Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(125)-479/2023 04.12.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, xüsusi ittiham qadasında şikayət vermiş şəxs X6 və X3 müdafiəçisi Müdafiəçi2 barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 və X3 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq müəyyən etdi: X6 və X7 zərərçəkmiş şəxs kimi ərizə ilə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 müxtəlif sosial şəbəkələrdə “Youtube” kanallarında, “Tiktok” və digər sosial şəbəkələrdə videomüraciətlərlə çıxış edərək şərəf və ləyaqətlərini ləkələyən və nüfuzdan salan məlumatlar yaymaqla, eləcə də onları ağır cinayətlər törətməkdə ittiham etməklə böhtan atmışdır. Həmçinin, X4 onları söyüşlərlə təhqir edərək bu barədə yazı və videoları həm onlara, həm də yaxın tanış və qohumlara “Whatsapp” və digər sosial şəbəkələr vasitəsilə göndərmişdir. Göstərilənlərə əsasən, X1 müxtəlif internet kanalları və sosial şəbəkələr vasitəsilə onlara böhtan atdığına, işgüzar nüfuzu, şərəf və ləyaqəti nalayiq formada ləkələdiyinə, onları nüfuzdan salan yalan məlumatları yaydığına, yalan və böhtan xarakterli məlumatlarla onları ağır cinayətlər törədilməsində ittiham etdiyinə görə onun Azərbaycan Respublikasının CM-nin 147.1, 147.2 və 148-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilməklə, barəsində hökm çıxarılmasını xahiş etmişlər. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmış xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X6, X7 təkrarən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X5 nümayəndəsi və vəkili Müdafiəçi2 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək şikayətin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi- Müdafiəçi1 bildirmişdir ki, hazırki şikayət əsassızdır və heç bir mötəbər sübuta əsaslanmır. Bundan əlavə şikayət ərizəsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə də cavab vermir. Belə ki, şikayətçi ərizəsində ümumi şəkildə qeyd etmişdir ki, E.N.Verdiyev bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaqla ona böhtan atmış, həmçinin onun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaqla təhqir etmişdir. Lakin, şikayətçi ərizəsində böhtan və təhqir xarakterli məlumatların konkret olaraq hansı ifadələrdən ibarət olmasını , hansı sözlərlə və ya ifadələrlə onun şərəf və ləyaqətini ləkələməsini, qəsdən alçaltmasını göstərməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, qanunvericiliyin tələblərinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittiham qaydasında şikayət vermiş şəxsin vəzifəsidir. O, bildirmişdir ki, şikayət vermiş xüsusi ittihamçılar hazırda Rusiya Federasiyasında yaşayırlar, buna görə də şikayət ərizəsini öz imzaları ilə təsdiq etmələri şühbəli məqamdır. Göründüyü kimi xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər qanunvericliklə üzərinə düşən vəzifələri icra etmədən şikayət ərizəsinin forma və məzmununda çoxsaylı qüsurlara yol verməklə məhkəməyə müraciət etmişlər. Göstərilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayətlə tanış olaraq, habelə xüsusi ittiham qaydasında şikayət vermiş şəxslərin ittihamı səciyyələndirdiyi dəlilləri nəzərdən keçirərək hesab edir ki, şikayət üzrə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 293.3.1-293.3.7-ci maddələrinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; şikayətin verildiyi tarix (il, ay və gün) və yer; şikayəti vermiş şəxsin imzası. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, şikayət vermiş şəxslər ərizədə barəsində şikayət verdikləri şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147,2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etsə də, şəxsin hansı hərəkətləri ilə Cinayət Məcəlləsinin 147.1, hansı hərəkətləri ilə həmin Məcəlləsinin 147.2 və hansı hərəkətləri ilə həmin Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş əməlləri törətməsini fərqləndirməmiş, ümumi şəkildə iddia etmişdir ki, X4 qeyd edilən maddələrlə nəzərdə tutulmuş əməlləri törətmişdir. Bundan əlavə şikayətdə ümumi formada qeyd edilmişdir ki, X4 onların şərəf və ləyatəqini ləkələyən və nüfuzdan salan məlumatları yaymaqla, eləcə də ağır cinayətlər törətməkdə ittiham etməklə böhtan atmışdır. Lakin, şikayətdə təhqir və böhtan xarakterli məlumatların nədən ibarət olması, hansı söz və ifadələrlə onları təhqir etməsi, hansı söz və ifadələrlə böhtan atması, hansı söz və ifadələrlə ağır cinayət törətməkdə ittiham etməklə böhtan atmasını göstərməmişdir. Bundan başqa şikayətdə təhqir və böhtan xarakterli məlumatların müxtəlif platfomalarda (Youtube, tiktok sosial şəbəkəsi) yayılması iddia edilsə də hansı platformada hansı tarixdə, hansı qaydada təhqir və böhtana yol verilməsi göstərilməmişdir. Bir sözlə şikayət ümumi formada yazılmış, şikayətçilər barəsində şikayət verdikləri şəxs X2 ittiham etdikləri ittihamın məzmununu və həcmini müəyyən etməmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətin məzmunu Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 293.3.2-ci maddəsində nəzərdə tutulmuş tələblərə uyğun deyil, xüsusi ittiham qaydasında şikayətçilər qanunvericiliklə üzərlərinə düşən vəzifələri tam yerinə yetirmədən, şikayətin forma və məzmununa dair normaların tələblərinə əməl etmədən məhkəməyə müraciət etmişlər. Qeyd olunmalıdır ki, «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarın 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Bundan əlavə olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun müvafiq Qərarının 11-ci bəndində qeyd edilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). X8 8-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətdə zərərçəkmiş şəxsin təhqir olunması iddiası irəli sürüldükdə yayılmış məlumatların təhqir xarakterli məlumatlar olmasını yoxlayarkən məhkəmələrə müvafiq lüğətlərdən, linqvistika sahəsində mütəxəssislərin fikirlərindən istifadə etmələri, zərurət yarandıqda məhkəmə-linqvistik ekspertizası keçirmələri tövsiyə edilmişdir. Eyni zamanda Plenum Qərarının 14-cü bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətin törədilmiş cinayət haqqında məlumata bərabər tutulmasını nəzərə alaraq belə şikayəti vermiş şəxs məhkəmənin hazırlıq iclasında bilə-bilə yalan xəbərçilik etməyə görə Cinayət Məcəlləsinin 296-ci maddəsi ilə xəbərdar olunur. X10 14-cü bəndində isə göstərilmişdir ki, xüsusi ittiham qaydasında irəli sürülmüş ittihamın müdafiəsi zərərçəkmiş şəxsin məhkəmə iclasında iştirak edərək onun tərəfindən sübutların təqdim edilməsindən, vəsatətlər qaldırılmasından, müdafiə tərəfinin təqdim etdiyi sübutların tədqiqində, məhkəmə çıxışlarında iştirak etməkdən ibarətdir. Bu zaman xüsusi ittihamçı barəsində şikayət verilmiş şəxsin vəziyyətini ağırlaşdırmadan irəli sürdüyü ittihamı dəyişmək və ya ondan tamamilə imtina etmək hüququna malikdir. Qeyd olunmalıdır ki, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslər X6 və X7 məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlməmiş, onların vəkili Müdafiəçi2 (X3 nümayəndəsi və vəkili ) məhkəmə iclasına gəlmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilmiş forma və məzmuna uyğun olmadığından, həmçinin şikayət vermiş şəxslər məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədiyindən məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş 1 noyabr 2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş etibarnaməyə əsasən xüsusi ittiham qaydasında şikayət verən şəxslərdən biri X7 tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 103.3 və 103.5-ci maddələrində sadalanan hüquqlar Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü–vəkil Müdafiəçi2 etibar olunmuşdur. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət vermək şəxsin ayrılmaz hüququdur və bu hüquqlar başqasına etibar oluna bilməz. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 103.3-cü maddəsinə əsasən məhkəmə cinayət təqibi üzrə icraatda iştirak edən xüsusi ittihamçının xahişi ilə vəkili onun nümayəndəsi qismində təyin etməlidir. Həmin Məcəllənin 103.4-cü maddəsinə əsasən cinayət işinə məhkəmə baxışında xüsusi ittihamçının nümayəndəsi təmsil etdiyi şəxsin əvəzinə iştirak edə bilər. Həmin Məcəllənin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda, 302.1.8-ci maddəsinə əsasən şikayəti vermiş şəxs şikayətindən imtina etdikdə və təqsirləndirilən şəxslə barışdıqda və ya məhkəmənin hazırlıq iclasına üzrlü səbəb olmadan təkrarən gəlmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.8 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə Qərara aldı: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 və X7 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən və məhkəmə baxışının keçirilməsindən imtina olunsun. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №1(125)-479/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №1(125)-479/2023
04.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver