Məhkəmə qərarları › İş №1(125)-48/2023

Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-48/2023

23.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-48/2023 23.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, məhkəmə iclasının katibi Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi- Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxxxx 1992-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə, Gəncə Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddə olan metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, yəni umumi təmiz çəkisi 1,712 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə daxil olmuş məlumat əsasında 02 may 2022-ci il tarixdə, saat 23 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Şan” marketin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinə gətirilmiş, Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş halda olan bir ədəd bükümdə təmiz çəkisi 1,712 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüştür. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək məhkəməyə verdiyi ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə ünvan 3 ünvanında yaşayır və fərdi əməklə məşğuldur. Ara-bir psixotrop maddə olan metamfetamin istifadə edir. Tutulmazdan təxminən 5-6 gün əvvəl Bakı şəhərində olan zaman “Pasyolka” adlanan ərazidə yerdə psixotrop maddə kimi tanıdığı “şüşə” adlanan kütlə tapmış və həmin kütlədən bir qədərini istifadə edib, geri qalanını isə gümüşü rəngli siqaret kağızına büküb istifadə etmək məqsədi ilə cibinə qoyub özü ilə götürmüşdür. Məqsədi həmin maddəni Gəncə şəhərinə qayıtdıqdan sonra istifadə etmək olmuşdur. Bundan sonra Gəncə şəhərinə qayıtmış, tapdığı psixotrop maddənin yenə bir qədərini istifadə edib qalanını siqaret falqasına büküb şalvarının yan cibinə qoymuşdur. xx.xx.2022-ci il tarixdə, Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Şan” marketin yaxınlığında olarkən iki nəfər mülki geyimli, tanımadığı şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib, ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə gəzdirməkdə şübhəli olduğunu söyləyib özləri ilə Gəncə şəhər 1-ci Polis Şöbəsinə dəvət etmişlər. Etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gedən zaman orada müdafiəçi dəvət edildikdən sonra üzərinə baxış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, psixotrop maddə, o cümlədən qanunla qadağan edilmiş hər hansı predmet varsa təqdim etməsi təklif olunmuş, daha sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində olan qara rəngli idman gödəkçəsinin sağ yan cibindən 05 ədəd 20 manatlıq əskinaz və 01 ədəd 50 qəpiklik pul sikkəsi, 01 ədəd şüşə qabın içərisində ətir, əynində olan ağ rəngli cins şalvarın sağ yan cibində gümüşü rəngli siqaret kağızına bükülmüş içərisində ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş kütlənin psixotrop maddə şüşə olduğunu və təxminən 5-6 gün əvvəl Bakı şəhərində “Pasyolka” deyilən ərazidən tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, satış niyyətinin olmadığını bildirmişdir. Həmin maddə elektron tərəzidə çəkilmiş daha sonra protokol tərtib olunmuş və o, da protokolu imzalamışdır. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Şahid1 məhkəməyə verdiyi ifadəsində göstərdi ki, Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkilidir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış və onunla hər hansı bir münaibəti olmamışdır. 02 may 2022-ci il tarixdə təxminən saat 22:30 radələrində Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsində gündəlik xidmətində olan zaman məlumat daxil olmuşdur ki, Gəncə şəhər sakini Xəyyam adlı şəxs narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğuldur və hazırda N.Nərimanov prospektindədir. Odur ki, daxil olmuş məlumat dərhal idarə rəisinə məruzə olunandan sonra əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili Şahid2 ilə birlikdə şəxsiyyəti sonradan ona məlum olan Təqsirləndirilən şəxs Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Şan” marketin yaxınlığında saxlayaraq Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinə gətirmişlər. Şöbədə müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsi ilə şübhəli şəxsə üzərində qanunla saxlanılması, daşınması qadağan edilmiş və dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş içərisində ağ rəngli kristal şəkilli psixotrop maddəyə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu, Bakı şəhərində “Pasyolka” adlanan ərazidə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və kütlənin ümumi çəkisi 2 qram təşkil etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş və imzalanmışdır. Şahid - Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməliyyat müvəkkili Şahid2 məhkəməyə Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi halları təsdiq etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, maddi sübut,ekspert rəyləri, istintaq və məhkəmə hərəkətlərinin protokollarını da sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 03 may 2022-ci il tarixli, 16/514 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş olan psixotrop maddə metamfetaminə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə təmiz çəkisi 1.712 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli 4244 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli 3052 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin xx.xx.2022-ci il tarixli, 1009 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış 14 may 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında Azərbaycan Respublikasının Qanununun İİ siyahısına görə psixotrop maddə olan metamfetaminin 0.15 qramı şəxsi istehlak miqdarından artıq miqdar, 2 qramı isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,712 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıyaraq ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyi, maddi sübutlar və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,712 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, barəsində qanunsuz olaraq narkotik vasitəni əldə etməsi, saxlaması və üzərində gəzdirməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri ilə 02 may 2022-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən “Şan” marketin yaxınlığında saxlanaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən 1-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş halda olan bir ədəd bükümdə təmiz çəkisi 1,712 qram çəkidə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə tövsif olunmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Odur ki, məhkəmə, məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarekteri, ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminin miqdarı nəzərə alınmaqla təqsirli bilindiyi cinayət əməlinə görə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində müəyyən olunmuş hədlərdə azadlıqdan məhrum etmə növündə cəza təyin olunması daha məqsədəmüvafiqdir. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 may 2022ci il tarixdən 04 may 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində və 12 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək 02 (iki) gün axtarışla tutulduğu üçün cəmi 04 (dörd) gün həbsdə saxlanılmışdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 04 (dörd) gün müddəti nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin həbsdə saxlandığı 04 (dörd) gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanmalıdır. Bundan əlavə “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 mart 2011-ci il tarixli, 2 saylı Qərarının 26-cı bəndindən görünür ki, narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət-Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, azadlıqdan məhrum etmə növündə cəzanın hansı cəzaçəkmə müəssisəsində çəkilməli olduğunu müəyyən edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərini rəhbər tutmuşdur. Belə ki, həmin maddəyə əsasən, qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 17.1-ci maddəsinə əsasən məhkuma məhkəmə tərəfindən alkoqolizmə və ya narkomaniyaya, həmçinin anlaqlılığı istisna etməyən psixi pozuntuya görə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilərsə, bu tədbirlər cəza müddəti ərzində cəzanı icra edən müəssisə və ya orqan tərəfindən həyata keçirilir. Məhkəmə həmçinin, cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1.712 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin qalıq çəkisi, yəni 1.512 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həmçinin iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəfləri ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilməlidir. Məhkəmə dövründə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş və təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün müdafiəçi tərəfindən 18 (on səkkiz) saat vaxt sərf olunmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi ödənilməsi üçün onun işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına 108 (yüz səkkiz) manat məbləğində pul köçürülməlidir. (Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesablaşma hesabı – “Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********). Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 02 may 2022-ci il tarixdən 04 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün və 12 iyul 2022-ci il tarixdən 14 iyul 2022-ci il tarixədək axtarışla tutulduğu 02 (iki) gün olmaqla cəmi 04 (dörd) gün müddət CM-nin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 23 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin və o, yaşadığı ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olub Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş psixotrop maddə metamfetaminin qalıq çəkisi, yəni 1,512 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat pul Təqsirləndirilən şəxs tutulub X2, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT-BİK CTREAZ22, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin: VÖEN **********, Hesab AZ34CTRE******************** hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqi yardım göstərilməsinə görə Müdafiəçi ödənilməsi üçün dövlət büdcəsinin hesabına 108 (yüz səkkiz) manat məbləğində pul Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesablaşma hesabına (“Xalq Bank” Gəncə filialı Kod: 504023, VÖEN **********, Müxbir hesab AZ24NABZ********************, S.Ü.İ.F.T. 0BİK: HAJCAZ22, hesab nömrəsi AZ75HAJCHCRAZN**********1001, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan (təqsirləndirilən şəxsə isə verildiyi gündən) 20 (iyirmi) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar