Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(125)-48/2025 12.02.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamını müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1983-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər məhkum olunmuş, Gəncə şəhəri, X11 küçəsi, ev 159-da qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən xeyli miqdarda, yəni təmiz çəkisi 1.002 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 01 may 2024-cü il tarixdə saat 17:00 dəqiqədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələr əldə etməsində, üzərində daşımasında, saxlamasında və istifadəsində şübhəli bilinərək Gəncə şəhəri Əttarlar küçəsi “Qala Bazarı”-nın yaxınlığında saxlanılaraq, Gəncə şəhəri H.Əliyev 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən əyində olan göy rəngli cins şalvarın ön sağ cibindən 1(bir) ədəd ağ rəngli kağız bükümdəki şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 1,002 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli toplanmış digər mötəbər dəlillərlə şahidlərin ifadələri,maddi sübutlar, ekspertiza rəyləri və digər istintaq sənədləri ilə tam olaraq təsdiq olunmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Gəncə şəhəri, Əttarlar küçəsində yerləşən kafedə işləyərkən Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılaraq şöbəsinə aparılmış və orada polis əməkdaşları onun qarşısına metamfetamin qoyub özünə məxsus olmasına dair ifadə verməyini tələb edərək əks təqdirdə döyəcəklərini, artıq miqdarda narkotik vasitəni üzərinə qoyacaqlarını bildirmişlər. O da, məcbur qalaraq polislər tərəfindən qoyulan psixotrop maddənin özünə məxsus olmasında dair yalan ifadə vermiş, saxlanıldığı zaman həmçinin polis şöbəsində olduğu müddətdə ona qarşı fiziki zorakılıq göstərilməmişdir. O sadəcə lazım olmayan vaxtı lazım olmayan yerdə olduğuna görə başına bu hadisə gəlmişdir. Barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 2024-cü ilin may ayında Gəncə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, üzərində daşıması, saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə şöbənin əməliyyat müvəkkili Şahid2 raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra birlikdə keçirtdikləri əməliyyataxtarış tədbirləri nəticəsində həmin gün Təqsirləndirilən şəxs Gəncə şəhəri Əttarlar küçəsi “Qala Bazarının” yaxınlığında olmasını müəyyən etmiş, həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürüb ona yaxınlaşaraq barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla tanış etmiş və üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Gəncə şəhəri Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə aparmışlar. X8 Xəlilovun üzərinə baxış keçirilməzdən əvvəl o, müdafiəçi ilə təmin edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir.Həmin təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən bir ədəd kağız büküm çıxarıb təqdim etmişdir. Həmin bükümə baxış zamanı içərisində kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin bükümü iki gün əvvəl yaşadığı küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm elektron tərəzidə çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Təqsirlədirilən Təqsirləndirilən şəxs psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatları yoxdur. Saxlanılan zaman o, yaxud digər polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı fiziki və psixoloji təsir göstərilməmişdir. Məhkəmə istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -“Cinayət işinin başlanması və icraata qəbul edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -“Şübhəli şəxs qismində tutma haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:00 dəqiqədə şübhəli şəxs qismində tutulmuşdur. -“Təqsirləndirilən şəxs qisimində cəlbetmə haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham ona elan edilmişdir. -“Təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə müdafiəçisinin iştirakı ilə dindirilmiş və o, elan olunmuş ittiham üzrə özünü təqsirli bilmişdir. -xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı polis kapitanı X1, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili Şahid1, həmin bölmənin əməliyyat müvəkkili Şahid2 və müdafiəçi X3 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü təqdim edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı içərisində bir ədəd ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə oxşar kütlə olması müyyən edilir. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bükümü iki gün əvvəl yaşadığı küçədə yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd ağ rəngli kağıza bükülü bükümu elektron tərəzidə çəkilir və ümumi çəkisinin 2,55 qram olduğu müəyyən edilir. Həmin kağız büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 110 saylı" möhürü ilə möhürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. - Məhkəmə-kimyəvi ekspertizasının 02 may 2024-cü il tarixli 16/505 nömrəli rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd kağız bükülü2,55 (iki tam yüzdə əlli beş) qram çəkidə ...” yazılar və imzalar olan kağız paketdə, 1(bir) ədəd ağ rəngli kağız paketdə, 1(bir) ədəd ağ rəngli kağız bükümdəki şəffaf sellofan kəsiyi bükümdə təmiz çəkisi 1,002 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Qeyd:Metamfetamin təmiz çəkisi -1,002 qram, təhqiqata sərf edildi- 0,05 qr qalıq -0.952 qr -Məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2024-cü il tarixli 1051 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən və Gəncə şəhər Narkoloji Dispanserdən alınmış arayışlardan Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda olmamışdır. - Cinayət işi üzrə Təqsirləndirilən şəxs pisxotrop maddəni hardan əldə etməsi, kiməsə pisxotrop maddə satması, o cümlədən pisxotrop maddələrin satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığına cavab məktubundan məlum olmuşdur ki, bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs pisxotrop maddə olan “metanfetamin”-i həqiqətən hansı mənbədən əldə etməsi, Təqsirləndirilən şəxs hər hansı şəxsə və ya şəxslərə pisxotrop maddə satması, qanunsuz olaraq pisxotrop maddəni əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi pisxotrop maddədən digər yerlərdə gizlədərək saxlamasını müəyyən etmək mümmkün olmamışdır. - DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2016-cı il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin hökmünə əsasən AR CM-nin 181.2.5-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “ƏFV” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Nizami rayonu məhkəməsinin qərarı ilə 08 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. - Gəncə Ağır Cinayətlər məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 181.2.5-ci və 228.4-cü maddələri ilə təqsirli bilinərək 08 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. - Bakı şəhər Nizami Rayon Məhkəməsinin 7(007)-467/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, o, barəsində olan 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Gəncə şəhər Probasiya Şöbəsindən alınmış 156866/2023 nömrəli, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami Rayon Məhkəməsinin 7(007)-467/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində olan 08 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 08 ay 18 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi 08 ay 18 gün müddət xx.xx.2024-cü il tarixdə başa çatmışdır. -“Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ekspertizadan sonra qalıq hissəsi yəni, 0,952 qram çəkidə psixotrop maddə olan metamfetamin və 1 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. - Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 11 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, məhkəməyə verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərdiyi xüsusatlar üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə DVD diskə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman əynində göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd ağ rəngli kağız bükümü təqdim etməsi öz təsdiqini tapmışdır. Məhkəmə, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübut etmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək ifadəsində üzərindən aşkar edilmiş psixatrop maddə metamfetaminin ona məxsus olmadığını, polis əməkdaşları tərəfindən tutularkən psixoloji zorakılığa məruz qaldığını, bu səbəbdən üzərində şəxsi axtarış keçirilərkən heroinin ona məxsus olduğunu dediyini bildirmişdir. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi sonuncu ifadə ilə ibtidai istintaq zamanı həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində verdiyi ifadələr, məhkəmə istintaqı zamanı ilkin verdiyi ifadə arasında ziddiyyətlər olduğundan, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilərək tədqiq edilmişdir. Belə ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs qismində müdafiəçisinin iştirakı ilə dindirilərkən ifadələrində göstərmişdir ki, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir. O, "patı" kimi adlandırdığı psixatrop maddə istifadəçisidir. xx.xx.2024-cü il tarixində səhər saatlarında yaşadığı küçə ilə piyada gedən zaman ağacın dibində yerdə olan siqaret qutusu diqqətini çəkmiş, həmin siqaret yerdən götürüb açmış, içərisinə baxan zaman siqaret qutusunun içərisində ağ kağız bükülü olduğunu görmüşdür. Həmin kağız bükülünü açıb baxan zaman içərisində şəffaf rəngli sellofan olan maddənin "patı" adlandırdığı maddə olduğunu başa düşmüşdür. Bundan sonra həmin kütləni öz şəxsi istifadəsi üçün üzərində saxlamaq qərarına gəlmiş və bir dəfə də istifadə etmişdir. xx.xx.2024-cü il tarixində saat 17 radələrində o Gəncə şəhəri Əttarlar küçəsində «Qala Bazarın yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmiş və narkotik vasitəni qanunsuz olaraq üzərində saxlamaqda, istifadə etməkdə şübhəli olduğu üçün Gəncə şəhər 1-ci Polis Şöbəsinə gətirmişlər. Orada vəkilinin iştirakı ilə hüquqları ona izah edildikdən sonra video çəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarın ön sağ cibinin üst cibliyində saxladığı ağ rəngli kağız bükülü aşkar olunaraq götürülmüşdür. Həmin kütlə içərisində olduğu kağız bükülü ilə birlikdə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,55 (iki tam yüzdə əlli beş) qram gəlmişdir. Üzərindən aşkar edilmiş metamfetamin ona məxsusdur və həmin kütləni xx.xx.2024-cü il tarixində səhər saatlarında yaşadığı küçədə yerdən tapmışdır. O, heç vaxt psixotrop maddələrin satışı ilə məşğul olmamış və bu barədə fikridə olmamışdır. O, psixotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamışdır. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamamışdır. Ona polis idarəsində olan zaman heç bir zor tətbiq edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman aparılmış videoçəkilişin əks olunduğu DVD disk məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı ona verilən suala cavab olaraq Təqsirləndirilən şəxs müdafiəçisinin yanında ona qarşı hər hansı formada zorakılığın və ya fiziki təsirin olmadığını bildirmişdir. Həmçinin ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs ifadəsində polis əməkdaşları tərəfindən tutularkən psixoloji zorakılığa məruz qaldığını bildirdiyindən, məhkəmə həmin xüsusatların araşdırılması üçün müvafiq məlumatı Gəncə şəhər prokurorluğuna göndərmiş və Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş 11 fevral 2025-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, həmin xüsusat üzrə Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən fiziki zorakılığa və psixoloji təsirlərə məruz qalması öz təsdiqini tapmadığından toplanmış material üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasının rədd edilmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən tutularkən psixoloji zorakılığa məruz qalması ilə bağlı vermiş olduğu ifadəsi məhkəmə istintaqı zamanı araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsi tədqiq edilmiş digər mötəbər sübutlarla ziddiyyət təşkil etdiyindən, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir və sübut kimi qəbul etmir. Məhkəmə, cinayət işinə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və məhkəməyə verilən ittiham daxilində baxaraq toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin, mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar, maddi sübutlar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikasının 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilmədi. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmündən görünür ki, Xəlilov X6 Respublikası CM-nin 181.2.5, 228.4-cü maddələri təqsirli bilinərək qəti olaraq 8 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli 3875 saylı “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılmışdır. xx.xx.2023-cü il tarixli Bakı Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə 08 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuş və xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs hal-hazırda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirildiyi cinayəti 01 may 2024-cü il tarixdə yəni məhkumluğu ödənilmədən törətmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq yenidən qəsdən cinayət törətməsini nəzərə alır və cinayətlərin residivini cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir (CM- 61.1.1 ). «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimaihüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsi onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs əvəllər azadlıqdan məhrumetmə cəzasına məhkum olunmasını, yenidən qəsdən cinayət törətməsini, digər cəza ilə cəzanın məqsədinə nail olunmamasını, təqsirkarın şəxsiyyətini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəza təyin edilərkən cinayətlərin residivi (CM-65.2.) nəzərə alınmalı, xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət ona təyin ediləcək cəzadan çıxılmalı, cəzaçəkmə müddətinin başlanğıcı 12 fevral 2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3.), barəsində seçilmiş "polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilərək hökm qanuni qüvvəyə minənədək həbs qətimkan tədbiri seçilməli, barəsində narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan psixotrop maddə (qalıq çəkisi 0,952 qram psixotrop maddə metamfetamin) hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), eləcə də cinayət işinə əlavə edilmiş və içərisində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş video görüntü olan bir ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanmalı və ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət - Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən Müdafiəçi məhkum Təqsirləndirilən şəxs məhkəmədə 25 saat dövlət hesabına göstərdiyi hüquqi yardıma görə işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosuna, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli, 202 saylı qərarla edilmiş dəyişikliklərlə) əsasən göstərilmiş hüquqi yardıma görə hər iş saatı üçün 6 manat hesablanmaqla 150 manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsili bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmənin bir gününə bir gün hesabı ilə hesablanmaqla, cəmi 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin, barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həmin cəzanın əvvəli 12 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 0,952 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və iş üzrə sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 32.40 (otuz iki manat qırx qəpik) məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22) keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə Müdafiəçi üçün işlədiyi Gəncə şəhəri 1 nömrəli Vəkil Bürosunun hesabına (ASC “Xalq” Bankının Gəncə filialı; kod 504023; VÖEN **********; müxbir hesab AZ24NABZ********************; SWİFT BİK: HAJCAZ22; hesab № AZ75HAJCHCRAZN**********1001; VÖEN **********) Azərbaycan Respublikasının Dövlət Büdcəsindən 150 (bir yüz əlli) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə verildiyi) andan 20 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və protest verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №1(125)-48/2025
Gəncə Şəhər Məhkəməsi Hökm — İş №1(125)-48/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver