Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-477/2023 28.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X3, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və müdafiəçisi Müdafiəçi1 iştirakları ilə X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Xüsusi ittiham qaydasında şikayət vermiş X1 Rizvan Cavanşir oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə şikayət vermiş şəxs X3 anası X9 ilə təqsirləndirilən şəxs X2 həyat yoldaşı Pərvanə Cavanşirova arasında mübahisə yaranmış, mübahisə zamanı X9 AR DİN 102 xidmətinə müraciət etmişdir. Polis əməkdaşları gəlib X9 və Pərvanə Cavanşirovanın ifadəsini almışlar. Polis əməkdaşları gedəndən sonra təqsirləndirilən şəxs X3 ünvanına ədəbsiz sözlər işlədərək onu təhqir etmiş və bu təhqirlər nəticəsidə Fidan Alışanova intihara cəhd etmək fikrinə düşmüşdür. Lakin polis əməkdaşları və anasının təsiri nəticəsində bu fikirdən daşınmışdır. Polis əməkdaşları şikayət əsasında ona izah etmişlər ki, xüsusi ittiham qaydasında məhkəməyə şikayət verə bilər. xx.xx.2023-cü il tarixdə Gəncə şəhər məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında şikayət vermiş şəxs X7 şikayəti tam müdafiə edərək, X4 tərəfindən təhqir edildiyini, buna görə intihara cəhd etmək istədiyini bildirmiş, məhkəmədən işi icraata qəbul etmək və məhkəmə baxışına təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayətdə qeyd edilənlərlə razı olmadığını, mübahisənin onunla deyil, həyat yoldaşı Pərvanə Cavanşirova və şikayətçinin anası Alışanova Aynur arasında baş verdiyini, şikayətçi X3 ünvanına heç bir təhqiramiz söz və ifadə söyləmədiyini bildirərək, şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə iclasında xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X2 vəkili Müdafiəçi1 öz ifadəsində bildirmişdir ki, xüsusi ittihamçının şikayət ərizəsi əsassızdır. Belə ki, hadisə zamanı barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs Rizvan Cavanşirov qadınlar arasında olan mübahisəyə müdaxilə etməmiş və X5 qarşı onun şərəf və ləyaqətini alçaldan söz və ifadə söyləməmişdir. Eyni zamanda o, bildirmişdir ki, şikayət ərizəsi qanunvericiliyin tələblərinə uyğun hazırlanmamışdır. Belə ki, şikayət ərizəsində şikayət vermiş şəxsin dəlillərini əks etdirən heç bir sübut əks olunmamış, o, cümlədən şəxsin şərəf və ləyaqətini alçaldan “söz və ifadələrin“ nədən ibarət olmasını qeyd olunmamışdır. Həmçinin şikayət ərizəsinə əlavə edilən sənədlər siyahısında şikayətdə göstərilən Gəncə şəhər prokurorluğunun qərarı iş materiallarına əlavə olunmamışdır. Bundan başqa şikayət verən şəxsin əmlakının zədələnməsi ilə bağlı heç bir ekspert rəyi və sübütlar yoxdur, həmçinin şahid qismində şikayət ərizəsinə əlavə edilən şəxslər xüsusi ittihamçının yaxın qohumlarıdır. Qeyd olunanları nəzərə alaraq cinayət hadisəsi və xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadığı üçün şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsi və onun müdafiəçisini dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb, habelə məhkəmənin hazırlıq iclasında xüsusi ittihamçının dəlillərini nəzərdən keçirərək hesab edir ki, hazırkı şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər kəsin fikir və söz azadlığı vardır. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz. İrqi, milli, dini, sosial ədavət və düşmənçilik oyadan təşviqata və təbliğata yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 299.1, 299.3 və 299.3.3-cü maddələrinin tələblərinə görə məhkəmənin hazırlıq iclası xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş xüsusi ittiham qaydasında şikayətin ona aid olub-olmaması və şikayətin məzmununun məcəllənin 293.3.1—293.3.7ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələlərə baxılmalıdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əsk olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). X10 8-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəməlinqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Bundan başqa həmin qərarda məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin məcəllənin 293.3.2-ci maddəsinə görə şikayətdə törədilmiş cinayət barədə məlumatlar, yəni cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansi əməlin törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən, maddi ziyanin məbləği əks olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 293.3.4-cü maddəsinə əsasən şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilir. Sözü gedən məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Azərbaycan Respublikası CPM-nin 302.1.7-ci maddəsinə əsasən, şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Həmin məcəllənin 302.2.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərarlar çıxarır. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirərək qeyd edir ki, əvvəla şikayətdə xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutlar əks olunmur. Belə ki, şikayət vermiş şəxs X7 xüsusi ittiham qaydasında məhkəməyə vermiş olduğu şikayət ərizəsində R.Cavanşirovun tərəfindən ona qarşı söylənilmiş “təhqir və söyüşlərin” hansı sözlərlə ifadə olunmasını ərizədə göstərməmiş və buna dair hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Nəzərə almaq lazımdır ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasında sübutlar mahiyyəti üzrə araşdırılıb qiymətləndirilməsə də, onların ilkin olaraq mövcudluğu, həmin sübutların şəxsə aidiyyəti məhz hazırlıq iclasında yoxlanılır. Belə ki, məhz oların nəticələrindən asılı olaraq işin məhkəmə baxışının mümkünlüyü yoxlanılır. İş icraata götürülərək məhkəmə baxışında təyin edildiyi halda isə artıq barəsində şikayət verilmiş şəxs təqsirləndirilən şəxs statusu almış olur və bu qərar öz prosessual əhəmiyyətinə görə ictimai ittiham qaydasında icraatı aparılan cinayət işləri üzrə cinayət işinin başlanması və təqsirləndirilən şəxs qismində cəlb etmə qərarlarını bir növ əvəz edir. Bu baxımdan xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında sübutların ilkin olaraq mövcudluğunun yoxlanılması və şəxsə bilavasitə aidiyyətinin yoxlanılması əhəmiyyətlidir. İş üzrə ilkin olaraq kifayət qədər sübutlar mövcud olduğu halda şikayətin icraata qəbul məsələsinə baxıla bilər. Qeyd edildiyi kimi şikayət icraata götürüldüyü halda bu barəsində şikayət verilmiş şəxs üçün ciddi məhrumiyyətlər yaradır və bu baxımdan hazırlıq iclası mərhələsindən şəxsin hüquq və mənafelərinin təmini baxımından qeyd edilən məsələlər ciddi yoxlama və qiymətləndirmə tələb edir. Digər tərəfdən şikayətçi ərizəsində sübut kimi təqsirləndirilən şəxs tərəfindən təhqir edildiyini göstərən Gəncə şəhər prokurorluğunun qəbul etdiyi qərarı qeyd etsə də, onu ərizəyə əlavə etməmişdir. Bundan başqa şikayət ərizəsində şahidlər qismində şəxsiyyət vəsiqələrinin sürəti əlavə edilmiş şəxslər xüsusi ittihamçının qohumları - anası, xalası və nənəsidir. Bundan əlavə şikayətin forma və məzmunca CPM-nin 293.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayət vermiş şəxs ərizəsində özü barədə məlumatları natamam göstərmişdir. Ərizəsində doğulduğu ili, məşğuliyyət növünü və vəzifəsini göstərməmişdir. Həmçinin şikayət ərizəsində iddia edilən təhqir xarakterli söz və ifadələrin məhz hansı söz və ifadələrdən ibarət olması, həmin söz və ifadələr dəqiq göstərilməklə hansı şəkildə deyilməsi kimi əhəmiyətli hallar göstərilməlidir. Əks halda isə hazırlıq iclası mərhələsində bu hallar qeyd edilməklə şikayətin icraata götürülməsindən imtina edilməsi barədə qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bundan əlavə, ümumiyyətlə xüsusi ittiham qaydasında verilmiş şikayətdə X2 şikayətçi X5 məhz hansı kütləvi informasiya vasitələrində böhtan atmasını göstərməmiş, müvafiq məlumatlara dair kütləvi çıxışlarının nələr olduğunu qeyd etməmişdir. Belə ki, xüsusi ittihamçı böhtan və təhqir xarakterli məlumatların X3 məhkəməyə verdiyi şikayət ərizəsində qeyd etsə də, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunmasının kütləvi şəkildə yayılması sayılmadığını və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsinin istisna edildiyini, qanunvericiliyin mülki məsuliyyətə səbəb olan böhtanla (təhqirlə) cinayət məsuliyyəti yaradan böhtanı (təhqiri) bir-birindən fərqləndirmək üçün cinayətin edilmə üsulunu cinayət tərkibinin zəruri əlaməti kimi CM-in 147-ci və 148-ci maddələrinə daxil etməsini, CM-in 147-ci və 148-ci maddələrinə görə yalnız kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitələrində ləkələyici və ya nüfuzdan salan məlumatların yayılmasının cinayət məsuliyyətinə səbəb olmasını nəzərə almamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.7 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi haqqında X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Gəncə şəhər məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-477/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-477/2023
28.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver