76); - 23 iyul 2024-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və onun MSY-dən azad edilməsi barədə qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. (i. v. 83); - 06 avqust 2024-cü il tarixli, 4068 saylı Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. (i. v. 96); - 07 avqust 2024-cü il tarixli, 3491 saylı Gəncə şəhər Narkoloji Dispanserindən alınmış arayışda gösrətilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. (i. v. 97); -06 avqust 2024-cü il tarixli, 2024/111/21419 saylı "xxxx"ASC tərəfindən Gəncə şəhər BPİ-nin İTİ-nə ünvanlanan məktubundan görünür ki, 416973******1512 nömrəli plastik kart hesabından sorğu olunan vəsaitlərin 409858******3334 nömrəli plastik kart hesabına köçürüldüyü müəyyənləşdirilmiş və 409858******3334 nömrəli kart "xxxx" ASCyə məxsus deyil. (i. v. 98); - 10 avqust 2024-cü il tarixli cinayət işinin icraatının dayandırılması haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işinin icraatı dayandırılmışdır.(i. v. 101); - Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş 12 avqust 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 180.1 və 333.3cü maddəlləri ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-cı il tarixli Amnistiya qərarının 1.8 bəndinə əsasən təyin edilmiş cərimə cəzasından azad edilmişdir. (i.v.107); -07 oktyabr 2024-cü il tarixli cinayət işi üzrə dayandırılmış icraatın təzələnməsi haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat təzələnmişdir. (i. v. 109); -"xxxx" ASC-nin plastik kart hesabı üzrə bank çıxarışından görünür ki, X2 adına olan "xxxx" ASC-nin “Leobank”a aid 40*****3334 nömrəli plastik kart hesabına 22 aprel 2024-cü il tarixdə saat 18:13:18-də 300 manat və 18:37:51-də 300 manat birbank vasitəsi ilə hesaba daxil edilmişdir. (i. v. 127-129); - 07 oktyabr 2024-cü il tarixli diskin dinlənilməsi haqqında protokoldan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi 01 ədəd CD diskdə səs yazılarına baxış keçirilmiş, Təqsirləndirilən şəxs diskdə olan səslərin ona məxsus olduğunu bildirmişdir. O, həmin səsləri “whatsapp” şəbəkəsi vasitəsi ilə Zərərçəkmiş şəxs1 göndərmişdir. (i. v. 131); - "xxxx" ASC-nin plastik kart hesabı üzrə bank çıxarışından görünür ki, 416973*****1512 nömrəli plastik kart hesabından 23 aprel 2024-cü il tarixdə 2 dəfə olmaqla hər dəfəsində 300 manat və köçürmə haqqı üçün hər dəfəsində 3 manat olmaqla cəmi 606(altı yüz altı) manat birbank tətbiqi vasitəsi ilə hesabdan çıxarılmışdır. (i. v. 135); - Füzuli Hərbi Məhkəməsinin 1-(97)-13-2015 saylı, xx.xx.2015-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1 və 333.3-cü maddəlləri ilə təqsirli bilinib 700 manat cərimə cəzasına məhkum edilmişdir.(i. v. 144-149) - 3 saylı Gəncə Ərazi İdarəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. (i. v. 150); - 08 oktyabr 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, "xxxx" ASC və "xxxx"ASC-nin plastik kart hesabı üzrə bank çıxarışları, 01 ədəd CD diskdə olan səs yazıları, işi üzrə təqsirləndirilən şəxsin ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahid ifadələri, həmçinin digər istintaq sənədlərimaddisübut kimi qəbul edilmişdir.(i. v. 151-161) - Zərərçəkmiş şəxs1 notarial qaydada təsdiq olunmuş ərizəsindən və məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokol və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM) 144-146-cı maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli qərarında qeyd edilir ki, CM-in 177.2.3-1-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş cinayət, şəxs tərəfindən talama və ya müxtəlif qanunsuz yollarla əldə edilmiş kartdan və onun identifikasiya nömrəsindən (pin kodundan) istifadə etməklə törədilməsidir. Bu əməlin obyektiv cəhəti gizli yolla elektron məlumat daşıyıcısı olan bank kartını və onun şifrəsini əldə etmək və sonradan kartı bankomata daxil edib, pin kodu yığmaqla kart sahibinin hesabından pul vəsaitini çıxarmaqdır. Bu zaman, cinayəti törədən şəxsin niyyəti bankomatın fəaliyyətinə, əməliyyat sisteminə müdaxilə etmək deyil, yalnız əldə etdiyi imkandan istifadə etməklə kart sahibinin hesabından pul vəsaitini talamaqdır. Bu halda, zərərçəkmiş şəxs kartı oğurlanmış şəxsdir, çünki oğurlanmış və başqa qanunsuz yolla ələ keçirilmiş hesab kartını bankomata daxil edərkən şəxs bankomatın seyfindən deyil, həmin kartın sahibinin hesabından oğurluq edir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, ödəniş kartı ilə həyata keçirilən bütün bank əməliyyatları kartın sahibi və emitent (bank) arasında bağlanmış müqavilə əsasında və çərçivəsində həyata keçirilir. Kartı bankomata daxil edərək və klaviatura ilə müvafiq əməliyyatlar apararaq, təqsirli şəxs bilavasitə bankın seyfinə daxil olmur, sadəcə bankemitentin əməliyyat sisteminə qoşularaq hesaba müdaxilə edir və banka müəyyən əməliyyatın aparılması üçün göstəriş verir. Burada bankomatın yarılmasından fərqli olaraq, saxlanc yerinə (bankomatın seyfinə) fiziki daxil olma baş vermir. Konkret şəxşin adına olan və oğurlanmış bank kartından istifadə etməklə nağd pul vəsaitlərinin oğurlanması zamanı, şəxs hər hansı texnologiyadan istifadə etmir, sadəcə olaraq ona məlum olan identifikasiya nömrəsini (pin kodu) bankın kompyuter sisteminə daxil etməklə kart sahibinin pul vəsaitini ələ keçirməyə nail olur, yaxud həmin şəxsin pul vəsaiti hesabına müxtəlif ödənişləri həyata keçirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş “informasiya texnologiyaları” müddəası isə informasiyanın ötürülməsi, qəbulu və emalı üzrə proseslər zamanı alət və ya vasitələr toplusunu nəzərdə tutur. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən informasiya texnologiyaları-informasiya prosesləri zamanı, o cümlədən hesablama və rabitə texnikasının tətbiqi ilə istifadə edilən üsul və vasitələr sistemidir. Oğurluğun informasiya texnologiyalarından istifadə edilməklə törədilməsi xüsusi proqramlardan və qurğulardan istifadə etməklə bankomatların, nəticə etibarı ilə bankın kompyuter sisteminə daxil olub həm nağd pul vəsaitlərini, həm də müxtəlif növ ödənişləri həyata keçirməklə, yaxud da pul vəsaitlərini bankın hesabından öz şəxsi hesabına köçürməklə talamanı ehtiva edir. Nəhayət, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, ödəniş kartında şəxs haqqında və onun bank hesabında olan pul vəsaiti barədə məlumat əks olunduğundan, bu kart elektron məlumat daşıyıcısı kimi qiymətləndirilməli, ondan istifadə edilməklə törədilən oğurluq cinayəti isə CM-in 177.2.3-1-ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzaları nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 177.2.2-ci və 177.2.3-1-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir.. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 3-cü bəndinə əsasən, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər.s İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 10.2 və 10.3-cü bəndinə əsasən cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi və törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunması prioritet məsələlər kimi qoyulmuşdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, dəymiş ziyanı ödəməsini, Zərərçəkmiş şəxs1 ona qarşı şikayət və tələblərinin olmamasını və onunla barışmasını onun cəzasını yüngülləşdirən hallar hesab edir. İş üzrə Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halların olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalı və ona Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunacağı təqdirdə təmin edilə bilər, bu növ cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azərbaycan Respublikası CM-nin 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsüzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməsinə məhdudiyyət qoyulmalı, bundan başqa elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarəti edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün müddət azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün, cəmi 4 gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan səs yazılarını əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən məhkum Təqsirləndirilən şəxs məhkəmədə 16 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla, işlədiyi vəkil bürosunun hesabına 96 (doxsan altı) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci və 177.2.3-1-cimaddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 gün azadlığın məhdudlaşdırılması cəzasının bir gününə iki gün hesablanmaqla, ona təyin olunmuş cəzadan 4 gün çıxılaraq onun üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək, yaşadığı Gəncə şəhəri ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından müdafiəçi X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) 96 (doxsan altı) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya protesti və ya şikayəti verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar