Məhkəmə qərarları › İş №1(125)-463/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-463/2023

28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-463/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X2 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Fəhrad oğlunun, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1979-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2lisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində ünvan 3 ünvanında yerləşən “Gəncə təndir” çörək sexinin qarşısında tanımadığı, həmin çörək sexinin işçisi Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan mübahisə edib çoxsaylı insanların gözü qarşısında cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərilməsi ilə müşayiət olunan, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərlə xuliqanlıq edərək üzərində olan istintaq zamanı əldə olunması mümkün olmayan bıçaqdan silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs bud nahiyəsinə qəsdən zərbə vurub, sonuncuya bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmaqla sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirərək, xüsusilə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı Gəncə şəhəri, F.Əmirov küçəsində yerləşən çörək sexindən çörək almaq istəmiş, bu məqsədlə sexə yaxınlaşıb oradakı işçi xanımdan ona bir ədəd çörək istəmişdir. Həmin xanım isə sexdə olan digər işçi oğlana “gəl müştəriyə çörək ver” demiş, oğlan isə cavabında “gözləyir, cəhənnəmə gözləsin” demişdir. Buna görə o, həmin oğlana “o nə sözdür deyirsən” deyərək öz iradını bildirmişdir. Oğlan da cavabında “deyirəm, yaxşı eləyirəm” dediyi üçün o həmin oğlana “qələt edirsən” demişdir. Bundan sonra həmin şəxs də ona qarşı təhqiramiz ifadə işlətmişdir. O da həmin oğlana qarşı nalayiq ifadələr işlədərək oradan uzaqlaşıb çörək sexinin arxa tərəfinə keçmişdir. O, Araza qarşı “Allah sənə lənət etsin” ifadəsini işlətmiş, Araz da əvəzində Allaha və onun ünvanına nalayiq ifadələr işlətmişdir. Bu zaman orada işləyən işçilər ona demişlər ki, “onunla işin yoxdur, övladı xəstədir”. O da Araza demişdir ki, “övladın xəstədir, ondan da betər olar belə söz işlətmə”. Bunun əvəzində Araz çörək sexindən çıxaraq sexin arxasında onun üzərinə hücum etmiş və onu yerə yıxmışdır. Dizini əlinin üzərinə qoyub və onu boğmağa çalışmışdır. O da boğulduğunu hiss edib cibində olan çörək bıçağı ilə onun bud nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra həmin şəxs ondan aralanmışdır. Hadisə yerinə polislər gəlmiş və onu polis şöbəsinə aparmışlar. O, Arazı əvvəllər tanımamış, ilk dəfə çörək sexində görmüş və onunla kobud danışdığı üçün aralarında mübahisə yaranmışdır. Onların arasında olan mübahisə təxminən 5-10 dəqiqə davam etmişdir və çörək sexinin işçiləri onların arasında olan hadisəni görmüşlər. O, hadisəni törətdiyi bıçağı evdən götürmüşdür. Məscidə gedərkən çörək və ya başqa şeyləri kəsmək üçün istifadə edirmiş. Hadisə baş verdikdən sonra bıçağın harada olduğunu bilmir. Hazırda törətdiyi əmələ görə peşmandır və zərərçəkmiş şəxslə barışıq əldə etmişdir. Bir daha belə əməl törətməyəcəyinə söz verir. Odur ki, qeyd etdikləri nəzərə alınaraq, ona azadlıqdan məhrumetmə ilə bağlı yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə Zərərçəkmiş şəxs bildirdi ki, 2022-ci ilin mart aylarında təqsirlədirilən şəxs müştəri kimi onun işlədiyi “Gəncə təndir” çörək sexinə gəlmişdir. Həmin vaxt satıcı çörəkləri selofan torbaya yığdığı üçün təqsirlədirilən şəxs satıcının ona gec xidmət göstərdiyinə görə satıcı ilə yüksək səslə danışmağa başlamışdır. O da həmin müştəriyə, yəni təqsirləndirilən şəxsə bildirmişdir ki, “bir qədər səbrli ol, satıcı gəlir”. Daha sonra o, çörək alıb çıxarkən bura “cındırxanadı” deyə nalayiq söz işlətmişdir. O da təqsirləndirilən şəxsə içəridə qadın olduğunu deyib nalayiq söz işlətməsinin yanlış olduğunu demişdir. Bu zaman aralarında xırda mübahisə yaranmışdır. Sonra təqsirləndirilən şəxs “Gəncə təndir”dən çıxaraq getmişdir. xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs müştəri kimi yenidən o işlədiyi sexə gəlmiş və onu gördükdən sonra qarğış edərək “balası ölsün” demişdir. Bundan sonra təqsirlədirilən şəxs təndirdən çıxaraq insanların arasına tərəf getmişdir. O da bu sözdən təsirlənib təqsirlədirilən şəxsin dalınca gedib, demişdir ki, “ağzının danışığını bil, bu nə sözdü deyirsən”. Daha sonra təqsirlədirilən şəxs onun üstünə gəlmişdir. O da Anarı itələmişdir. Bir neçə adam onları aralamağa çalışmışdır. Yaranmış qarışıqlıqda təqsirlədirilən şəxs onun ayağına bıçaqla vurmuşdur. O, bu zərbəni hiss etməmişdir. Qıraqdakılar demişlər ki, “ayağından qan axır”. O bundan sonra təqsirlədirilən şəxsin üstünə gedib, boğazını sıxaraq yerə yıxıb bıçağı əlindən almağa çalışmışdır. Bu zaman ətrafdakılar onları aralamışlar. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, o da hadisəni onlara danışmışdır. Dava-dalaş təxminən 10-15 dəqiqə çəkmişdir. Aralarında olan dava-dalaş hadisəsi zamanı ətrafda təxminən 5-10 nəfər toplaşmışdır. O, hadisə baş verdikdən sonra görmüşdür ki, əynində olan şalvar tamamilə qandır. Ona görə də həmin şalvarı yaxınlıqda olan zibil qutusuna atmışdır. Sonra təcili tibbi yardım maşını ilə xəstəxanaya getmişdir. Hazırda o, Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən təqsirləndirilən şəxsə cəza təyin olunmamasını xahiş edir. Məhkəmədə Şahid5 Cəfərəli oğlu bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:20 radələrində 9,16,17 nömrəli marşurutda 46 92 saylı patrul avtomaşınında xidmət aparan zaman ekipaj yoldaşı polis nəfəri, polis serjantı Şahid1 ilə birlikdə Nizami küçəsində yerləşən Gəncə təndirinin yanında vətəndaşların səs-küy saldığını eşidib, dərhal oraya yaxınlaşmış və bir vətəndaşın xəsarət aldığını görmüşlər. Bu zaman oradakı bir xanım onlara xəsarət alan şəxsin arxa tərəfdə olduğunu demişdir. Onlar da oraya yaxınlaşmış və bir nəfər şəxsin bıcaqla xəsarət aldığını görmüşlər. Həmin vaxt xəsarət yetirən şəxs Təqsirləndirilən şəxs xəsarət yetirdiyi alətin yerini soruşmuşlar, lakin o bıçağın yerini onlara deməmişdir. Şahid1 Anarı İsmayılovu saxlamışdır. O isə əraziyə baxan zaman binaların arasında ağacdan asılan çörək selofanını görmüş və ona çörəyin ağacdan asılmağı şübhəli gəldiyi üçün içinə baxmaq qərarına gəlmişdir. Bu zaman görmüşdür ki, çörəyin arasında bıçaq var. O, bıçağı götürmüş və ekipaj yoldaşı ilə birlikdə Gəncə şəhər Baş polis idarəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmədə Şahid1 bildirdi ki, xx.xx.2022-ci il tarixdə saat təxminən 10:20 radələrində 9,16,17 nömrəli marşurutda 46 92 nömrəli patrul avtomaşınında xidmət aparan zaman ekipaj yoldaşı polis nəfəri, polis serjantı Şahid5 ilə birlikdə Nizami küçəsində yerləşən Gəncə təndirinin arxasında bir nəfər şəxsin binaların arasına tərəf getmək istədiyini və digər şəxsin ayağını tutaraq əyildiyini görmüşlər. Sonradan onlara məlum olmuşdur ki, Zərərçəkmiş şəxs adlı şəxs xəsarət almışdır. Onlar hadisə yerinə getmiş və orada Araz adlı şəxs Anar adlı bir nəfərin onu bıçaqla vurduğunu bildirmişdir. Bıçaq təqsirləndirilən şəxsin əlində, çörək selofonun içində olmuşdur. Daha sonra onlar Araz adlı şəxsi təcili tibbi yardıma təhvil vermiş və Təqsirləndirilən şəxs isə bıçaq ilə birlikdə Gəncə şəhər BPİ-nə təhvil vermişlər. Onlar hadisə yerinə gedən zaman artıq hadisə olub bitdiyindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqlamasını görməsələr də, Təqsirləndirilən şəxs əməlini özü etiraf etmişdir. Məhkəmədə Şahid2 bildirdi ki, o, hadisə baş verən zaman “Gəncə təndir”də işçi olmuşdur. xx.xx.2023-cü il tarixdə saat təxminən 10:30 radələrində işlədiyi çörək sexinin Anar adlı müştərisi ona gec xidmət göstərildiyi üçün Arazla mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Anar Arazın ünvanına nalayiq ifadələr işlətmişdir. Sonra hər ikisi sexdən çıxıb sexin arxasına keçmiş və orada əlbəyaxa olmağa başlamışlar. O da oraya gedib onları aralamağa çalışmışdır. Mübahisə zamanı Anar Arazın ayağına bıçaqla xəsarət yetirmişdir. Dava-dalaş zamanı yaxınlıqda xidmət aparan polis əməkdaşları gəlib onların hər ikisini sakitləşdirib polis şöbəsinə aparıblar. Məhkəmədə Şahid4 bildirdi ki, o, Gəncə şəhər BPİ-nin 4-cü Polis bölməsinin məsul növbətçisi vəzifəsində işləyir, polis mayorudur. O, Təqsirləndirilən şəxs tanımır. xx.xx.2022-ci il tarixdə baş vermiş cinayət hadisəsi ilə bağlı yazdığı raportu həkim məlumatı əsasında yazmışdır. O, həmişə həkim tərəfindən verilmiş məlumatı telefon vasitəsilə qəbul edib yazır. Həmin vaxt Təqsirləndirilən şəxs aidiyyəti üzrə İdarənin növbətçi hissəsinə gətirilib təhvil verilmiş, lakin həmin vaxt ona maddi sübut kimi bıçaq təhvil verilməmişdir. Məhkəmədə Şahid3 bildirdi ki, o, Gəncə şəhər BPİ-nin Post Patrul Xidməti Taborunun komandiri işləyir, polis polkovnik-leytenantıdır. xx.xx.2022-ci il tarixdə 9,16,17 nömrəli marşrutda 46 92 nömrəli patrul avtomaşında xidmət aparan polis nəfərləri polis serjantı Şahid1 və polis serjantı Şahid5 Gəncə şəhəri Nizami küçəsində yerləşən “Gəncə təndiri” çörək sexində aralarında yaranmış mübahisə nəticəsində Təqsirləndirilən şəxs adlı şəxsin Zərərçəkmiş şəxs adlı şəxsə bıcaqla xəsarət yetirdiyi, Zərərçəkmiş şəxs təcili tibbi yardıma, Təqsirləndirilən şəxs isə BPİ-inin növbətçi hissəsinə təhvil verilməsi barədə ona məlumat vermiş və bu barədə raport tərtib edərək ona təqdim etmişlər. O da həmin raportu imzalamışdır. Bu zaman polis nəfərləri ona bıçaqla bağlı heç bir məlumat verməmişlər. Hazırda tabeliyində işləyən polis nəfərləri Şahid1 və Şahid5 məhkəmədə bıçaqla bağlı verdikləri ziddiyyətli ifadələr hadisənin baş verməsinin üstündən uzun zaman keçdiyi üçün unutmaları və ya başqa bir işlə qarışdırmaları ilə bağlı ola bilər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs ünvan 5 ünvanında yerləşən “Gəncə təndiri”nin arxasında binaların arasında “Gəncə təndiri” çörək sexinində işləyən bir nəfər işçiyə aralarında yaranmış mübahisə nəticəsində bıçaqla xəsarət yetirdiyini bildirmiş və həmin yeri göstəmişdir. Baxış zamanı heç bir əşya, predmet götürülməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmişdir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 388 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət - sol bud nahiyəsinin deşilmiş-kəsilmiş yarası – kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər Narkoloji dispanserindən alınmış arayışlardan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. “Şübhəli şəxsin tutulması barədə” xx.xx.2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 19:20-də şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Baş polis idarəsinin 2-ci Polis şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, qeyd olunan bıçağı müəyyən edərək, istintaqa təhvil vermək mümkün olmamışdır. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş zərər tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxsə cəza verilməməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə ilk öncə onun qeyd edir ki, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs xəsarət yetirdiyi mətbəx bıçağı tapılaraq istintaqa təhvil verilməsi üçün bir sıra əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, həmin bıçağı taparaq istintaqa təhvil vermək mümkün olmamışdır. Bununla belə, məhkəmə istintaqı zamanı da qeyd edilən bıçağın yerinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən iş üzrə əlavə şahidlər cəlb edilməklə araşdırma aparılmış, lakin qeyd edilən bıçağın yerinin müəyyən edilməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında tədqiq edilmiş özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi, istintaq hərəkətlərinin protokolları və digər sənədlərlə təqsirləndirilən şəxsin ittihamda qeyd olunan əməlləri törətdiyi tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxsin əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını - CM-in 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəyərək, onunla barışıq əldə etdiyini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət törətməklə məsuliyyətə cəlb edildiyini nəzərə alır və həmin halları onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halların olduğunu, şəxsiyyətini müsbət səciyyələndirən halların məcmusunu, cəzasını ağırlaşdıran halların müəyyən edilmədiyini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət qanununda cəzanın 3 məqsədi müəyyən olunmuşdur: 1) sosial ədalətin bərpası; 2) məhkumun islah edilməsi, yəni xüsusi xəbərdaredici məqsəd; 3) başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması, yəni ümumi xəbərdaredici məqsəd (CM, maddə 41.2). Şərti məhkum etmənin tətbiq edilməsi üçün əsas məhkumun cəza çəkmədən islah olunmasının mümkün sayılmasıdır, qanunverici başqa əsas müəyyən etməmişdir (CM-nin 70.1-ci maddəsi). Göründüyü kimi, şərti məhkum etmənin tətbiqi zamanı cəzanın 2-ci məqsədinə çatmağın mümkünlüyü müzakirə olunmalıdır, bu məqsəd isə məhkumun islah edilməsidir. Məhkumun islah edilməsi deyiləndə onda qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması başa düşülür (Cəzaların İcrası Məcəlləsi maddə 8.1). Təqsirləndirilən şəxs məhkumluğu yoxdur, törətdiyi cinayət az ağır cinayət hesab olunur, təqsirini etiraf edir, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir, hazırkı cinayətin törədildiyi vaxtdan 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu müddətdə başqa bir cinayətin törədilməsinə görə cinayət məsuliyyətinə cəlb edilməmişdir, cəzasını ağırlaşdıran hallar isə mövcud deyildir. Belə vəziyyətdə iddia etmək olmaz ki, Təqsirləndirilən şəxs qanuna itaətin həvəsləndirilməsi, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qayda və ənənələrinə hörmət və ehtiramın formalaşdırılması üçün o, mütləq cəza çəkməlidir. Əgər cəzanı ağırlaşdıran hallar mövcud deyildirsə, az ağır cinayət törədən, təqsirini etiraf edən, əməlindən peşman olan, müsbət xarakterizə olunan bir şəxsin şərti məhkum etmə institunun imkanlarından yararlanmaq haqqı təmin olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir; 70.5-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər; 70.6-cı maddəsinə əsasən şərti məhkum edilmiş şəxs üzərində nəzarəti müvafiq dövlət orqanları, hərbi qulluqçular üzərində nəzarəti isə hərbi hissələrin və müəssisələrin komandanlığı həyata keçirir; Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar (ağırlaşdıran hallar müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun məsuliyyətini yüngülləşdirən halların məcmusu nəzərə alınaraq cəza çəkmədən islah olunması mümkün hesab edilib Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin ediləcək cəza sınaq müddəti ilə şərti tətbiq edilməli, sınaq müddəti ərzində öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı təqsirləndirilən şəxsin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi Fəhrad oğlu tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 15 saat vaxt sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Fəhrad oğlunun işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat pul köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Şərti məhkum edilmiş Təqsirləndirilən şəxs üzərinə cəzaların icrasına nəzarət edən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrası Gəncə şəhər Probasiya şöbəsinə həvalə olunsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi Fəhrad oğlunın işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hakim: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar